Mənəvi sərvətimiz
olan ana dilimizin saflığını qoruyaq!
Milli-mənəvi dəyərlərimizin
qorunmasında misilsiz xidmətlər göstərən ulu
öndər Heydər Əliyev varlığımızı təsdiqləyən
dilimizin saflığının qorunmasına xüsusi diqqətlə
yanaşmışdır. Azərbaycan dili uzun illəri əhatə
edən formalaşma dövründə siyasi, dini, mədəni
münasibətdə olduğu xalqlar arasında ünsiyyət
vasitəsi kimi başqa dillərə də təsir
etmişdir. Xalqımızın ən qiymətli
sərvəti olan dilimizə başqa millətlərin
nümayəndələrinin verdikləri qiymətdən də
aydın olur ki, səlis, axıcı, ahəngdar Azərbaycan
dili türkdili xalqlar arasında da seçilir və sevilir.
Ölkəmizdə yaşayan və dinindən, dilindən,
milliyyətindən asılı olmayaraq Azərbaycan
dilini ikinci ana dili kimi qəbul edən bütün vətəndaşlar
üçün ünsiyyət vasitəsi olan Azərbaycan
dilinin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün
formalaşması və inkişafında böyük rolu
olmuşdur. Böyük rus şairi M.Y. Lermontov vaxtılə
yazırdı: “Azərbaycan dili burada ( Qafqazda),
ümumilikdə Asiyada fransız dilinin Avropada
oynadığı rol qədər zəruri bir dildir.”
Tarix sübut edir ki, dil ağlın, şəxsin,
millətin güzgüsü olmaqla, tanınmış dahilərə,
yazarlara, söz səltənətində əbədi taxt
quranlara yaşam haqqı verən mənəvi pasportdur. “Aqil
ki, görünməz bir xəlifədir; qüvvəti,
qüdrəti sözlərindədir” söyləyən Nizami
Gəncəvi, “Xəlqə ağzın sirrini hər dəm
qılır izhar söz. Bu nə sirdir kim, olur hər
ləhzə yoxdan var söz”ü ilə dilimizə dəyər
verən Füzuli, “Məndə sığar iki cahan, mən bu
cahana sığmazam” deyən Nəsimi dilimizi zənginləşdirən
sözün qüdrəti ilə zirvələrdə yer
almışlar.
Azərbaycan dilini
xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının
həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin
başlıca rəmzləri ilə eyni səviyyədə
qiymətləndirən, “Azərbaycan xalqının dili onun
milli varlığını müəyyən edən
başlıca amillərdəndir” söyləyən ulu öndər
Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi
dəyərlərini, mədəniyyətini yaşadan onun
dilidir. Ulu Öndər onu da bildirirdi ki, öz ana dilini bilməyən
adamlar şikəst adamlardır: “Ana dilini bilməmək, ana
dilini qiymətləndirməmək şübhəsiz ki, xalq
qarşısında böyük qəbahətdir.” Ulu Öndər
dilimizin saflığının qorunmasında xüsusi xidmətlləri
olan yazıçı-dramaturq M.F. Axundov və
yazıçı, dövlət və siyasi xadim N.Nərimanovu
Azərbaycan dilinin əvəzsiz tədqiqatçıları
adlandırırdı. “ Mən həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
sözləri ilə milli varlığımızın ifadəsi
olan Azərbaycan dilinə məhəbbətini ifadə
edən Ulu Öndər respublikaya rəhbərliyinin
bütün dövrlərində Azərbaycan dilinə
çox qayğı ilə yanaşmış, onun
saflığı, yad təsirlərdən qorunması
üçün səylərini əsirgəməmişdir. Azərbaycan dilinə qayğını dövlətimizin
siyasi -ideoloji vəzifəsi hesab edən Ulu Öndər
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” və “ Azərbaycan Respublikasında dövlət
dili haqqında Qanununun tətbiq edilməsi barədə” fərmanları
imzalamaqla ədəbi dilimizin fəaliyyət
imkanlarını daha da genişləndirmiş, müxtəlif
üslubların potensialları təkmilləşdirilmiş,
dil mədəniyətimizin qarşısında yeni
üfüqlər açılmışdır.
Qanuna müvafiq olaraq dövlət
dilinin təhsildə, mətbuatda, xüsusi adlarda, xidmət
sahələrində, vətəndaşların şəxsiyyətini
təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə,
reklamlarda işlənməsi qaydaları, qanun pozulmasına
görə məsuliyyət müəyyənləşdirildi.
“Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” Fərmanın
imzalanması əhəmiyyəti ilə diqqəti çəkdi.
Fərmanda qeyd olunduğu kimi latın
qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə
2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi
və yeni əlifbadan istifadənin özünü
doğrultduğu nəzərə alınaraq hər il 1 avqust
tarixinin ölkədə Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü kimi qeyd olunması zəruri hesab olundu.
Milli varlığımızı
təsdiqləyən, dərin köklərə malik
xalqımızın tarixi kimi qədim olan Azərbaycan dilinin təkmilləşdirilməsini
müasir türk xalqları ilə yaxınlaşmaq, onlar
arasında mənəvi, mədəni iqtisadi
bağlılıq kimi dəyərləndirən , “Dil
siyasətində sərhəd məhdudiyyəti yoxdur” söyləyən
ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının,
ana dilinin mənşəyinin öyrənilməsinə,
formalaşmasına, inkişafına xüsusi diqqət və
qayğı ilə yanaşıb. “Xalqları dil qədər,
milli-mənəvi ənənələr, dəyərlər qədər
birləşdirən başqa vasitə yoxdur”,
“Ana dilimiz müstəqil Azərbaycanın
, Azərbaycan xalqnın ən böyük milli sərvətidir”
söyləyən ümummilli lider Heydər Əliyev bildirirdi
ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri
vardır ki, onun qorunması, zənginləşdirilməsi,
inkişaf etdirilməsi, cəmiyyətdəki mövqeyindən, peşəsindən,
ixtisasından, vəzifəsindən asılı olmayaraq
hamının və hər kəsin vətəndaşlıq
borcudur. 1993-cü ildə hakimiyyətə
qayıdışı ilə bütün sahələrdə
köklü islahatlar aparan, dövlətin dil siyasətinə
millətin varlığını təsdiqləyən
amil kimi diqqətlə yanaşan ümummilli lider Heydər
Əliyevin təklifinə və ümumi razılaşmaya əsasən
Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi
məqsədəuyğun hesab olundu. Bu sahə
üzrə nəzərdə tutulan problemlərin həlli
üçün xüsusi Sərəncamla Dil Komissiyası
yaradıldı. Azərbaycan dilinin dövlət dili olaraq
işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli- mədəni
özünüifadə ehtiyaclarının ödənilməsi
imkanları genişləndi.
Müstəqilliyimizin bərpasında sonra Azərbaycan
dili xalqımızın ictimai-siyasi, sosial- iqtisadi və elmi-mədəni
həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət
daşıdı.
Ümummilli lider Heydər
Əliyevin dil siyasətini, dilimizə diqqət və
qayğısını eyni məsuliyyətlə davam etdirən
Prezident İlham Əliyev “ Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” Sərəncamı imzalamaqla bu
istiqamətdə nəzərdə tutulan və həlli vacib
prioritetləri müəyyənləşdirdi. Sərəncama
uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və elminin ən gözəl nümunələrinin təbliğini
genişləndirmək və gələcək nəsillərə
çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər
kiril qrafikasında çap olunmuş əsərlərin
latın qrafikası ilə yenidən nəşri
kütləvi şəkildə həyata keçirildi. Yenidən
çapı nəzərdə tutulan kitabların mətnlərinin
elektron daşıyıcıları və internet vasitəsilə
yayılması, latın qrafikasında “Azərbaycan ədəbiyyatının
virtual kitabxanası”nın yaradılması qarşıya məqsəd
kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin
nəticəsidir ki, “Elektron hökumət”, “Elektron dərslik”,
“Elektron kitabxana” terminləri yarandı və bu sahədə
önəmli uğurlar əldə olundu. “Azərbaycan Milli
Ensklopediyasının nəşri haqqında” Sərəncam
imzalandı.
Latın qrafikasına keçid türkdilli
xalqları birləşdirən amil kimi Azərbaycan diasporunun
formalaşması və təkmilləşdirilməsi prosesini
də sürətləndirdi. “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı”nın qəbulunda da məqsəd Azərbaycan
dilinin istifadəsinə dövlət qayğısının
artırılması, dilçilik araşdırılmalarını
əsaslı sürətdə
yaxşılaşdırmaqla fundamental və tətbiqi tədqiqatların
inkişafına yönəldilmiş yaradıcılıq səylərinin
birləşdirilməsini, cəmiyyətin aktual problemləri
ilə əlaqələndirilməsini təmin etməkdir. Eyni zamanda Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi və
azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli
inkişafı baxımından gənc nəslin ana dilinə
sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi
dil normalarına ciddi surətdə əməl edilməsi
kimi digər məsələlər də günün tələbi
olaraq qalmaqdadır.
