Azərbaycanın qurtuluşuna gedən yolun başlanğıcı

 

3 sentyabr 1991-ci ildə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlarla Azərbaycanın gələcək inkişafının təməlini qoydu

 

Dövlətimizin başçısı İlham Əliyev tarixdə şəxsiyyətlərin rolundan bəhs edərkən daim ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinə söykənərək bu fikri böyük qətiyyətlə ifadə edir ki, xalqımız  haqlı olaraq Ümummilli Lideri  Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.

Bu fikriböyük inamla qeyd edirik ki, Azərbaycanın  müstəqilliyinin əbədiyyət tarixi 3 sentyabr 1991-ci ildə yazılıb. Belə ki, bu tarixdə  Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müasir müstəqil  Azərbaycan dövlətinin qurucusu,  ulu öndər  Heydər Əliyev Ali Məclisin Sədri seçilib. "Mənim həyatımın məqsədi Azərbaycandır!" sözləri ilə   vətəndaşı olduğu ölkəsini canından artıq sevdiyini  bildirən ümummilli lider Heydər Əliyev  Naxçıvanda  həyata keçirdiyi islahatlarla  Azərbaycanın gələcək inkişafının təməlini qoydu.

2018-ci il   «Azərbaycan Xalq Cümhuriyyəti İli» çərçivəsində  tarixin ayrı-ayrı mərhələlərində ölkəmizin keçdiyi inkişaf yolunu təhlil edərkən ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə gördüyü işlərin miqyasının nə qədər geniş olduğu bir daha aydın olur: Bu günümüzdən dünənimizə diqqət yetirdikdə həmin islahatların  hazırkı inkişafakimi yol açdığı  daha ətraflı şəkildə dərk edilir, yüksək dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbulda həmin dövrü belə xarakterizə etmişdir: «Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Ulu Öndər Naxçıvanı erməni işğalından qoruya bilmişdir, o da çox çətin vəzifə idi. Naxçıvan düşmənin əhatəsində idiorada özünümüdafiə qrupları təşkil edilmiş və düşmənə layiqli cavab verilmiş, düşmən yerinə oturdulmuşdur… Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağını ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi məhz Heydər Əliyev təsdiq etmişdir. Sovet İttifaqının saxlanmasına dair referendumun Naxçıvanda keçirilməsinə imkan verməmişdir, baxmayaraq ki, Azərbaycanın bütün başqa yerlərində bu referendum keçirilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirmiş və «Sovet Sosialist» sözlərini oradan çıxarmışdır. Yəni, əlbəttə, xalq yaxşı bilirdi ki, Heydər Əliyev güclü liderdir, Vətənə bağlı olan insandır və məhz belə bir insan Azərbaycana rəhbərlik etməlidir.»

Ümummilli Liderin hakimiyyətinin hər dövrü onun xalqına, ölkəsinə bağlılığını bir daha nümayiş etdirir.  1969-82-ci illərə diqqət yetirsək, ulu öndər Heydər Əliyev Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi düşünərək, bu istiqamətdə zəruri addımlar atmış, bu günümüz üçün möhkəm təməl qurmuşdur. Respublikamıza rəhbərliyinin ilk mərhələsində  ölkəmizi  Sovet İttifaqının qabaqcıl diyarına çevirən  Ulu Öndərin  dövlətçilik təcrübəsindən ehtiyatlanan Kremldəki  qaragürühçular onu əsassız olaraq  vəzifələrindən kənarlaşdırdılar.  O günləri xatırladan  Prezident İlham Əliyevin qeyd etdiyi  kimi, bu, ona qarşı, eyni zamanda, Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi: «Onun istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışdılar. Yəni, Heydər Əliyev amili onlara imkan vermirdi ki, bu çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və dərhal ondan sonra Dağlıq Qarabağda xoşagəlməz hadisələr başladı, Ermənistanın təhriki ilə orada separatçı meyillər gücləndi. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi cinayət törədərək bu xoşagəlməz meyillərin qarşısını almadı. Nəinki almadı, almaq istəmədi. Sovet İttifaqının dağılması prosesi məhz o vaxtdan başladı.» Bu cür təxribatların davamı olaraq Qanlı Yanvar cinayəti, Sumqayıt hadisələri törədildi. Günahsız insanlar qətlə yetirildi. Ulu öndər  Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayət adlandıraraq dərhal öz səsini ucaltdı. «Ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdir. Mən də onunla bərabər orada idim. Mətbuat konfransında sovet rəhbərliyini ittiham etmişdir. Onların hərəkətlərini pisləmişdir. Deyə bilərəm ki, o vaxt sovet məkanında bu, çox nadir bir hadisə idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt belə cəsarətli addımın atılması bir daha onu göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır, bu insan nə qədər fədakardır, nə qədər cəsarətlidir» söyləyən ölkə Prezidenti  İlham Əliyev  bildirir ki,  Ulu Öndərə qarşı  təzyiqlər, təqiblər, mətbuatda qarayaxma kampaniyası daha da gücləndi. Moskvada yaşamaq təhlükəsini  hiss edən Ulu Öndər Bakıya qayıtsa da  qurub-yaratdığı  Vətənində ona yaşamağa imkan vermədilər.

