Xeyirxah insan, fədakar pedaqoq, fəal ictimai-siyasi xadim

 

Tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, Azərbaycan Respublikasının Əməkdar mühəndisi, Azərbaycan Memarlıq və İnşaat Universiteti Nəqliyyat fakültəsinin Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Tağı Məhəmməd oğlu Əhmədovun anadan olmasının 70 ili tamam olur.

Tağı Əhmədov 1948-ci il fevral ayının 1-də Naxçıvan MR-in Şahbuz rayonunun Güney Qışlaq kəndində dünyaya göz açıb. Ailənin sonbeşiyi olduğu üçün valideynlərinin hədsiz sevgisi, yüksək əxlaqi tərbiyəsi ilə böyüyən Tağı yaşıdlarından öz zəkası, dünyagörüşü ilə fərqlənib. Övladının bu qabiliyyətini dəyərləndirən Məhəmməd kişi onun daha çox uğur qazanması və həyata daha tez atılması üçün məktəbə erkən qoyub. 1953-cü ildə beş yaşında parta arxasında əyləşən Tağı savadı, nizam-intizamı ilə müəllimlərinin sevimli şagirdi olub. 1960-cı ildə təhsil aldığı yeddiillik məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. O zaman Şahbuz rayonunun əhalisinin əksəriyyəti kənd təsərrüfatı sahəsində çalışırdı. Gənc Tağını düşündürən bu idi ki, texnikumda oxuduğu müddətdə əsl kənd təsərrüfatı mütəxəssisi kimi yetişsin və qazandığı biliyi doğma Şahbuzun inkişafına sərf etsin. O, 1965-ci ildə texnikumu bitirdikdən sonra hərbi xidmətə çağırılanadək Şahbuzun Biçənək, Çömür və Badamlı kəndlərində ixtisası üzrə fəaliyyət göstərib.

Tağı Əhmədov 1967-1969-cu illərdə Ukrayna SSR-də hərbi xidmətdə olub. Xidmət etdiyi illərdə eşitmişdi ki, Bakıda yeni nəqliyyat vasitəsi – metro istifadəyə verilib. Metro ilə tanışlığı da elə Ukraynada olmuşdu və bu tanışlıq Tağıya gələcək karyerası ilə bağlı fikir vermişdi. Qərara almışdı ki, vətənə qayıdan kimi yaxın qohumlarının da çalışdığı Bakı Metropoliteninə iş üçün müraciət etsin. Bu arzu 1970-ci ildə gerçək olur, Tağı Bakı Metropoliteninə fəhlə kimi işə qəbul olunur. Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun təbirincə desək, işi əli ilə görən fəhlə, əli və ağlı ilə görən usta, əli, ağlı və ürəyi ilə görən isə ustaddır. Bu mənada Tağı fəhlə kimi çalışdığı 18 il ərzində öz işinə ağlı və ürəyini qoymuş bir ustad olub. Bu zəhmətinin nəticəsində işlədiyi qurumda 1988-ci ildə distansiya rəisi, 1994-cü ildə xidmət rəisi və nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyevin 27 iyul 1998-ci il tarixli Sərəncamı ilə Bakı Metropoliteninin rəisi vəzifəsinə irəli çəkilib.

Tağı Əhmədov Metropolitendə çalışdığı 44 il ərzində öz sadəliyi, səmimiliyi ilə yadda qalıb, vəzifəpərəst olmayıb, iş həyatında ədaləti, zəhmətsevərliyi, vətənpərvərliyi ali dəyərlər kimi qəbul edib.

Tağı Əhmədovun qazandığı uğurlarda, bir şəxsiyyət kimi formalaşmasında, şübhəsiz, onun aldığı təhsilin rolu böyükdür. Ümumiyyətlə, əmək fəaliyyətinə başladığı ilk illərdə təhsil məsələsi Tağını daima düşündürüb. Təhsili insanın güclü, müdrik bir şəxsiyyət kimi yetişməsində bir vasitə kimi görən Tağı 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsinə daxil olub və 1976-cı ildə müvəffəqiyyətlə bu ali təhsil ocağını başa vurub. T.Əhmədov ikinci təhsilini isə 1984-1987-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda körpü və tunel ixtisası üzrə alıb. Heç şübhəsiz, bütün bunlar Tağının elm və təhsilə verdiyi dəyərdən, həyatda davamlı olaraq yeni biliklərə yiyələnmək arzusundan qaynaqlanıb. Təsadüfi deyil ki, sonralar Tağı Əhmədov ikiillik ingilis dili kursunu və Moskvada dəmiryolu nəqliyyatı ixtisaslaşma kursunu bitirib.

