Xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb

 

“Azərbaycan öz coğrafi vəziyyətindən bundan sonra da uğurla istifadə edəcək” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da böyük inamla qeyd edir ki, nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz artıq reallıqdır: “Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Keçməyə də bilərdi, əgər biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz olmasaydı. Əgər onun qonşularla münasibətləri yaxşı deyilsə, ölkə necə tranzit ölkəyə çevrilə bilər, bu, mümkün deyil. Ona görə də xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb.”

Bu fakt inkaredilməzdir ki, Azərbaycanın yerləşdiyi region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində,  həm də digər region ölkələri ilə olan münasibətlərində  balanslaşdırılmış  siyasət yürütməkdədir. Burada  Azərbaycanın milli maraqları  əsasdır. Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi ölkəmizin  yerləşdiyi bölgənin həssas olmasından irəli gəlir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqama da xüsusi diqqət yönəldir: “Xarici siyasətimiz, eyni zamanda, Azərbaycanda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynayır. Azərbaycanda daxildə təhlükə mənbələri yoxdur. Mən bunu dəfələrlə demişəm. Biz özümüzü mümkün olan risklərdən isə öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. İlk növbədə, bu siyasət bizə lazımdır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə narahatlıq doğurur. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya - bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk.”

Hər zaman vurğulandığı kimi, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Bu diqqət və maraq müxtəlif dövrlər üçün fərqli olsa da, ümumi, birləşdirici məqam Azərbaycan amilidir. Yəni ölkəmizlə əməkdaşlıqda, səylərin birləşdirilməsində, təcrübə mübadiləsində maraqlı olan dövlətlər, şirkətlər bu istəklərini buya digər sahələr üzrə sənədlərin, Anlaşma memorandumlarının imzalanması ilə təsdiqləyirlər. Atılan hər addım Azərbaycanın tranzit ölkə kimi möhkəmlənən mövqeyinə də işıq salır, regiondakı yeriroluna aydınlıq gətirir.

Dövlətimizin başçısı İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikirlərinə istinadən Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin qurulması və yüksələn xəttlə inkişafı prioritet məsələlərdəndir. Səylərin birləşdirilməsi qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Cənab İlham Əliyevin regional əməkdaşlığın inkişafına böyük töhfə olan BTQ dəmir yolunun açılışında səsləndirdiyi bu fikirləri xatırlatmaq  istərdik: “Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir.”  Bu fikir də hər zaman qeyd edilir ki, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. Avropa ilə Asiyanın qovşağında  yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi artmaqdadır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi bu önəmi daha da diqqətçəkən edir. Dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimində də bu məqama xüsusi diqqət yönəltmişdir: “Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur.”  O da bildirilmişdir ki,   Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir. Ona görə neft kəmərləri tikilməli idi və 1999-cu ildə artıq birinci neft kəməri - Bakı-Supsa kəməri istifadəyə verilmişdir. Ondan sonra 2006-cı ildə  Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi. Ölkə Prezidentinin qeyd etdiyi kimi,  Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ilə biz tarixdə ilk dəfə Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq.

BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi “Cənub Qaz Dəhlizi”nə, onun əsas seqmentləri olan  TANAP və TAP kimi  layihələrə yol açdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı  qarşıdakı illərdə həyata keçiriləcək  yeni layihələrin  müjdəsi kimi dəyərləndirir. Bu fikir özlüyündə səylərin birləşdirilməsinin uğurlara yol açdığına, ən əsası Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı fonunda reallaşan layihələrin davamlılığını şərtləndirir.   Qeyd edək ki, TANAP 20 vilayət, 67 rayonÇanaqqala boğazını keçən marşruta sahibdir. TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə verəcək. TAP isə  Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə  İtaliyaya çatdıracaq.

Yuxarıda da qeyd etdiyimiz kimi, əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də  istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətlidir. BTQ Şərqlə Qərbi   birləşdirir.   “Bakı-Tbilisi-Qars dəmir  yolu  Avropanı Asiya ilə birləşdirən  ən qısa və etibarlı yoldur” söyləyən cənab İlham Əliyev bildirir ki,  dəmir yolu Avrasiyanın nəqliyyat  xəritəsinin önəmli  hissəsinə çevrilir. Dəmir yolunun əhəmiyyətindən bəhs edərkən bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasını da qeyd etməliyik. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq. Bununla da Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır.

Qısa təhlil əsasında Azərbaycanın yerləşdiyi coğrafi məkanın, eyni zamanda malik olduğu təbii resurslardan səmərəli istifadənin biri-birindən önəmli  uğurlara yol açdığının şahidi oluruq.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2018.- 9 oktyabr.- S.5.