“Azərbaycan kinosu - 120:
tarixi, bu günü və gələcək inkişaf
perspektivləri”
Fransız astranomu V.Yansenn yazırdı: “Kəşf
heç vaxt bir şəxsin improvizəsi və
yaradıcılığı ola bilməz. Bu, zəncirin son həlqəsidir,
əvvəlini isə müəyyən etmək çətindir”.
XIX əsrin son ixtirası. 1895-ci il martın
22-də Parisdə Lui Lumyer qardaşları bəşər
tarixində ilk dəfə olaraq filmlərini nümayiş
etdirdilər. Eksperiment uğurlu alındı. Elə həmin
il dekabrın 28-də Parisin Kaputsina bulvarındakı “Qran
kafe” zirzəmisindəki ilk kinoteatr hesab edilən “Hind salonu”nda
ixtira etdikləri aparatla həmin filmlərin daha geniş
kütlə qarşısında nümayişi oldu. Beləcə,
bəşər tarixinə həmin gün kinonun yaranması
günü kimi yazıldı. Lumyer qardaşlarının bu
ixtirası bütün dünyaya səs saldı, bununla onlar
“Kinematoqrafiya atası” adını qazandılar. O zaman
insanları heyrətə gətirən bu qeyri-adi mənzərə,
“hərəkət edən şəkillər”, yəni kino sonralar
böyük inkişaf yolu keçdi.Azərbaycanda ilk kino
çəkilişi
Kino Zaqafqaziya respublikaları arasında ilk dəfə
1896-cı ilin ortalarında Azərbaycana gəldi. O vaxt
Bakıda xarici filmlər nümayiş etdirilirdi. “Kaspi” qəzetinin 1898-ci il 4 və 6 yanvar tarixli
saylarında həmin il yanvarın 8-də Bakıda “Bakinskoye
Obşestvennoe Sobraniye”nin zalında Şagirdlərə Kömək
Cəmiyyətinin xeyrinə gecə keçiriləcəyi, bu
gecədə “canlı şəkillər” göstəriləcəyi
xəbər verilirdi.
1898-ci ilin may ayında fotoqraf və naşir
Aleksandr Mişon Bakıda ilk kino çəkilişini həyata
keçirir. Bakıdakı kişi gimnaziyasında lentə
alınmış xronika həmin ilin yayında nümayiş
etdirilir və toplanan vəsait gimnaziyanın xeyrinə sərf
olunur. Bir qədər sonra A.Mişon “Bibiheybətdə neft
fontanı yanğını”, “Balaxanıda neft fontanı”,
“Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi”
və s. xronika süjetləri və “İlişdim” bədii
kinosüjetini çəkir. Bununla da
bütün Şərq aləmində ilk kinonun əsası
qoyulur. 1915-ci ildə Pirone qardaşlarının səhmdar cəmiyyəti
İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində”
adlı romanı əsasında eyni adlı ilk Azərbaycan bədii
filminin çəkilişinə başlayır. Bir il
sonra, 1916-cı ildə Üzeyir Hacıbəyovun
“Arşın mal alan” operettası əsasında ilk Azərbaycan
kinokomediyası həyata vəsiqə alır. 1919-cu ildə
isə “Azərbaycanın müstəqilliyinin
ildönümü nümasibətilə təntənə”
adlı tammetrajlı film ekranlara çıxır.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsinin
(AFKİ) yaranması kino sənətinin inkişafına
böyük təsir göstərir.
AFKİ sonralar “Azdövlətkino” (1926-1930), “Azərkino”
(1930-1933), “Azfilm” (1933), “Azdövlətsənayesi” (1934), “Azərfilm”
(1935-1940), “Bakı kinostudiyası” (1941-1959) kimi adlar
daşıyır, 1961-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyası adlanır.
Azərbaycan kinosu tarixində ötən əsrin
30-cu illərində üç böyük hadisə baş
verdi. İlk öncə, kinomuza səs gəldi. İlk dəfə
animasiya kinosunu yaradan kinematoqrafçılarımız bunun
ardınca isə dublyaj işini təşkil etdilər. Həmin
illərdə Seyfulla Bədəlov, Vladimir Yeremeyev, Ələsgər
Ələkbərov və başqaları kino sahəsində
işə başladılar və “Lətif”, “İsmət”,
“Almaz”, “Yeni horizont”, “Bakılılar”, “Kəndlilər” və
s. bu kimi filmlər çəkildi.
Azərbaycan Sovet Ensiklopediyasında
yazılır: “Azərbaycanda ilk multiplikasiya filmi 1936-cı ildə
çəkilmişdir...”. Kinoşünas Aydın Kazımzadə
isə bu barədə deyir: “Azərbaycanda animasiya, əslində
1931-ci ildə yaranıb. Faktla bağlı arxivdə texniki
animasiyaya aid nümunə mühafizə olunur. Bu nümunədən
aydın olur ki, artıq 1931-ci ildə bizdə texniki animasiya
olub. Milli kinomuzda sənədli, elmi-kütləvi filmlərdə
həmişə texniki animasiyadan istifadə etmişik. 1935-ci
ildə isə “Abbasın bədbəxtliyi” filmi ilə bədii
animasiya yaranıb. “Bir qalanın sirri” filmində Əlisəttar
Atakişiyev bədii animasiyadan istifadə edib. Bədii
animasiya filmi bizdə müstəqil janr kimi “Cırtdan” filmi ilə
1969-1970-ci illərdə yarandı”.
