Böyük alim, istedadlı nasir, fədakar təhsil qurucusu

 

İftixarla barəsində söz açmaq istədiyimiz böyük pedaqoq, görkəmli təhsil qurucusu, filosof, yazıçı-dramaturq Ağarəhim Nüsrət oğlu Rəhimov Azərbaycan cəmiyyətinin sayılıb-seçilən isimlərindəndir. Əvvəldən qeyd edim ki, sadə, kasıb bir ailədə dünyaya göz açan Ağarəhimin ömür  yolu heç də axar-baxarlı olmamışdır. Onun kimliyini bilmək üçün özünün sevə-sevə qələmə aldığı «Yaddaşda yaşar xatirələr» romanını oxumaq kifayətdir. Əslində bu əsər onun yazıçı taleyinin başlanğıcıdır.

 

Ağarəhim Rəhimov mətin, həssas, ağı qaradan seçməyi bacaran, əxlaqi-mənəvi dəyərləndirməni özünün daxili tələbatına çevirən sənətkardır. İctimai həyatın mahiyyətinə varan, ziddiyyətləri, konfliktləri əvvəlcədən düzgün proqnozlaşdıran filosofdur. Onun bədii-etik düşüncələri oxucuya çox şey verir. Atasının çox erkən dünyadan köçməsi, kiçik bacı-qardaşlarını böyüdüb ərsəyə çatdırması, onları müstəqil, həm də sağlam həyata hazırlaması ömür kitabının acılı-şirinli səhifələrindəndir. Ağarəhim müəllim həyatın qaydasız oyunları ilə qaydalar çərçivəsində oynamağı bacaran təmkinli, tədbirli və yetkin ağıl sahiblərindən, həyatın hər növbəti sınağının hardan gələcəyini bilməsə də, onları dəf etməyə hər an hazır olan müdrik ziylıdır.

 

Yazıçı, dramaturq Ağarəhim Rəhimov 1948-ci ilin oktayabr ayında Ucar rayonunun   Boyat kəndində dünyaya göz açıb. Çox kiçik yaşlarından əzab-əziyyət görüb, çətinlik görüb. Boynuna düşən yük ağır olsa da, mətin böyüyüb, mərd böyüyüb. Heç kəsə əyilməyib! Qəddini, qamətini düz tutmağı bacarıb. Onun fikrincə, əyilməklə sürünməyin arasında çox az məsafə var. Əyilməyə vərdiş edənlər, sürünməyi də qəbahət sanmırlar. O çətin günləri özü belə xatırlayır:  “Elmi-Tədqiqat Pedaqoji Elmlər İnsitutunda işləyirdim, az bir əmək haqqı ilə həm kirayə pulu verməli, həm də ailəni dolandırmalı idim. Xeyir-şərdən də qalmaq olmazdı… Sanki, mənlə həyat arasında mübarizə gedirdi. Ya sınmalı, məhv olmalı, ya da mübarizə aparıb qalib gəlməli idim”.

 

Ağarəhim Rəhimov dəyərli tədqiqatları ilə elmi ictimaiyyət içərisində dərin nüfuz qazanan, sanballı pedaqoq alimlərdəndir. Fundamental tədqiqatları ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. İndiyədək 49 monoqrafiya, dərslik, dərs vəsaiti, kitab və kitabçası, 300-dən artıq qəzet və jurnal məqaləsi işıq üzü görüb. Çoxsaylı hekayə və miniatür mətnlər, 12 povest, 14 roman, 29 pyes, 12 kinossenari, 4 fəlsəfi esse, 21 portret əsəri oxuculara təqdim olunmuşdur. Ədibin bədii əsərlərindən 10-u ingilis, 4-ü rus, 1-i ərəb  dilinə tərcümə edilmişdir. Ədəbi-bədii yaradıcılığı haqqında ədəbiyyat mütəxəssisləri tərəfindən 23 adda kitab yazılmışdır. Barəsində 3 sənədli televiziya filmi çəkilmişdir.