  Belə nankorluqla qarşılaşan Ümummilli Lider  məcbur qalıb doğulduğu yerə - Naxçıvana üz tutdu. Naxçıvan əhalisi Ulu Öndərin  ətrafında sıx birləşərək, onu  bütün təzyiq və təxribatlardan qorudular. Sonra isə o, Naxçıvanın rəhbəri kimi, Naxçıvanı işğaldan qorudu. O dövr Azərbaycanın müstəqilliyi üçün həlledici idi.

1990-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan siyasi,  iqtisadi böhran yaddaşlardadır. Xalq arasında o vaxtkı iqtidara inam tamamilə itmişdi. Vətəndaş müharibəsi başlamışdı. Digər tərəfdən də torpaqlarımız işğal olunurdu.   O zaman  Naxçıvanda yaşayan və hadisələri  siyasi, dövlətçilik təcrübəsi ilə  izləyən ulu öndər Heydər Əliyev  Azərbaycanın taleyi üçün narahatlıq keçirirdi.  Bu çətinliklərə baxmayaraq ölkəyə rəhbərlik  edənlərin muxtar respublikaya ögey münasibəti, ulu öndər Heydər Əliyevə olan qısqanclığı  vəziyyəti daha da çətinləşdirmişdi.

17 noyabr 1990-cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin iclasında  ulu öndər  Heydər Əliyev müstəqillik naminə ilk  xidmətlərini göstərərək,  «Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» söyləməklə,  illərdən bəri  həyata keçirmək istədiyi arzularını reallaşdırdı. Dövlətimizin başçısı İlham Əliyevin yazının əvvəlində  qeyd etdiyimiz fikirlərində də bu reallıqlar öz əksini tapmışdır ki, həmin sessiyada Naxçıvan MSSR-nin  adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının, himngerbinin bərpası  barədə qərar qəbul olundu.

3 sentyabr 1991-ci ildə  keçirilən sessiyada  ümummilli lider  Heydər Əliyev  Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Azərbaycanı müstəqil görmək, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsini istəyən  Ulu Öndər  Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də  bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaqinkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycanlılarının  Həmrəylik  Günü haqqında»” qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azənbaycanın qurutuluşunun başlanğıcı kimi dəyərləndirilir.   Uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, müstəqillik  olmadan inkişafdan, yenilikdən danışmaq qeyri-mümkündür.  İmzaladığı həyati əhəmiyyətli sərəncamları ilə   Azərbaycanın süverenliyini təsdiqləyən məsələlərinin həllini sürətləndirdi.  Naxçıvanda işləyərkən 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi.

Naxçıvan MR Ali Məclisinin Sədri kimi  Azərbaycan üçün gördüyü xidmətlərdən biri də respublikanın sərhədlərinin,  Naxçıvanın ermənilər tərəfindən  işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq  gücləndi. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında  əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid»   körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti  üçün  geniş imkanlara malik hava limanı,  Bakıda Naxçıvan nümayəndəliyi açıldı.

Ulu Öndərin Naxçıvandakı fəaliyyətinin əsas tərkib hissələrindən biri məhz  bu gün nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması oldu. 1992-ci il 21 noyabrda müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyin göstəricisidir. Tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının  ölkəmizin uğurlarında öz payı, öz rolu vardır.

1993-cü il tariximizdə dönüş nöqtəsi oldu. «Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu.

