Azad Mirzəcanzadənin elmi irsi zəngin kəşflər və ixtiralar xəzinəsidir

 

SOCAR-ın təşkilatçılığı ilə görkəmli neftçi-alim, akademik  Azad Mirzəcanzədənin  90 illik  yubileyinə  həsr olunmuş tədbir keçirildi

 

Sabah (29 sentyabr) Azərbaycanın görkəmli alimi, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elmtexnika xadimi, texnika elmləri doktoru, professor Azad  Mirzəcanzadənin anadan olmasının 90 illiyi tamam olur. Bu gün bu münasibətlə SOCAR-ın Baş ofisində tədbir keçirildi.Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda mərhum akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edərək, önünə gül-çiçək dəstələri düzdülər, əziz xatirəsini ehtiramla yad etdilər.

SOCAR rəhbərliyinin, akademiklərin, neftçi alimlərin, mərhumun yoldaşlarının və tələbələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan  SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə  bildirdi ki, bugünkü tədbir Azad müəllimə olan hörmətin, onun elmi fəaliyyətinə, xidmətlərinə verilən dəyərin ifadəsidir: «Azad Mirzəcanzadə nəinki Azərbaycanda, dünyada tanınan, Azərbaycan elminin inkişafına  və beynəlxalq aləmdə təqdimatına böyük töhfələr verən elm xadimi idi. O, yalnız öz sahəsinin deyil, bütün sahələrin bilicisi olub. Sanki anadan alim doğulmuşdu.  15 yaşında orta  məktəbi bitirmiş, 23 yaşında namizədlik, 29 yaşında isə doktorluq  dissertasiyasını müdafiə etmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir

X.Yusifzadə qeyd etdi ki, akademik Azad Mirzəcanzadənin neft-qaz elminin inkişafında  xüsusi xidmətləri vardır. Neft-mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində  innovativ fikirlərin yaradıcısı olmuşonun fundamental  elmi görüşləri ölkənin hüdudlarından kənarda da şöhrət qazanmışdır. Elmlə istehsalatın vəhdətini yaratmağa nail olmuş akademik Azad Mirzəcanzadənin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər  bu gün  geniş istifadə  etməkdədir. Azad müəllimin Azərbaycanda, keçmiş  sovet məkanında və dünyada neft elminin inkişaf etdirilməsində misilsiz xidmətləri var, onun elmi irsi zəngin kəşflər və ixtiralar xəzinəsidir. Bu xəzinədə alimin Azərbaycanda, keçmiş İttifaq  respublikalarında və xarici ölkələrdə dərc olunmuş, 500-dən çox elmi məqaləsi, 80 monoqrafiyası, 50 ixtirası, bir sıra orijinal elmi fikir və ideyaları cəmlənmişdir.

O da bildirildi ki, Azad müəllim  pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, ölkəmizin  hazırkı inkişaf mərhələsində iqtisadiyyatın inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir. Onun yetişdirdiyi kadrlar nəinki ölkəmizdə, dünyanın müxtəlif ölkələrində çalışır, Azad Mirzəcanzadə məktəbinin yetirmələri  kimi davamlçılarının yetişdirilməsinə səy göstərirlər.

Çıxışda bu məqam da xüsusi qeyd olundu ki, Azad Mirzəcanzadə neft sənayesində nanotexnologiyaların tətbiqinə çalışmış, hər sahənin dərinliklərini öyrənməyi, hərtərəfli kadrların yetişdirilməsini qarşıya mühüm məqsəd kimi qoymuşdur. Bir sözlə,  Azərbaycanın zirvələrdə olması ilə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş,  özünətələbkarlıqdan yaranan tələbləri saysız-hesabsız davamçılarının yetişməsində, hər bir işin  vaxtında görülməsində  özünü təsdiqləmiş,  zamanın tələblərinə uyğun yeniliklərin öyrənilməsinə və tətbiqinə  maraq göstərərək bunu real həyatda gerçəkləşdirmişdir: «Azad müəllim bu gün həyatda olsaydı, neft sənayesində nanotexnologiyaların tətbiqindən, bu yeniliklərin ölkə iqtisadiyyatına qazandırdığı uğurların fonunda Azərbaycanın daha da qüdrətlənməsindən bir vətəndaş, elm xadimi kimi qurur duyardı.»

«Azad Mirzəcanzadə haqqında saatlarla,  günlərlə danışmaq olar» söyləyən X.Yusifzadə bildirdi ki, o, elm fədaisi idi.  Hər bir uğuru, yeniliyi bu günümüz, gələcəyimiz üçün zəngin  mənbədir.

X.Yusifzadə Azad Mirzəcanzadə ilə ilk tanışlığından və xatirələrindən geniş bəhs etdi.

SOCAR-ın Baş ofisinin Elmtexnika şöbəsinin rəisi, texnika  elmləri üzrə fəlsəfə doktoru Nazim Vəliyev çıxışında  bildirdi ki, akademik Azad Mirzəcanzadənin elmi kadrların və yüksək ixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında rolu  əvəzedilməzdir. Azad  müəllimin elmi məktəbinin davamçıları nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərə və istehsalat müəssisələrinə rəhbərlik edirlər. Azad Mirzəcanzadənin hərtərəfli pedaqoq olmasının bəhrəsi kimi gənc mütəxəssislərin və alimlərin elmə və texnikanın incəliklərinə dərindən bələd olmaları üçün, onların gələcəkdə  şəxsiyyət kimi formalaşmasında «İxtisasa giriş» kitabı və son illərdə cəmiyyətdə  xüsusi rezonans  yaradan «XXI əsrə yol» kitabı bu istiqamətdə  yazılmış fundamental  əsərlər silsiləsindəndir.

