Ordumuz ən güclülər sırasında
Xəbər verildiyi kimi, Bakıda "ADEX-2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçirilib. Sərgiyə dünyada maraq artmaqdadır. Sərgidə iştirak edən şirkətlərin sayının hər il artması bunun təsdiqi kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki, sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edib. "ADEX" sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiqləyir. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan bu genişmiqyaslı tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün geniş imkanlar açır. Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. "ADEX" sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Bu sərgi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün artıq əla platformaya çevrilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın milli müdafiə sektorunun güc və qüdrətinin nümayişi kimi layiqli qiymət almış bu tədbirdə iştirak edib. Azərbaycan pavilyonunda təqdim edilən hərbi məhsullarla tanış olan ölkə başçısı bir sıra ölkələrin milli pavilyonlarını, eləcə də iri stendləri ziyarət edərək beynəlxalq istehsalçıların ən yaxşı ekspozisiyaları ilə tanış olub. Sərginin mühüm önəm daşıması Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunda da öz ifadəsini tapıb. Ölkə rəhbəri xatırladıb ki, bu sərgi artıq ənənəvi xarakter alaraq beynəlxalq hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm tədbirə çevrilib. Dövlətimizin başçısı, eyni zamanda, vurğulayıb ki, "ADEX-2018" sərgisi artıq dünyanın tanınan hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatlarını, rəsmi nümayəndə heyətlərini, habelə mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulduğu, yeni müqavilələrin imzalandığı səmərəli bir platformaya çevirib. Dövlət başçısının üçüncü Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin iştirakçılarına ünvanladığı məktubda əminliklə qeyd olunub ki, "ADEX-2018" sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına və yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına imkanlar açacaq, eləcə də milli müdafiə sənayemizin elmi-texnoloji potensialının artırılmasına töhfə verəcək.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsində mühüm işlər görülüb. Dövlətimizin hərbi qüdrəti durmadan artıb və Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilib. Hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi də dünyada tanınır.
Sərgidə milli müdafiə sənayesi məhsullarının təqdim olunması bir daha sübut edir ki, Müdafiə Sənayesi Nazirliyinin balansına verilmiş müəssisələrdə qısa vaxt ərzində aparılmış yenidənqurma işləri və ən son texnoloji avadanlıqların inkişaf etmiş dünya ölkələrindən tədarük edilərək Azərbaycanda quraşdırılması artıq öz bəhrəsini verir. Azərbaycanın hərbi sənayesinin məhsulları sərgidə böyük maraq doğurub. Ölkəmizi təmsil edən pavilyonda Azərbaycanda istehsal olunan ən son silah və hərbi texnikalar nümayiş etdirilib. Burada iştirakçılar və ziyarətçilər Azərbaycan müdafiə sənayesinin yenilikləri, inkişaf etməkdə olan potensialı ilə yaxından tanış olublar. Fəxrlə qeyd edək ki, ölkəmizdə 1200 adda hərbi məhsullar istehsal olunur. "ADEX-2018" sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü, hərbi təyinatlı məhsullarını nümayiş etdirmək baxımından da olduqca mühüm tədbirdir.
Dövlətimizin hərbi qüdrəti durmadan artıb və Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilib. Ordumuzun 2016-cı ilin aprelində Dağlıq Qarabağda Lələtəpə yüksəkliyinin azad edilməsi, cari ilin may ayında isə Naxçıvanda keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində minlərlə hektar torpağımızın işğalçılardan təmizlənməsi, Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illiklərinə həsr olunan möhtəşəm hərbi paradların və bu sərginin keçirilməsi bu qüdrətin bariz nümunəsidir.
Qeyd edək ki, Azərbaycan postsovet məkanında hərbi sahəyə ən çox vəsait ayıran dövlətlərdəndir. Hər il müdafiə sektoruna təqribən 3 milyard ABŞ dolları vəsait yönəldilir. Ordumuz həm dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir silahlarla, həm də milli hərbi sənayemizin istehsal etdiyi silahlarla təmin olunub. Son illər milli müdafiə sənayemizin beynəlxalq sərgilərdə iştirakı Azərbaycanın silah idxalçısından ixracatçı ölkə mövqeyinə keçməsinə səbəb olub. "Made in Azerbaijan" brendi ilə təqdim edilən Azərbaycan silahları bu gün NATO ölkələri də daxil olmaqla, dünyanın müxtəlif regionlarında istifadə olunur. Yaxın perspektivdə istifadəyə veriləcək istehsal sahələri, eləcə də fəaliyyətə başlayacaq müəssisələr ordumuzu atıcı silahlar və artilleriya vasitələri üçün döyüş sursatları, eləcə də digər müdafiə təyinatlı məmulatlarla tam təmin etməklə yanaşı, xaricə ixracatın daha da artmasına təkan verəcək.
Bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan uğurlar istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına əlverişli şərait yaradır. Bu sərgi bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycanın güclü iqtisadiyyatı var, güclü hərbi-sənaye kompleksi formalaşmaqdadır və ölkəmiz təkcə hərbi məhsullar istehsal etmir, həm də onun perspektivli ixracatçısına çevrilib. Bütün bunlar həm də Azərbaycan Ordusunun gündən-günə inkişaf etməsindən, qüdrətlənməsindən xəbər verir.
Orxan Vahidoğlu
İki sahil.- 2018.- 29 sentyabr.-
S. 19.