Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinə dəyərli töhfə
“ADR-İran diplomatik
münasibətləri Qafqaz Fövqəladə
Komissiyasının sənədləri işığında
(1919-1920-ci illər)” kitabının təqdimatı
keçirilib
Yanvarın 25-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin
akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
həsr edilmiş “ADR-İran diplomatik münasibətləri
Qafqaz Fövqəladə Komissiyasının sənədləri
işığında (1919-1920-ci illər)” kitabının təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın “Ön
söz”ünün müəllifi, elmi redaktoru Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevdir. Təqdimat mərasimində
çıxış edənlər Prezident İlham
Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi
ilə bağlı Sərəncamına əsasən nəşr
olunmuş kitabı əlamətdar yubileyə dəyərli
töhfə adlandırıblar.
Cümhuriyyətin diplomatik
yazışmalarının öyrənilməsi
baxımından zəngin mənbə
Tədbiri açan AMEA-nın prezidenti, akademik
Akif Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin
yubileyinin bu gün müstəqil Azərbaycan Respublikasında
dövlət, eləcə də beynəlxalq və türk
dünyası səviyyələrində qeyd edildiyini
vurğulayıb. Bildirib ki, təqdimatı keçirilən
kitabda İran-Azərbaycan münasibətlərinə
işıq salan çox zəngin arxiv materialına əsaslanan
məlumatlar Azərbaycanın tarix elmində, ümumiyyətlə,
akademik elmində yeni hadisədir. A.Əlizadə deyib: “Kitaba “Ön söz”də yazıldığı
kimi, elan edildiyi andan, yəni 1918-ci il mayın 28-dən süquta
uğradığı 1920-ci il aprelin 28-dək Azərbaycan
Xalq Cümhuriyyəti beynəlxalq aləmdə tanınmaq
uğrunda çətin diplomatik mübarizəyə
qatılıb. Üzləşdiyi bütün ədalətsizlik
və yaradılan süni maneələrə baxmayaraq,
müstəsna tarixi əhəmiyyətə malik siyasi nailiyyətlər
qazanmağı bacarıb. Məhz həmin
diplomatik qələbələrin doğurduğu beynəlxalq
tanınmanın nəticəsidir ki, Azərbaycan SSRİ tərkibinə
vilayət, muxtar qurum kimi deyil, ayrıca müstəqil
respublika kimi daxil olub, 70 illik sovet istilası dövründə
formal olsa da, öz dövlətçilik atributlarını
qoruyub saxlaya bilib”.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin
elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli
dövlətimizin başçısının Sərəncamı
ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində
akademiyanın silsilə tədbirlər təşkil edəcəyini
vurğulayıb və təqdimatı keçirilən
kitabı elmi istiqamətdə mühüm addım kimi dəyərləndirib.
“ADR-İran diplomatik münasibətləri haqqında
yazışmalar və müasir dövr” mövzusunda məruzə
ilə çıxış edən AMEA-nın vitse-prezidenti bildirib
ki, kitabda toplanan 98 sənəd Azərbaycan cəmiyyətinə
ilk dəfədir təqdim edilir. “Bu sənədlər Azərbaycan
Xalq Cümhuriyyəti haqqında məlumatlarımızı
daha da genişləndirəcək, elmi-tədqiqat
baxımından yeni üfüqlər açacaq. Cümhuriyyətin
diplomatik yazışmalarının öyrənilməsi
baxımından çox mühüm və zəngin məxəz
olan kitab çoxcəhətli aspektlərə, məsələn,
tarixi, coğrafi, iqtisadi münasibətlər aspektlərinə
malikdir. Beynəlxalq münasibətlərə aid xeyli yeni zəngin
məlumat burada əksini tapıb. Bu kitab hətta dilçilik,
ədəbiyyat baxımından da böyük əhəmiyyətə
malikdir”, - deyə İ.Həbibbəyli bildirib.
Akademik Ramiz Mehdiyevin Azərbaycanda
cəmiyyət quruculuğunun fəlsəfi dərkini
sanballı əsərləri ilə əks etdirən görkəmli
elm xadimi olduğunu qeyd edən İ.Həbibbəyli alimin
öz fəlsəfi tədqiqatlarını tarixi tədqiqatlarla
da zənginləşdirdiyini vurğulayıb. Akademik
Ramiz Mehdiyevin Dağlıq Qarabağa, Səfəvilər
hakimiyyətinə və Şah İsmayıl Xətaiyə,
Nadir şaha həsr etdiyi sanballı monoqrafik tədqiqatlarını
xatırladıb. Bildirib ki, təqdimatı keçirilən
kitab soykökümüzün, tariximizin milli əsaslar və
müstəqil dövlətçilik maraqları
baxımından yenidən öyrənilməsi zərurətini
meydana qoyan çox sanballı əsərdir: “Bu kitabda ilk dəfədir
Cümhuriyyət tarixi yazılı mənbələr əsasında
sistemli şəkildə sanballı müqəddimə ilə
Azərbaycan cəmiyyətinə, geniş oxucu kütləsinə,
akademik auditoriyaya təqdim edilir”.
