Kosmik sənayenin inkişafı:
beynəlxalq əməkdaşlıq dərinləşir,
xarici tərəfdaşlardan asılılıq tam aradan
qalxır
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün qəbul olunan Milli Strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunu genişləndirməklə davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması, iqtisadiyyatın şaxələndirilməsidir. Dövlət büdcəsinin formalaşdırılmasında qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü mexanizmlərin yaradılması və inkişaf etdirilməsinə diqqətin artırılması müsbət nəticəsini göstərir. Hədəflərə nail olmaq üçün təbii resurslardan və coğrafi mövqelərdən istifadə olunmaqla bölgələrin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi sayəsində proqnozlar reallaşır. İxracyönümlü məhsulların dünya bazarında layiqli yer tutmasına əlverişli şərait yaradılır. «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasında əksini tapan hədəflər arasında yer alan və XXI əsrin çağırışı olan informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə göstərlən xüsusi diqqətin nəticəsidir ki, ölkəmiz bu istiqamətdə də liderliyini qoruyur. İqtisadiyyatın şaxələndirilməsində İKT-dən istifadə imkanları genişlənir. Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər sistemi yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.
İstehsalatda «ağıllı maşınlar» adlandırılan yeni texnologiyaların, avadanlıqların tətbiqi ilə internet iqtisadiyyatının inkişaf etdirilməsi təkmilləşdirilir, iqtisadiyyatda və məişətdə avtomatlaşdırma proseslərinin sürətləndirilməsində qabaqcıl təcrübədən istifadəyə geniş yer verilir. Başqa sözlə deyilsə internet iqtisadiyyatı yeni istehsal mühitinin yaranmasına, rəqabətqabiliyyətli məhsulların artırılmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.
İnamla demək olar ki, texqologiya əsri olan müasir zamanımızda Milli Strategiya”nın tətbiqi ilə çox mühüm hədəflərə nail olunmuş, informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
2013-cü ilin Azərbaycanda «İnformasiya-kommunikasiya texnologiyaları ili»nin elan olunması ilə İKT –nin inkişafına göstərilən diqqət daha da artırıldı, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət istiqamətləri müəyyənləşdirildi, müvafiq hüquqi baza yaradıldı, bir çox vacib qanunlar və normativ hüquqi aktlarda əsas vəzifə kimi həlli vacib vəzifələrin tətbiqi sürətləndirildi. Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə mühüm sənədlərin qəbulu, «Azərbaycan Respublikasında 2010-2011-ci illərdə «Elektron hökumət»”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı»nın tətbiqi ilə İKT-nin inkişafı sürətləndirilir. Ölkədə «Eelektron hökumət»”in təkmilləşdirilməsinə ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin İKT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması, bürokratik əngəllərin qarşısının alınmasına xidmət sahələri genişləndirilir. «Elektron hökumət»” portalına qoşulmuş dövlət qurumlarının «bir pəncərə»” prinsipi əsasında əhaliyə xidmət təcrübəsi özünü doğruldur. Sahibkarlığın inkişafına xidmət edən sənədləşdirilmə prosedurlarının elektron yazışmalar vasitəsilə tətbiqi daha keyfiyyətli, rahat olmaqla vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilir. Dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesini sürətləndirir, idarəetmə sisteminin təkmilləşdiririr.
2013-cü il fevralın 8-də ilk telekommunikasiya peyki «Azerspace-1»” peykinin orbitə çıxarılması ilə kosmik klubun üzvləri sırasına daxil Azərbaycan müstəqillik dövründə ən böyük nailiyyətinə imza atdı. Elmi-texnologiya sahəsində tərəqqi sayılan bu addım iqtisadi inkişafımızın da əyani təzahürü oldu. Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətləri göstərməyə imkan verən peykin kommersiya fəaliyyəti ilə ölkəmiz xeyli gəlir əldə etmişdir. Ən əsas uğurumuz isə yaradılmış infrastrukturun azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunmasıdır. Görülən işlərin davamlılığının təmin edilməsi və milli potensialın gücləndirilməsi üçün İKT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı genişlənir. Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnsan Resurslarının İnkişafı Fondu vasitəsilə də İKT üzrə mütəxəssislərin hazırlığına dəstək verildi.
Parlamentimizin 100 illik yubileyindəki çıxışında «Bir sözlə, biz ölkəmizi bundan sonra da bu siyasətlə inkişaf etdirəcəyik. Bu gün biz innovasiyalara, texnologiyalara daha çox üstünlük veririk. Bir neçə gündən sonra Azərbaycan orbitə üçüncü süni peyki çıxaracaq. Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Orbitdə iki peykimiz var, üçüncü də çıxarılır» sözləri ilə ölkədə kosmik sənayenini daimi inkişafda olduğun bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi «Azerspace-2»nin səmaya buraxılması ölkəmizin İKT sahəsində qazandığı daha bir uğurdur.
Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılan «Azerspace-2”» peyki əvvəlldə olduğu kimi Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. Əlamətdar hadisə münasibətlə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev bildirmişdir ki, bu uğur həm də dünyanın kosmik sənayesində mövqelərini möhkəmləndirən ölkəmizin iqtisadi gücünü göstərir. Bu peykin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuryyətinin 100 illiyinə ən layiqli töhfə olduğunu bildirən dövlət başçımızın vurğuladığı kimi kommersiya əhəmiyyəti ilə seçilən kosmik sənayenin inkişafı ölkəmizə həm də valyuta gətirir. İnformasiya təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik «Azerspace» peykləri vasitəsilə Azərbaycan telekanallarının verilişləri başqa ölkələrə də yayınlanır, telekommuniasıya sahəsində xarici amillərdən asılılıq aradan qaldırılır. Kosmik sənayenin inkişafı eyni zamanda beynəlxalq əməkdaşlığı da şaxələndirir. «Azersky» müşahidə peyki vasitəsi ilə ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən hadisələri müşahidə etmək imkanı yaranır. Respublikamızın müdafiə və hərbi potensialının gücləndirilməsində «Azersky» peyki xüsusilə əhəmiyyətlidir. «Bizim artıq 3 peykimiz var: «Azerspace-1» telekommunikasiya peyki, «Azersky» müşahidə peyki və « Azerspace-2» söyləyən dövlət başçımızın vurğuladığı kimi ölkəmizin qısa müddətdə kosmik ailənin üzvləri sırasına daxil olması o deməkdir ki, iqtisadi, siyasi , diplomatik uğurları, ölkəmizin təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri ilə dünya birliyində mövqeylərini möhkəmləndirən Azərbaycan müasir texnologiyaların inkişafı sahəsində də sözünü deyir. Peyk hələ orbitə buraxılmamış onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkət olan «İntelsat» şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Ümumi dəyəri 190 milyon dollar olan «Azerspace-2» peykinin ölkə iqtisadiyyatına 400 milyon dollar qazandıracağı proqnozlaşdırılır.
Xatırladaq ki, 1957-ci il oktyabrın 4-də Sovet İttifaqı kosmosa ilk süni peykini göndərib. Həmin peyk Yerin atmosfer qatlarının sıxlığı, ionosferdə radiosiqnalların çatdırılması sürətini və texniki detalların dəqiqləşdirilməsi üçün önəmli məlumatlar əldə etmişdi. O vaxtdan sonra daha 7 min süni peyk kosmosa göndərilib. İndi onların arasında Azərbaycana məxsus peyklər də ”. Süni peyklər həm kommersiya, həm də hərbi məqsədlər üçün istifadə olunur. Hərbi peyklər kəşfiyyat və naviqasiya, həmçinin, radioəlaqə, hökumət peykləri meteorologiya və elmi müşahidələr, kommersiya peykləri yayım və əlaqə, mülki peyklər isə akademik institutlar və biznesmenin öz maraqları üçün istifadə olunur. Maraqlıdır ki, Yerin ətraflında fırlanan 7 min peykdən yalnız 1400-ü işləkdir. Qalan 6 min peykin istifadə müddəti bitdiyi üçün onları «kosmik zibil»” adlandırırlar. Dünyada ən çox süni peykə malik ölkələr sırasında ABŞ (1619), Rusiya (1507), Çin (312), Yaponiya (173), Hindistan (88), Fransa (68) və Kanada (48) yer alıb. MDB ölkələri arasında Azərbaycan süni peyklərinin sayına görə Belarusla 4-5-ci pillələri bölüşür. Bu göstəriciyə görə MDB-dən Rusiya (1507), Ukrayna (6), Qazaxıstan (6), Azərbaycan (2), Belarus (2) və Türkmənistan (1) müvafiq yerlərdə qərarlaşıb. Digər MDB ölkələri də kosmosa süni peyk yollamaq barədə düşünüblər, amma maliyyə çətinlikləri onlara bunu həyata keçirməkdə mane olub. Kosmik sənaye Azərbaycanda yeni sahə olsa da qətiyyət, siyasi iradə, hədəfləri düzgün müəyyənləşirmək bacarığı, iqtisadi inkişaf nəticəsində bu istiqamətdə liderlər sırasında ölkəmizin adının olması hər bir vətəndaş üçün qürur mənbəyidir.
Xuraman İsmayılqızı
İki sahil.- 2018.- 29 sentyabr.- S. 15.