Sözün
qüdrəti “Səs”in sədasında
Bu gün respublikanın
çoxsaylı mətbu orqanları arasında səsi, sorağı, dəst-xətti
ilə seçilən “Səs” qəzetinin oxucuları ilə
ilk görüşündən 27 il keçir. Mətbuat
orqanı üçün bu müddət o qədər
böyük dövr sayılmasa da qəzetin kollektivi Azərbaycan
mətbuatının inkişafında, söz və fikir
azadlığının müdafiəsində, vətəndaşların
hüquq və azadlıqlarının qorunmasında öz
sözünü deyə bilib. Ötən ilin müşahidələri
göstərir ki, infomasiyaların ictimaiyyətə qərəzsiz,
obyektiv çatdırılmasında “Səs”in çox
böyük rolu və təcrübəsi var. Təbii ki, Azərbaycanın
ictimai-siyasi həyatında kifayət qədər rolu və
xidmətləri olan mətbu orqanların hər birinin
mövqeyi, cəmiyyətdəki yeri oxucularının sayı
ilə bəlli olur. Bu baxımdan “Səs”i
öndə gedən qəzetlərdən saymaq olar.
Söz, mətbuat
azadlığının davamlı inkişafda olduğu,
KİV-ə dövlət dəstəyinin artdığı
müasir dövrümüzdə ölkəmizdə kifayət
qədər mətbu orqan olsa da, “Səs” bu bolluqda imzasına
sadiq qəzetlərdən olduğunu oxucularının rəğbətini
qazanmaqla təsdiqləyir. Yaşı az, təcrübəsi
çox olan bu qəzet cəmiyyətdə öz mövqeyi,
operativliyi, jurnalist peşəsinə verdiyi, informasiyaları
üçün daşıdığı məsuliyyəti ilə seçilir.
İllərdən bəri maraqlı, oxunaqlı
yazıları ilə insanların diqqətini cəlb edən,
ictimai tribuna adını qazanan qəzetin əhatə dairəsi
ildən-ilə genişlənir, oxucu auditoriyası artır.
1990-cı illərin əvvəllərində,
müstəqilliyimizin təhlükə altında olduğu,
suverenliyimizi istəməyən, daxili və xarici qüvvələrin
təxribatlarının davam etdiyi vaxtlarda əsl vətəndaşlıq
mövqelərini ortaya qoyaraq daxili və xarici bədxahlara
qarşı sözün qüdrəti ilə mübarizə
apararaq təxribat törədənlərin əsl niyyətlərini
ictimaiyyətə çatdıran qəzetin hər bir əməkdaşı
peşəkarlıqlarını cəsarətli mövqeləri
ilə bildirmiş, ümumxalq mənafeyini
əks etdirən yazıları ilə diqqət çəkmişlər.
Dövlətimiz və xalqımız
üçün taleyüklü bir dövrdə əsası
qoyulmuş bu mətbu orqan daim cəmiyyətin aktual problemlərini
qətiyyətlə ictimai müzakirəyə
çıxarmış, bir növ
ziyalılarımızın, mütəxəssislərimizin,
siyasi şərhçilərimizin cəmiyyəti
düşündürən ayrı-ayrı prioritet məsələlər
üzrə dialoq platformasına çevrilmişdir.
Həmkarlarımız
üçün əlamətdar gün olan bu günü
öz bayramları hesab edən “İki sahil” qəzetinin
kollektivi ideya və əqidəsinə sadiq “səsçilər”in
sevincinə şərik olur. Bu səmimiyyət o ağır
illərdə hadisələrə
eyni mövqedən yanaşan, əqidəsinə sadiqliyini
dövlətçilik mənafeyini əks etdirən
yazıları ilə bildirən hər iki qəzetə eyni
münasibət göstərən ulu öndər Heydər
Əliyev müstəqil qəzet kimi fəaliyyət göstərən
“Səs” və “İki sahil” qəzetlərinin kollektivlərinin
xidmətlərini yüksək dəyərləndirib: “İki
sahil” qəzeti də bizim çoxdankı qəzetlərimizdəndir.
Yenə də o dövrdə biz Naxçıvanda
blokada şəraitində yaşadığımız
dövrdə bu qəzetin indiki redaktoru Vüqar Rəhimzadə
tez-tez Naxçıvana gələrdi və hələ partiya
yaranandan xeyli əvvəl Naxçıvanın işləri
haqqında materiallarımızı dərc edərdi. İndi o bizim Yeni Azərbaycan Partiyasının qəzetidir.
Çox inkişaf edib, böyüyüb,
genişlənib və güman edirəm ki, bu yolla gedərsə,
daha da güclü qəzet olacaqdır.”
