Birlik və həmrəylik Azərbaycan
xalqının milli sərvətidir
“Naxçıvan-2018”:
İslam Mədəniyyətinin
Paytaxtı
Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında səmimi münasibətlər üçün nadir, humanitar platforma olan Azərbaycan təmsil olunduğu hər iki təşkilatda siyasi sabitliyi ilə seçilən ölkə kimi diqqət çəkir. İllərdən bəri Qərb ilə Şərqi birləşdirən körpü, sivilizasiyalararası dialoq məkanı kimi tanınan, müxtəlif millətlərin birgə yaşadığı, xalqların milli-mənəvi dəyərlərinin qorunduğu Azərbaycan artıq dünya siyasi aləmində özünəməxsus yeri, sözü olan müstəqil ölkə kimi qüdrətlənib. 2008-ci ildən başlayaraq davam edən “Bakı Prosesi” hər kəsə nümunə göstərilən təşəbbüsləri, müzakirə olunan məsələlərin aktuallığı, “ beynəlxalq təşkilatlar və bütövlükdə xalqlar arasında daha yaxşı anlaşma üçün genişmiqyaslı fəaliyyətə əsaslanan təcrübəsi ilə fərqlənir. Ölkəmizin bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bu təcrübədən qaynaqlandığı kimi, siyasi sabitliyi ilə seçilən Azərbaycanın multikulturalizm məkanı kimi tanınması da milli birlik və həmrəyliyə göstərilən diqqətin nəticəsidir.
“2008-ci ildə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda təşkil edilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini dəvət etdik. Bu iki təşkilatı təmsil edən 100-dən artıq nazir ilk dəfə Bakıda bir araya gəldi. Növbəti il, 2009-cu ildə biz İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini burada topladıq və Avropa dövlətlərinin mədəniyyət nazirlərini Bakıya dəvət etdik. Bu proses “Bakı Prosesi”” adlandırıldı və biz fəxr edirik ki, bu müsbət təşəbbüs artıq bizim qədim şəhərimizlə bağlıdır. Bu proses inkişaf edir və getdikcə daha çox dəstəklənir. O, qlobal təşəbbüsə çevrilir, həmrəylik, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Azərbaycanın coğrafi mövqeyi hər kəsə məlumdur, eyni zamanda, bizim təşəbbüslərimiz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır. O ölkə ki, qarşılıqlı anlaşmaya daha çox töhfə vermək iqtidarındadır, bunu etməlidir.” Prezident İlham Əliyevin bu sözləri hələ də dini zəmində baş verən münaqişələrdən, miqrant probleminin həlli ilə məşğul olsalar da hələ də çıxış yollarını tapmayanlara ən gözəl nümunə, təcrübə məktəbidir. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. BMT tərəfindən yüksək qiymətləndirilən bu siyasətin bütün dünya dövlətlərinə nümunə göstərilməsi , təbliğ olunması, bir neçə ölkədə Multikulturalizm mərkəzlərinin yaradılması sübut edir ki, bu siyasət qlobal problemlərin hədəflərini axtaran bütün dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə şaxələnir, narahatlıq doğurur. Şərqdə baş verən toqquşmaların, anlaşılmazlıqların, ayrı-seçkilik hallarının , ksenofobiyanın, dini separatizmin qarşısının alınmasının başlıca yolu xalqları multikultural dəyərlər orbitində birləşdirməkdir. Bunun üçün Azərbaycan səylərini artırır, tolerantlıq nümunəsi göstərir, birgəyaşayış üçün əsas amil olan qarşılıqlı hörmət prinsiplərini real siyasəti ilə təbliğ edir. Bakıda keçirilən beynəlxalq tədbirlərdə çıxış edən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin bütün beynəlxalq təşkilatlar, BMT, UNESCO və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi, dünyada sülhün, əmin-amanlığın qorunmasına, terrorun bütün hallarına qarşı mübarizədə barışmaz prinsipi ilə diqqət çəkən ölkəmizin nümunə göstərilməsi, Azərbaycana dəstəyin artırılması respublikamızın diplomatiyada əldə etdiyi uğurlara əlavə dəyər qazandırır. Ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları qarşılıqlı əməkdaşlığa xidmət edir. Adı çəkilən tədbirlər də təsdiqləyir ki, multikulturalizm xalqlararası əlaqələrə körpü salır, müxtəlif ölkələrin və ayrı-ayrı dinlərə, fərqli düşüncə tərzinə malik insanların ümumi rəyini ifadə edir, dünyada sülhün bərqərar olması zərurətini bəşəriyyətin xilası vacib olan anlaşmanı təmin edir.
