Azərbaycanın Formula 1 yüksəkliyi,
milli qürur hissi və Əli Kərimli kimilərin mədə
təfəkkürü
İyirmi beş il tarixi nöqteyi-nəzərdən
dövlət qurmaq üçün çox qısa bir
dövrdür. Geosiyasi və daxili proseslər sabit məcrada cərəyan
edirsə, milli dövlətin formalaşması
üçün bu müddət yetərli hesab oluna bilər,
lakin onun inkişafı daha çox zaman və güc tələb
edir. Əgər hər hansı bir xalq cəmi 25 ilə,
olduqca gərgin beynəlxalq və regional şəraitdə
sabit və milli birliyə söykənən vətəndaş
birliyi yarada bilibsə, güclü iqtisadiyyata, yüksək
beynəlxalq nüfuza malik, regionun siyasi, iqtisadi və humanitar
mərkəzinə çevrilən və qlobal proseslərdə
öz sözünü deməyə qadir müstəqil bir
dövlət qurmağı bacarıbsa, o xalq və həmin
xalqı təmsil edən iqtidar, həqiqətən də
böyük alqışa layiqdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan
Respublikası Prezidentinin İctimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanın
Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli
kimilərin mədə təfəkkürü” adlı məqaləsində
yer alıb.
Əli Həsənov məqaləsində daha
sonra yazır: “İndi heç kim üçün sirr deyil
ki, Azərbaycandakı bugünkü iqtidar xalqa söykənərək
özünü tam təmin edən, milli iradəsinə
söykənən, dayanıqlı və gündən-günə
inkişaf edən bir dövlət qurub. Bu mənada, biz
Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və
Prezident İlham Əliyevin idarəçiliyi dövründə
bütün mümkün yüksəklikləri fəth edən
Azərbaycanımızı təkcə Vətənimiz
olduğuna görə deyil, həm də, sözün əsl
mənasında, qüdrətli olduğuna görə sevirik.
Bizim gücümüz təkcə enerji
resurslarında, əlverişli coğrafiyada deyil, həm də
bütün bunları real gücə çevirən Prezident
İlham Əliyevin düzgün, milli maraqlara uyğun,
prinsipial və ardıcıl siyasətindədir. Bunu görmək
və başa düşmək üçün təbii sərvətlərlə
zəngin olub öz gələcəyini qura bilməyən bir
sıra ölkələrin nümunəsinə nəzər
salmaq kifayətdir. Buna görə də istər daxildə,
istərsə də xaricdə bəzi şəxslər və
təşkilatlar tərəfindən Azərbaycana və
mövcud hakimiyyətə qarşı irəli sürülən
ittihamlar hədəfsiz olur, səmimi səslənmir və təbii
ki, ictimaiyyət tərəfdən də qəbul olunmur.
Axı onlar iqtidarı nəyə görə tənqid
edirlər? Məsələn, AXCP sədri Əli Kərimli
öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə
Bakıda növbəti dəfə start götürəcək
Formula 1 yarışları “zülmdür”, kimlərinsə
pul qazanması, hakimiyyətin təbliği üçün
vasitədir. Sən demə, dünyada idman yarışları
sırasında populyarlığına görə
üçüncü sırada yerləşən Formula 1 səbəbindən
avtomobillərin şəhərin mərkəzində hərəkətinin
məhdudlaşdırılması insanların “əsəbini
tarıma çəkir”.
Təbii ki, bu, özünü siyasətçi
adlandıran, partiya rəhbəri hesab edən birisinə
yaraşmayan, olduqca qərəzli yanaşmadır. Çox təəssüf
ki, bəziləri müxalifətçilik missiyasının əsl
mahiyyətini başa düşmür və anlamırlar ki, cəmiyyətdəki
prosesləri, hadisələri yaxından izləmək
imkanına malik və siyasi cəhətdən kifayət qədər
yetkin olan vətəndaşlarımız davamlı şəkildə
bədbinlik aşılayan, hər şeyi qara rəngdə,
öz siyasi maraqlarına uyğun təsvir edən
insanların səmimiyyətinə inanmır.
Formula 1 onlarla ölkədə nümayiş
etdirilir, bütün dünyada 500 milyonluq izləyici
auditoriyasına malikdir. Deməli, yarım milyard insan Bakı
şəhərinin müasir görünüşünü
seyr edir, paytaxtımızla vizual tanış olur. Təbii ki,
ildən-ilə ölkəmizə gələn turistlərin
sayının artmasında bu yarışmanın böyük
payı var. Bundan başqa, Bakı Şəhər Halqası
Əməliyyat Şirkətində 113 daimi işçi
çalışır, yarışlar yaxınlaşdıqca
işə cəlb olunanların sayı artır və təxminən
min nəfəri ötür. Əminəm ki, yüksək əməkhaqqı
alan mindən çox insan, onların ailə üzvləri
heç də Əli Kərimlinin bədbin iddialarını
bölüşmürlər.
Eləcə də yarışmanı maraqla izləyən
on minlərlə vətəndaşımız da bu idman
bayramından böyük zövq alır və heç də
müvəqqəti tıxac haqqında düşünmür.
