Tarix, ədəbiyyat, dil
və dinimizə bağlılıq nümunəsi
“Azərbaycan çox zəngin mədəni irsə malik olan bir
ölkədir” söyləyən
dövlətimizin başçısı
İlham Əliyev bildirir ki, mədəni irsimiz dövlət tərəfindən, həmçinin
beynəlxalq təşkilatlar
tərəfindən qorunur.
Uzun illər başqa ölkələrin
tərkibində yaşamağımıza
baxmayaraq milli xüsusiyyətlərimizi,
mənliyimizi qoruya bilmişik, milli identifikasiyamızı itirməmişik.
Bunun başlıca səbəbi mədəniyyətdir.
Ölkə Prezidenti, eyni zamanda, bildirir
ki, milli dəyərlərimiz ümumbəşəri dəyərlər
əsasında qurulub.
Mənəvi dəyərlərimizin inkişafı,
qorunması üçün
ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti
var. Muğam həm ədəbiyyat, həm musiqi, həm də Azərbaycan dilinin saflığını qoruyan
sənətdir. Dövlətimizin başçısı İlham
Əliyev məhz bu kimi məsələləri
önə çəkərək Azərbaycan dilinin saflığının
qorunması ilə bağlı Fərman imzalamışdır. Əbəs yerə deyilmir ki, keçmişini sevən, bu günü ilə qürur duyan, gələcəyə
böyük ümidlərlə baxan xalq hər zaman
tarixin sərt sınaqlarından üzüağ
çıxar, milli varlığını, mövcudluğunu
qoruyar.
Dünya sivilizasiyası xəzinəsinə
böyük töhfələr
verən Azərbaycanın
bu il UNESCO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyasına ev
sahibliyi etməsi barədə qərarın qəbul olunmasında da milli mənəvi dəyərlərinə, tarixi-mədəni
irsinə bağlılığı
əsas yer tutur. Bu mühüm qərar,
həmçinin
beynəlxalq əməkdaşlığa
söykənən, elm,
mədəniyyət və
təhsil yolu ilə dünyanın sülh və təhlükəsizliyini qorumaq
məqsədi ilə yaradılan UNESCO ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin təhlilində də əhəmiyyətli
rol oynayır.
Tarixə söykənərək,
inkaredilməz olan bu reallıq da önə çəkilir ki, bir millətin, xalqın dəyərlərinin,
dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə,
milli köklərimizlə, milli mənəvi ənənələrimizlə,
böyük tariximizlə
fəxr edə bilərik” söyləyən
ulu öndər Heydər Əliyev daim bu çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli mənəvi dəyərlərimizi
unutmamalı,
tariximizi, ana dilimizi bilməli və qorumalıdır. Bir əsas məqamı da qeyd edək
ki, ulu öndər
Heydər Əliyev Azərbaycan xalqının
tarixi keçmişində,
mənəvi mədəniyyəti
tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə
çevrilməsinin xalqın
milli varlığına,
milli duyğularının
güclənməsinə son
dərəcə müsbət təsirini
xüsusi vurğulayaraq, Bakının ən görkəmli yerlərində xalqımızın
milli varlığının
daşıyıcısı olan böyük insanların əzəmətli
heykəlləri ucaldılmış,
böyük tarixi şəxsiyyətlərin hər
biri üçün bir mədəniyyət mərkəzinə
çevrilən ev-muzeyləri
yaradılmışdır. Son 15 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi atılan davamlı addımlardan daha aydın görünür. Təkcə
son iki ilə
diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin
Sərəncamı ilə
2018-ci ilin ölkəmizdə
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi haqqında” Sərəncamı,
“Azərbaycan dilinin saflığının qorunması
və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında” Fərmanı, 2019-cu ilin “Nəsimi İli” elan edilməsi və s. kimi biri-birindən önəmli
addımlar zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə,
milli mənəvi dəyərlərimizə sahib
olmağımızdan irəli
gəlir.