 

 Ağarəhim Rəhimov elmlər doktoru olandan, professor elmi adı alandan, zəngin həyat təcrübəsi qazanandan sonra bədii yaradıcılığa gəlməsinin nəticəsidir ki, əsərlərinin keyfiyyəti, obrazlara aydın baxışı oxucu xarakterini formalaşdırma baxımından geniş imkanlar açır. Bu mənada “Ağarəhim bədii yaradıcılığa gec başlayıb” deyənlər çox ciddi surətdə yanılırlar. Əslində isə o,  bədii yaradıcılığa çox vaxtında -  bədii sözə daha çox ehtiyac duyulduğu, ədəbi mühitdə  boşluq olduğu, başlıcası isə özünü ədəbi aləmə təqdim etməyə hazır olduğu bir vaxtda gəlib. O, öz yazılarında elmi, fəlsəfi və bədii düşüncə tərzinin sintezini ustalıqla qovuşdura bilib. Onun ilk iki adda ssenarisi əsasında “Canavar balası” və “Qırmzı qar” filmləri çəkildi. Bunun ardınca “Əsgər anası”, “Pul hərisləri”, “Cinayət və etiraf” pyesləri öz  uğurlu səhnə həllini tapdı.

 

Ağarəhim Rəhimov içi dolu, fikri və düşüncəsi azad, amalı və məsləki saf olan bir yazar, həyatını bütünlüklə gənc nəslin inkişafı və təlim-tərbiyəsinə həsr edən bir pedoqoqdur. Onun  insanlarda görmək istədiyi, ədalət, xeyirxahlıq, mənəvi saflıq, ruhun gözəlliyi, ləyaqət, şərəf, insanın özünə hörmət hissinin olmasıdır. Yazıçı arzuladıqlarını, insanlarda görmək istədiklərini, cəmiyyətdə bəzən tapa bilmədiklərini bədii əsərlərində, yaratdığı obrazların mahiyyətində verir. Onun “Qoşa qanad” romanında İlham Elvüsal, “Səfalət”də  Asiman, “Məhəbbət və cinayət”də Şəlalə obrazları oxucunun ruhuna qida verməklə, onun yaşam eşqini artırır.  Ağarəhim zahirdən  batilə, hadisədən mahiyyətə, konkret olaylardan dərin ümumiləşdirmələrə can atan sənətkardır. Onun əsərlərində səthilikdən zənginliyə, nəzəriyyədən təcrübəyə, primitivlikdən mürəkkəbliyə, formadan məzmuna,  səbəbdən nəticəyə keçid səhnələri ilə tez-tez qarşılaşırıq.

 

Ağarəhimin yaradıcılığı ilə tanış olarkən, ilk növbədə yurdunu, vətənini ilahi bir eşqlə sevən, millətinin dərdinə için-için yanan, qıvrılan, sevincinə sevinən, uğuruna uşaq saflığı ilə qürurlanan bir azərbaycanlını, xalqının, millətinin dərdini özünə yük edən bir yazıçının, vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda etməyə hazır olan bir vətənpərvərin, nəhayət, özünə hörmət qoymağı bacaran olduqca ləyaqətli bir kişisinin obrazını görürsən. Onun “Metior parçası” əsərində yaratdığı  Mürsəl, “Tənha çinarın pıçıltıları”nda Saleh, “Cinayət və etiraf”da İqrar, “Kabus”da Ayaz, “Qasırğa”da Rəşid oxucuya Vətən sevgisi sərgiləyən obrazlardır.

 

Bədii yaradıcılığa avtobioqrafik əsər hesab olunan “Yaddaşda yaşar xatirələr” romanı ilə başlasa da, onun əksər əsərlərinin mövzusunu, əsasən xalqımızın başına gətirilən müsibətlərin bədii-fəlsəfi təsviri təşkil edir. Onun məhsuldarlığı və əsərlərinin sambalı, mövzularının rəngarəngliyi,  ideya və məzmunca zənginliyi ilə seçilən bir yazar olduğu oxuculara yaxşı məlumdur. Amma  bu rəngarəngliyin içində Qarabağ dərdi, Qarabağ harayı əsas mövzu olaraq  bu və ya digər formada öz bədii həllini tapır. Onun  “Canavar balası”,  “Qırmızı qar”, “Əsgər anası”, “Xəyanət”, “Haray”, “Uçurum” pyesləri, “Gəlinqayada qoşa məzar”, “Ulu kəndim”, “Metior parçası” povestlərində, “Qoşa qanad”, “İkili dünyam”, “Ovlaq keçidi”, “Səfalət”, “Qasırğa” romanlarında  məzmun və forma, fəlsəfi, estetik, sosioloji, siyasi pedoqoji-pisxoloji durumlar fərqli olsalar da, mövzu, ideya yaxınlıqları vardır. Qarabağ dərdi, Qarabağ acısı, Qarabağ yanğısı. Həmin əsərlərdə hadisələrin təsviri o qədər real, orijinal, özünəməxsus verilib ki, adam birbaşa özünü cərəyan edən hadisələrin iştirakçısı sanır, prosseslərin içində axtarır.

