HƏR BİR
AZƏRBAYCANLININ PREZİDENTİ
Tarixi xidmətləri
ilə salnaməmizin ən şanlı səhifələrinə
imza atan ulu öndər Heydər Əliyevin Azərbaycanın
müstəqilliyi naminə göstərdiyi xidmətlər
mahiyyət etibarilə biri-birindən əhəmiyyətli olsa
da, 15 oktyabr 2003-cü il prezident seçkiləri
ərəfəsində Ümummilli Lider Azərbaycan vətəndaşlarına
tarixi müraciəti ilə əsasını qoyduğu siyasəti
davam etdirə biləcək dəqiq ünvanı da göstərdi.
“...Üzümü Sizə - həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli,
praqmatik düşüncəli, müasir dünya siyasətini
və iqtisadiyyatını gözəl bilən, enerjili və
təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin
edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra xalqın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək, Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm.”
Bu
ümidləri 2008, 2013, 2018-ci illərdə keçirilən
prezident seçkilərində doğruldan, ilk andiçmə
mərasimində “ ...Mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq
qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”
söyləyən cənab İlham Əliyev vədinə
sadiq qalaraq Azərbaycanı çox zəngin və qüdrətli
ölkəyə çevirdi: “Mən məsuliyyətə də,
çətinliklərə də hazıram. Əminəm
ki, Azərbaycan xalqının dəstəyi ilə
qarşıda duran bütün vəzifələri ləyaqətlə
yerinə yetirəcəyəm. Demişəm,
Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan
üçün, xalqımız üçün yaxşı
Prezident olacağam.”
Bütün dünya ictimaiyyətinin diqqətində
olan 9 oktyabr 2013-cü ildə keçirilən növbəti
prezident seçkilərində də cənab İlham
Əliyevin qalib gəlməsi sabitlik məkanı kimi
tanınan Azərbaycanın sosial-iqtisadi inkişafının,
respublikanın daxili və xarici siyasətinin təntənəsinin,
ölkə əhalisinin dəyişilməz rəyinin,
xalq-iqtidar həmrəyliyinin, sarsılmazlığının
ifadəsi idi.
Seçkilər
ərəfəsində Azərbaycandakı siyasi-iqtisadi vəziyyəti
region dövlətləri ilə müqayisədə təhlil
edən, araşdırmalar aparan beynəlxalq “beyin mərkəzləri”nin
hesabatlarında qeyd olunduğu kimi, Yeni Azərbaycan
Partiyasının namizədi, seçkilərə
qarşıdakı illərdə ölkə
iqtisadiyyatının 3 dəfədən çox
artacağı vədi ilə qatılan cənab İlham
Əliyev bir sıra qlobal layihələrin təşəbbüsçüsü
və icraçısı olmuş, Qərblə Şərqi,
Şimal ilə Cənubu bir-birinə iqtisadi və siyasi tellərlə
bağlayan məkana çevrilmiş Azərbaycanı regionun ən
güclü və inkişaf etmiş dövləti səviyyəsinə
qaldırmışdır. Həmin mərkəzlər
zəngin enerji ehtiyatları, xarici siyasət strategiyası ilə
fərqlənən Azərbaycanı gələcəyi parlaq
olan respublika kimi dəyərləndirmişlər.
Türkiyənin
nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən
keçirilmiş rəy sorğusunun nəticəsinə
görə, türk dövlətləri, Orta Asiya və Cənubi
Qafqazda “10 ilin dövlət adamı” seçilən cənab
İlham Əliyev düşünülmüş xarici siyasət
nəticəsində müxtəlif dövlətlərin
regiondakı maraqlarını Azərbaycanın mənafelərinin
təminatına yönəltməyi bacarmış,
respublikamızın beynəlxalq əlaqələrini, enerji
ixracı və nəqliyyat şəbəkəsini inkişaf
etdirmiş, ölkənin güclü iqtisadi təməli
siyasi stabitliyin təmin olunmasını və xarici siyasət
prioritetlərinin həyata keçirilməsini şərtləndirmişdir.
Yəni zəngin təbii sərvəti və
iqtisadiyyatın digər sahələrindəki potensialı ilə
seçilən Azərbaycan regional, iqtisadi güc mərkəzidir.
