Akademik Vahab
Əliyev Azərbaycanda neft emalı elminin yaradıcılarındandır
Oktyabrın 9-da Bakıda Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) və
AMEA-nın akademik Y.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) birgə təşkilatçılığı
ilə görkəmli kimyaçı alim,
texnika elmləri doktoru,
Dövlət mükafatları laureatı, Əməkdar elm və texnika xadimi, akademik Vahab Əliyevin anadan
olmasının 110 illik yubileyinə həsr
edilən “Neft emalı və neft kimyasının innovativ
inkişaf perspektivləri” mövzusunda
beynəlxalq elmi-praktik konfrans
işinə başlayıb.
AZƏRTAC
xəbər verir ki, Neft-Kimya Prosesləri İnstitutunda təşkil
olunan konfransda Rusiya, Ukrayna, Belarus, Misir və digər ölkələrdən
alimlər iştirak ediblər.
İnstitutun direktoru, akademik
Vaqif Abbasov bildirib ki, konfransın
keçirilməsində əsas məqsəd görkəmli alimin neft kimyası və neft emalının inkişafındakı rolunun bir daha
işıqlandırılması, dünyada
aparılan elmi tədqiqatların
inteqrasiyası və müasir prioritetlərin
müəyyənləşdirilməsidir. Qeyd edilib ki,
Vahab Əliyev neft
kimyası və neft xammalının
emalı sahəsində tanınmış görkəmli alim olmaqla, Azərbaycanda neft emalı elminin və
istehsalatının yaradıcılarındandır. Uzun illər NKPİ-nin direktoru olmuş alimin rəhbərliyi ilə qaynar
lay texnologiyasının nəzəri əsasları
işlənib hazırlanıb və bir çox kimyəvi proseslərə tətbiq edilib. Bu sahədə
kadrların hazırlanmasında alimin mühüm xidmətləri olub.
Mərhum akademik yeddi
elmlər doktoru, 30 fəlsəfə doktoru yetişdirib. Onun elmi tədqiqatlarının
nəticələri 755 elmi əsərdə,
o cümlədən 5 monoqrafiya,
350 müəlliflik şəhadətnaməsi və patentdə
əksini tapıb.
Müəllimi
Vahab Əliyevlə bağlı xatirələrini
bölüşən Vaqif Abbasov onun yüksək mənəvi
keyfiyyətlərindən söz açıb, mərhum
akademiki səmimi və qayğıkeş insan, gözəl
müəllim, bacarıqlı elm təşkilatçısı
kimi səciyyələndirib.
Sonra NKPİ-nin şöbə müdiri, texnika elmləri doktoru, professor Leylufər Əliyevanın görkəmli alimin həyat və fəaliyyəti barədə məruzəsi dinlənilib. Bildirilib ki, respublika neft sənayesinin inkişafında əvəzsiz xidməti olmuş Vahab Əliyev sənayedə tətbiq olunan bir çox orijinal proseslərin müəllifidir. Onun rəhbərliyi altında Azərbaycan alimləri dünyada ilk dəfə olaraq katalizatorun qaynar lay texnikasının nəzəri əsaslarını işləyib hazırlayıb, neft emalı sənayesi üçün böyük əhəmiyyət kəsb edən bir sıra texnoloji proseslər və təkmilləşmələri tətbiq ediblər. Yalnız Azərbaycanda deyil, yaxın və uzaq xarici ölkələrdə də tətbiq edilən orijinal texnoloji proseslər - katalizatorun qaynar layında katalitik krekinq, qaynar layda butanın butilenə dehidrogenləşməsi, neftin emala hazırlanması, karbamid məhlulunda yağ və yanacağın deparafinləşməsi prosesləri onun rəhbərliyi altında işlənib hazırlanıb.
Konfransda
akademiklər Məhərrəm Məmmədyarov, Musa Rüstəmov
və başqaları görkəmli alimlə bağlı
xatirələrini bölüşüb, onun Azərbaycan elminə
verdiyi töhfələrdən danışıblar.
Tədbirdə
Vahab Əliyevin həyat və fəaliyyətinə həsr
olunan videoçarx göstərilib.
İkigünlük
konfransda “Neft emalı və neft-kimyasının perspektiv
istiqamətləri”, “Yaşıl kimya” və qaz kimyası”,
“Neft kimyasında nanotexnologiyalar və perspektivli nanomateriallar”,
“Oliqomerlər kimyasında innovativ sintezlər və
texnologiyalar” bölmələri üzrə dörd plenar, 80
şifahi və yüz stend məruzə dinləniləcək.
Konfrans oktyabrın
10-da başa çatacaq.
İki sahil.- 2018.- 10 oktyabr.- S.14.