Düşənbədəki geosiyasi qələbəmiz
Ötən həftə Düşənbədə MDB-nin Zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə onun arasında söhbət aparılıb. Həmin söhbətdə aydınlaşıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar bundan sonra da məhz Ermənistan və Azərbaycan arasında aparılacaq. Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdir müavini Hikmət Hacıyev mətbuat üçün açıqlamasında bildirib.
Qeyd edək ki, eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 26 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilmişdi. Təbii ki, Azərbaycan dövləti bu hadisələrə müsbət yanaşaraq bəyan edir ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırıq. Bu, bir daha göstərir ki, ölkəmiz mövcud format əsasında danışıqlar prosesinə sadiqdir.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində görüşündən sonra işğaplçı ölkənin rəhbəri artıq əvvəlki sərsəm bəyanatlarından vaz keçməkdədir. Belə ki, o, dörd aylıq hakimyyəti dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməsi ideyasını müdafiə edirdi. Bununla əlaqədar Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, bu şərti biz qəbul etmirik, ümumiyyətlə, danışıqlarda format dəyişdirilə bilməz. Format isə odur ki, bu münaqişənin tənzimlənməsi prosesində tərəf kimi Ermənistan və Azərbaycan iştirak edirlər və heç bir halda qondarma rejim bu danışıqlarda təmsil oluna bilməz, çünki münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir.
Hətta Paşinyan eyni yanaşmalarını BMT-də də təkrarlamışdı. Ancaq BMT-nin sessiyasından qısa müddət sonra MDB Dövlət Başçıları Şurasınının Düşənbədə keçirilən iclasında Ermənistan rəhbərinin Azərbaycan Prezidenti ilə apardığı danışıqlardan sonra o, əvvəlki mövqeyindən 180 dərəcə döndü. Məlum oldu ki, Ermənistanın baş naziri artıq əvvəlki sərsəm bəyanatlarını təkrarlamır və o, danışıqlar prosesində qondarma rejimin tərəf kimi iştirak etməsi ideyasını müdafiə etmir, eyni zamanda, bildirir ki, neçə illərdir davam edən danışıqların formatı dəyişməməlidir, danışıqlar prosesində tərəf kimi Ermənistan və Azərbaycan dövlətləri iştirak etməlidirlər.
Bəs Nikol Paşinyanı belə geri çəkilməyə nə vadar etdi? Əslində onun əvvəlki bəyanatları daxili auditoriyaya, özünün ölkədəki dayaqlarını möhkəmlətməyə hesablanmışdı. Lakin beynəlxalq aləmdə isə həmin fikirlər nəinki uğur qazanmadı, hətta onun geosiyasətdə uğursuzluğu kimi qəbul edildi. Məhz MDB dövlət başçılarının Düşənbə sammitində bu ideyasının dəstək almadığının növbəti dəfə şahidi olduğundan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daha praqmatik siyasət aparmağa istiqamətləndi.
Təbii
ki, bu ay ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona
gözlənilən növbəti səfəri çərçivəsində
məhz Ermənistan və Azərbaycan rəhbərləri səviyyəsində
danışıqların aparılması ilə bağlı
mövqe yekun təsdiqini tapacaq və bundan sonra Azərbaycan
Prezidenti ilə Ermənistanın baş naziri arasında
danışıqların vaxtının təyin edilməsi ətrafında
müzakirələr gedəcəkdir.
Əslində bu, Azərbaycanın həyata keçirdiyi ciddi geosiyasi fəaliyyətin nəticəsidir ki, güc tətbiq etmədən Ermənistan sülh danışıqlarına məcbur edilir. Eyni zamanda, bununla Ermənistanın işğalçı olması faktı bir daha təsdiqlənir və Azərbaycan Dağlıq Qərabağı və onun ətrafındakı rayonları işğal edən Ermənistanla beynəlxalq hüquq müstəvisində də apardığı mübarizədə müsbət irəliləyişə nail olur.
Eyni zamanda, bu son hadisələr bir daha göstərir ki, Ermənistanın işğalçı kimi özünü məsuliyyətdən yayındırmaq imkanları tükənir. Yəni indi dünya daha aydın görür ki, Azərbaycanın torpaqlarının 20 faizini işğal edən, azərbaycanlılara qarşı soyqırımı törədən Ermənistan bu ağır cinayətlərə görə mühakimə olunmalıdır.
Düşənbədə
MDB-nin Zirvə toplantısı çərçivəsində
bir daha aydın oldu ki, bu gün Ermənistan tərəfindən
Azərbaycan torpaqlarının işğalının davam
etdirilməsi nəinki regionun, hətta
MDB məkanının geostrateji
bütövlüyünü pozur. MDB üzvü
olan ölkələrin böyük
əksəriyyətinin qəti fikri belədir
ki, Azərbaycan torpaqları işğaldan azad
olunmalı və bölgədə sülh,
əmin-amanlıq bərpa edilməlidir. Bu,
həm də daha çox
Ermənistana lazımdır, Ona görə
ki, bu gün
işğalçı ölkə bölgədə bütün qlobal iqtisadi laiyhələrdən təcrid edilməklə
dünya birliyinə inteqrasiya
kimi vacib amillərdən
kənarda qalıb. Yoxsulluq, aclıq, hər
il artan miqrasiya problemləri artıq Ermənstanı iflas olma həddinə gətirib.
Düşənbə
razılaşmasının başqa bir maraqlı nüansı
isə odur ki, atəşkəs rejiminin qorunması daha da
ciddiləşəcək və hətta cəbhə xəttində
atəşkəs pozularsa və ciddi münaqişələr
baş verərsə onun qarşısının mümkün
qədər tez alınması üçün beynəlxalq
vasitəçilərin müdaxiləsindən əvvəl
iki dövlətin müvafiq strukturlarının
yaratdığı təmas mexanizmi işə düşəcək.
Düşənbə
razılaşmasının digər önəmli tərəfi
isə odur ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllinə dair
danışıqların bir neçə ay əvvəl
dayandırıldığı yerdən bərpa olunmasına
imkan yaradır. Əslində bu hadisə Ermənistanın yeni
rəhbərinin qeyd-şərtsiz danışıqlar
prosesinə qayıtması deməkdir və bunu Azərbaycanın
son dövrlərdəki xarici
diplomatiyasının uğuru da saymaq olar.
Bir sözlə, N.Paşinyanın danışıqlara münasibətinin dəyişməsində Azərbaycanın sərt, qəti və aydın müqaviməti böyük rol oynadı. Eyni zamanda, son bir neçə gündə Rusiya-Azərbaycan iqtisadi və siyasi əlaqələrinin daha müsbət istiqamətdə inkişafından təşvişə düşən Ermənistan rəhbəri mövqeyini 180 dərəcə dəyişməyə məcbur oldu. Görünür, Ermənistan hakimiyyəti anlayır ki, ölkəsi gələcək illərdə daha ciddi təcrid vəziyyətinə düşə bilər.
Elçin Zaman
İki sahil.- 2018.- 4 oktyabr.- S.3.