Prezident seçildiyi gündən taleyüklü problemlərin
həlli üçün istiqamətləri müəyyənləşdirən
cənab İlham Əliyev reallığa və praqmatizmə əsaslanan
inkişaf konsepsiyasının istiqamətlərini əks etdirən
24 noyabr 2003-cü ildə “Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın sürətləndirilməsi
haqqında” Fərmanı imzalamaqla regionların
inkişafı üçün biri-birindən əhəmiyyətli
layihələrin həyata keçirilməsinə nail oldu. Həmin sənəddən irəli gələn tədbirlərin
daha geniş inkişafını əhatə edən və
üç mərhələ üzrə həyata keçirilən
regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının tətbiqi isə Azərbaycana siyasi,
iqtisadi, sosial dividentlər qazandırır.
Respublikamızda mövcud olan təbii ehtiyat və
resurslardan, xarici ölkələrlə əməkdaşlıq
imkanlarından səmərəli, xalqın və dövlətin
milli mənafeyi baxımından istifadə etməklə
ölkə iqtisadiyyatının inkişaf dinamikasını
sürətləndirən, respublikaya investisiya
axınını artıran islahatlar nəticəsində
inkişafın Azərbaycan modeli formalaşdı. Ölkəmizə nüfuz
qazandıran davamlı uğurlar ümummilli lider Heydər
Əliyev siyasətini layiqincə davam etdirən Prezident
İlham Əliyevin əməyi və xidmətlərinin məntiqi
nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun
hesabatlarında qeyd olunduğu kimi, iqtisadiyyatların rəqabətqabiliyyətlilik
hesabatına görə 200 ölkə arasında 35-ci,
inkişaf edən ölkələr arasında inklüziv
inkişaf indeksi üzrə hesablamalarına görə
3-cü, infrastrukturun səviyyəsinə görə dünya
miqyasında 26-cı yerdə olmaq yalnız qətiyyətli,
siyasi iradəsi möhkəm olan liderin rəhbərlik etdiyi
ölkələrin taleyinə yazılan xoşbəxtlikdir.
Ötən
əsrə baxış olan Azərbaycan Xalq Cümhuriyyətinin,
Silahlı Qüvvələrimizin, parlamentimizin, polisimizin
yüz illik yubileylərinin keçirilməsi, təntənəli
tədbirlərdə Azərbaycanla bağlı səslənən
ürəkaçan sözlər bir xalqın dövlətçilik
tarixinə baxış olmaqla qazanılan uğurların bir əsrə
bərabər hesabatıdır. Üç dəfə beynəlxalq
müdafiə sərgisi olan, “ADEX”ə ev
sahibliyi edən Azərbaycanın hər cür təmin
olunmuş güclü ordusu vardır. Bir
çox sahələrdə respublikamızla əməkdaşlığı
gücləndirən ABŞ Dövlət Departamenti ölkəmizin
terrorçuluqla mübarizədəki fəaliyyətini
yüksək qiymətləndirir. Dünyanın
ən tanınmış reytinq agentlikləri Azərbaycanda
aparılan siyasəti başqalarına nümunə göstərir,
respublikamızı islahatlar ölkəsi adlandırırlar.
BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə
keçirilən 39-cu sessiyası çərçivəsində
Universal Dövrü İcmal üzrə İşçi
Qrupunun Azərbaycanla bağlı 3-cü dövrü məruzəsi
üzrə hesabatının qəbul edilməsi ilə
bağlı iclasda UDİ üzrə hesabatın İnsan
Hüquqları Şurası tərəfindən yekdilliklə
qəbulu ölkəmizdə inkişafda olan demokratiyanın təntənəsidir.
Son illərdə sənaye istehsalının, qeyri-neft
sektorunun, qeyri-neft sənayenin artması da fərəhləndiricidir.
Aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Bütün
ölkələr üçün əsas problem olan
yoxsulluğun aradan qaldırılması, əhalinin məşğulluq
səviyyəsinin artırılması da diqqətdə
saxlanılan məsələ, cənab İlham Əliyevin
daimi tövsiyəsi olan insan amilinə qayğının ifadəsidir.
Prezident İlham Əliyevin inkişafın əsas istiqamətlərini
əks etdirən sənayeləşmə ilə bağlı
siyasəti geniş sferada davam edir. Hər il yüzlərlə
sənaye, emal müəssisələrinin
açıldığı ölkəmizdə ağır sənayenin
inkişafı üçün də gözəl imkanlar, texnoparklar,
sənaye zonaları yaradılır. Bölgələrin
inkişafına daha çox diqqət göstərilməsində
məqsəd kəndlə şəhər arasında fərqin
aradan qaldırılması, regionlarda yaşayan əhalinin
ehtiyaclarının məskunlaşdıqları ərazilərə
yaxınlıqda yerləşən istehsal obyektlərinin
hesabına ödənilməsidir. Daxili
bazarın yerli, daha keyfiyyətli kənd təsərrüfatı
məhsulları ilə təmin olunması qarşıya
qoyulan başlıca məqsədlərdəndir. Bunun
üçün böyük suvarma layihələri icra edilir,
əkinə yararlı torpaqlardan səmərəli istifadə
üçün təkliflər nəzərdən keçirilir , fermerlər üçün daha
da gözəl şərait yaradılır. Ölkədə
yol-nəqliyyat, infrastruktur layihələrinin tətbiqinə
göstərilən dövlət dəstəyi demək olar
ki, bütün bölgələri əhatə edir.
İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində
aparılan siyasət, istehsalatda tətbiq olunan ən müasir
texnologiyalar məmur-vətəndaş münasibətlərini
normal səviyyədə tənzimləyir. Ortibə
buraxılan ilk peykimiz “Azerspase-1” sayəsində Azərbaycan
kosmik ailənin üzvləri sırasına daxil oldu. Ölkədə hərbi sənayenin inkişafı
nəzərdə tutulan istiqamətdə davam edir. İnformasiya təhlükəsizliyi baxımından
böyük əhəmiyyətə malik “Azerspase” peykləri
vasitəsilə Azərbaycan telekanallarının verilişləri
başqa ölkələrə də yayımlanır,
telekommunkiasıya sahəsində xarici amillərdən
asılılıq aradan qaldırılır. Kosmik sənayenin inkişafı, eyni zamanda, beynəlxalq
əməkdaşlığı da şaxələndirir.
Respublikamızın müdafiə və hərbi
potensialının gücləndirilməsində böyük əhəmiyyətə
malik “Azersky” müşahidə peyki vasitəsilə ölkəmizin,
dünyanın istənilən nöqtəsində baş verən
hadisələri müşahidə etmək imkanı
yaranır. Müdafiə Sənayesi
Nazirliyinin müəssisələrində istehsal olunan 1200-dən
artıq adda hərbi təyinatlı məhsulların xarici
dövlətlərin marağına səbəb olması hərbi
qüdrətimizin artan göstəricisidir. “Made in Azərbaycan”
brendi ilə dünya bazarlarında mövqeyini möhkəmləndirən
yerli məhsullarımıza tələbat və marağın
artması, “Elektron hökumət” layihəsinin həyatımızın
bütün sahələrini əhatə etməsi son 15 ildə
qazanılan uğurlardır. Azərbaycan brendi
olan “ASAN xidmət”in xarici qonaqlar tərəfindən yüksək
dəyərləndirilməsi ölkəmizə marağı
daha da artırmışdır. Bu layihənin
tətbiqi ilə məmur-vətəndaş münasibətlərinin
sağlam zəmində qurulması təmin olunur, korrupsiya və
rüşvətxorluq halları aradan qaldırılır.
Dünyada enerji xəritəsinin
yaradılması, o xəritəyə düzəlişlərin
edilməsi məsələləri də Azərbaycanda həll
olunur. Azərbaycanın təşəbbüsü
ilə reallaşan neft-qaz layihələrinin şaxələndirilməsi
ölkəmizin sadiq qaldığı, dəstəklədiyi
şaxələndirmə siyasətinin məntiqi nəticəsidir.
Bu siyasətin nəticəsidir ki, son on ildə
Azərbaycanda böyük enerji potensialı
yaradılmışdır. Ölkə
iqtisadiyyatının və əhalinin ehtiyacından da
artıq enerji istehsal edəcək stansiyaların işə
salınması nəticəsində Azərbaycan hazırda
enerji ixrac edən ölkələr sırasındadır.
Ölkə üzrə energetika sektorunun güclənməsi,
“Cənub Qaz Dəhlizi”, TANAP-ın istifadəyə verilməsi,
TAP-da işlərin sürətləndirilməsi bu layihələrin
əsas təşəbbüskarı və maliyyə mənbəyi
olan Azərbaycanın iqtisadi qüdrətinin təntənəsi,
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
neft strategiyasını davam etdirən Prezident İlham
Əliyevin qətiyyət və siyasi iradəsinin təsdiqidir.
“Cənub Qaz Dəhlizi”nin Avropa ölkələri
üçün əhəmiyyətini qeyd edənlər Azərbaycanın
dünya neft bazarındakı rolunu da yüksək dəyərləndirdilər.
“Bu layihənin də təşəbbüskarı Azərbaycan
olmuşdur. Əsas maliyyə yükünü də Azərbaycan
öz üzərinə götürmüşdür. Ona görə, enerji siyasətimizlə bağlı
olan təşəbbüslər və reallaşan layihələr
çoxdan regional çərçivələrdən
çıxıb və bu gün Azərbaycan qlobal enerji
bazarında çox etibarlı, ciddi ölkə kimi
tanınır. Bizim qərarlarımız,
Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində
həlledici rol oynayır. Biz bunu bilirik.