 

Ağarəhim Rəhimovun əsərlərini oxuyarkən müəllifin qəlbinin hərarətini, ürəyinin döyüntüsünü eşidirsən, həyəcanını duyursan, sevgisini canında  hiss edirsən. Bir elm-ürfan sahibi ilə təmasda olduğunu zənn edirsən. Hiss edirsən ki, xeyirxahlıq, kasıba əl tutmaq, yıxılanın qolundan tutub qaldırmaq kimi müqəddəs hisslərə sahib olan, adı böyk hərflə yazılası bir insanla ruhən təmasdasan.

 

Pedoqoq-yazıçı  “Ulu kəndim” povestində el ağsaqqalı, kolxoz sədri Yaqub kişinin obrazını xatırlayarkən deyir: “Yaxşı yadımdadı, 1967-ci ilin avqust ayında beş nəfər məzun ali məktəbə qəbul kağızını alıb kəndə qayıtdıq. Bizi el ağsaqqalı, kolxoz sədri Yaqub kişi kabinetinə çağırdı. Sevincindən kişinin gözləri gülürdü. Söhbətin sonunda bizə məsləhətlərini verdi: “Siz bu elin-obanın gələcəyisiz. Elmsiz, mərifətsiz yaşam baş aşağılığıdı, dil gödəkliyidi, heyvan kimi ömür sürməkdi. Kənd camaatının gözləri sizdədi. Ümid yerləri sizsiniz. Cavansız… Çalışın, məğrur, qürurlu, vüqarlı olun! Kimsəyə yerli-yersiz tərif deməyin. Kimsənin gördüyü işi şişirtməyin. Kimsəyə məddahlıq etməyin. Fikirləşin, sonra danışın, övladlarım. Yoxsa, qoşqu atına dönərsiz. Ömrü boyu gözüqıpıq yaşamalı olarsız. Bu məktublar kənd əhlinin sizə hədiyyəsidi”. Söhbətinin sonunda o, hərəmizə ağzı bağlı bir zərf verdi.  Zərfin üstünə yazlımışdı: “Tam məxfi!” Kimə nə qədər məbləğ düşdüyünü indi də bilmirəm. Mən aparıb o zərfi cicimə verdim. Cicim hər ay o puldan mənə göndərərdi. Təhsilim sona yetəndə cicim göndərdiyi pulların hesabını qarşma qoydu: “İlk  maaşını da apar, oğlum, Yaqubun stolunun üstə qoy” - dedi. Cicim deyən kimi elədim. Yaqub kişi - “Biz öz borcumuzu eləmişik” - deyə gülümsündü. Göründüyü kimi, yazıçı burada diqqəti Yaqub kişinin xeyirxahlığı ilə yanaşı, həm də çox böyük ustalıqla şəxsiyyətin bütövlüyünə, alicənablığına çəkir. Yaqub kişi “mən” demədi, “biz” dedi, deyə qeyd edir. Yaqub kişi mənəm-mənəm deyənlərdən deyil. Sadədir, müdrikdir… Öz etdiklərini də kəndinin, elinin, obasının, onu özlərinə rəhbər seçən kənd camaatının adına çıxarır. Yaqub kişinin timsalında oxucu bütövlükdə yazıçının özünün xarakter cizgilərini, düşüncələrini, bir şəxsiyyət kimi bütövlüyünü görür. Görünür,  Ağrəhim Rəhimov da “biz” deməyi bacaran kişilərdən dərs aldığı, o mühitdə böyüdüyü üçün beləcə elmin və ziyalılığın zirvəsinə ucalmağı bacaranlardan oldu.

 

Ağarəhim müəllim təkcə elminin gücü ilə deyil, saflığı, nümunəvi həyat tərzi, əxlaqı, mənəviyyatı, böyük yaradana olan sevgisi, parlaq daxili dünyası ilə işıq saçan azsaylı ziyalılarımızdandır. Çoxsahəli fəaliyyətlə məşğul və məşhur olan yazıçı-dramaturq, həm də öz fəlsəfi düşüncələri ilə oxucusunu heyran etməyi bacaran filosofdur. O, öz fəlsəfi düşüncələrini qəliz, anlaşılmaz, mücərrəd və mürəkkəb elmi terminlərlə deyil, əslində, hamının başa düşə biləcəyi, anlayacağı və qəbul edəcəyi bir dildə elə izah edir ki, adam bu dünyanın sehrindən  çıxa bilmir.

