Müstəqilliyimizin və dövlətçiliyimizin
xilası günü
1993-cü
ildə xalqın təkidli tələbi ilə dövlətimizin
idarəçilik sükanı arxasına keçən ulu
öndər Heydər Əliyev mövcudluğu real təhlükə
qarşısında olan Azərbaycanı bir sıra xarici
dövlətlərin, həmçinin bəzi yerli qüvvələrin
maliyyə dəstəyi, diktəsi ilə hazırlanmış
qəsdlərdən qorumuşdur. Məhz Ulu
Öndərin sayəsində ölkəmiz dövlət
müstəqilliyini qoruyub saxlaya
bilmişdir.
Belə qəsdlərdən biri də 1994-cü ilin oktyabrda baş vermişdir. Həmin günlərdə ölkəmizdə silahlı dövlət çevrilişinə cəhd göstərilmişdi. Belə ki, oktyabrın 4-də Gəncədə Surət Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı şəhər İcra Hakimiyyətinin binasını və başqa strateji obyektləri ələ keçirmişdi. Eyni zamanda, Bakıda iki hərbi hissənin əsgərləri silahlarını Prezident Sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə hazır vəziyyətdə dayanmışdılar.
Ulu
Öndər həmişə olduğu kimi, bu hadisələrdə
də xalqın köməyinə arxalandı. “Birinci növbədə Azərbaycan
xalqının zəkasına, müdrikliyinə, qüdrətinə
güvənirəm, arxalanıram” deyən Ümummilli
Lider müstəqil dövlətimizi
müdafiə etmək məqsədillə radio
və televiziya ilə xalqa
birbaşa müraciət etdi.
Xalq həmin
an onun səsinə səs
verdi və oktyabrın 4-dən 5-nə
keçən gecə yüz minlərlə
paytaxt, eləcə də digər şəhərlərin,
rayonların sakinləri Prezident Sarayı
qarşısına toplaşdı. Xalqın Ulu
Öndərin ətrafında mütəşəkkil bir formada
toplaşdığını, daha doğrusu, “Xalq-Heydər
Əliyev, Heydər Əliyev-Xalq” birliyinin
parlaq təcəssümünü görən
dövlət çevrilişi cəhdinin
təşkilatçıları öz çirkin niyyətlərindən əl
çəkdilər.
Oktyabrın 5-də Azadlıq meydanında bir milyona qədər insanın iştirakı ilə keçirilən izdihamlı ümumrespublika mitinqi isə xalqla Ulu Öndərin həmrəyliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bunu həm də Azərbaycan Prezidentinə xalqın nə qədər hörmət, ehtiram, sədaqət göstərdiyinin nümayişi kimi də xarakterizə etmək olar. Beləliklə, xalqa söykənən Ulu Öndər bircə güllə belə atılmadan qiyam və dövlət cevrilişi yolu ilə hakimiyyətə gəlmək istəyənlərin cəhdlərinin qarşısını öz müdrik siyasəti ilə almağa nail oldu. Ümummilli Liderin dövlətçiliyi müdafiə etmək məqsədilə atdığı addımlar, onun bu istiqamətdəki qətiyyəti dünyanın bir sıra ölkələrində də təqdir edildi.
10
iyun 1999-cu ildə keçirilmiş Təhlükəsizlik
Şurasının iclasında Ulu Öndər o günlərdən
söz açarkən demişdir: “Bəli, 1994-cü ilin
oktyabrında burada hakimiyyəti silah gücü ilə,
qanunsuz olaraq devirməyə
çalışmışdılar. O vaxt
da xalq bizi
müdafiə etdi. Xalqın gücü qarşısında heç kəs dura bilməzdi.
Bəziləri həmin o gecələr çox narahat idi, amma mən arxayın idim. Mən heç vaxt narahat deyildim.
Arxayın idim ki, son məqamda mənim ən böyük
silahım vardır. O silah da
xalqın mənə, Azərbaycan Prezidentinə olan münasibətidir. Bunu
da sübut etməyə
ehtiyac yoxdur, artıq göründü”. Həmçinin bildirmişdir ki, məhz buna görə də biz
1994-cü ilin oktyabr
hadisələrindən xilas ola bildik.
Sonrakı araşdırmalar göstərmişdir ki, 1994-cü ilin oktyabr hadisələri təkcə oktyabrın 4-də başlanmamışdı. Belə ki, 1994-cü ilin oktyabr hadisələri 1994-cü il sentyabrın 20-də dünyanın hegemon dövlətlərinin iştirakı ilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayan ilk böyük neft müqaviləsini - “Əsrin müqaviləsi”ni imzalayandan sonra, yəni sentyabrın 21-də başlanmışdı. Belə ki, sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin həbsxanasından 4 qatı cinayətkarı satqınlıq nəticəsində qaçıra bilmişdilər. Sentyabrın 29-da iki terror aktı olmuşdu: Milli Məclisin sədrinin müavini Afiyəddin Cəlilov və Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetirilmişdilər. Oktyabrın 2-də Azərbaycan Prokurorluğu bir qrup cinayətkar tərəfindən işğal edilmişdi. Bunun davamı olaraq oktyabrın 4-də Surət Hüseynovun rəhbərliyi ilə silahlı çevriliş cəhdi göstərilmişdi. Yəni bütün bunlar bir daha sübut etmişdir ki, 1994-cü ilin oktyabrındakı hadisələr çox-çox əvvəl hazırlanmışdı və bu, ilk növbədə, Azərbaycanın müstəqilliyinə, o cümlədən ümummilli lider Heydər Əliyevə qarşı yönəlmişdi. Çünki istər xaricdə, istər də daxildə olan bəzi qüvvələr Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi uğurlu islahatları həzm edə bilmirdilər. Odur ki, onlar ölkəmizdə aranı qarışdırmaq üçün fürsət gözləyirdilər. Amma Ulu Öndərin nüfuzu, cəsarəti, siyasəti imkan vermədi ki, kimlərsə hakimiyyəti qanunsuz yollarla zəbt etsin. Odur ki, onların sonrakı niyyətləri də puça çıxmışdır.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2018.- 13 oktyabr.- S.13.