Azərbaycan şərqşünaslıq elminin əsilzadəlik və mənəvi harmoniya ünvanı
Əlahəzrət zamanın belə
unutdura bilmədiyi insanlar var. İllər keçir, onillər
ötür, amma belə insanların nurlu xatirələri hüznqarışıq bir
sevgi ilə ürəkləri isitməkdə
və işıqlandırmaqda
davam edir.
Azərbaycan şərqşünaslıq elminin ilk qadın ərəbşünas alimi,
mehriban ana və gözündən gülən cazibədar xanım Aida İmanquliyeva
da xatirəsinə zamanın gücü
çatmayan insanlardandır.
Oktyabrın 10-u Aida İmanquliyevanın anım günüdür. 1939-cu ildə Bakıda görkəmli
jurnalist Nəsir İmanquliyevin ailəsində
dünyaya gələn
Aida İmanquliyeva Azərbaycan
şərqşünaslıq elmində özünəməxsus
izi olan mütəxəssislərdəndir. Mixail Nuaymə və Qələmlər birliyi, Cubran Xəlil Cubran və Yeni ərəb ədəbiyyatının korifeyləri monoqrafiyalarının və 70-dən
artıq elmi məqalənin müəllifi
olan alim Şərq filologiyası sahəsində
yazılmış bir
çox elmi əsərlərin də redaktoru olmuşdur. O, Azərbaycan EA Şərqşünaslıq
İnstitutunda fəaliyyət
göstərən Asiya
və Afrika xarici ölkələri ədəbiyyatları ixtisası
üzrə Müdafiə
Şurasının üzvü,
sədr müavini və sədri vəzifəsini həyata keçirmişdir.
Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq
elmini dəfələrlə
yaxın və uzaq xarici ölkələrdə
(Moskva, Kiyev, Poltava,
Sankt-Peterburq, Halle və
s.) təmsil etmişdir.
Aida İmanquliyeva həm
də görkəmli pedaqoq idi. O, elmi-təşkilati
fəaliyyətində yüksəkixtisaslı
ərəbşünas kadrların
hazırlanmasına xüsusi
diqqət yetirmişdir.
Onun rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsində qısa
müddətdə 10-dan artıq
namizədlik dissertasiyası
müdafiə edilmişdir.
Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin
Rəyasət Heyətinin,
Şərq ədəbiyyatlarının
tədqiqi üzrə
Ümumittifaq Koordinasiya
Şurasının və
Yazıçılar Birliyinin
üzvü olan Aida İmanquliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul
olmuş, ADU-da ərəb filologiyası fənnindən mühazirələr
oxumuşdur. Professor Aida İmanquliyeva 1992-ci ilin 19
sentyabrında dünyasını
dəyişmişdir.
Aida İmanquliyevanın fiziki yoxluğu səmərəli
elmi-pedaqoji fəaliyyətinin
və onu sevən ürəklərdə
yaşayan işıqlı
xatirələrinin daim
anılmasına nəinki
mane olmur, əksinə,
ötən zaman kəsimi onun qəlblərdəki yerini
daha da möhkəmləndirir.
Aida İmanquliyeva çox dəyərli alim olmaqla bərabər, həm də öz Vətəni üçün son dərəcə
layiqli vətəndaşlar
kimi yetişdirdiyi iki övladın - Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva və Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın
anasıdır.
Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva anasını cismən itirməyin böyük acısını müsahibələrinin
birində son dərəcə
təsirli ifadə etmişdir: Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə
gözəl, güclü,
xoşbəxt qadın
idi. Azərbaycanda ilk şərqşünas
professor, Şərqşünaslıq İnstitutunun rəhbəri
idi. Altı ay ərzində gözümün
qabağında, qollarım
üstündə bu insanı itirdim. Yəqin ki, əsas göz
yaşlarımı o vaxt
axıtmışam. Bu
itki yəqin ki, məni çox
möhkəmlətdi.
Aida xanımın digər övladı, akademik Nərgiz Paşayeva Aida İmanquliyevanın indiyədək
keçirilən çoxsaylı
anım tədbirlərindən
birində sevimli anası haqqında danışarkən keçən
zamanın ona olan həsrəti azaltmadığını bildirmişdir: Adətən, insan həyatdan köçdükdə yerdə
qalanlar onun gözlərini bağlayırlar.
Ancaq sirr ondadır ki, qalanların, dirilərin gözünü
çox vaxt həyata həyatdan köçənlər açır.
Çünki çaları, səmti,
yolu, istiqaməti, rəngi dəyişə bilən ömrün yolları insanı həm ucalda bilər, həm də kiçildə bilər. Əlbəttə, ucalan insanlar
ətraflarına, qohumlarına,
valideynlərinə, müəllimlərinə
həmişə şərəf
hissi gətirirlər.