“Səs”in fəaliyyətini yüksək
qiymətləndirən ulu öndər Heydər Əliyevin bu
sözləri də qəzet kollektivinin əməyinə verilən
böyük dəyər idi: “Səs” qəzeti artıq tarixə
düşmüş qəzetdir. “Səs” qəzeti
mənim üçün çox əziz qəzetdir.
1990-cı ilin fevral ayında Azərbaycanda kommunist hakimiyyəti
dövründə mən Ali Sovetdə çıxış
edəndən sonra mənim çıxışım-
xatirinizdədir, o vaxt mənim çıxışımı
hörmətdən salmağa çalışdılar, onu dərc
etmək də istəmirdilər, amma mənə lazım idi
ki, o dərc olunsun, - “Səs” qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən
bizim bir neçə tədbirlərimiz barədə
yazıları “Səs” qəzetində dərc edə bildik.
Nəhayət, “Səs” qəzeti “91-lər”in
müraciətini dərc edib, mənim cavabımı dərc
edibdir. Ona görə “Səs” qəzeti
bizim partiyanın tarixində ən mötəbər yer
qazanmış bir qəzetdir. Görürəm
ki, son vaxtlar özünün xüsusiyyətini itirmədən
modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və
yaxşılaşsın.”
Qəzetin bu gün nail olduğu
uğurlar göstərir ki, Ümummilli Liderin qeyd etdiyi kimi,
dünya mətbuatının tələblərinə
uyğun inkişaf yolu keçmiş “Səs” həqiqətən
ulu öndər Heydər Əliyevin tövsiyə etdiyi səviyyəyə
çatıb.
O zamanlar Naxçıvan MR Ali Məclisinin
sədri vəzifəsində işləyən ümummilli
lider Heydər Əliyevin Azərbaycan,
azarbaycançılıq, müstəqillik naminə göstərdiyi
tarixi xidmətləri oxuculara çatdıranlar arasında əqidələrinə
sadiq “səs”çilər var idi. Bu gün oxucuları ilə daha geniş çoğrafiyada
görüşən “səs”çilər
informasiyalarını “Səs”
Media Qrupuna daxil olan “Səs” İnformasiya Agentliyi, “Səs” TV
internet televiziyası vasitəsilə də
çatdırır. “Səs” İnformasiya
Agentliyinin balansında bir neçə portal da fəaliyyət
göstərir.
Bu gün Azərbaycanın
bütün dünyada qüdrətli dövlət kimi
tanınmasında, ölkədə aparılan quruculuq işlərinin,
mətbuatın üzərinə düşən
maarifçilik ideyalarının təbliğində
yaxından iştirak edən bu qəzet əsl mənada
dövlətçiliyin möhkəmlənməsində,
sağlam vətəndaş cəmiyyətinin
formalaşmasında ümumxalq rəyinin ifadəsinin əsl
tribunasına çevrilmişdir.
Azərbaycan mətbuatının
inkişafında, söz və fikir azadlığının
müdafiəsində, vətəndaşların hüquq və
azadlıqlarının qorunmasında öz sözünü
deyən qəzetin hər bir əməkdaşı
çalışdığı mətbu orqanın mövqeyinə
sadiq qalaraq, Azərbaycanın milli maraqlarının
qorumasında maarifçilik ideyalarının təbliğində
yaxından iştirak edir. Bu baxımdan Azərbaycanın
bütün bölgələrində “Səs”in sədasına
ehtiyac var.
“Səs” bu gün da yolunu
uğurla davam etdirir. 27 illik təcrübəsinə əsaslanaraq fəaliyyətini
müasir dövrün , dünya mətbuatının
tələblərinə uyğun təkmilləşdirərək
oxucularını yeni, maraqlı informasiya və quruculuq işləri
ilə tanış edir, bir məktəb
formalaşdırır. Qəzet əməkdaşlarının
təşəbbüsü kimi yüksək dəyərləndirilən
və mütəmadi olaraq keçirilən “dəyirmi
masa”larda müzakirəyə çıxarılan mövzular
aktuallığı ilə diqqəti çəkməklə
oxuculara bələdçilik funksiyasını da ləyaqətlə
yerinə yetirir.
Qəzet xarici ölkələrdə
yaşayan hər bir azərbaycanlının tribunasına
çevrilməklə soydaşlarımızın həyatı,
fəaliyyəti barədə də maraqlı yazıları
ilə diqqət çəkir. Əsas işi xəbər
yaymaq olsa da, milliliyi, azərbaycançılığı
başlıca prinsip olaraq təbliğ edən qəzet vətəndaşlıq
mövqeyinin daşıyıcısı kimi də
respublikamızın həyatında fəal mövqedə
dayanan informasiya vasitəsidir.
