Xəzər İqtisadi Forumu: perspektivli
yeni əməkdaşlıq formatı
Xəzər hövzəsinin qlobal geosiyasət
üçün əhəmiyyəti haqqında ekspertlərin
fikirləri mövcuddur. Bu məkanda hövzənin
təhlükəsizliyi ilə paralel olaraq əməkdaşlıq
məsələsinin də həllinin vacibliyi
vurğulanır. 2018-ci ildə Xəzərin hüquqi statusu
ilə bağlı sənədlər qəbul ediləndən
sonra qarşılıqlı faydalı əməkdaşlıq
imkanları da artdı. Həmin aspektdə Xəzər
İqtisadi Forumu bir əməkdaşlıq formatı kimi maraq
doğurur. Türkmənistanda keçirilən Birinci
İqtisadi Forumda Xəzəryanı ölkələrin
yüksəksəviyyəli təmsilçiləri ilə
yanaşı, bir sıra dövlətlərdən qonaqlar da
iştirak ediblər. Bu onu göstərir ki, belə əməkdaşlıq
formatı qlobal səviyyədə ciddi dəstək qazana bilər.
Forumda səsləndirilən fikirlərin prizmasından bu tezis
kifayət qədər inandırıcı görünür.
Həmin çərçivədə Xəzər İqtisadi
Forumunun geosiyasi, iqtisadi və təhlükəsizliyin təmini
aspektlərində təhlili üzərində geniş
dayanmaq istərdik.
Qlobal təhlükəsizlik və regional
inteqrasiya: qarşılıqlı əlaqələr
Regional inteqrasiya müasir tarixi mərhələdə
qlobal təhlükəsizliyin mühüm elementlərindən
biri kimi qəbul edilir. Dünya qloballaşdıqca onun
altsistemləri olan müxtəlif regionlarda dayanıqlı
inkişafı, sabitliyi və təhlükəsizliyi təmin
edən proseslərin təşviqinə də ehtiyac artır.
Məlumdur ki, Xəzər hövzəsi bir sıra səbəblərdən
dünya üçün böyük əhəmiyyətə
malikdir. Xəzər regionu siyasi, geosiyasi, iqtisadi, enerji və mədəni
faktorlara görə, əsrlərdir ki, diqqət mərkəzində
olub. XXI əsrin başlanğıcında isə Xəzər
hövzəsinin əhəmiyyəti daha da artıb.
Onun üç mühüm aspekti vardır. Birincisi, Xəzər
regionu enerji ehtiyatları ilə zəngindir. Hətta o dərəcədə
ki, dünyanın enerji təhlükəsizliyinə çox
ciddi təsir göstərir. İkincisi,
çağdaş geosiyasi gerçəklik ondan ibarətdir
ki, böyük güclər Xəzər uğrunda aktiv
mübarizə aparırlar. Üçüncüsü,
Xəzəryanı müstəqil dövlətlərin əməkdaşlıq
modelinin hüquqi əsası yeni formalaşır. Bu üç faktor Xəzər məsələsini
bir çox aspektlərdə həm ekspertlər, həm siyasilər,
həm də işgüzar dairələr üçün
olduqca əhəmiyyətli edir.
Qeyd etdiyimiz məqamların işığında Xəzər
İqtisadi Forumunun müxtəlif aspektlərdə əhəmiyyəti
aydın görünür. Birinci forum avqustun
12-13-də Türkmənistanda baş tutub. Forumda Azərbaycanın
Baş Naziri Novruz Məmmədov, Rusiyanın Baş Naziri
Dmitri Medvedev, İran İslam Respublikasının Birinci
vitse-prezidenti Eshaq Cahangiri, Qazaxıstanın Baş Naziri Askar
Mamin iştirak ediblər. Qonaq qismində isə
Bolqarıstanı Baş Nazir Boyko Borisov və Özbəkistanı
Baş Nazir Abdulla Aripovun başçılıq etdikləri
nümayəndə heyətləri təmsil ediblər. Bunlarla yanaşı, tədbirə Xəzər
regionunun bank və biznes sektorunun nümayəndələri, tədqiqatçılar
və iqtisadiyyatın inkişafı ilə məşğul
olan şirkətlərin rəhbərləri də
qatılıblar.