 

Ağarəhim sözə qüdrət verən, sözünün qədrini-qiymətini bilən bir yazar, fikir sahibi, söz adamıdır. Onun sözü həm də ona görə qiymətlidir ki, o sözlə dediklərini əməldə təsdiq edə bilir. Dediyi sözü əməlində, işində görmək olur. Fikrimizcə, elmimizə və təhsilimizə öz layiqli töhfəsini verən, saflığı ilə  mənəvi dünyamızın simvolu sayıla biləcək qədər təmiz və şəffaf ada sahib olan Bakı Qızlar Universitetinin yaradıcısı və qurucusu olması da, onun mənəvi dünyası ilə əməli fəaliyyətinin bir-birini tamamladığının göstəricisi kimi dəyərləndirilə bilər.

 

Ağarəhim Rəhimov öz məhsuldarlığı ilə seçilən yazar, elmi potensialı ilə fərqlənən alim, fərqli fəlsəfi düşüncə tərzi ilə tanınan filosof, çalışqanlığı ilə ad çıxarmış  ictimai xadim, tələbkar nasir, qəlbi yuxa bir insan, nümunəvi ailə başçısı, tələbkar müəllimdir. Qayğıkeş rəhbər, həm də çox fərqli bir təhsil qurucusudur. Onun insanlarda ən çox görmək istədiyi doğruluq, dürüstlükdür. İnsanın özünə hörmət hissi, insan şəxsiyyətinə və ləyaqətinə düzgün qiymətin verilməsidir. Zəngin həyat təcrübəsi olan, müdrikliyin və yaradıclığın zirvəsini fəth edən bu insanı illərin yaddaşından süzlüb gəlmiş şəxsiyyət də adlandırmaq olar. Bəli, şəxsiyyət! Alim, yazıçı, nasir olmaq da olar, amma şəxsiyyət olmaq, özünü qorumağı bacarmaq hər insana nəsib olan zirvə deyil. “Professor kimi auditoriyada tələbələrə mühazirə deyəndə ruhum dincəlir. İşıqlı, saf, bu vətənin gələcəyini düşünən gəncləri görəndə qəlbim riqqətə gəlir. Millətimin istiqbalını düşünəndə sevinirəm. Vətənimin qüdrətini, artan iqtisadi inkişafını duyanda fərəhimdən, qürurumdan vəcdə gəlirəm, cəmiyyətə fayda verən işin qulpundan yapışanda, doğru seçim etdiyimi biləndə çox fərəhlənirəm. Bu vətən hamımızındır. Düşünürəm ki, hamımız  yumruğu  bir yerə  vura bilsək, «zərbi kərən sındırar». Bəzən oxucuların əlində öz kitablarımı görəndə, oxucularım yanıma gəlib dərdlərini mənimlə bölüşündə, düşünürəm ki, yaşadığım bu illəri boşuna xərcləməmişəm” deyir Ağarəhim.

 

Cəsarətlə deyə bilərik ki, o, böyük ideya, dərin düşüncə, saf vicdan sahibidir. O, əxlaq və mənəviyyatdan, başqa sözlə, «insanlıq»dan yazır. Məramı həqiqət və ədalətdir. Həqiqəti dananlar, ədalətə arxa çevirənlər, başqasını alçaltmağa, varidatını ələ keçirməyə, ikiüzlülüyə, yaltaqlığa, mədhiyyəçiliyə cəhd edənlər daim onun qəzəb və nifrət obyektindədir. Elm, xeyirxahlıq və mərhəmət onun başlıca amalıdır. Qəlbi çox həssasdır. Sədaqətlidir. İlqarı düzdür. O,  hər zaman, həm də bütün əsərlərində həyatdan yazır. Yazılarında olduqca   ciddi və sərtdir. Ancaq onun ciddiyyətinin, sərtliyinin nüvəsində mərhəmət və qayğı dayanır. O, təmənnasızdır.

 

Göründüyü kimi, ömrünün 70 ilini yola salmağa hazırlaşan böyük alim, böyük filosof, tanınmış ictimai xadim, yazıçı-dramaturq Ağarəhim Rəhimovun  həyat və yaradıcılıq yolu olduqca zəngin və rəngarəngdir. Onun ömür kitabını vərəqlədikcə, qeyri-ixtiyari olaraq göz önündə qartal kimi zirvədə dayanmağı, ağsaqal kimi  başda oturmağı bacaran müdrik və ləyaqət simvolu olan bir obraz yaranır. Əslində isə bu obraz deyil, həmin obrazları yaratmış olan insanın özüdür. Ömrünüz uzun, qələminiz iti olsun, əziz Ağarəhim müəllim!

 

Qafar Cəbiyev

İki sahil.- 2018.- 16 oktyabr.- S.29