Cümhuriyyətin Azərbaycan dövlətçiliyindəki
roluna yeni baxış
Kitabda azərbaycançılıq
mövqeyini xüsusi vurğulayan İsa Həbibbəyli akademik
Ramiz Mehdiyevin “Ön söz”də və şərhlərində
Cümhuriyyət rəhbərlərinin dövlətin
adının Azərbaycan olması uğrunda mübarizəsini
faktlar və sitatlarla diqqətə
çatdırdığını bildirib. “Kitabda təqdim edilən sənədlər azərbaycançılıq
baxımından Cümhuriyyətin apardığı
mübarizənin yazışmalar nəticəsində meydana
qoyduğu yeni sənədlərdir və azərbaycançılıq
fəlsəfəmizin yenidən müstəqillik şəraitində
öyrənilməsi baxımından çox mühüm
faktlardır. Burada Cümhuriyyətin Azərbaycan dövlətçiliyindəki
roluna yenidən qiymət verilib”, - deyə məruzəçi
bildirib.
Qeyd olunub ki, dövlət müstəqilliyinin bərpasından
sonra Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin
varisi elan olunsa da, indiyədək arxiv sənədlərinə
sovet ideologiyasından qalmış təsir altında bir qədər
ehtiyatla qiymət verilib. Akademik Ramiz Mehdiyev ilk dəfədir
ki, bu kitabda Cümhuriyyətin Azərbaycan dövlətçiliyinin
inkişafındakı rolundan rəsmi sənədlərə
istinadla danışır. Onun yeni formatda təqdim etdiyi
anlayışa görə, əgər Cümhuriyyət qalib gəlməsəydi,
həmin sənədlər olmasaydı, Azərbaycan SSRİ tərkibində
öz sərhədlərini, dilini, atributlarını qoruyub
saxlamaqla təsbit oluna bilməzdi. Bu, mövcud
yanaşmaların məntiqi davamı olsa da, möhkəmlənmiş
elmi-siyasi formatdır, gələcək tədqiqatçılara
da dövlətçilik tariximizi möhkəm elmi əsaslarla
öyrənməyə kömək edə bilər.
Akademik İsa Həbibbəylinin fikrincə,
kitabdakı mühüm məsələlərdən biri də
Cümhuriyyətin digər rəhbərlərinin fəaliyyətinin
yeni səhifələrinin bu yazışmalar çərçivəsində
öyrənilməsi və üzə çıxarılmasıdır.
Nəşrdə Məmməd Əmin Rəsulzadənin
maraqlı məqalələrinin şərhləri, habelə
Fətəli xan Xoyskinin, Adil xan Ziyadxanovun, Mehdi bəy
Hacınskinin, Həsən bəy Ağayevin tərcümeyi-halı,
fəaliyyəti, mübarizəsi ilə bağlı yeni
faktlar təqdim olunur. Bütün bunlar yeni yanaşmaya,
yenidən dəyərləndirməyə kömək edə
bilər. “İran barədə, indiyə qədər
yalnız adını eşitdiyimiz Təbatabainin fəaliyyəti
bu kitabda ilk dəfədir sanballı şəkildə verilir.
Bu, İran-Azərbaycan münasibətlərində
qarşı tərəfin mövqeyini öyrənmək baxımından
bizə zəngin faktlar verir. Habelə Qacarlar
hakimiyyətinin o dövrdə Azərbaycana baxışı, əvvəlcə
ehtiyatlı münasibəti, daha sonra Cümhuriyyəti
tanımasına doğru addım atmaları üçün
zəruri şərtlər və onların şərhi,
müqəddimədəki şərh tam yeni
baxışdır”, - deyə akademik İ.Həbibbəyli
bildirib.
Cümhuriyyət tarixinin müasirlik
işığında təhlili
“Kitaba “Ön söz”, burada toplanılan sənədlər,
eyni zamanda, erməni məsələsinə aydınlıq gətirir.