Amma gəlin, onu da etiraf edək
ki, ucalan yolla gedən hər kəs bu ucalığa yazılmış və yazılmamış qanunları
pozmadan nail olmaq hünərinə malik olur. Aida xanım
məhz belə hünərə malik insanlardan biri idi. O, sözün əsl mənasında
nadir və parlaq insan idi. Çünki onun zahiri gözəlliyi
müqabilində çox
zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik
daxili gözəlliklə
bir harmoniyada idi. Bu insan
doğrudan da mükəmməl əqidəyə,
möhkəm prinsiplərə
malik bir insan idi. Əfsuslar olsun ki, ömür
vəfa etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim ailəmizin
və başımızın
tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində həsrəti
azaltmayıb. Çünki
Anaya olan həsrəti
heç bir zaman azalda bilməz...
Aida İmanquliyevanın Azərbaycanın elm tarixindəki silinməz izləri də həmkarlarının, elmi ictimaiyyətin daim xatirindədir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Aida İmanquliyeva ilə bağlı çıxışlarının birində onu özünün sanballı əsərləri ilə Azərbaycan şərqşünaslıq elminin inkişafına qiymətli səhifələr əlavə etmiş alim kimi səciyyələndirib: O, Azərbaycan şərqşünaslıq elmində yeni elmi istiqamət yaratmağa müvəffəq olub. Azərbaycan elmində ərəb mühacirət ədəbiyyatının tədqiq edilib öyrənilməsi professor Aida İmanquliyevanın adı ilə bağlıdır. Ərəb mühacir ədəbiyyatının əsas istiqamətlərinə və tanınmış şəxsiyyətlərinə həsr edilmiş dəyərli əsərləri ilə Aida İmanquliyeva böyük ənənələri olan Azərbaycan şərqşünaslıq elmini yeni ideyalar, mövzular və ədəbi şəxsiyyətlərlə zənginləşdirib. Onun əsərləri təkcə Azərbaycan ərəbşünaslığında deyil, geniş mənada şərqşünaslıq elmində mühüm elmi hadisədir. Azərbaycanın ilk şərqşünas qadın elmlər doktoru və ilk professoru kimi Aida xanım İmanquliyeva ərəb mühacirət ədəbiyyatında ədəbi cərəyanların, yaradıcılıq üslublarının, ənənə və novatorluq məsələlərinin tədqiq edilib ümumiləşdirilməsi ilə şərqşünaslıq elminin nəzəri səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb.
AMEA
Şərqşünaslıq İnstitutunun direktoru Gövhər
Baxşəliyeva həmkarı haqqında söz açarkən
həmişə vurğulayır ki, elmi
yaradıcılığının çiçəkləndiyi
bir dövrdə həyatdan vaxtsız getmiş Aida
xanımı tanıyanlar, dərs dediyi tələbələr
onun dərin biliyinin, mənəvi gözəlliyinin vurğunu
idilər: Onun davranışı və rəftarı,
mühazirələri tələbələrini heyran edirdi. Hər
hərəkətində kübarlıq, nəciblik vardı.
Tanrı ondan heç
nəyi əsirgəməmişdi. Zahiri görünüş, ağıl, alicənablıq,
nəciblik, özünə qarşı tələbkarlıq,
ailəsinə tükənməz məhəbbət Aida xanım İmanquliyevanın insani keyfiyyətlərini səciyyələndirən
əsas cəhətlər idi.
Tanınmış şərqşünas alim Vasim Məmmədəliyev filologiya elmləri doktoru, professor Aida İmanquliyeva haqqında yazdığı yazılarda və səmimi çıxışlarında həmişə onu hərtərəfli insan kimi xarakterizə edir: Aida İmanquliyeva bizim üçün hər şeydən əvvəl görkəmli ərəbşünas alim idi. Aida xanım qısa müddət ərzində namizədlik dissertasiyasını müdafiə etmiş, məhcər ədəbiyyatının görkəmli nümayəndələri Mixail Nuaymə və Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazıb çap etdirmişdi. Aida xanım öz istedadı və əməksevərliyi sayəsində qısa zaman kəsiyində keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrilmişdi. Aida İmanquliyeva həm də keçmiş Sovet İttifaqında, vətənimiz Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun yaradıcılarından biri olmuşdur. Onun bu haqda yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər BDU-nun şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən, ən mötəbər elmi vəsaitlərdəndir.
Eyni zamanda,
Aida xanım Azərbaycan oxucusunu
ərəb ədəbiyyatı ilə tanış etmək üçün xeyli iş görmüş, bir sıra görkəmli ərəb
yazıçılarının əsərlərini dilimizə
çevirmişdir.
...Ömrün
sanbalı illərin sayının çoxluğu ilə deyil,
Tanrıdan insana möhlət verilən zaman kəsimində Vətəninə,
bəşəriyyətə
faydalılıq əmsalı və özündən
sonra xatirələrdəki yeri ilə müəyyənləşir.
Əsilzadə
xarakterli Aida İmanquliyeva cəmi 53 il ömür sürsə
də, məhz belə sanballı ömür yaşaması və
ürəklərə möhürlənmiş sevgisi ilə
heç vaxt xatirələrdən silinməyəcək...
Sevinc Abdullayeva
İki sahil.-
2018.- 10 oktyabr.- S.15.