Bu reallığı öz siyasətimizlə, cəsarətli
addımlarımızla və müstəqil siyasətlə
biz yaratmışıq. İki neft və
qaz kəmərinin tikintisi demək olar ki, bölgədə
yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə
düzəlişlərin edilməsi məsələləri də
Azərbaycanda həll olunur” söyləyən dövlət
başçımızın bildirdiyi kimi, bu layihələr
istehlakçı və tranzit ölkələr
üçün enerji təhlükəsizliyidir. Şərqi
Avropa qrupundan olan Azərbaycanın ən nüfuzlu təşkilat
olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvlüyünə 155 səs üstünlüyü ilə
seçilməsi, İslam Əməkdaşlıq Təşkilatı
və Qoşulmama Hərəkatında, NATO-da, AŞPA-da,
ATƏT-də layiqincə təmsil olunması, 70-dən
artıq ölkədə diplomatik nümayəndəliyimizin fəaliyyət
göstərməsi xarici siyasətimizin dəstəklənməsidir.
Tolerant ölkə kimi tanınan Azərbaycanın
“Eurovision-2012” mahnı müsabiqəsinə, Birinci Avropa
Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev
sahibliyi etməsi, ölkəmizin artan nüfuzuna əlavə
dəyərlər qazandırdı. Möhtəşəm beynəlxalq
tədbirlərə ev sahibliyi edən Azərbaycan
bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda
bütün sahələr üzrə müasir dövrün
aktual məsələlərinin müzakirə olunduğu
geosiyasi əhəmiyyətli mərkəzdir. Dostluq,
qardaşlıq, idman bayramı kimi tarixə yazılan tədbirlərin
mərkəzinə çevrilən, iqtisadi müstəqilliyini
möhkəmləndirməklə beynəlxalq hadisələrə
təsiretmə imkanları genişlənən Azərbaycanla
bütün səviyyələrdə hesablaşırlar.
Dünya birliyində qazanılan bu etimad da
liderlik fəlsəfəsini incəliklərinə qədər
mənimsəyən, siyasətində tətbiq edən cənab
İlham Əliyevin bacarıq, qətiyyət və siyasi iradəsinin
nəticəsidir. İnsan amilinə diqqəti dövlət
siyasətinin əsas amili hesab edən cənab İlham
Əliyevin əsas tövsiyələrindən biri də budur:
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır və heç bir sosial proqram heç vaxt ixtisar
olunmayacaq, əksinə, biz yeni təşəbbüslər
haqqında fikirləşirik.” Ölkədə
güclü sosial infrastruktur layihələri həyata
keçirilir. Məktəblər, xəstəxanalar
tikilir. Təhsil , səhiyyə, mədəniyyət
müəssisələrinin tikintisi davam etdirilir. Prezident İlham Əliyevin tələb və
tapşırıqlarının əsasında da insan amili
dayanır. “Hər bir dövlət məmuru
öz xalqına xidmət etməlidir” söyləyən
Prezident İlham Əliyev bildirir ki, vəzifəli şəxslər
insanlara qulluq etməli, təvazökar olmalıdır, borcunu
şərəflə yerinə yetirməlidir.
Son on beş ilin təcrübəsi onu göstərir
ki, “xalq”, millət” anlayışları ön planda olanda istənilən
problem öz həllini tapa bilər. “Azərbaycanı
daha da qüdrətli ölkəyə çevirəcəyik.
Hər bir sahə üzrə bizim konkret proqramlarımız,
planlarımız var. Həm beynəlxalq məsələlərlə,
həm bölgələrimizin möhkəmləndirilməsi,
siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial
siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret
proqramlarımız var. Güclü siyasi iradə,
böyük maliyyə resurslarımız var. Biz bu maliyyə
resurslarını öz əlimizlə yaratmışıq və
biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm
ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə
çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki,
ölkəmiz daha da güclənsin, daha da qüdrətli
dövlətə çevrilsin, Azərbaycan vətəndaşları
daha da yaxşı yaşasınlar.” 11
aprel 2018-ci ildə növbəti dəfə Azərbaycan
xalqının etimadını qazanaraq Prezident seçilən
cənab İlham Əliyevin bu siyasətinə həmrəyliyini
xalq 9 oktyabr 2013-cü ildə keçirilən prezident
seçkilərində birliyi ilə təsdiqləmişdir.
Xuraman
İsmayılqızı
İki sahil.- 2018.- 10 oktyabr.- S.8.