Birinci Xəzər İqtisadi Forumunda müzakirəyə
müxtəlif məsələlər
çıxarılıb. Onların
sırasında ticarət və iqtisadi əlaqələrin
inkişafı, əsasən də böyük layihələr
üçün şəraitin yaradılması, Xəzər
regionunun iqtisadiyyatının qlobal rolu kimi strateji əhəmiyyətli
məsələlər də olub. Həmin
bağlılıqda Xəzəryanı dövlətlərin
qarşılıqlı maraq kəsb edən sahələrdə
(məsələn, neft və qaz, elektrik enerjisi, nəqliyyat,
ticarət, kənd təsərrüfatı, turizm və s.
sferalar üzrə) investisiya cəlbediciliyi müzakirə
olunub.
Bunlardan başqa, forum çərçivəsində
beynəlxalq konfrans və sərgi təşkil edilib, biznes
adamlarının görüşü olub. Deməli,
faktiki olaraq, Xəzər İqtisadi Forumu tam formatda ciddi
müzakirələrin aparıldığı tədbir kimi təşkil
edilib. Bu, iştirakçı dövlətlərin
həmin istiqamətdə qarşıya qoyulan məqsədlərə
ciddi yanaşdıqlarını və onun perspektivinə
inandıqlarını göstərir. Həmin
tezisi Xəzər hövzəsində əməkdaşlıq
məsələsinə ümumi yanaşmanı ifadə edən
və forumda səslənən fikirlərin məzmunu da təsdiq
edir.
Birinci Xəzər İqtisadi Forumunun
açılışında çıxış edən
Rusiya Federasiyasının Baş Naziri Dmitri Medvedev həmin
bağlılıqda maraqlı fikirlər səsləndirib. O vurğulayıb ki, forumun
xüsusi bir vəzifəsi mövcuddur. Bu aspektdə
"Xəzər beşliyi çərçivəsində
yüksək səviyyəli əməkdaşlıq sisteminin
işgüzar və ticarət-iqtisadi qarşılıqlı
fəaliyyətin effektiv və müasir mexanizmi ilə
tamamlanması, mühüm siyasi qərarların konkret
qarşılıqlı faydalı layihələrlə
gücləndirilməsi" xüsusi əhəmiyyət kəs
edir.
Fikirlərinə davam edən D.Medvedev Xəzərin
hüquqi statusu haqqında konvensiyanın imzalanmasını Xəzəryanı
ölkələrin qarşılıqlı qərarlarının
həll edilməsi üçün əsas faktorlardan biri kimi
qiymətləndirib. Neft və qaz isə Xəzəryanı
ölkələr üçün geostrateji əməkdaşlığın
ən mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, Rusiyanın Baş Naziri
"müasir iqtisadiyyatda təkcə neft və qaz hasilatı
ilə kifayətlənməməyi, rəqəmsal texnologiya, əmtəə
və xidmətlərin sərbəst hərəkətinin,
xalis energetika, rasional təbiətdən istifadənin əhəmiyyətini"
ayrıca vurğulayıb. Eyni zamanda, Xəzəryanı
dövlətlər bu tendensiyalardan kənarda
qalmamalıdırlar.
Azərbaycan
və Xəzəryanı dövlətlər: yeni səviyyədə
əməkdaşlığa doğru
Vurğulanan fikirlərin işığında Azərbaycan
Respublikasının Baş Naziri Novruz Məmmədovun Xəzər
İqtisadi Forumundakı çıxışında ifadə
etdiyi fikirlər olduqca maraqlıdır. Novruz Məmmədov
vurğulayıb ki, "Azərbaycan Birinci Xəzər
İqtisadi Forumunun keçirilməsi təşəbbüsünü
alqışlayır. ...Bu forum Xəzəryanı ölkələr
arasında əməkdaşlığın fəallaşdırılmasının
yeni formatı olacaq".
Bu tezis Azərbaycan rəhbərliyinin regional əməkdaşlığa
yanaşmasının məntiqinə, məzmununa və məqsədlərinə
tam uyğundur.
Rəsmi Bakı göstərir ki, Xəzər
İqtisadi Forumuna davamlı, qarşılıqlı
faydalı, perspektivli və uzunmüddətli əməkdaşlıq
formatı kimi yanaşır. Bu, həm Azərbaycan
hakimiyyətinin Xəzəryanı dövlətlərin əməkdaşlığında
çox maraqlı olduğunu, həm də ciddi siyasi iradə
ilə bu prosesdə iştirak etmək əzmində
olduğunu əks etdirir. Bir sözlə,
Azərbaycan mahiyyətcə sülhsevər, demokratik, əməkdaşlığa
tam açıq olan dövlətdir.