Azərbaycan mədəniyyətinin, milli mənəvi sərvətlərinin qorunub saxlanılmasında, həmçinin
Azərbaycan-UNESCO əlaqələrinin
inkişafında böyük
xidmətləri olan Heydər Əliyev Fondunun da proqram və layihələri diqqəti cəlb edir. Beynəlxalq səviyyəli dialoqlarda
iştirakı ilə bəşəri
dəyərlərə sadiqliyini, Azərbaycanın
dünya mədəniyyətinin
bir parçası olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa
hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər
bir quruma - istər dövlət, istər qeyri-dövlət
qurumuna, - bizimlə birgə, əməkdaşlıq
yaradan beynəlxalq təşkilatlara dərin
minnətdarlığımı çatdırıram” söyləyərək, hər bir uğurun əsasında yüksək məsuliyyət
hissinin dayandığını
bildirir. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini
nəzərə alan ölkə Prezidenti İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı -
“Heydər Əliyev
mükafatı” ilə
təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri
milli ruha əsaslanır:
“Modernləşmə, müasirləşmə, dünya
birliyinə inteqrasiya,
Azərbaycanın milli
maraqlarının müdafiə
edilməsi, Azərbaycanın
olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə
düşür.” Bunu
da xüsusi qeyd etməliyik ki, milli sərvətimiz
olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz
Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın
şəxsi təşəbbüsü
nəticəsində mümkün
olmuşdur. Həmçinin aşıq sənətinin,
Novruz bayramının,
İçərişəhərin, tar ifaçılığı
sənətinin UNESCO-nun
nadir, şah əsərləri sırasına
daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın
davamlılığına işıq
salır. Bir sözlə, bu əməkdaşlıq Azərbaycanın
sərvətlərinin beynəlxalq
məkanda dəyərləndirilməsində
bir körpü rolunu oynayır.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə
2019-cu ilin ölkəmizdə
“Nəsimi İli” elan edilməsi də Azərbaycan xalqının ümumbəşər
mədəniyyətinə verdiyi
töhfələrə işıq
salmaqla yanaşı, xalqımızın
çoxəsrlik ənənələrə
malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş
mütəfəkkir şair
İmadəddin Nəsiminin
zəngin irsinin bu gün də
insanların mənəvi-əxlaqi
kamilləşməsində mühüm əhəmiyyətə
malik olduğunu açıqlayır. Bu mühüm
addımın ölkəmizdə
nəsimişünaslığın inkişafına böyük
təkan verəcəyini
bildirən elmi ictimaiyyət bu mühüm məqamı da önə çəkir ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı
ilə müdafiə etməsi örnək
olaraq bütün xalqımıza, xüsusilə gənc nəslimizə öz müsbət təsirini göstərəcək. Bir
sözlə,
bu kimi mühüm qərarlar ölkəmizdə
yüksək ideallara,
mənəvi həyata,
mədəniyyətə, şeirə,
sənətə, onların
inkişafına nə
qədər böyük
diqqət yetirildiyinin təzahürüdür. “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında”, həmçinin 2019-cu ilin
“Nəsimi İli” elan edilməsi ilə bağlı Sərəncamlarda da bu reallıqlar öz əksini tapıb ki, şairin irsinin ölkəmizdə sistemli
tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Nəsiminin 600
illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESKO-nun görkəmli şəxsiyyətlərin
və əlamətdar
hadisələrin yubileyləri
siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır.
Nəsiminin yaradıcılığı
artıq milli mənəvi varlığımızın
ayrılmaz tərkib hissəsidir.
Qısa təhlilə əsaslanaraq
bu ümumiləşdirməni
apara bilərik ki, milli mənəvi dəyərlərimizə, tariximizə,
ədəbiyyatımıza, dilimizə və dinimizə bağlılığımız Azərbaycanın
müxtəlif sivilizasiyalararası
və dinlərarası
dialoqların keçirilməsi
üçün ideal
məkan seçilməsini,
müxtəlif beynəlxalq qurumlarla yüksələn xətlə
inkişaf edən əməkdaşlığını şərtləndirir. Bu uğurlarımız Azərbaycanı
beynəlxalq aləmdə ənənələri
olan bir dövlət kimi tanıdır.
Yeganə Əliyeva
İki
sahil.- 2019.-2 fevral.- S.-19