Tağı Əhmədov həm də elm adamıdır. Uzun müddət üzərində işlədiyi elmi işini 2007-ci ildə müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

Savadlı, peşəkar, innovativ kadrların yetişdirilməsi bir ziyalı üçün əsl ali dəyərlərdəndir. Tağı Əhmədov da pedaqoq kimi öz işinin öhdəsindən ləyaqətlə gəlir. Artıq uzun illərdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində "Tunellər və metropolitenlər" fənnindən dərs deyir, mütəxəssislərin yetişdirilməsində yaxından iştirak edir. Onun müəllifi olduğu dərslik və metodik göstərişlər gənc nəslin elmi biliklərə yiyələnməsində böyük rol oynayır. Heç kimə sirr deyil ki, ali məktəb tələbələri üçün tədris ədəbiyyatı qələmə almaq yüksək bilik, dərin analiz və sintez qabiliyyəti, pedaqoji ustalıq tələb edən yaradıcılıq işidir. Bütün bu xüsusiyyətləri özündə ehtiva edən Tağı Əhmədovun ilk tədris ədəbiyyatı 2001-ci ildə N.Qasımov və Q.Əliyev ilə həmmüəllifli nəşr etdirdiyi iki hissədən ibarət olan "Tunellər və metropolitenlər" dərsliyidir. "Nəqliyyat tikintisi" istiqamətində təhsil alan bakalavr və magistrantlar üçün əvəzedilməz olan bu tədris ədəbiyyatında nəqliyyat tunelləri haqqında ümumi məlumatlar verilməklə yanaşı, müxtəlif mühəndisi, geoloji və hidrogeoloji şəraitli yerlərdə tunel trassasının yerləşdirilməsi qanunauyğunluqları, dağ təzyiqinin təyin edilməsi metodikası, tunellər içərisində lazımi sanitar mikroiqlimin təmin edilməsi üsulları göstərilib. Dərsliyin metropolitenlərə həsr olunan bölməsində pereqon tunellərinin və stansiyalarının konstruksiyası, metropolitenlərin sanitar texniki və elektrik avadanlıqları, qatar heyəti və daxili yol qurğuları, metropoliten stansiyalarının yer üstü ilə əlaqə formaları, keçid kameraları və dalanlar barədə məlumat verilib. Praktiki biliklər əsasında işlənildiyi üçün əsərdən yeraltı mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi və istismarı ilə bağlı sahədə işləyən texniki işçilər də geniş şəkildə istifadə edirlər.

Tağı müəllimin digər bir dərsliyi 2002-ci ildə "Çaşıoğlu" nəşriyyatında çap etdirdiyi "Nəqliyyat yollarında körpülər və qurğular" əsəridir. N.Qasımov və Y.Piriyevlə birlikdə yazdığı dərslikdə nəqliyyat yollarındakı süni mühəndisi qurğular barədə ümumi məlumatlar verilməklə yanaşı, təbii və ya süni xarakterli maneələr üzərindən körpü keçidlərinin layihələndirilməsi ardıcıllığı göstərilmişdir. Bundan başqa, kitabda avtomobil və dəmir yollarında ağac, daş, beton, dəmir-beton aşırım qurğuları körpü elementlərinin daimi və müvəqqəti yüklər təsirinə hesablanması müddəaları işlənilib. 4 bölmə, 16 fəsildən ibarət olan əsərdə nəqliyyat yollarında layihələndirilən körpü elementlərinin konstruksiyası sadədən mürəkkəbliyə doğru istiqamətdə şərh edilib.

