Səhnəmizin
Amaliyasının xatirələrə son yolçuluğu...
Pərdə
qapanır, işıqlar yanır
Noyabrın 8-də görkəmli sənətkar, Azərbaycanın Xalq artisti Amaliya Pənahova ömrünün 73-cü payızında dünyasını dəyişib.
Azərbaycanın teatr və kinosunu Amaliya Pənahovanın yaratdığı misilsiz rollar olmadan təsəvvür etmək mümkün deyil. Görkəmli aktrisa və sənət fədaisi, televiziya rejissoru, professor Amaliya Pənahova 1945-ci il iyunun 15-də sənət yurdu Gəncədə dünyaya göz açıb. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun “Dram və kino aktyorluğu” ixtisasını bitirən Amaliya Pənahova səhnəmizdə böyük bir teatr məktəbinin əsasını qoyan aktrisalarımızdandır.
O, 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraza səhnə və ekran ömrü bəxş edib. Bu obrazlar sırasında Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rollar xüsusilə parlaqlığı ilə Azərbaycan tamaşaçılarının yaddaşlarına köçüb.
Amaliya Pənahova 1968-ci və 1972-ci illərdə sovet dönəminin ali mükafatlarından hesab olunan Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb.
Azərbaycan səhnəsinin sevimlisi Amaliya Pənahova 1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə türk dünyasının Birinci Kino Festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı yer alıb.
Aktrisa, həmçinin bacarıqlı rejissor kimi də dəyərli işlərin müəllifidir. Görkəmli sənətkar 43 illik sənət fəaliyyəti dövründə lentə alınıb hazırda televiziyanın Qızıl Fondunda saxlanılan 12 tele və teatr tamaşasına quruluş verib. Bunlardan İ. Əfəndiyevin “Mənim günahım”, M. Muradın “Təkan”, M. Qurbanovun “Sənsiz”, O. Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və sair ekran əsərləri xüsusilə diqqətəlayiqdir.
Amaliya Pənahova teatr tariximizə həm də yeni bir sənət ocağının- 1992-ci ildə yaratdığı Bakı Bələdiyyə Teatrının qurucusu kimi həkk olunub. Xalq artisti bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişaf etməsi üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyən professor Amaliya Pənahova tələbələrinin əksəriyyəti ilə Bakı Bələdiyyə Teatrında birgə çalışıb. 2013-cü ildə “Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri” mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.
Prezident təqaüdçüsü Amaliya Pənahova həm də ictimai-siyasi xadim kimi fəaliyyət göstərib. O, 2000-2005-ci illərdə Milli Məclisin (MM) deputatı, MM-in sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.
Tanınmış aktrisa 1995-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” ordenləri, 17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Xalq artisti ilə vida mərasimi cümə günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Mərhum aktrisa öz vəsiyyətinə əsasən, “Qurd qapısı” qəbiristanlığında həyat yoldaşı, Xalq artisti Yusif Muxtarovun yanında dəfn olunacaq.
...Pərdə qapanır, işıqlar yanır... Yaddaşlarımızın gur işığında böyük sənətkar Amaliya Pənahovanın nurlu xatirəsi canlanır... Yaratdığı möhtəşəm obrazlar qalereyası ilə xalqımızın hafizəsinə son yolçuluğunu edən görkəmli aktrisanın işıqlı xatirəsi milli teatrımız var olduqca yaşamağa davam edəcək...
Sevinc Abdullayeva
İki sahil.- 2018.- 9 noyabr.- S. 10.