Heydər Əliyev: tarix
yazan dahi şəxsiyyət
Müasir Azərbaycanın dövlətçilik tarixinin ən mürəkkəb, faciəli
dövründə ölkəni bürüyən xaosdan, parçalanmaq təhlükəsindən
xilas etmək kimi
ağır vəzifəni üzərinə götürməklə
milyonların etimadını doğrultmağı həyatının
əsas amalı adlandıran ulu öndər Heydər Əliyev ilk növbədə xalqının zəkasına,
müdrikliyinə, qüdrətinə güvənərək o dövrdəki səbatsız iqtidarın
buraxdığı səhvlər nəticəsində yaranan vətəndaş müharibəsi təhlükəsini
də uzaqgörən siyasəti ilə dərk edirdi.
...1993-cü
ilin may-iyununda ölkədə yaranan gərginlik, mürəkkəb
hadisələr Azərbaycanın müstəqilliyi
üçün ən böyük təhlükə idi. Respublikanın düşdüyü
ağır iqtisadi, sosial,
siyasi-ictimai və mənəvi böhran daha da dərinləşərək demək olar ki, son
həddə çatmışdı. Daxili
sabitlik pozulmuş,
ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi
cinayətkar, qrupların, separatçı qüvvələrin
respublikanı parçalamaq niyyətlərini
həyata keçirmək istəyi vəziyyəti
daha da
ağırlaşdırmışdı. Gəncə hadisələrinin
qarşısını almaqda aciz olan o
zamankı səbatsız rəhbərlər ulu
öndər Heydər Əliyevə müraciət etməyə
məcbur qaldılar. Xalqın tələbi
ilə 9 iyunda Bakıya qayıdan, həmin
ayın 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən, iyunun 24-də isə Milli
Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirməyə başlayan,
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi, milyonların
etimadı nəticəsində Azərbaycan
Respublikasının Prezidenti seçilən
Heydər Əliyev 10 oktyabr 1993-cü ildə
and içərək dövlət
başçısı kimi müstəqilliyimizin
əbədiliyi naminə qarşıda duran
vacib məsələlərdən
danışdı.
“And
içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan
xalqına ləyaqətlə xidmət edəcəyəm,
müstəqil dövlətimizin sivilizasiyalı dünya
dövlətləri arasında, dünya birliyində ləyaqətli
yer tutmasına çalışacağam” söyləməklə
qarşıda duran vəzifələrin çətinliyindən
qorxmayaraq respublikamızın qüdrətli ölkələr
sırasında yer alması üçün əlindən gələni
əsirgəməyəcəyini bildirdi.
Ümummilli lider Heydər Əliyevin mərasimdəki nitqində, “Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” sözləri yeni dövlət başçısının gələcək daxili və xarici siyasətinin istiqamətlərini əks etdirərək, mahiyyət etibarilə ölkənin bir neçə onillər üçün fəaliyyət proqramı oldu. Politoloqların bildirdiyi kimi, Ulu Öndərin payına qeyri-adiliyi, eyni zamanda çətinliyinə görə unikal bir vəzifə düşmüşdü. Müharibə şəraitində sülh yaratmaq hər siyasətçiyə nəsib olmur. O dövrdə Kreml rəhbərliyinə müxalifətdə olan Ulu Öndər İttifaqın digər respublikaları kimi müstəqil Azərbaycanı sovetlərin mirası kimi qəbul etməmişdi. Blokadada qalan Azərbaycanın həqiqətlərini eşidənlər də yox idi. Komandası Azərbaycan xalqı olan Ulu Öndər müstəqillik tarixinin səhifələrini milyonların dəstəyi, müdrikliyi, qətiyyəti ilə yazdı.
Andiçmə
mərasimində xalqına verdiyi vədləri həmişə
olduğu kimi sədaqəti ilə doğruldan, “Mən ömrümün qalan hissəsini
də xalqıma həsr edəcəyəm” söyləyən
Heydər Əliyev bu andına daim sadiq qalaraq, “Mən həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam” söyləməklə də Vətəninə,
xalqına bağlılığını ifadə etdi. Hakimiyyətə gəldiyi ilk
gündən müharibə şəraitində yaşayan ölkəmizdə müdafiə və
ordu quruculuğu ilə
məşğul olan Ulu
Öndər eyni zamanda,
sülhpərvər diplomatik yanaşmaya üstünlük
verərək Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün
bütün vasitələrdən
istifadə edirdi.
Dünya
siyasət meydanında cərəyan edən proseslərə təsir
imkanları böyük olan, mürəkkəb bir dövrdə
xalqın xidmətində dayanan, siyasi iradəsini, qətiyyətini,
dövlətçilik təcrübəsini və
bacarığını nümayiş etdirən ulu öndər
Heydər Əliyev ən bacarıqlı siyasi xadimlərin edə
bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirərək
həqiqəti lazım olduğu məqamda dilə gətirən
müdrik olduğunu sübut etdi.