Tağı müəllim "Nəqliyyat yollarında körpülərin layihələndirilməsinə aid", "Metropolitendə elmi-texniki tərəqqi və onun səmərəliliyinin hesablanma qaydaları" və başqa metodik vəsaitlərin hazırlanmasında da yaxından iştirak edib. Bunlardan sonuncusunda Bakı Metropolitenində elmi-texniki tərəqqinin mahiyyəti, inkişafının qanunauyğunluqları, səmərəliliyin hesablanma qaydaları və stimullaşdırma formaları verilib.

 

Alim lüğətçilik sahəsində də qələmini sınayaraq 2013-cü ildə "Korroziya ilə bağlı terminlərin izahlı lüğəti"ni çap etdirib. Kitabda nəqliyyat yollarına, xüsusilə dəmir yolları və tunellər üçün ağır iqtisadi fəsadlar yetirən korroziya proseslərinin hərtərəfli öyrənilməsi və ona qarşı effektli mühafizə üsullarının tətbiqi sahəsində işlənən terminlərə yer verilib. Korroziya sahəsində çalışan mütəxəssislər, təhsil alan tələbələr üçün nəzərdə tutulmuş lüğətə 2280 termin daxil edilib.

Tağı Əhmədovun müəllifi olduğu əsərlər içərisində Azərbaycan xalqının Ümummilli lideri, ölkəmizin qurucusu Heydər Əliyev haqqında yazdığı kitablar xüsusilə seçilir. Müəllifin 2005-ci ildə "Adiloğlu" nəşriyyatında işıq üzü görən "O, bu cahana sığmadı" kitabını yazmaqda qarşısına qoyduğu məqsəd alidir. Ümumiyyətlə, Ulu öndərin həyat və fəaliyyətinə dair yazılmış kitablar Ona olan bəşəri məhəbbətin, ümumxalq ehtiramının ifadəsidir. Tağı müəllim əsərin mahiyyətini, qələmə alarkən məsuliyyətini oxucu ilə bölüşərkən qeyd edir ki, "tarixi şəxsiyyət və indiki nəslin müasiri olmuş bir dahi haqqında söz demək üçün özünə qarşı tələbkar olmalı, işlədilmiş hər bir ifadənin, cümlənin mahiyyətini dərk edərək istifadə etməlisən". Müəllif əsərdə Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycanın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, dövlətimizin bütün dünyada tanınması, elm və təhsilimizin, mədəniyyətimizin tərəqqisi, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə işıq salır.

Tağı Əhmədovun Ümummilli liderə həsr etdiyi digər kitabı 2013-cü ildə nəşr etdirdiyi "Şəxsiyyət" əsəridir. Ulu öndərin 90 illiyi münasibətilə qələmə aldığı kitabda Heydər Əliyev şəxsiyyətinin böyüklüyü o qədər koloritli verilib ki, yazarın sənətkarlıq keyfiyyətinə heyran olmamaq, Ümummilli liderin respublikamızın müasir tarixində yerini, Öz siyasi bacarığı, liderlik keyfiyyəti, idarəçilik təcrübəsi ilə ölkəmizin inkişafı naminə gördüyü işlərin mahiyyətini, Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsində, regionun lider dövlətinə çevrilməsində xidmətlərini bütün detalları ilə dərk etməmək mümkünsüzdür. Müəllif Ulu öndər Heydər Əliyevin simasında böyük şəxsiyyətlərin öz əməlləri ilə tarix yazdığını göstərib. T.Əhmədov əsərdə vurğulayıb ki, Ulu öndər Heydər Əliyev kimi şəxsiyyətin dövlətinin tərəqqisi, xalqının xoşbəxtliyi üçün gördüyü işlər Azərbaycanın taleyində həlledici rol oynayaraq ictimai hadisələrin axarını dəyişib.

Ümummilli lider haqqında Tağı Əhmədovun sonuncu işıq üzü görmüş əsəri isə "Qürur doğuran illər" kitabıdır. Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bu toplu Tağı müəllimin müxtəlif illərdə qələmə aldığı məqalələrdən ibarətdir.

