Prezidentdən möhtəşəm
qərar: 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
2018-ci ilin “Azərbaycan
Xalq Cümhuriyyəti
Ili” elan edilməsi barədə qərar qəbul edib. Qərar cəmiyyətin
bütün təbəqələri
tərəfindən olduqca
böyük addım kimi qəbul edilib.
Qeyd edək ki, artıq
bir neçə ildir ki, ənənəvi
olaraq Prezident İlham Əliyev hər yeni təqvim
ilini ölkəmizdə
mühüm və əlamətdar bir hadisə ilə əlaqələndirən elan
edir. Bu qərarlar həmin sahəyə cəmiyyətin diqqətinin
artmasına və müvafiq uğurlu addımların atılmasına
rəvac verir. Bu baxımdan 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsi
gözlənilən olmaqla
yanaşı, böyük
tarixi, ictimai-siyasi və mənəvi xarakter daşıyır.
Dövlətimizin başçısı Nazirlər
Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında
2018-ci ilin “Azərbaycan
Xalq Cümhuriyyəti
İli” elan edilməsi barədə qərarını açıqlayıb. Bildirib ki,
bununla bağlı müvafiq dövlət qurumları fəaliyyət
planı hazırlayıb
həyata keçirəcək
və AXC-nin yaradılmasının 100 illik
yubileyi təkcə ölkəmizdə deyil, bütün dünyada möhtəşəm formada
qeyd ediləcək.
Prezidentin qərarının elan edilməsindən dərhal
sonra sosial mediada bu addımın
doğurduğu əks-səda
göstərdi ki, Azərbaycan xalqı dövlət başçısının
qərarını böyük
məmnunluqla qarşılayıb. İctimai mənsubiyyətindən
və siyasi mövqeyindən asılı
olmayaraq, demək olar ki, istisnasız
olaraq hər bir vətəndaş bu qərarı sevinclə qarşılayıb
və alqışlayıb.
Əlbəttə, Prezident İlham
Əliyevin bütün
fəaliyyəti və
qəbul etdiyi qərarlar xalqın milli maraqları ilə daim uzlaşıb
və bu səbəbdən də hər zaman Azərbaycan vətəndaşının
böyük etimadını
və dəstəyini
qazanıb. Lakin AXC mövzusu
Azərbaycan tarixinin qürurlu və şərəfli səhifəsi
olmaqla xalqımızın
hər zaman ciddi həssaslıqla yanaşdığı mövzudur.
Məlumdur ki, bu il Cümhuriyyətin yaradılmasının
100 ili tamam olur. Bununla əlaqədar
hələ 2017-ci il mayın 16-da Prezident İlham Əliyev AXC-nin 100 illik yubileyinin təntənəli şəkildə
keçirilməsi ilə
bağlı Sərəncam
imzalamışdı. Sərəncamda müstəqil dövlətçilik
tariximizdə mühüm
hadisə olan Cümhuriyyətlə bağlı
müxtəlif səviyyəli
və silsilə tədbirlərin keçirilməsi
nəzərdə tutulur.
Bununla yanaşı, bütövlükdə
2018-ci ilin “Cümhuriyyət
İli” elan edilməsi isə Azərbaycan liderinin tariximizə və milli mənəvi dəyərlərimizə verdiyi
qiymətin ən parlaq nümunələrindən
biridir.
Bu məqamda
vurğulayaq ki, AXC tarixi və onun qurucularının adlarının dövlət
səviyyəsində hörmətlə
qeyd edilməsinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının
Ali Məclisində AXC bayrağının
dövlət bayrağı
elan edilməsi kimi tarixi addım
da Ümummilli Lider tərəfindən atılmışdır. 1993-cü
ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə
gələn Ulu Öndər 1990-cı illərdə
AXC tarixinin sistemli araşdırılmasına və
onun qurulmasında xidmətləri olan tarixi şəxsiyyətlərin
tanıdılmasına böyük
töhfələr vermişdir.
Ulu öndər Heydər Əliyevin 1998-ci
ildə imzaladığı
“Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik
yubileyinin keçirilməsi
haqqında”, “Azərbaycan
Xalq Cümhuriyyətinin
80 illiyinə həsr olunmuş əsərlərin
nəşr edilməsi
haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik
yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi
haqqında” sərəncamlarını
xatırlatmaq kifayət
edər ki, Ümummilli Liderin xalqımızın bu şərəfli tarixinə
verdiyi yüksək qiymət qəbul edilsin.
Qeyd edək ki, Azərbaycan
Xalq Cümhuriyyətinin
qurulması milli dövlətçilik tariximizdə
əvəzsiz hadisələrdən
biri kimi qiymətləndirilir. Mövcud olduğu 23 aylıq
qısa tarixi dövrə baxmayaraq məhz Cümhuriyyət dövründə xalqımızın
sonrakı tarixində
böyük izlər buraxan tarixi addımların əsası
qoyulmuşdur. Şərqdə və müsəlman aləmində ilk demokratik
dövlət quruluşu
kimi tanınan AXC xalqımızın dünyəvi
dəyərlərə sahiblənməsi
yolunda mühüm addım idi. Təsadüfi deyil ki,
1991-ci ilin 18 oktyabrında
qəbul edilən Müstəqillik Aktında
müasir Azərbaycan
Respublikası məhz
AXC-nin hüquqi-siyasi varisi elan edilmişdir.
Qeyd edildiyi kimi, Prezident İlham Əliyevin sözügedən qərarı Azərbaycan ictimai həyatında böyük rezonans doğurub. Bir çox ictimai-siyasi fəallar, elm xadimləri və ictimaiyyətin digər təbəqələri bu qərarın böyük tarixi addım olduğunu vurğulayırlar. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı Prezidentin qərarını şərh edərkən bildirib ki, dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var və bu addım bütün xalqımızın ürəyincədir: “Məlumdur ki, 1918-ci il mayın 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə olaraq cümhuriyyəti elan etdi və demokratik bir dövlət qurdu. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verdi”.
Deputat Fazil Mustafa Prezident İlham Əliyevin sözügedən qərarını dövlətimizin başçısının ölkəmizin müstəqilliyinə verdiyi dəyərin göstəricisi adlandırıb. Onun sözlərinə görə, bu, milli dövlətçilik təfəkkürünün cəmiyyətdə möhkəmlənməsinə xidmət edəcək.
Taleh Turqut
İki sahil.-
2018.- 11 yanvar.- S.6.