Bakı kinostudiyasında üçüncü
böyük hadisə dublyaj işinin təşkili ilə
bağlı idi. Belə ki, Azərbaycan kinorejissoru Şüa
Şeyxov “Lenfilm” kinostudiyasının istehsalı olan
“Çapayev” bədii filminin Azərbaycan dilində səsləndirilməsinə
nail olur və bununla da dublyaj işinin əsası qoyulur.
Azərbaycan kino işçiləri
İkinci Cahan savaşında ön və arxa cəbhələrdə
fədakarlıqlar göstərərək çəkilişlər
aparmış, Mirzə Mustafayev, Cavanşir Məmmədov, Xan
Babayev, Əlibala Ələkbərov, Teyyub Axundov və
başqaları müharibədə qəhrəmanlıqla
vuruşmuşdular. Böyük Vətən Müharibəsi
illərində iş xeyli ləngisə də, müharibədən
sonrakı on il ərzində Bakı studiyasında iki bədii
və bir bədii-sənədli film çəkildi. Azərbaycan
kinosuna şöhrət gətirən “Arşın mal alan”
musiqili kinokomediyası yenidən ekranlaşdırılır və
film 1946-cı ildə SSRİ Dövlət mükafatına
layiq görülür.
Azərbaycan kinosu yeni inkişaf mərhələsində
Milli kinomuz daşlı-kəsəkli inkişaf
yolu keçib, 1950-ci ilin ortaları isə yeni inkişaf mərhələsinin
başlanğıcı sayılır. Məhz bu dövrdə milli
ssenarist, rejissor, operator, rəssam kadrları yetişdi. Onların
çoxu Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda
təhsil almışdılar. Müxtəlif
mövzularda kinolar çəkildi: “Qızmar günəş
altında”, “Qara daşlar”, “Kölgələr
sürünür”, “Onun böyük ürəyi”, “Onu
bağışlamaq olarmı?”, “Bizim küçə”,
“Böyük dayaq”, “Telefonçu qız”, “Ögey ana”...
1957-ci ildə çəkilən “Uzaq sahillərdə” filmi isə
təkcə Azərbaycanın deyil, eləcə də
keçmiş sovet kinosunun nailiyyəti idi.
“Arşın
mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili komediya
janrına meyil güclənir, 60-cı illərdə
“Görüş”, “O olmasın, bu olsun”, “Romeo mənim
qonşumdur”, “Əhməd hardadır?!”, “Ulduz”, “Qayınana” və
s. filmlərdə bu ənənə davam etdirilir. 1970-ci illərdə çəkilən bəzi filmlərdə
İkinci Dünya Müharibəsi mövzusu əks olunurdu.
Belə ki, “Bizim Cəbiş müəllim”, “Bakıda küləklər
əsir”, “Tütək səsi”, “Şərikli çörək”
və s. filmlərdə müharibənin son aylarındakı
həyat təsvir edilirdi. O dövrdə lentə alınan
“Uşaqlığın son gecəsi”, “Gün keçdi”,
“Ən vacib müsahibə”, “Var olun, qızlar...”, “Həyat
bizi sınayır”, “Xoşbəxtlik qayğıları” və
s. filmlərdə mənəvi-əxlaqi problemlər,
müasir həyata müxtəlif baxışlar, insan
xarakterinin təhlili, gənc nəslin formalaşması və
s. mövzular başlıca yer tutur.
1970-1980-ci
illərin istehsalı olan “Ulduzlar sönmür”, “Yeddi oğul
istərəm”, “Axırıncı aşırım”,
“Qatır Məmməd”, “Sevinc buxtası”, “Atları yəhərləyin”,
“İşarəni dənizdən gözləyin” kimi fimlər
tarixi mövzularda çəkilmişdi. Həmin
illərdə Azərbaycan kinosu daha bir nailiyyət əldə
edir. Çexoslovakiya studiyası ilə
birgə yaradılan “Səmt küləyi” filmi Azərbaycan
kinosu tarixinə xarici ölkə studiyası ilə çəkilən
ilk ekran əsəri kimi daxil olur.
Kinomuzun sabahından nə gözləyirik?