Azərbaycan
xalqının milli özünüdərkini, milli ruhun
yüksəlişini təmin etməklə milli dövlətçilik
ideyasının gələcəkdə böyük hərəkətverici
qüvvəyə çevrilməsi üçün münbit
zəmin yaratdı.
Uzaqgörən
siyasətçi kimi dünyada baş verən siyasi, iqisadi
hadisələrdən düzgün nəticə
çıxaran Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın
ağır siyasi, iqtisadi böhrandan çıxması
üçün başlıca şərt millətin siyasi
suverenliyini, iqtisadi müstəqilliyini möhkəmləndirməkdir.
Buna
görə də Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə
irəliləməsini başlıca amil hesab edən Ulu
Öndər iqtisadi islahatlar həyata keçirdi, Azərbaycanın
dünya iqtisadi sisteminə inteqrasiyasını, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsini
prioritet kimi qarşıya qoydu. Ordu quruculuğunu daim diqqətdə
saxladı.
“On
illər boyu yaranmış iqtisadi- sosial sistemdən sərbəst
iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə
bağlıdır... Ancaq biz bu yolla
getməliyik. Başqa yol
yoxdur. Bu iş Azərbaycan Respublikasının
iqtisadiyyatına, ənənələrinə uyğun
olaraq təşkil edilməlidir” söyləyən
Ulu Öndər gələcək üçün planlaşdırılan
konsepsiyanın həlli yollarını da
müdrikcəsinə müəyyənləşdirdi.
Əsas
vəzifə olan dövlət quruculuğu istiqamətində əsaslı
islahatları diqqətdə saxladı. “Yolumuz
demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik,
hüquqi dövlət qurulmalıdır”
söyləyən Ulu Öndər
andiçmə mərasimindəki
çıxışında bildirdi ki, bu yol
ilə getmək həm tarixi
keçmişimizə uyğundur, həm
də bir müstəqil dövlət kimi dünya
sivilizasiyasına daha yaxından qovuşmaq üçün
lazımi şərtdir.
Bu
gün tolerant dövlət kimi dünya sivilizasiyasının
aparıcı ölkələri sırasında ön cərgədə
dayanan Azərbaycanın brendi olan multikulturalizmin əsasını
müəyyənləşdirən Ulu Öndər bildirirdi
ki, Azərbaycan çoxmillətli respublikadır. Ölkəmizdə bütün
vətəndaşlar dini və milli mənsubiyyətindən
asılı olmayaraq, eyni
hüquqa malikdirlər və bundan sonra da
bütün vətəndaşların
respublikanın ictimai-siyasi həyatında
bərabər hüquqlar çərçivəsində
iştirak etməsi üçün
bütün imkanlar
yaradılacaqdır. Ümummilli Lider inamla bildirirdi
ki, Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edən düşünülmüş xarici siyasəti olmalıdır. Bütün dövlətlərlə bərabərhüquqlu,
qarşılışıqlı surətdə faydalı əlaqələr
yaratmaq və inkişaf
etdirmək, dünya dövlətləri
sistemində layiqli yer
tutmaq xarici siyasətimizin əsas istiqamətlərindəndir.
İqtisadi
müstəqilliyi Azərbaycanın qüdrətlənməsi,
ölkə əhalisinin sosial müdafiəsinin etibarlı təminatı
üçün başlıca şərt kimi dəyərləndirən
Ulu Öndər iqtisadiyyatı bərbad hala salınan
respublikanın sərbəst iqtisadiyyat sisteminə keçməsini,
mövcud olan təbii resurslardan səmərəli istifadəni,
önəmli islahatların tətbiqini çıxış
yolu kimi dəyərləndirdi.
“Əsrin müqaviləsi”ni imzalamaqla neft strategiyasını müəyyənləşdirən, Azərbaycana investisiya axınını iqtisadi böhrandan çıxış yolu hesab edən ulu öndər Heydər Əliyev geosiyasi baxımdan əlverişli şəraitdə yerləşən respublikanın iqtisadi-sosial, elmi- texniki potensialını da hazırladığı neft strategiyasının həllinə yönəltdi. Nəzərdə tutulan proqramlar iqtisadi islahatlarının sürətləndirilməsinə yönəldildi. Bununla da dünyaya sübut etdi ki, biz tərəfdaşlarımızla bərabərlik əsasında əməkdaşlıq etməyi bacarırıq və neft strategiyasını həyata keçirən Azərbaycanın bacarıqlı, təcrübəli neftçiləri vardır. “Əsrin kontraktı” BTC, BTƏ “Cənub Qaz Dəhlizi”, TANAP, TAP-a da yol açdı. İndi tam əminliklə demək olar ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dünyanın enerji xəritəsini dəyişdirməyə imkan yaratdı.
