Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr
olunan tədbir keçirilib
Böyük
Britaniyanın paytaxtı Londonda Heydər Əliyev Fondunun və
Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı
ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100 illiyinə həsr olunan rəsmi qəbul
keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov,
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri
Nərgiz Paşayeva, Böyük Britaniyada akkreditə
olunmuş diplomatik korpusun, dövlət qurumlarının və
parlamentin nümayəndələri, iş adamları
iştirak ediblər.
Azərbaycanın
Böyük Britaniyadakı səfiri Tahir Tağızadə
çıxış edərək müsəlman Şərqində
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin
yaranma tarixi və fəaliyyəti dövründə əldə
etdiyi nailiyyətlər barədə məlumat verib. Qeyd edib
ki, cəmi 23 ay ömrü olan respublika qısa müddətdə
ciddi uğurlara imza atıb, dünyanın aparıcı
dövlətləri ilə diplomatik münasibətlər
qurub, qadınlara ilk dəfə seçki hüququ verib.
Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən
respublikamızın bu gün dünyada uğurlu daxili və
xarici siyasət yürüdən, inkişaf edən demokratik
dövlət kimi tanındığını
vurğulayıb.Azərbaycanla Böyük Britaniya arasında
siyasi, iqtisadi, mədəni və digər sahələrdə
sürətlə inkişaf edən əlaqələrdən
danışan Tahir Tağızadə Böyük
Britaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş
olduğunu qeyd edib, hər iki ölkə arasında son 27 il ərzində
möhkəm əməkdaşlığın qurulduğunu
diqqətə çatdırıb.Təhsil sahəsində əməkdaşlıqdan
bəhs edən səfir Oksford Universiteti nəzdində fəaliyyət
göstərən Nizami Gəncəvi Mərkəzinin
uğurlarından, o cümlədən akademik Nərgiz
Paşayevanın 2018-ci il oktyabrın 11-də Oksford
Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi
Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli
surətdə qəbul olunmasından söhbət
açıb. O, həmçinin Oksford Universiteti rəhbərliyinin
və Elmi Şurasının qərarı ilə Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondunun adının
Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü
kimi dünya şöhrətli alimlər, ictimai xadimlər və
nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid
Klarendon binasının xatirə lövhəsinə həkk
olunmasından danışıb.
Tədbirdə
Azərbaycanın müxtəlif beynəlxalq platformalarda
Böyük Britaniya ilə birgə fəaliyyət göstərdiyi
bildirilib, Prezident İlham Əliyevin Londona son səfərinin
ikitərəfli əlaqələrin inkişafına töhfə
verdiyi vurğulanıb.Böyük Britaniya hökumətinin
Lordlar Palatasının üzvü, Britaniya Baş nazirinin Azərbaycan
üzrə ticarət elçisi Baronessa Emma Nikolson da tədbir
iştirakçılarını və xalqımızı Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə
təbrik edib. O, 100 il əvvəl Şərqdə ilk
demokratik respublikanın qurulmasını mühüm tarixi hadisə
kimi səciyyələndirib. Azərbaycan Xalq Cümhuriyyətinin
nailiyyətləri arasında qadınlara səsvermə
hüququnun verilməsini xüsusi vurğulayan Baronessa Emma
Nikolson ölkələrimiz arasındakı ikitərəfli
münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu
bildirib. Qeyd edib ki, Azərbaycanla Böyük Britaniya
arasında təkcə enerji üzrə deyil, təhsil, mədəniyyət,
hərbi və digər sahələrdə də münasibətlər
inkişaf edir. İkitərəfli diplomatik əlaqələrə
nəzər salan Lordlar Palatasının üzvü ölkəsinin
Azərbaycanla bütün sahələrdə əməkdaşlığının
səviyyəsindən razı olduğunu bildirib və bu əlaqələrin
daha da genişlənəcəyinə ümid etdiyini
vurğulayıb. Azərbaycan Prezidentinin Londona son səfərini
xüsusi qeyd edən xanım Nikolson bu səfərin ikitərəfli
əlaqələrin inkişafına töhfə verəcəyinə
əminliyini ifadə edib.Tədbir çərçivəsində
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən
sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə
dair foto və sənədlər, video və audiomateriallar, Azərbaycan
Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli
film nümayiş etdirilib, musiqi proqramı təqdim olunub.
Baronessa
Emma Nikolson AZƏRTAC-a müsahibəsində deyib:
-Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyinin Londonda qeyd edilməsi
çox mühüm hadisədir. Biz Azərbaycanda
demokratiyanın təntənəsinə
yığışmışıq. Bu gün Azərbaycanla
Böyük Britaniya arasında mövcud əlaqələr
yüksək səviyyədədir. Bir daha təbriklərimi
çatdırıram.
Kensington
və Çelsi bələdiyyəsinin müşaviri Gerard
Hargreaves qeyd edib:
-Təmsil
etdiyim qurum adından Azərbaycanı 100 illik yubiley münasibətilə
təbrik edirəm. Bu tədbirdən zövq almaqla
yanaşı, ölkənizin tarixi haqqında bir sıra məlumatlar
öyrəndim. Burada nümayiş olunan filmdə Azərbaycanın
coğrafiyası, mədəniyyəti, zəngin təbiəti
haqqında ətraflı məlumat verilib. Bir daha Azərbaycan
xalqını təbrik edirəm.
Britaniya
parlamentinin Lordlar Palatasının üzvü Devid Çarlz
Evans bildirib:
-Burada
olmaq böyük şərəfdir. Azərbaycan
xalqını bu önəmli gün münasibətilə təbrik
edirəm. Ölkənizə növbəti 100 illikdə də
uğurlu inkişaf arzulayıram. Londonda Azərbaycanla
bağlı keçirilən tədbirlərdə mütəmadi
iştirak etməkdən şərəf duyuram. İndi də
burada olduğum üçün çox şadam. Möhtəşəm
tədbirdir.
Lordlar
Palatasının digər üzvü Con Devid Kilkluni deyib:
-Mən
20 ildir ki, Azərbaycanın dostu olmaqdan şərəf duyuram.
Həm Avropa Parlamentində, həm də Avropa Şurasında
çalışdığım illərdə həmişə
Azərbaycanın haqq səsini müdafiə etmişəm.
Ölkəniz Avropa Şurasına üzv qəbul olunanda mən
bütün proseslərin bilavasitə
iştirakçısı idim. Ondan sonra ölkənizdə
mütəmadi səfərlərdə olmuşam. İllər
ərzində Azərbaycanın böyük inkişaf yolu
keçdiyini görmək çox xoşdur. Ölkənizlə
bağlı xüsusi məqamı qeyd etmək istərdim: Azərbaycanda
dini tolerantlıq yüksək səviyyədədir. Bu,
dünyaya nümunə ola biləcək bir məqamdır.
Milli
Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Cavanşir Feyziyev bildirib:
-Bugünkü
tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən çoxsaylı tədbirlərdən
biridir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr
olunmuş rəsmi qəbul və sərgi Cümhuriyyətimizin
tarixi ilə bağlı bütün məlumatların
Britaniya ictimaiyyətinə çatdırılması
baxımından mühüm əhəmiyyət kəsb edir.
İki
sahil.- 2018.- 31 oktyabr.- S.3