Musiqi ilə idmanın vəhdəti: milli-mənəvi dəyərlərə
bağlılıq
Ölkəmizdə eyni zamanda keçirilən XV Avropa
Gənclər Yay Olimpiya
Festivalı, “Jara-2019” Beynəlxalq Musiqi
Festivalı, Gədəbəydə baş
tutan Milli Yaylaq Festivalı Azərbaycanın dünya ictimaiyyətinə daha
bir həmrəylik
çağırışı oldu
XV Avropa Gənclər Yay Olimpiya Festivalı və eyni vaxtda keçirilən, az müddətdə təşkil olunmasına baxmayaraq maraqla qarşılanan “Jara” musiqi bayramına ev sahibliyi edən Azərbaycan bu sevinci sayı milyonlarla ölçülən tamaşaçı auditoriyası ilə birgə yaşadı. Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı isə zəngin təbiətə, əsrarəngiz gözəlliyə malik ölkəmizin tarixinin təbliği baxımından da böyük önəm daşıdı.
“Eurovision- 2012” beynəlxalq mahnı müsabiqəsinə, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə milliyyəti, dini ayrı insanları bir araya gətirən Azərbaycan sivilizasiyalar diyarı, zəngin milli-mənəvi dəyərlərə malik olduğunu, eyni zamanda idman ölkəsi kimi tanındığını qazandığı təşkilatçılıq məharəti, təcrübəsi ilə təsdiqlədi.
Standartları Azərbaycanda yazılan Birinci Avropa Oyunlarını mütəşəkkil, Olimpiya oyunları səviyyəsində təşkil etməklə idman ölkəsi kimi tanınan, idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda 56 medal qazanaraq ikinci yerdə dayanan Azərbaycan idmançıları böyük ustalıq nümunəsi göstərdilər.
İdman uğurlarımızda xüsusi yer tutan, 200-dən çox ölkənin iştirak etdiyi Rio Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunan, 18 medal qazanan gənclərimiz Azərbaycanın idman salnaməsinə yeni səhifələr yazdılar. Bu göstəriciyə görə Azərbaycanın adı yarışlarda iştirak edən ölkələr arasında ilk sıralarda çəkildi. Bir neçə ildir ki, ardıcıl olaraq paytaxtımızda Formula-1 yarışlarının təşkili ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyət kəsb edir. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışların bütün qitələrdə maraqla izlənilməsi Azərbaycanın dünyaya təqdimatı baxımından da əhəmiyyətlidir. Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadası Azərbaycanı dünyada qüdrətli, eyni zamanda, ən müasir infrastruktura, ən gözəl xidmət sahələrinə malik, təhlükəsizliyi təmin olunan ölkə kimi tanındı.
Azərbaycanda idmana göstərilən diqqətin növbəti təqdimatı IV İslam Həmrəyliyi Oyunları oldu. Təmsil olunan ölkələrin və iştirakçıların sayına görə əvvəlki yarışlardan fərqlənən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan bu baxımdan da diqqəti cəlb etdi. Prezident İlham Əliyevin idmana, gənclərin fiziki tərbiyəsinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi 54 ölkənin iştirak etdiyi yarışlarda qazanılan 75 qızıl, 50 gümüş, 37 bürünc medal çəkilən zəhmətin, fədakarlığın bəhrəsi idi. Bütün dünya ictimaiyyəti İslami dəyərlərin insanlara həmrəylik, bərabərlik bəxş etdiyinin şahidi oldu. İslamiada çərçivəsində 16 idman arenasında təşkil olunan yarışlarda Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı. Minskdə keçirilən II Avropa Oyunlarında ilk onluqda yer alan milli komandamız 5 qızıl, 10 gümüş, 13 bürünc medal qazanmaqla idman tariximizə yeni səhifələr yazdı.
Yenicə başa çatan, “Zirvələrə hazırıq” devizi altında keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında da Azərbaycan idmançıları əsl ustalıq nümunəsi göstərdilər. 48 ölkədən 3900 atlet idmanın 10 növü üzrə yarışlarda iştirak edərək Olimpiya hərəkatı ideyasına sadiqlik rəmzi olan dostluq, həmrəylik nümunəsi göstərdilər. Qaliblər üçün nəzərdə tutulan medallar uğrunda yarışlarda Azərbaycanı təmsil edən 122 idmançı azarkeşlərinə sevincli anlar yaşatdılar. 23 medalla 48 ölkə arasında dördüncü yerdə qərarlaşan Azərbaycan millisi ölkəmizin idman tarixinə yeni qələbələr yazdı.
Yarışların təşkili ilə bağlı keçirilən mətbuat konfransındakı çıxışında “Bakı bizim üçün çox gözəl təcrübə oldu” söyləyən Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard könüllülərin fəallığını yüksək qiymətləndirdi. Avropa Oyunları Komitələrinin Əlaqələndirmə Komissiyasının sədri Corce Visaçki yüksəksəviyyəli təşkilatçılığa görə dövlətimizə minnətdarlığını bildirdi: “Buradan xoş təəssüratla ayrılırıq. Burada olan mütəxəssislər Azərbaycanı idman tədbirlərinin ən yüksək pilləsinə qoydular. Gələcəkdə də burada böyük idman tədbirlərinin keçirilməsinə dəstək verəcəyik.”
Ölkəmizlə tanışlıqdan, burada idmana göstərilən qayğıdan məmnunluqla danışan avropalı idmançılar da respublikamızdan xoş təəssüratla ayrıldıqlarını müsahibələrində bəyan etdilər.
Azərbaycanın görməli yerlərini, paytaxtımıza gözəllik, yaraşıq verən tarixi abidələri, parkları, istirahət guşələrini meqapolislərlə eyni şəviyyədə qiymətləndirən “Jara-2019” Beynəlxalq Musiqi Festivalının iştirakçıları da ənənəvi olaraq keçirilən müsiqi festivalını həmrəylik bayramı adlandırdılar. Festivalın fəxri qonaqlarından olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın aparıcının “ Sizcə festivalın ruhu nədədir” sualına cavabı dörd gün davam edən festivalın ümumi əhval-ruhiyyəsinin ifadəsi idi: “Əlbəttə ki, insanlardadır, sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır.”
Pərəstişkarlarına əsl bayram sevinci yaşadan dünyaca məşhur ifaçılar hər il olduğu kimi, yenə də Azərbaycan xalqının qonaqpərvərliyindən, milli mətbəximizin zənginliyindən, mavi Xəzərin insanlara rahatlıq bəxş edən gözəlliyindən razılıqlarını ifadə etdilər. Bir çox tədbirlərə ilk olaraq imza atan Azərbaycan bu musiqi festivalının coğrafiyasının genişlənməsində qazandığı təcrübə ilə liderliyini göstərdi.
Təşkilatçıları Azərbaycanın Xalq artisti, bəstəkar və müğənni Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammafon” mükafatının təsisçisi Sergey Kojevnikovun olduğu “Jara” gələn il 5 yaşını Dubayda qeyd edəcək. Sonrakı ünvanlar isə Almaniya, Amerika, Belarusdur.
XV Avropa Gənclər Yay Olimpiya Festivalı və “Jara-2019” musiqi ilə idmanın vəhdətini təşkil etdi, müxtəlif xalqların nümayəndələrinin birlik və həmrəylik nümunəsi oldu.
Xuraman İsmayılqızı
İki sahil.-
2019.-1 avqust.- S.10.