“...Bütün səylərimiz təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi inklüziv cəmiyyət hazırda qlobal gündəlikdə duran məsələlərdən biridir. Aparılan düzgün siyasət nəticəsini verməkə , beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatlarında qeyd olunduğu kimi, iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə 200 ölkə arasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksi üzrə hesablamalarına görə 3-cü, infrastrukturun səviyyəsinə görə dünya miqyasında 26-cı yerdə olan Azərbaycan bu uğurlara ölkəmizdə birgəyaşayış qaydalarına əməl edən bütün vətəndaşların birgə səyi nəticəsində nail olmuşdur.
Avropada, Yaxın Şərqdə, MDB ərazisində böyük narahatlıq doğuran milli münaqişələrin, ksenofobiya, etnik və dini zəmində baş verən qarşıdurma və toqquşma kimi təhlükələrin ölkəmizdə baş verməməsi də dini separatizmə qarşı görülən tədbirlərin nəticəsidir. İki il ərzində Bakıda Avropa və İslam dövlətləri idmançılarının dostluq , qardaşlıq arenasına çevrilən Bakı bu addımı ilə göstərdi ki, həmrəylik, birlik, səmimiyyət olan yerdə neqativ halların baş verməsi mümkün deyil. “Bizim aramızda bölüşdürəcəyimiz heç nə yoxdur. Hamımız eyni planetdə yaşayırıq. Bütün xalqlar sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri - insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir” söyləyən cənab İlham Əliyev bildirir ki, multikulturalizm ideyasının beynəlxalq ictimaiyyət tərəfindən güclü dəstəklənməsi göstərir ki, müxtəlif fikir və baxışları birləşdirən mültikulturalizm bəşəriyyətin qorunub saxlanılması üçün ən vacib prinsipdir. Ötən il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına təkcə müsəlman dövlətlərinin deyil, Avropa və Qərb ölkələrindən də marağın çoxluğu göstərdi ki, sərhəd tanımayan mahnı kimi idman da insanları bir amal naminə birləşdirən ülvü vasitədir.
2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunan Bakıda keçirilən tədbirlərdə qeyri- müsəlman millətlərindən olan nümayəndələrin də iştirakı göstərdi ki, sağlam düşüncə, bəşəri dəyərlərə sadiqlik, birlik olan yerdə qazanan insanlıq, bəşəri dəyərlərdir. “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq”” mövzusunda beynəlxalq konfransı buna nümunədir.
2018-ci ildə isə Azərbaycanın ən qədim yurd yeri, tarixi, mədəni abidələri ilə zəngin, gözəl təbiəti, dilbər güşələri ilə seçilən Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Tarixi mənbələrdən irəli gələn “Nəqşi-cahan” adını gözəl siması ilə doğruldan, sərt qalaları, sıldırımlı qayaları, 200-dən artıq şəfalı suları ilə diqqət çəkən Naxçıvana göz dikən yadellilərin nəsibi həmişə məğlubiyyət olmuşdur. Hər daşında, torpağında tarixin izini yaşadan bu ulu məskən qədimliklə müasirliyin vəhdətində inkişaf edir, gözəlləşir, simasını dəyişir. Muxtar respublikanın ən ucqar yaşayış məskənləri bu gün şəhər görkəmindədir. Muxtar respublikada keçirilən beynəlxalq tədbirlərdə iştirak edən qonaqları, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların təmsilçilərini, gözəlliyi, səliqə-sahmanı, qədim və müasir tikililəri ilə heyrətləndirən Naxçıvanda islami və bəşəri dəyərlər eyni səviyyədə qorunur.
Bu günlərdə muxtar respublikada “Avropa şəhərciyi”nin açılışının keçirilməsi xalqlararası milli həmrəyliyə nümunədir. Açılışda Avropa İttifaqının, Almaniyanın, Macarıstanın, Fransanın, İsveçin, Bolqarıstanın və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin ayrıca stendləri qurulub. Həmin stendlərdə iştirakçı ölkələrin mədəniyyətini, tarixini, adət-ənənələrini, turizm potensialını əks etdirən eksponatlar nümayiş etdirilmiş, müxtəlif layihələr haqqında məlumat verilmişdir. Göründüyü kimi, beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər quran Azərbaycan başqa ölkələrlə də ikitərəfli və üçtərəfli formatlarda əlaqələrin inkişafında maraqlıdır. İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılmışdır. Azərbaycanın fəal üzvü olduğu İSESCO İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Təşkilat Azərbaycana daim diqqət və dəstək göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir və ölkəmizdə bir çox tədbirlər keçirilmişdi.
Bu il isə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı adına layiq görülmüşdür. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə önəmli işlər görülmüş, dini, tarixi abidələr əsaslı təmir olunmuş, abadlıq quruculuq işləri sürətləndirilmişdir. Bu etimad göstərir ki, ölkəmizdə bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu dəyər Azərbaycan xalqının böyük sərvətidir.
Xuraman İsmayılqızı
İki sahil.- 2018.- 29 sentyabr.- S. 21.