Xəbər
çatdırmaq ənənələrinin
formalaşmasında mühüm rol oynayan “Səs”in əsas
prinsipi Azərbaycan mediasının tanınmış üzvlərindən
biri kimi oxucu rəğbəti qazanmaq, çətinlikləri
birgə əməyin qüdrəti ilə aradan qaldırmaq,
başqalarının getmədiyi və sonu uğurla nəticələnən
bir yolla irəliləmək, ardıcıllarına nümunə
olmaqdır.
Əminliklə demək olar
ki, “Səs”in milli mətbuat tarixində xüsusi yeri, çəkisi
var. Fəaliyyətində peşəkarlığı,
obyektivliyi, qərəzsizliyi başlıca meyar olaraq
götürmüş qəzet daim dövlətçilik və
azərbaycançılıq mövqeyindən
çıxış edir. Arxada qalan illər ərzində
bir məktəb kimi formalaşan, illərin
sınağından layiqincə çıxan qəzetin vətəndaş
cəmiyyətinin inkişafına böyük töhfələri
bu gün də hiss olunur.
“Səs” fəaliyyətə
başladığı gündən cəmiyyətdə
baş verən hadisələri işıqlandırmaqla kifayətlənməmiş,
həm də öz prinsipial mövqeyi, vətənpərvərlik
və dövlətçilik xətti, milli maraqlarımıza
sadiqlik və təəssübkeşlik mövqeyi ilə
geniş oxucu kütləsinin rəğbətini
qazanmışdır. Bildiyimiz kimi, hal-hazırda
yaşadığımız XXI əsr informasiya əsri kimi
xarakterizə olunur. Bu baxımdan, istər qəzet, istərsə
də İnformasiya Agentliyi kimi
“Səs” Media Qrupuna daxil olan strukturların milli informasiya
ehtiyatlarının formalaşması, cəmiyyətin operativ,
obyektiv və dolğun informasiya ilə təmin olunması və
milli informasiya təhlükəsizliyimizin təminatı istiqamətindəki
fəaliyyəti təqdirəlayiqdir. Eyni zamanda, bu mətbu
orqan yaradıcı gənclərin üz tutduğu tribuna kimi xeyirxah
münasibətini dövlət gənclər siyasətinin əhəmiyyətini
işıqlandırmaqla da bildirir. Yaradıcı
gəncləri və onların əsərlərini cəmiyyətə
təqdim edən mətbuat orqanı kimi fərqlənir, fəaliyyəti
dövründə cəmiyyətdə söz və fikir
azadlığının gerçəkləşdirilməsində
rolu əvəzedilməzdir. Bu qəzet Azərbaycan
mətbuatının bir nümunəsi kimi dünya mətbuatının
ümumi inkişaf xəttinə uyğun şəkildə
inkişaf edir. Eyni zamanda, səhifələrində
Azərbaycan jurnalistikasının özünəməxsus ənənələrini
layiqincə davam etdirir. Çoxlu sayda kütləvi
informasiya vasitəsi - qəzetlər, informasiya agentlikləri,
internet portalları, elektron KİV-lər və jurnallar
qeydiyyatdan keçsə də, ictimai rəğbət qazanan
KİV-lər sırasında “Səs”in də payı var. “Səs”
sabit oxucu bolluğuna malik, insanlarla müntəzəm təmasda
olan qəzetdir.
İllərdən bəri
maraqlı, oxunaqlı yazıları ilə insanların diqqətini
cəlb edən qəzetin əhatə dairəsi ildən-ilə
genişlənir, oxucu auditoriyası artır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə
təsis olunan Yeni Azərbaycan Partiyasının məqsəd
və məramının, Proqram və Nizamnaməsinin təbliğində,
partiyanın yerli təşkilatlarının formalaşıb,
sayının artmasında qəzetin misilsiz xidmətləri
danılmazdır.
Qəzet cəmiyyətin aynasıdır. Bu mənada “Səs”
ictimaiyyətdə yaratdığı nüfuza sahib olan, kifayət
qədər ədalətli mövqeyi ilə seçilən,
informasiyaları qərəzsiz çatdıran mətbuat
orqanlarından biri kimi tanınır. Çünki
qəzetin yaradıcı kollektivi ölkəmizdə baş
verən tərəqqini, bütün məsələləri
kifayət qədər obyektiv, dövlətçilik
baxımından işıqlandırır. Bir həqqətdir
ki, mətbuat
öz ömrünü işi, hadisələrə
baxışı, təhlili araşdırmaları, ən
başlıcası isə oxucunun istəyinə uyğun yolu
düzgün seçməklə yaşada bilir. Bu baxımdan “Səs” qəzetinin
uzunömürlü olacağına şübhə yoxdur.
Oxucu rəyi belədir ki, Azərbaycanın
bütün bölgələrində “Səs”in sədasına
ehtiyac var.
Xuraman İsmayılqızı
İki sahil.-
2018.- 11 yanvar.- S.11.