Tağı müəllimin Ulu öndər Heydər Əliyevə həsr etdiyi əsərlərdə Ümummilli liderin ideyalarının təntənəsinin şahidi oluruq. O, bu ideyaların carçısı kimi mütəmadi olaraq auditoriyalarda tələbələr qarşısında, ictimaiyyət arasında çıxışları zamanı Ulu öndərin müəyyənləşdirdiyi dəyərləri təbliğ edir. Məhz onun Ümummilli lider Heydər Əliyevə olan sevgisi 1997-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına gətirib. T.Əhmədov 1997-ci ildən 2015-ci ilədək Yeni Azərbaycan Partiyasının (YAP) "H.Cavid 33a" (Bakı Metropoliteni) ərazi ilk partiya təşkilatının sədri, 1999-cu ildən YAP Yasamal rayon təşkilatının sədrinin I müavini, 2015-ci ildən bu günədək isə YAP Yasamal rayon təşkilatının sədri vəzifəsində çalışır. Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirən YAP Yasamal rayon təşkilatı Tağı Əhmədovun sədrlik etdiyi dövrdə öz sıralarına minlərlə yeni üzv qəbul edərək sayını 30 minə çatdırıb. Şübhəsiz, bütün bu uğurlar həm də Tağı müəllimin sədr kimi səmərəli fəaliyyətindən dövlətçiliyimiz və müstəqilliyimiz yolunda ziyalı kimi verdiyi töhfələrdən, ən əsası doğma partiyasına olan sevgidən irəli gəlir. Bunu Yeni Azərbaycan Partiyasına bəstələnən, sözləri Tağı Sadiqə məxsus "Yeni Azərbaycan Partiyası" musiqisində də duymaq olar. Bəli, Tağı müəllim ayrı-ayrı nəsr əsərlərinin müəllifi olsa da, o, cəmiyyətdə daha çox Sadiq təxəllüsü ilə şeirlər yazan nəğməkar şair kimi tanınır.

Deyirlər, poeziya gözəlliklə dolu sehrli bir aləmdir, şair isə onun nurlu günəşi. Tağının şair kimi günəşi isə 1965-ci ildən nur saçır. Elə bir nur ki, özündə ürəyi sevgi ilə döyünən hər kəsə pay var. Şairin ilk şeiri 1966-cı ildə "Qabaqcıl" qəzetində dərc olunub. Bu günədək qələmə aldığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən sevə-sevə ifa olunur, kliplər çəkilir. Məsələn, Prezident İlham Əliyevin ölkədə apardığı quruculuq işlərinin geniş vüsət almasından bəhs edən "İlham alıram" şeirinə Xalq artisti Zamiq Əliyev musiqi bəstələyib, Xalq artisti Mələkxanım Əyyubovanın ifasında rejissor Elnaz Əbluç klip çəkib. Bundan başqa, Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin", "Vurulmuşam", "Tarzən", "Ana" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.

Bu yaxınlarda T.Əhmədovun uzun illər yazıb-yaratdığı, bir-birindən maraqlı şeirlərdən ibarət "Bir ömrün işığı" adlı kitabı nəşr edilib. Kitabda əsasən çap olunmamış əsərlər əksini tapıb. Bundan başqa, kitabda Ramiz Mirişli, Tahir Əkbər, Zamiq Əliyev, Rauf Məmmədov kimi tanınmış bəstəkarların musiqi bəstələdiyi şeirlərə də yer verilib.