Belə çətin şəraitdə ulu öndər   Heydər Əliyev Azərbaycanı o ağır vəziyyətdən çıxardı. 1993-cü ildən  bu günə  Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya qəbul edildi,  azərbaycançılıq məfkurəsi bu gün  ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlara başlanıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul olundu. İqtisadi inkişafımızın əsası kimi dəyərləndirilən «Əsrin müqaviləsi» imzalandı. Müqavilənin imzalanmasından öncə, yəni may ayının 12-də ulu öndər Heydər Əliyevin səyləri nəticəsində atəşkəs sazişi imzalandı. Ölkədə mövcud ictimai-siyasi sabitlik Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoydu, ölkəmiz qısa zamanda investisiyalar məkanına çevrildi. İqtisadi tərəqqi  Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə də öz müsbət təsirini göstərdi. Belə ki, beynəlxalq təcridə son qoyuldu,  Azərbaycan dünyanın aparıcı ölkələri ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrini inkişaf etdirdi.  Ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən bildirmişdir ki, ikitərəfli əlaqələrin qurulması vacibdir. O da bildirilirdi ki,  iqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Ordu quruculuğu sahəsində mühüm  addımlar atıldı. Azərbaycanda nizami ordu yaradıldı. Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan inkişaf yolu ilə inamla gedirbu gün bu inkişaf davam edir.

2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edildi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildikdən sonra davamlı inkişafın təmin edilməsi istiqamətində biri-birindən önəmli addımlar atdı. Azərbaycanın daha güclü, qüdrətli dövlətə  çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı İlham Əliyev son 15 ildə uğurlu, təkmil islahatları ilə bu vədini əməli işdə təsdiqlədiyini nümayiş etdirir. Son 15 ildə keçirilən 2008, 2013 və 2018-ci il prezident seçkilərdin cənab İlham Əliyevin təkrar qələbələri Heydər Əliyev siyasətinə dəstəyin bariz nümunəsidir.  «Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir» söyləyən cənab İlham Əliyev  bildirir ki, bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil: «Xüsusilə biz ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə fikir versək görərik ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib. İndi deyə bilərəm ki, belə cəhdlər də yoxdur. Ona görə ki, biz prinsipial siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir.»

1993-cü ildən başlanan inkişaf yolu bir daha  ulu öndər Heydər Əliyevin aforizmə çevrilən bu fikrinin təsdiqidir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən də çətindir. Bu gün Azərbaycan bütün istiqamətlərdə qazandığı uğurlarla  müstəqil siyasətin inkişafda, tərəqqidə roluna işıq salır. Azərbaycan iqtisadi qüdrətini daha da möhkəmləndirərək regionda, dünyada əsil söz sahibinə çevrilib. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlar göz önündədir. Artıq bu gün BTC və BTƏ neft-qaz kəmərlərinin ardıcılları olan «Cənub Qaz Dəhlizi»ndən, onun əsas seqmentləri olan TANAP və TAP layihələrinin iqtisadisiyasi əhəmiyyətindən bəhs olunur. Eyni zamanda  «Yeni əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın etibarlı tərəfdaş imicinə bir daha işıq salındı.

Azərbaycanın iqtisadi uğurları, beynəlxalq birlik tərəfindən dəstəklənən mövqeyi yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı artırır. 2016-cı ilin aprel, 2018-ci ilin Naxçıvan qələbələri bu  inamımızı daha da artırır.  Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən rəsmi qəbulda  bu müqayisəni diqqətə çatdırmışdır:  «Biz bu gün Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edirik. Baxın, o vaxta qədər və o vaxt bizim ölkəmiz hansı vəziyyətdə idi. Yoxsulluq, səfalət, savadsızlıq, tamamilə dağılmış tarixi şəhərlərimiz. Nəyə görə? Çünki Azərbaycan müstəqil deyildi. Sovet dövründə, İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, Sovet İttifaqı faşizm üzərində Qələbəni əldə edə bilməzdi. Bunu hamı bilməlidir. Biz Qələbəyə həlledici töhfə vermişik. O vaxt Azərbaycan xalqı, Azərbaycan zəhmətkeşləri, neftçiləri, Azərbaycan nefti ümumittifaq büdcəsinə xidmət göstərirdi. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlməyənə qədər Azərbaycan bütün bu sərvətlərə baxmayaraq, Sovet İttifaqında ən axırıncı yerdə idi. Nəyə görə? Çünki müstəqil deyildik. Taleyimiz əlimizdə deyildi. 1970-ci illərdə Heydər Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan çox böyük dərəcədə inkişaf etmişdir. Ancaq yenə də müstəqil deyildi. Müstəqilliyin ilk illərində xalqımızın başına gələn bəlalar, işğal, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti demək olar ki, ölkəmizi məhv etmişdi. Ancaq biz dirçəldik. Nəyə görə? Məhz müstəqilliyə görə. Ona görə ki, bizim taleyimiz indi bizim əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir.»

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan yeni-yeni hədəflərə nail olmaqla davamlı inkişafını təmin edir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2018.- 1 sentyabr.- S.8-9.