Statistika göstərir ki, 2018-ci ildə Formula 1 Azərbaycan
Qran-Prisində ümumilikdə 94 min tamaşaçı
iştirak edib. Müxalifətin əsəbi gərginliyini və
bu qədər sərt reaksiyasını başa düşmək
olar: bu rəqəm “Məhsul” stadionuna toplaşanların
sayından ən azı 30 dəfə çoxdur.
Formula 1 Azərbaycan Qran-Prisi
könüllülük hərəkatının
inkişafına mühüm töhfə verir, gənclərimizin
daxili potensialının açılması, onların öz
bacarıqlarını nümayiş etdirməsi
üçün əlverişli şərait yaradır. Yenə
də statistikaya əsasən, 2016-cı ildə bu
yarışlara 5 min, sonrakı illərdə isə 3 min
könüllü cəlb edilib. Sevindirici haldır ki, gənclərimiz
könüllülük hərəkatına böyük həvəslə
qoşulur və ötən 4 il ərzində
könüllü olmaq üçün müraciət edənlərin
sayı 50 min nəfəri ötüb.
Onu da qeyd etmək istərdim ki, Formula 1-i izləmək
üçün ölkəmizə gələn xarici turistlərin,
avtomobilsevərlərin sayında da ildən-ilə ciddi
artım müşahidə olunur. Builki yarışmanı izləmək
üçün 78 ölkədən avtoidman həvəskarı
Azərbaycana təşrif buyurub. Lakin bu, nisbi göstəricidir.
Qeyd etdiyimiz kimi, bütün dünyaya nümayiş etdirilən
Qran-Prinin milyonlarla izləyicisi Bakının gözəlliyini
seyr edir və onların bir qismi növbəti illərdə
ölkəmizə turist kimi gəlir.
2016-cı ildə ilk Formula 1-in şərtləri
açıqlananda müxalifət bu yarışmanın təşkilinə
50 milyon dollar sərf olunacağını ciddi tənqid etdi. Dərhal
riyazi hesablamalar aparıldı: bu pula neçə
qaçqının güzəranını
yaxşılaşdırmaq, neçə müəllimin
maaşını artırmaq, neçə aztəminatlı
ailəyə əlavə yardım vermək olar və s. Təbii
ki, istənilən siyasi qüvvə, siyasətçi
xalqın güzəranı, ayrı-ayrı təbəqələrin
ehtiyaclarının daha yaxşı ödənilməsinin
yollarını axtarmalı və bu məsələdə
öz mövqeyini bildirməlidir. Lakin öz siyasi
maraqlarına uyğun yox, obyektiv, qərəzsiz, olduğu
kimi.
“PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit
şirkətinin 2017-ci ilin sonlarında apardığı
müstəqil araşdırmanın nəticələrinə
görə, Bakıda keçirilmiş ilk iki Formula 1
yarışı ölkə iqtisadiyyatına ümumilikdə
277.3 milyon dollar gəlir gətirib. Yəni,
yarışların iki ilinə yatırılan 100 milyon dollar
iki dəfədən çox qazanc verib. O da bəllidir ki, əsas
xərclər - müvafıq avadanlıqların
alınması, bu və ya digər infrastruktur qurğuların
quraşdırılması yarışın ilk ilində həyata
keçirilir, sonrakı illərdə xərclər get-gedə
azalır. Deməli, bu və növbəti illərdə qalan
qazanc daha da çox olacaq.
Formula 1 həm də dövlətin nüfuzunun,
prestijinin göstəricisi, qürur mənbəyidir.
Dünyada bu miqyasda tədbirlərə ev sahibliyi edə biləcək
dövlətlərin sayı heç də çox deyil. Bunun
üçün lazımi infrastruktura, çevik qərarlar qəbul
edib həyata keçirmək əzminə, təhlükəsizliyi
təmin etmək qüdrətinə malik olmaq gərəkdir.
Azərbaycan isə Avropa Oyunlarının keçirildiyi ilk
ölkə olmaqla, IV İslam Həmrəyliyi Oyunlarına,
çoxsaylı müxtəlif idman növləri ilə
bağlı beynəlxalq yarışlara ard-arda ev sahibliyi etməklə
kifayət qədər böyük kütləvi tədbirləri
təşkil etməyə, təhlükəsiz şəraitdə
keçirməyə hazır olduğunu nümayiş etdirib.
Formula 1 yarışının rəhbərliyindəki
dəyişikliklər zamanı aparılmış təhlillər
də göstərdi ki, Azərbaycan paytaxtı bu
yarışların keçirilməsi üçün ən
münasib məkanlardan biridir. Beləliklə,
sadaladığımız faktlar da göstərir ki, Formula 1
Azərbaycanın dünyada təbliği, insanların işlə
təmin olunması, gənclərin ictimai faydalı fəaliyyətə
cəlb edilməsi, ölkəyə turist axınının
güclənməsi, ən əsası isə, ölkənin
iqtisadi mənafeyi baxımından olduqca faydalı tədbirdir.
Buna görə də istər hakimiyyət, istərsə də
bütövlükdə cəmiyyət tıxaca allergiyası
olan bir-iki siyasi cığalın iddialarını qəbul
etmir və etməyəcək də.
Hamınızı bu gözəl idman
yarışını seyr etməyə dəvət edirəm”.
İki sahil.- 2019.- 24
aprel.- S.4.