Azərbaycanın Baş Naziri fikirlərinə davam edərək,
2018-ci ildə Xəzər dənizinin hüquqi statusu
haqqında Konvensiyanın imzalanmasından sonra Xəzər
regionunun iqtisadi inkişafı məsələsinin daha da
aktuallaşdığını vurğulayıb. Xəzər
İqtisadi Forumu həmin kontekstdə böyük əhəmiyyət
kəsb edir. Forum ticarət, nəqliyyat,
investisiya və turizm sahələrində əməkdaşlığa
əlavə təkan verəcək. Bu
baxımdan forum çərçivəsində Xəzər
İnnovasiya Texnologiyaları Sərgisinin keçirilməsi də
mühüm hadisədir. Çünki
"...belə sərgilərin keçirilməsi Xəzəryanı
ölkələrin biznes dairələri arasında
qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə
və regionda informasiya kontentinin yaxşılaşmasına
şərait yaradacaq, sahibkarlar arasında bilavasitə
görüşlərin keçirilməsi isə regionun
ümumən firavanlaşması işində mühüm rol
oynayacaq".
Novruz Məmmədov tədbir
iştirakçılarının diqqətinə mühüm
bir məqamı da çatdırıb. Baş Nazir Azərbaycanın
Xəzəryanı dövlətlərin də daxil olduğu
proqramların, müxtəlif xarakterli transmilli layihələrin,
logistik xidmətlərin həyata keçirilməsində fəal
iştirak etdiyini qeyd edib. Konkret olaraq, "2019-cu ilin birinci
yarısında Xəzəryanı dövlətlərlə Azərbaycanın
ticarət dövriyyəsi əvvəlki ilin müvafiq göstəriciləri
ilə müqayisədə 28 faizdən çox artıb. Eyni
dövrdə ölkəmizin xarici ticarət dövriyyəsində
Xəzəryanı dövlətlərin payı 11 faizdən
çox olub".
Bu xüsusda Novruz Məmmədov beynəlxalq və
regional nəqliyyat dəhlizlərinin inkişafının təmin
edilməsinin region iqtisadiyyatının effektivliyinin
artırılmasında mühüm rol
oynadığını da ifadə edib. O cümlədən
"nəqliyyat, infrastruktur və logistika sahələrində
birgə layihələr dövlətlərimizin iqtisadi
imkanlarını genişləndirir, onların əhəmiyyətini
artırır".
Azərbaycan "Şərq-Qərb" və
"Şimal-Cənub" beynəlxalq layihələrinin həyata
keçirilməsi çərçivəsində çox fəal
əməkdaşlıq edir. Məsələn, "2018-ci ildə
"Şərq-Qərb" marşrutu üzrə ölkəmizin
ərazisindən keçməklə, ümumi çəkisi
9 milyon tondan çox olan tranzit yüklər
daşınıb. Qeyri-neft məhsullarının tranzitində
daha güclü artım müşahidə olunub. Bu artım
49 faizə bərabərdir. "Şimal-Cənub"
marşrutu üzrə yüklərin tranzitinin həcmində
8 dəfə artım qeydə alınıb. Bu rəqəmlər
bir daha göstərir ki, tranzit yolların genişlənməsi
davam edir, ticarət dövriyyəsi artır, bu da son nəticədə
bütövlükdə regionun firavanlaşmasına doğru
aparır".
Beləliklə, Xəzər İqtisadi Forumu
çox ciddi əhəmiyyəti olan əməkdaşlıq
formatıdır. Və Azərbaycan bu kimi addımlara yüksək
qiymət verir. Eyni zamanda, ölkə rəhbərliyi həmin
istiqamətdə fəal addımlar atır, qarşılıqlı
hörmətə və etimada əsaslanan hər bir əməkdaşlıq
formatına tam açıqdır. Bu kontekstdə Azərbaycanın
kifayət qədər təcrübəsi və
hazırlığı mövcuddur. Baş Nazir Novruz Məmmədovun
Birinci Xəzər İqtisadi Forumundakı
çıxışı da bunu təsdiq edən
faktlardandır.
İki sahil.- 2019.- 17
avqust.- S.6