“1996-cı ildən isə artıq sabitlik, inkişaf dövrü başlayır. Müstəqil Azərbaycanın
memarı və qurucusu Heydər Əliyev bir çox önəmli təşəbbüslər
irəli sürdü. O vaxt
dövlətçiliyin əsasları qoyuldu.
O vaxt azərbaycançılıq
ideologiyasının təqdimatı oldu və
xalq da buna
çox müsbət yanaşdı və
bu gün də azərbaycançılıq
fəlsəfəsi bizim mühüm
ideoloji əsasımızdır. O vaxt ciddi iqtisadi
islahatlar aparılmışdır. Azərbaycan
beynəlxalq təcriddən çıxa bilmişdir.
1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası
qəbul edilmişdir. 1994-cü ildə
“Əsrin kontraktı” imzalanmışdır. Bu
gün də “Əsrin kontraktı”nın əhəmiyyətini
hər bir Azərbaycan vətəndaşı
gündəlik həyatda görür. Abadlaşan
şəhərlər, gözəlləşən ölkəmiz,
yaradılan infrastruktur və inkişafda olan Vətənimiz,
bunun əsas səbəbi o
vaxt Azərbaycana böyük
həcmdə xarici sərmayənin gətirilməsi
idi” söyləyən Prezident
İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasəti davam
etdirməklə, Azərbaycanı beynəlxalq arenada
ən qüdrətli dövlətlər sırasında ilklərdən
etməklə Ümummilli Liderin
“ Azərbaycan dünyaya Günəş kimi doğacaq” arzusunu reallaşdırır.
Bu gün Azərbaycan enerji resursları ilə Avropa qitəsi ölkələrinin yanacağa tələbatının 30 faizini təmin edirsə bu nailiyyət Ulu Öndərin hazırladığı neft strategiyasının uğurudur. Enerji layihələrinin alternativ, şaxələndirmə prinsipinə uyğun həyata keçirilməsində maraqlı olan Azərbaycan bu strategiyanın tətbiqi nəticəsində dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi kimi maraq doğurur.
Andiçmə
zamanı söylədiyi nitqində Azərbaycanın
yalnız demokratik dəyərlərə sadiq
qalacağını bildirən Ulu Öndər xalqının
bu yolla irəliləyəcəyini
əsas istiqamət kimi daim diqqətdə saxlayırdı.
Müdrik
siyasətçi Heydər Əliyevin rəhbərliyi
altında aparılmış son dərəcə gərgin fəaliyyət
nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası
oyunlara, siyasi anarxiya və ekstremist hallara son qoyulmuş,
ölkədə cinayətkarlığın
qarşısı tam alınmış, bütün qanunsuz
silahlı dəstələr ləğv olunmuş, mütəşəkkil
ordu yaradılmış, bütövlükdə Azərbaycanda
dövlət quruculuğu prosesinin uğurla aparılması təmin
olunmuşdur. Azərbaycan dövlətçiliyinin
mövcudluğuna böyük
təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin
qarşısı ulu öndər Heydər
Əliyevin qətiyyəti sayəsində alındı,
dövlət müstəqilliyi qorunub
saxlanıldı.
Azərbaycanda
dövlətçiliyin möhkəmlənməsi və
demokratik prinsiplərin bərqərar olması, hüquqi,
dünyəvi dövlət quruculuğu prosesinin uğurla,
sürətlə həyata keçirilməsi fenomen şəxsiyyət Heydər
Əliyevin tarixi xidmətləridir. Müstəqillik, azərbaycançılıq,
dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər
dahi şəxsiyyət Heydər
Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etdirildi. Ulu Öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Çoxpartiyalılıq prinsipini dəstəkləməklə ölkədə söz, mətbuat azadlığını təmin edən , plüralizmin vacibliyini qeyd edən humanizm prinsiplərinə sadiq ulu Öndərin müstəqil mətbuatın inkişafında göstərdiyi xidmətlər də əvəzsizdir.
Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yeritdiyi siyasət milyonlar tərəfindən dəstəklənir. Azərbaycanda həqiqi demokratiyanın inkişafı üçün daha geniş imkanlar yaranıb. Seçki sistemi təkmilləşdirilib. Bu, bir həqiqətdir ki, inkişaf etmiş Azərbaycanın hər bir vətəndaşının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bunu “Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq” sözləri də təsdiqləyir. Türkçülük ideyalarının tərənnümçüsü Ulu Öndər daim yaşayan müasirimiz , müstəqil Azərbaycan dövlətinin qurucusu, milli dövlətçiliyimizin əsasını qoyan dahidir.
Xuraman İsmayılqızı
İki sahil.- 2018.- 10 oktyabr.- S.7.