Norveçli diplomat Azərbaycan
xalçalarına heyran
olub
Norveçin Azərbaycandakı səfirliyinin
müvəqqəti işlər
vəkili Olav Nils Thue
“Azərxalça” Açıq
Səhmdar Cəmiyyətinin
Xaçmaz filialı ilə tanış olub.Cəmiyyətdən Trend-ə verilən məlumata görə, qonağa məlumat verilib ki, bu filial “Azərxalça”nın ölkəmizdə
fəaliyyət göstərən
11 xalça istehsalı
emalatxanasından biridir.
Filial bu ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. İndiyədək
burada 100-dən çox
xalça toxunub.Bildirilib
ki, filialda 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat
işçisinin fəaliyyət
göstərməsi üçün
müasir iş şəraiti yaradılıb.
Bina toxuculuq emalatxanası, rəssam otağı, yeməkxana, tibb otağı, xalça-satış
salonu və sair bölmələrdən
ibarətdir. Emalatxanada müxtəlif
ölçülü 43 dəzgahda
xalça toxunur.
Burada əsasən Quba qrupu Azərbaycan xalçalarının toxunmasına
üstünlük verilir.Qeyd
olunub ki, etnoqrafik cəhətdən
çox zəngin olan bu bölgə
qədim xalçaçılıq
ənənələrinin yarandığı
və inkişaf etdiyi bölgələrdəndir.
Burada ayrı-ayrı kəndlərdə
xalçaçılıq sənəti uğurla davam etdirilib, nəsildən-nəslə ötürülüb.
Tarixən dünya alimlərinin,
səyyahların diqqətini
cəlb etmiş Quba xalçaları dünyanın məşhur
muzeylərində, şəxsi
kolleksiyalarda saxlanılır.
Quba qrupu xalçaları üzərində öz əksini tapan müxtəlif naxışlar
yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü,
bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan
xalçalarının bütün
qrupları üçün
səciyyəvi olan ağ, qara,
qırmızı, sürməyi,
mor, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında
yaratdığı rəng
ahəngi onlara təkrarsız gözəllik
bəxş edir.“Azərxalça”nın rəssamları belə qədim çeşniləri
bərpa edirlər. Toxucular isə həmin çeşnilər əsasında
orijinal və gözəl xalçalar toxuyurlar.
Olav Nils Thue Xaçmaz
filialında toxunan xalçalara heyranlığını
bildirib. Müvəqqəti işlər vəkili
dövlət səviyyəsində
xalçaçılığa göstərilən diqqətin
təqdirəlayiq olduğunu
qeyd edib.Norveçli
diplomat Azərbaycan xalçalarının
dünyaya ixracı ilə də maraqlanıb.Məlumat verilib
ki, “Azərxalça”
Açıq Səhmdar
Cəmiyyəti müxtəlif
ölkələrin bu
sahə üzrə ixtisaslaşmış şirkətləri
ilə danışıqlar
aparır. Yaxın zamanlarda
Azərbaycan xalçaları
ABŞ, Yaponiya, Rusiya və Avropa ölkələrinə ixrac
olunacaq.
Olav Nils Thue keyfiyyətli
Azərbaycan xalçalarına
ökəsində də
ciddi tələbatın
olacağına əminliyini
ifadə edib.
İki sahil.- 2018.- 3 noyabr.- S.18