AMEA Naxçıvan Bölməsinin Əlyazmalar
Fonduna 22 əlyazma və kitab hədiyyə
olunub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi
tərəfindən qədim
tarixə malik 22 əlyazma və kitab AMEA Naxçıvan Bölməsinin Əlyazmalar
Fonduna hədiyyə olunub. Qədim əlyazma və kitablar Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət
işçisi Akif Hacıyev tərəfindən
təqdim edilib.
AZƏRTAC-ın
Naxçıvan bürosu
xəbər verir ki, bu münasibətlə
keçirilən tədbirdə
AMEA Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyev çıxış edərək
qədim əlyazma və kitabların araşdırılaraq üzə
çıxarılması istiqamətində
həyata keçirilən
tədbirlərin
əhəmiyyətini vurğulayıb.
O deyib ki, qədim əlyazma və kitabların Əlyazmalar Fonduna hədiyyə edilməsi ənənəyə çevrilib.
Bu, dördüncü
təqdimatdır. Əlyazmalar
Fondunda bu gün 400-dən çox qədim əlyazma və kitab var.
Akademik bildirib
ki, əlyazma və kitablar əsrlərboyu İslam coğrafiyasının müxtəlif
ölkələrinə yayılıb
və əldən-ələ
keçib. Bu gün təqdim olunan kitablar arasında dərslik, tanınmış insanların
həyatı ilə bağlı kitablar, şairlərin əsərləri
var. Bunlardan 2-si əlyazma, 20-si isə çap kitabıdır.
Tədbirdə mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək
bildirib ki, əlyazma kitabları insan zəkasının inciləridir. Hər bir əlyazma kitabı onu oxuyan alim və
tədqiqatçının diqqətini cəlb edir. Natəvan Qədimova Mədəniyyət
Nazirliyi adından kitabları təqdim edən Azərbaycan Respublikasının Əməkdar
mədəniyyət işçisi
Akif Hacıyevə təşəkkürünü bildirib.
Nazir çıxışının
sonunda mədəniyyətimizə,
tariximizə göstərdiyi
böyük diqqət
və qayğıya görə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını
bildirib.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar
Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov həmin kitablar haqqında ətraflı məlumat verərək deyib ki, təqdim
olunan kitablar arasında Fərhad Ağazadənin “Ədəbiyyat
məcmuəsi”, M.Ə.Sabirin
“Hophopnamə”si, Əbu
Nəsr Fərahinin “Nisabüs-sibyan” kitabları,
“İran şahlarının
tarixi”, “Astronomiya və coğrafiya məlumatları” xüsusilə
maraq doğurur.
Sonda hədiyyə
edilən kitablara baxış olub.
Iki sahil.-
2019.- 30 aprel.- S.15