Beynəlxalq aləmdə uğurlu əməkdaşlıq
nümunəsi
İştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri ilə regional əməkdaşlığa davamlı töhfələr verən Azərbaycan, eyni zamanda, üçtərəfli formatda birliklərin yaradılmasında, çoxtərəfli çərçivədə münasibətlərin qurulmasında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. İkitərəfli əlaqələrin yol açdığı Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı da məhz ölkəmizdir. Bu formatlar isə öz növbəsində əməkdaşlıqda yeni-yeni prioritetlərin müəyyənləşdirilməsini, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Avqust ayında Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasında da bu kimi amillərin rolu inkaredilməzdir. Nəzərə alsaq ki, məsələ illərdən bəri mövqelərin üst-üstə düşməməsi üzündən öz həllini gözləyirdi, bu halda ikitərəfli və üçtərəfli formatda danışıqların və imzalanan sənədlərin rolunu daha aydın görmək mümkündür. Əməkdaşlıq formatları ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malikdir.
Bu
fikirlər beynəlxalq səviyyədə də qeyd edilir
ki, Azərbaycanın, ölkə
Prezidenti İlham Əliyevin irəli
sürdüyü təşəbbüslər
və onların gerçəkləşməsinə xidmət
edən addımlar yaxın gələcəkdə
region üçün olduqca pozitiv nəticələr vəd
edir. Bu, Azərbaycanın regionda lider mövqeyini, bölgədə
təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi
əlaqələrin inkişafında oynadığı rolu
aydın şəkildə nümayiş etdirir.
Azərbaycan
bu gün dünyaya iqtisadi, siyasi, humanitar sahədə əməkdaşlıq nümunəsi
təqdim edir. Tərəfdaş ölkələrlə
qarşılıqlı maraqlara əsaslanan münasibətlər,
sabitliyin təmin olunması üçün fəal
siyasi-iqtisadi fəaliyyəti, ölkələrin daxili işlərinə
qarışmamaq sülhün bərqərar olmasına, ərazi
bütövlüyünün qorunmasına, bəşəriyyətin
rifahına istiqamətlənib. Ölkəmizin bu prinsipial
mövqeyi beynəlxalq münasibətlər sistemində yeri və
rolunun artmasına, daha da möhkəmlənməsinə yol
açır. Xarici siyasətində Avropa dövlətləri
ilə əməkdaşlığa xüsusi önəm verən
Azərbaycanın son zamanlar bu istiqamətdə əldə
etdiyi uğurlar göz önündədir. Cənab İlham
Əliyevin Belçika, Fransa və Xorvatiyaya səfərləri
çərçivəsində imzalanan sənədlər,
Almaniya Kansleri Angela Merkelin Cənubi
Qafqaz regionuna səfərinə Azərbaycanla yekun
vurması ölkəmizin beynəlxalq münasibətlər
sistemində güclü mövqeyinə işıq saldı.
Almaniyanın Kansleri bu addımı ilə eyni zamanda, Azərbaycanın
bölgədə əsl söz sahibi olduğunu təsdiqlədi.
Regionun digər ölkələrində qəbul olunan qərarların
təsdiqində Azərbaycanın sözünün çəkisi
həmin səfərlə bir daha dünyaya nümayiş
olundu. Təbii ki, bu uğuru ölkəmiz düzgün müəyyənləşdirdiyi
siyasəti, ən əsası qəbul
etdiyi prinsiplər əsasında
qazanıb. Belə ki, Azərbaycan böyüklüyündən,
kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə
bərabərhüquqlu, qarşılıqlı maraq və
hörmət prinsipləri əsasında əməkdaşlıq
edir. Cənab İlham Əliyevin Belçikaya səfəri
zamanı Avropa İttifaqı ilə imzalanan “Tərəfdaşlığın
prioritetləri” adlı sənəddə də ölkəmizin
bu mövqeyi öz əksini tapmışdır.
Cari ilin enerji sektorunun mühüm uğurlarından olan “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, eyni zamanda, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi də Azərbaycanın əməkdaşlığın coğrafiyasının genişləndirilməsində nə qədər maraqlı olduğunu ortaya qoydu. Çoxtərəfli əməkdaşlığa yol açan bu layihələrin əsası təbii ki, regional çərçivədə əməkdaşlıqla qoyulmuşdur. Başlanğıc layihələrin (BTC və BTƏ neft-qaz layihələri) əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan idi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu dövlətlərin siyasi iradəsi və qətiyyəti əsasında reallığa çevrilən BTC və BTƏ neft-qaz kəmərləri regional əməkdaşlığa böyük töhfə verməklə yanaşı, sabitliyin, təhlükəsizliyin qarantıdır. Ötən ilin oktyabrında istifadəyə verilən, əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan BTQ dəmir yolu Avropanı Asiya ilə birləşdirən layihədir, əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir. Bu layihələrin reallaşması təkcə iqtisadi divident deyil, sülhə və siyasi sabitliyə, sosial rifaha xidmətdir.
Beynəlxalq səviyyəli tədbirlərdə
də bu reallıq xüsusi qeyd olunur ki, Şərqlə Qərbin,
müxtəlif mədəniyyətlərin və dinlərin
qovuşuğunda yerləşən Azərbaycan təşəbbüskarı
olduğu əməkdaşlıq formatları, həmçinin
enerji və nəqliyyat layihələri ilə xalqlar, dövlətlər
arasında körpü rolunu daha da möhkəmləndirir,
yeni prioritetlərin müəyyənləşdirilməsini
şərtləndirir. Bu rol sözsüz ki, Azərbaycanın beynəlxalq
mövqeyini möhkəmləndirməklə yanaşı,
xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə
dəstəyi də artırır. Azərbaycanla Avropa
İttifaqı arasında imzalanan “Tərəfdaşlığın
prioritetləri” sənədində də qurumun Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı mövqeyi əks
olunub. İstər “Tərəfdaşlığın prioritetləri”,
istərsə də ötən il qurumun qəbul etdiyi “Xarici siyasət və təhlükəsizlik
haqqında qətnamə” münaqişələrin həllinə
vahid yanaşmanın önəmini təsdiqləyir.
Qısa
təhlil regional əməkdaşlığın
aparıcı qüvvəsi kimi Azərbaycanın çoxtərəfli əlaqələrə yol açan
təşəbbüslərinə işıq salır. Dövlətimizin
başçısı İlham Əliyevin daim
vurğuladığı kimi, Azərbaycanın iştirakı
olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin
həyata keçirilməsi mümkünsüzdür.
Dövrün çağırışlarına yüksək
səviyyədə cavab vermək isə öz növbəsində
səylərin birləşdirilməsini bir tələb kimi
ortaya qoyur ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq səviyyəli
tədbirlər, irəli sürdüyü layihələr bu istəyi də gerçəkləşdirir.
Əliyeva Yeganə
İki sahil.- 2018.- 6 oktyabr.- S.2.