XX əsrin
90-cı illərinin əvvəllərində çəkilən
filmlərin sayı əvvəlki dövrlə müqayisədə
azalsa da, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli,
həyati mövzulara müraciət edərək, estetik tələblərə
cavab verə biləcək “Yarasa”, “Özgə vaxtı”,
“Fransız”, “Yapon və yaponiyalı” və s. kimi filmlər
çəkə bildilər. Ceyhun Mirzəyevin “Fəryad”,
Ənvər Əblucun “Ağ atlı oğlan”, Gülbəniz
Əzimzadənin “Ümid” filmləri tamaşaçı rəğbəti
qazanır. Dağlıq Qarabağ
savaşının başladığı ilk gündən
gözləmə mövqeyində dayanmayan
kinematoqrafçılarımız baş verən hadisələrə
ekran vasitəsilə öz münasibətlərini bildirməyə
çalışırdılar. Yaratdıqları
“Cavad xan”, “Hökmdarın qızı”, “Dolu”, “Qala” kimi filmlərdə
Azərbaycanın real tarixi gerçəkliyini ekranda əks
etdirirdilər.
Müstəqillik illərində Azərbaycan kinosunun
dünya miqyasına çıxması üçün də
imkanlar genişlənmişdir. Belə ki, 1996-cı ildə
Hüseyn Mehdiyevin “Özgə vaxtı” filmi I Beynəlxalq
Madrid Kinofestivalında, 1998-ci ildə Yavər Rzayevin “Sarı
gəlin” filmi Karlovo Varıda keçirilən Beynəlxalq
Kinofestivalında, 2005-ci ildə rejissor Oqtay Mirqasımovun
“Ovsunçu” filmi Kazanda keçirilən “Qızıl minbər”
I Beynəlxalq İslam Kinofestivalında, Eldar Quliyevin “Girov” filmi
2000-ci ildə İsveçdə Geteborq Ekzaye film
festivalında, 2006-cı ildə Misirdə Qahirə Beynəlxalq
Kinofestivalında, 2008-ci ildə Polşanın Varşava və
Krakov şəhərlərində nümayiş etdirilmiş,
mükafatlara layiq görülmüşdür.
2013-cü
ildə “Dolu” filmi Mədəniyyət və Turizm Nazirliyinin təsis
etdiyi “Zirvə”, 2014-cü ildə Elçin Musaoğlunun
“Nabat” filmi 63-cü Manheym-Heldelberq Beynəlxalq Film
festivalında 3-cü mükafata layiq görülüb. Sənədli
Filmlər studiyası tərəfindən çəkilən
“Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən
“Axınla aşağı” bədii filmi 2015-ci ilin aprel-may
aylarında ABŞ-ın Los-Anceles şəhərində
keçirilən “SEEfest” festivalında “Ən yaxşı
tammetrajlı debüt film” mükafatını qazanıb.
Kinematoqrafçılarımız dünyanın kino sahəsində
ən nüfuzlu mükafatı sayılan “Oskar”
mükafatına sahib olmaq ümidilə filmlər çəkib
təqdim edirlər. Doğrudur, hələlik bu istək
reallaşmayıb, lakin biz də ümid edirik. Bəlkə də kino işçilərimiz ən
qısa zamanda Azərbaycan mədəniyyəti tarixində həmin
mükafatı qazanmaqla parlaq bir səhifə yazacaqlar. Kim bilir, bəlkə, bizə bu uğuru gətirən
itirilmiş torpaqlarımıza möhtəşəm
qayıdışın təntənəsini, düşmən
üzərində tarixi qələbəmizi əks etdirən
bir film olacaqdır. Niyə də olmasın!..
Azərbaycan
kinosuna həmişə dövlət qayğısı olub,
lakin ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi
dövründə bu daha çox hiss olunurdu. Ulu
öndər hələ Dövlət Təhlükəsizlik
Komitəsində çalışdığı illərdə
milli kinomuza böyük diqqət göstərirdi. Onun Azərbaycana
rəhbərliyinin birinci mərhələsində “Bir cənub
şəhərində”, “Ad günü”, “İstintaq”, “Babək”
kimi filmlər çəkilmişdi. O, “Mozalan” satirik
kinojurnalına da xüsusi qayğı göstərirdi. “Azərbaycanfilm
kinostudiyasının maddi-texniki bazasının genişləndirilməsi
tədbirləri haqqında”, “Azərbaycan kinosunun 60 illiyi
haqqında”, Milli Kino Gününün təsis edilməsilə
bağlı qəbul etdiyi qərarlar ulu öndərin milli
kinomuza qayğısının təzahürüdür.
Bu diqqət və qayğı bu gün də dövlət
başçısı İlham Əliyev tərəfindən
davam etdirilməkdədir. Azərbaycanda kino sənətinin
inkişafı ilə Azərbaycan Respublikası Prezidentinin
2007-ci il fevralın 23-də
imzaladığı “Azərbaycanda kino sənətinin
inkişaf etdirilməsi haqqında” sərəncamında milli
kinomuza dövlət qayğısı əks olunur.
İnanırıq
ki, daşlı-kəsəkli yol keçən, 70 ildən
artıq bir dövrdə sovet rejiminin ağır senzura şəraitində
çətinliklə inkişaf edən Azərbaycan kinosu
dünya kinosuna töhfələr verəcək, dünya
tamaşaçısı böyük ekranda
aşağıdakı təqdimatda filmləri maraqla izləyəcəkdir:
“Azərbaycanfilm” təqdim edir!”.
Məhərrəm
Ağalaroğlu,
İki
sahil.- 2018.- 31 may.- S.22