Azərbaycan balı dünya bazarında
Son
illər arıçılıq sahəsinə artan dövlət qayğısı məhsul
istehsalının yüksəlməsinə ciddi təsir
göstərib. Nəticədə bu sahədə məhsul bolluğu yaranıb və ixrac imkanları artıb.
Artıq Azərbaycanın
arıçılıq məhsulları
dünya bazarında öz yerini genişləndirməkdədir. Məlumdur ki, bu məhsullar xarici ölkələrin bazarlarında alıcılar
tərəfindən bəyənilir
və həvəslə
alınır. Azərbaycanın
bal istehsalçıları
hazırda ərəb
ölkələrinə bal
ixracı ilə bağlı intensiv danışıqlar aparırlar.
Qısa müddətdə Birləşmiş Ərəb
Əmirliklərinin Dubay
şəhəri və
İordaniyanın bir neçə şirkəti
ilə əlaqə yaranıb.Dubaya hələlik
az miqdarda sınaq üçün nümunələr göndərilib.
İordaniya ilə danışıqlar səməsini
verib və oradakı şirkətlərin
təmsilçiləri artıq
Azərbaycandan 50 tona yaxın balın alınmasına dair niyyətlərini bildiriblər.
Fərəhli faktdır ki, bu il də
arıçılıqda bol
məhsul əldə olunub. Cari ilin yeddi ayında Azərbaycanda 6 min ton bal
istehsal edilib.
Bu sahədə ən yüksək göstərici Şəki-Zaqatala
bölgəsinə aiddir.
Amma ümumiyyətlə, bütün
bölgələr üzrə
göstərici yaxşıdır.
Arıçıllığın inkişafı üçün
subsidiyaların verilməsi
və fermerlərdə
maraq yaradılması,
ümumiyyətlə, dövlətin
bu sahəyə artan diqqəti arıçılıqla məşğul
olanların sayını
artırıb, eyni zamanda istehsalın genişlənməsinə müsbət
təsir göstərib,
arı ailələrinin
sayı sürətlə
artmağa başlayıb.
Rəqəmlər göstərir ki, cari ildə keçən ildəkindən
iki min tondan çox arıçılıq
məhsulları istehsal
olunub. Dövlət Statistika Komitəsinın məlumatına
görə, 2018-ci ildə
ölkədə 30 474 təsərrüfatda
mövcud olan 501 min arı ailəsindən 4
993,9 ton bal, 98,6 ton mum, 9,9 ton bərəmum, 7,7 ton güləm
və 400,8 kiloqram arı südü əldə olunub. Balın 1 kiloqramının
orta satış qiyməti 20,6 manat, mumun 14,2 manat, vərəmumun 118,4 manat, güləmin 71,1 manat, arı südünün 1
qramının orta satış qiyməti isə 4,6 manat təşkil edib.
Məlumdur ki, bal və digər arıçılıq məhsullarından
ərzaq kimi istifadə ounmaqla bərabər onlardan tibbdə dərman kimi də istifadə
edilir.
Sevindirici haldır ki, Azərbaycan balı
öz yüksək keyfiyyəti ilə digər ölkələrin
məhsullarından xeyli
fərqlənir. Dağlarımızdakı çəmənliklərin və
meşələrin ağaclarının
çiçəklərindən çəkilən balın
keyfiyyəti yüksək
olur. Keyfiyyət isə ölkəmizdəki
iqlim qurşaqları ilə bağlıdır.
Daşkəsən, Göygöl,
Lerik, Lənkəran, Yardımlı, Şəki,
Zaqatala, Oğuz, Balakən, Qəbələ
rayonlarındakı meşələr
arıçılıq təsərrüfatları
üçün keyfiyyətli
bal mənbəyidir.
Arıçılar yaz
gələndə öz
arıxanalarını bu
yerlərdəki çiçəkli
çəmənliklərə və meşələrə,
qışda isə isti
yerlərə köçürürlər.
Onu da qeyd etmək lazımdır ki, arıların cins tərkibini daha da yaxşılaşdırmaq, bununla
da məhsuldarlığı daha da yüksəltmək
məqsədi ilə hazırda ölkəmizin arıxanalarda məqsədyönlü
işlər aparılır.
Vəli İlyasov
Iki sahil.-
2019.- 21 avqust.-
S.14