Pirallahı məktəbliləri Qara Qarayevin ev-muzeyində

 

Oktyabrın 11-də Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə bir qrup rayon məktəblisinin Azərbaycan incəsənətinin dahi nümayəndələrindən olan bəstəkar Qara Qarayevin ev-muzeyinə ekskursiyası təşkil olunub. Anadan olmasının 100 illik yubileyi ilə əlaqədar 1 oktyabr 2018-ci il tarixində açılışı olan ev-muzeyi Qara Qarayevin Azərbaycan musiqisinə bəxş etdiyi əvəzsiz töhfələrə  verilən qiymətdir.

Muzeyin əməkdaşları ekskursiya çərçivəsində məktəblilərə Qara Qarayevin ev-muzeyi, bəstəkarın fəaliyyəti, yazdığı əsərlər haqqında ətraflı məlumat veriblər. Dahi bəstəkarın gənclərə qayğısından, musiqimizə sahib çıxmasında göstərdiyi fədakarlıqdan danışılıb. Qeyd olunub ki, Qara Qarayev Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yolunu davam etdirən, milli musiqimizi öz dövrünün avanqard bəstəkarlıq texnikası ilə uzlaşdıraraq mədəniyyətimiz tarixində yeni səhifə açan bir bəstəkar olub.

Sonra məktəblilər muzeyin ekspozisiyasında Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar - sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları və istifadə etdiyi məişət əşyaları ilə tanış olublar. Dahi bəstəkarın ev-muzeyi ilə tanışlıq məktəblilərdə xoş təəssürat yaradıb.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2018.- 12 oktyabr.- S.12.