Qeyd edək ki, Azad Xəlil oğlu  Mirzəcanzadə  29 sentyabr  1928-ci ildə Bakı şəhərində andan olmuş, 15 yaşında orta  məktəbi bitirmişdir. 23 yaşında namizədlik, 29 yaşında isə doktorluq  dissertasiyasını müdafiə etmişdir. 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Bir çox fəxri  mükafatlara, medallara, həmçinin Azərbaycan Respublikasının «İstiqlal» və «Şöhrət»  ordenlərinə layiq görülmüşdür. Neft-qaz yataqlarının mexanikası, texnikası, texnologiyası və işlənməsi sahəsində fundamental elmin  bu sahədə mütəxəssislər hazırlanmasının əsasını qoymuş akademik Azad Mirzəcanzadənin elmi rəhbərliyi ilə dənizdə  və qurudakı yataqlardan mürəkkəb  geolojigeofiziki şəraitdə neftqaz  çıxarılmasının  və nəql edilməsinin metodları işlənib hazırlanmışdır. Eyni zamanda  sinergetik prinsiplər əsasında  neft yataqlarının işlənməsi və boru kəməri nəqlinin sistemli təhlili üzrə elmi işlərin  nəticələri  Azərbaycanla yanaşı,  Tümen, Tatarıstan, Başqırdıstan və Qazaxıstanda tətbiq edilir.

Dövlətimizin başçısı İlham Əliyevin 6 iyul 2018-ci il tarixli  «Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında» Sərəncamında da bu reallıqlar öz əksini tapıb ki, tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisi, zəngin elmi irsə malik akademik Azad Mirzəcanzadə neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırmış və böyük şöhrət gətirmişdir. Azad Mirzəcanzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft, qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodları hazırlanıb tətbiq edilmişdir. Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının sürətləndirilməsində Azad Mirzəcanzadənin təqdirəlayiq xidmətləri vardır. Alim Azərbaycan iqtisadiyyatının müasir mərhələdə dinamik inkişafı üçün zəruri olan yüksək ixtisaslı elmi kadr resurslarının yaradılmasının fəal iştirakçılarından idi. Azad Mirzəcanzadə elmi məktəbinin yetirmələri ölkəmizdə və onun hüdudlarından kənarda neft sənayesinin ən müxtəlif sahələrində uğurla çalışırlar. Elmlə istehsalat arasında sıx əlaqə qurmağa müvəffəq olmuş alimin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu güngeniş istifadə etməkdədir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik  İbrahim Quliyev,  «Neftin, Qazın  Geotexnoloji  Problemləri  Kimya» ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü Elmira Ramazanova,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Südeyif İmamverdiyev, «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Bağır Süleymanov və başqaları Azad Mirzəcanzadənin həyat yolundan, neft elminin inkişafına verdiyi töhfələrdən bəhs etdilər, akademiklə bağlı xatirələrini bölüşdülər.  Dahi alimin bu gün  yaddaşlarda yaşayan sözləri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıldı: «Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”.»

Bildirildi ki, tələbələrinin yoluna daim işıq tutan dahi fenomenin «istedadlılara kömək edin,  yol göstərin» kimi çağırışları  bu məktəbdən bəhrələnən hər kəsin fəaliyyətinin əsas prinsipinə çevrilib. Azad müəllim hərtərəfli yetişdirilən gənclərin Azərbaycanın uğurlu gələcəyi üçün sanballı işlər görmək imkanında olduğunu bildirirdi. Bu gün təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin  yaradılması fonunda Azərbaycan davamlı  inkişafı ilə dünyanın diqqətindədir.

Çıxışlarda o da vurğulandı ki, maraq dairəsi yalnız elmlə məhdudlaşmayan Azad Mirzəcanzadə  ədəbi-bədii əsərləri, təsviri sənət və musiqi nümunələrini yüksək peşəkarlıqla təhlil edirmiş, opera, teatr  tamaşalarına baxmağı  sevirdi. Onun  həm də yaxşı piano çalmaq qabiliyyəti olub. İş otağında və evində masanın üzərində həmişə Üzeyir Hacıbəylinin şəklinin olması Azərbaycan musiqisinə vurğunluğunun göstəricisi idi. Bir sözlə, Azad  Mirzəcanzadə Azərbaycan elmi kəhkəşanında ən parlaq ulduz, ən möhtəşəm Zirvədir. Bu zirvənin yüksəkliyi, dəyəri  zaman keçdikcə daha aydın şəkildə dərk olunur, görünür.

Ailəsi adından çıxış edən  Nigar Zeynalova bu diqqət və qayğıya, Azad Mirzəcanzadənin xidmətlərinə  verilən dəyərə görə ölkə Prezidenti İlham Əliyevə,  akademikin 90 illik yubileyi çərçivəsində ilk tədbirin   təşkilinə görə   SOCAR rəhbərliyinə minnətdarlığını ifadə etdi.

Tədbir  Azad Mirzəcanzadənin həyat və fəaliyyətinə həsr olunmuş  filmin nümayişi ilə sona çatdı.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2018.- 29 sentyabr.- S. 5.