Tağı ilə ailəvi dost olduğum, onu yaxından tanıdığım üçün qələmindən çıxan şeirlərini oxuduqca, o şeirlərə bəstələnən mahnıları dinlədikcə əmin oluram ki, bu yaradıcılıq onun ömür-gün yoldaşı Salatın xanıma olan sevgi və hörmətdən qidalanır. Mənə görə, Tağı müəllim nəğməkar şair, tanınmış ictimai-siyasi xadim, qayğıkeş müəllim olmaqla yanaşı, həm də gözəl ailə başçısı, vətənə, millətə sədaqətlə xidmət edən iki oğulun atası, anasının adını daşıdığı Qəndabın, öz adıyla böyütdüyü Tağının, gələcəkdə söz əhli olmasını arzuladığı Sadiqin gülərüzlü babasıdır. Tağı Əhmədov ailəsinin xoşbəxtliyinin səbəbləri haqqında danışanda həmişə deyir ki, "...Xoşbəxtliyin çox şərtləri var. Birinci növbədə, əgər binanı tikəndə bünövrəni düz götürdünsə, o, axıracan düz gedəcək. Əgər haradasa bir əyinti elədinsə, mütləq əyiləcək və o bina yerlə yeksan olacaq. Ona görə ailədə də, ilkin olaraq, bünövrəni düz götürmək lazımdır".

Tağı müəllim övladları kimi nəvələrini də vətənə layiq, savadlı vətəndaş kimi böyütmək üçün əlindən gələni edir, onlarda təhsillə yanaşı, incəsənətə, ədəbiyyata maraq oyatmağa çalışır. Nəvəsi Qəndab Xalq artisti, opera müğənnisi Fidan Hacıyevanın tələbəsidir və hazırda musiqi təhsilini davam etdirir. Qəndab bala musiqi ilə yanaşı, ədəbiyyata da böyük maraq göstərir. Hüseyn Cavid yaradıcılığına hələ uşaq yaşlarından bələd olan Qəndabın ifasında "Qız məktəbində" şeirini, "İblis" pyesi və "Azər" poemasından parçaları dinləyəndə şairin əsərlərinə olan sevginin Tağı müəllimdən qaynaqlandığı aydın olur. Axı Tağı Sadiq ədəbiyyat cameəsində Hüseyn Cavid yaradıcılığına dərin məhəbbəti, dil, ifadə, ruh yaxınlığı ilə tanınır.

Şairin ailəsinin uzunömürlülüyü və möhkəmliyi milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, bu dəyərlərin təməlini qoyan Tağının atası Məhəmməd kişidən, anası Qəndab xanımdan qaynaqlanır. Mən həmişə övladın valideynlərə, xüsusilə anaya olan sevgisinə möcüzə kimi baxmışam. Tağının anası Qəndab xanıma olan sevgisi "Ana" adlı şeirində elə gözəlliklə əks olunub ki, bu möcüzəyə valeh olmamaq mümkünsüzdür. Şeirin sözlərinə Tahir Əkbərin bəstələdiyi eyni adlı musiqini Tağının nəvəsi Ayşən Mehdiyevanın ifasında ilk dəfə dinləyəndə anam gözümün önündə gəlib durdu.

 

Mənim ana nisgilim ürəyimdə qövr edir

Mənim ana qəhərim anasız qəlbi didir

O müqəddəs qüdsiyyət unudulmaz heç bir an

O pak, o saf ülviyyət.

 

Bu şeirin uğurlu alınması müqəddəs hisslərin tərənnümçüsü Tağı Sadiqin anasına olan məhəbbətdən irəli gəlir. Məncə, bu şeiri yazmaqla Tağı böyük bir ana obrazı yaradıb, bu müqəddəs varlığa sözdən heykəl ucaldıb.

Tağı Əhmədovun uzun illər qüsursuz əmək fəaliyyəti, dövlətimiz, xalqımız üçün gördüyü işlər, əldə etdiyi nailiyyətlər diqqətdən kənar qalmayıb, yüksək qiymətləndirilib. O, "Fəxri Dəmiryolçu" və "Bakı Metropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Azərbaycan Respublikasının Əməkdar mühəndisi" fəxri adı və nişanı ilə təltif edilib. Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü Tağı Əhmədov Bakı Metropolitenini dünya standartları səviyyəsinə çatdırdığı üçün "Qızıl Buta" müstəqil milli mükafatına, 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətləri və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medala layiq görülüb. İnanıram ki, bundan sonra da Tağı müəllim Vətənə, millətə ləyaqətlə xidmət edən əsl ziyalı kimi ictimai-siyasi, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar əldə edəcək.

Qərib Məmmədov, akademik

Iki sahil.- 26 yanvar.- S.4.