Deyilənlər milli-mənəvi dəyərlərimizə
diqqətini əsirgəməyən Prezident İlham
Əliyevin ana dilinin inkişafına göstərdiyi
qayğılardan bir neçəsidir. Sevindirici haldır ki,
ölkəmizdə fəaliyyət göstərən diplomatik
korpuslarda Azərbaycan dilinin öyrənilməsinə maraq
artmaqdadır.
Prezident İlham Əliyevin bu
günlərdə imzaladığı “Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında”kı Fərmanda ana
dilimizin qorunması üçün həyata keçiriləcək
islahatlar, hədəflər əksini tapır.
Fərmanda qeyd olunduğu kimi,
respublikamız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan
dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni
həyatının bütün sahələrində daha
geniş istifadə edilməyə başlanmış, onun
dövlət dili kimi maneəsiz inkişafı
üçün münbit zəmin yaranmışdır.
Ana dilimizin qorunması üçün qəbul
olunmuş sənədlər, həyata keçirilən
islahatlar, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunun maddi-texniki bazasının
gücləndirilməsi haqqında”, “Azərbaycan dilinin
elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi
ilə bağlı bir sıra tədbirlər
haqqında””kı Sərəncamlar, həmçinin “Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Terminologiya
Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi
barədə”” Nazirlər Kabinetinin Qərarı ana dilinə
dövlət qayğısının artırılması,
dilçilik sahəsində fundamental və tətbiqi
araşdırmaların keyfiyyətinin
yaxşılaşdırılması üçün əlverişli
şərait yaratmışdır.
Ana dilimizin yad təsirlərdən
qorunması naminə aparılan islahatlar, həyata keçirilən
tədbirlər nəticəsində mükəmməl
qrammatik quruluşa, zəngin lüğət tərkibinə və
ifadə vasitələrinə malik Azərbaycan dilinə
başqa millətlər tərəfindən də maraq
göstərilir. Fərmanda qeyd olunduğu kimi, bununla
yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə
və düzgün istifadə edilməməsi halları hələ
də kifayət qədərdir. Cəmiyyət tərəfindən
birmənalı olaraq qəbul olunmayan televiziya və radio
kanallarında, internet resurslarında, mətbu nəşrlərdə
və reklam daşıyıcılarında ədəbi dilin
normalarının kobud şəkildə pozulması, leksik və
qrammatik qaydalara əməl edilməməsi, məişət
danışığından istifadə olunması, əcnəbi
söz və ifadələrin yersiz işlədilməsi az qala
adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin
və daimi nəzarətin olmaması dil pozuntularının
azaldılması və aradan qaldırılması istiqamətində
təsirli tədbirlər görməyə imkan vermir.
Bu baxımdan nöqsanların aradan
qaldırılması məqsədilə bir sıra tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur. Respublikada dövlət dilinin tətbiqinə nəzarət
edən, kütləvi informasiya vasitələrində, internet
resurslarında və reklam daşıyıcılarında ədəbi
dil normalarının qorunmasını təmin edən,
dövlət büdcəsindən maliyyələşən
“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”” publik
hüquqi şəxsin yaradılması, Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə “Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən
istifadənin daha da yaxşılaşdırılması ilə
bağlı Tədbirlər Planı””nın hazırlanması
başlıca vəzifə kimi qarşıya qoyulur.
Kütləvi informasiya vasitələrində, internet
resurslarında və reklam daşıyıcılarında ədəbi
dil normalarının pozulması hallarının
qarşısını almaq üçün qanunvericilik
aktlarında dəyişikliklər barədə təkliflərin
hazırlanması tövsiyə olunur.
Nəzərdə tutulan hər tədbir,
islahat Azərbaycan dilinin özünəməxsus inkişaf
qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin
söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası,
yüksək səviyyəli yazı formatı ilə fərqlənən
Azərbaycan dilinin qorunmasına xidmət edəcək.
Dilimizi qoruyaq ki, var olaq, bir olaq, əbədi
yaşayaq. Millətlər arasında dilimizin gözəlliyi
ilə seçilək. “Mən Azərbaycan vətəndaşıyam”
sözünü ana dilimizə hörmətimizlə bildirək.
Xuraman
İsmayılqızı
İki
sahil.- 2018.- 6 noyabr.- S.12.