Ermənilərin İran dövlətində mövqeyi,
dövlət sərhədlərində və gömrük məntəqələrində
tutduqları vəzifələrdə onlara yaradılan
üstün şərait, azərbaycanlılara maneə real sənədlərlə,
konkret faktlarla göstərilir. Kitabdakı sənədlər
ermənilərin Azərbaycan-İran münasibətlərinə
vurduqları zərbələri, onların Qafqaz regionunda mənfur
siyasətini də açıqlayır. Bu kitab
Cümhuriyyət tarixinin elmi əsaslarla yanaşı,
müasirlik, dövlətçilik işığında
öyrənilməsi uçun bələdçi rolunu
oynayacaq”, - deyə akademik İsa Həbibbəyli fikrini
yekunlaşdırıb.AMEA-nın Tarix İnstitutunun direktoru,
Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “ADR-İran
diplomatik münasibətləri Qafqaz Fövqəladə
Komissiyasının sənədləri işığında
(1919-1920-ci illər)” kitabını Azərbaycan mənbəşünaslığında
mühüm hadisə kimi dəyərləndirib. O deyib: “Bizim
tarix elmimiz sovet dövründə sanballı tədqiqatçıların
çiynində formalaşıb. Azərbaycanın tarix elmi
son dərəcə mürəkkəb hadisə ilə
qarşılaşanda akademik Ramiz Mehdiyev mövqeyini bildirir.
Bundan sonra tarixçilərdə də cəsarət yaranır.
Məsələn, Şah İsmayıl və Nadir şahla
bağlı akademik Ramiz Mehdiyev öz sözünü deyib.
Erməni məsələsi ilə bağlı görkəmli
alim “Gorus-2010. Absurd teatr mövsümü” kitabı ilə Azərbaycanın
tarix elminin mövqeyini müdafiə edib. Görkəmli
tarixçilərimizin üzərinə götürdükləri
missiyanı akademik Ramiz Mehdiyev davam etdirir. Bu kitabın nəşri
tarixin ibrət dərsi, tarixə yeni baxışdır”.Milli Məclisin deputatı, Şərqşünaslıq
İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva,
Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın
müxbir üzvü Musa Qasımlı, arxiv sənədlərini
fars dilindən tərcümə edən Şahin Yəhyayev
çıxışlarında diqqətə
çatdırıblar ki, bu kitab Cümhuriyyət tarixinin daha
dərindən öyrənilməsinə, bununla bağlı
bir çox məsələlərin
araşdırılmasına ehtiyac olduğunu göstərir.
Kitaba yazılmış “Ön söz” həm də Azərbaycanda
mənbəşünaslığa, gənc tədqiqatçılara
istiqamət verir. Kitab Azərbaycan Xalq Cümhuriyyəti –
İran münasibətlərinin tarixinə dair fars dilindən
tərcümə olunmuş ilk sənədlər toplusu və
İranın diplomatiya üslubu saxlanılmaqla tərcüməsi
ən mükəmməl diplomatiya dili olan nəşrdir.
Topluda həmin dövrdə
Bakıda xüsusi diplomatik tapşırıq əsasında
Seyid Ziyaəddin Təbatabainin rəhbərliyi ilə fəaliyyət
göstərmiş İran nümayəndə heyətinin
öz ölkəsinin rəhbərliyinə
ünvanladığı məktublar, hesabat və analitik təhlillər
əksini tapıb. Nəşr təkcə Azərbaycan
Xalq Cümhuriyyəti - İran münasibətlərinin deyil,
o dövrdə Qafqaz regionunda cərəyan edən siyasi proseslərin
tədqiqi baxımından da mühüm əhəmiyyətə
malikdir. Sənədlərin böyük əksəriyyətinin
uzun müddət məxfi xarakter daşıması səbəbindən
geniş ictimaiyyət onlardan xəbərsiz olub. Odur ki, kitabda
toplanmış sənədlər Cümhuriyyətin siyasi
tarixinin bir sıra qaranlıq səhifələrinə
işıq salır, həmçinin bəzi yanaşmaları
yenidən nəzərdən keçirməyə əsas
yaradır.
Təqdimat mərasiminə yekun vuran akademik Akif
Əlizadə bildirib ki, kitabda tarixin və diplomatiyanın
qısa, lakin zəngin interpretasiyası nəzərə
çatdırılır. Təhlil edilən sənədlər
gələcək üçün bir proqram müəyyənləşdirir.
Bu proqram tarixçilərin, filosofların, diplomatiya, humanitar
elmlərlə məşğul olanların
qarşısına Cümhuriyyətin tarixi ilə
bağlı kompleks tədqiqat aparmaq vəzifəsi qoyur.
Iki sahil.- 26 yanvar.- S.4.