AZƏRTAC-ın əməkdaşları Çin dili biliklərini
təkmilləşdirirlər
Azərbaycanın dünya
birliyinə fəal inteqrasiyası, beynəlxalq tədbirlərə
uğurla ev sahibliyi etməsi, eləcə də
AZƏRTAC-ın dünyanın aparıcı xəbər
agentlikləri ilə genişlənən əlaqələri və
beynəlxalq media qurumlarına sədrliyi fonunda agentliyin əməkdaşlarının
xarici dil biliklərini
möhkəmləndirmələri mühüm
önəm daşıyır. Agentliyin öz imkanları hesabına hər il müxtəlif xarici dil kursları təşkil etməsi artıq ənənə
halı alıb. Belə kurslardan biri də Çin dili kursudur.
Dünyada
bir milyarddan çox insanın danışdığı, Birləşmiş
Millətlər Təşkilatının altı rəsmi və
işçi dilindən biri olan Çin dili hazırda
AZƏRTAC-ın əməkdaşlarının xüsusi maraq
göstərdikləri xarici dillər sırasındadır. Agentlikdə
təşkil edilən Çin dili kursunun
iştirakçılarının sayı getdikcə artır.
Çin dili dərslərini
Bakı Dövlət Universitetində fəaliyyət göstərən
Konfutsi İnstitutunun
müəllimi Zeng Chun
Xiao aparır.
Son illər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər sürətlə inkişaf edir. AZƏRTAC ilə Çinin Sinxua Agentliyi də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə töhfə verməyə çalışır, bu məqsədlə mütəmadi informasiya mübadiləsi aparırlar. Hər iki milli informasiya agentliyi həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Bu günlərdə ölkəmizdə səfərdə olmuş Çinin Sinxua agentliyinin nazir statusunda baş redaktoru Hi Pinq AZƏRTAC-ın Çin dilində informasiya yayımını, həmçinin agentliyin əməkdaşlarının Çin dilini öyrənmələrini, bu dilə artan marağı yüksək qiymətləndirib.
İki sahil.- 2018.- 10 oktyabr.- S.13.