Şərqin incisi, cahana yaraşıq, qədim diyar!

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, salnaməsini zənginləşdirən  tarixi hadisələri hər daşında, qayasında yaşadan, Qədim İpək Yolunun mərkəzində yerləşən Naxçıvan Muxtar Respublikası yaradılmasının 95 illiyi təntənə ilə qeyd olunur. Bununla əlaqədar Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov 21 yanvar 2019-cu ildə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nı təsdiq etmişdir.

9 fevral 1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikası Azərbaycanın Şərqə açılan qapısı olmaqla zəngin dövlətçilik tarixinə malikdir. Naxçıvanın inkişafında böyük xidmətləri olan, böyüyüb, boya -başa çatdığı doğma yurdunun tərəqqisi naminə fədakarlıq göstərən ulu öndər Heydər Əliyevin “ Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çox əsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq məktəblərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq posesləri gedir” sözləri muxtar respublikanın Azərbaycan üçün əhəmiyyətini əks etdirir.

Əsrarəngiz təbiəti, yerləşdiyi əlverişli coğrafi əhəmiyyəti ilə diqqət çəkən Naxçıvan tarixən gərgin siyasi mübarizə meydanı olmuş, dəfələrlə yadellilər tərəfindən işğala məruz qalmışdır. Amma düşmənə arxa çevirməyən yerli əhalinin qəhrəmanlığı ilə bu torpağa göz dikənlər heç vaxt istəklərinə nail ola bilməmişlər. Qalaları xatırladan igidlərimiz düşmən qarşısında canlı sipər olaraq müqəddəs torpaqlarını qorumuşlar.

Səndə tarixlərin çox nişanı var...

Nuh yurdu kimi tanınan, orta əsrlərdə Şərqin iri elm , mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanan bu diyar dünya sivilizasiyasına böyük töhfələr vermişdir. Qədim əlyazmalarında Naxçıvan toponiminin tərkibi, dil mənsubiyyəti, coğrafi mənşəyi haqqında saxlanılan qeydlər, səyyahların əsərlərində Naxçıvanın adının çəkilməsi bu diyarın minilliklərə şahidlik etdiyini təsdiqləyir. Coğrafi dəlillər, tarixi araşdırmalar sübut edir ki, “Kitabi-Dədə-Qorqud” dastanının qəhrəmanlarının əsas yaşayış məskənlərindən biri də Naxçıvan diyarı olmuşdur. Övliya Çələbinin “ Səyahətnamə” əsərində yazılan “ Qəleyi- Nəxşıvan, Nəqşi-cahan həqiqətən dünyanın ən gözəl şəhəridir” sözləri bu diyarın qədimliyini təsdiqləyən ən qiymətli mənbədir. Tarixinin bütün dövrlərində Şərqlə Qərb arasında körpü kimi səyyahların ən çox keçdikləri ərazi olan, bu missiyasını müasir dövrümüzdə də davam etdirən Naxçıvanı şöhrətləndirən tarixi abidələri, görməli yerləri çoxdur. Qədim insan məskəni olan, təsviri sənətin ilk nümunələri sayılan Gəmiqaya rəsmləri, “Əshabül-Kəhf” ziyarətgahı, dünya memarlıq sənətinə bəxş etdiyi inciləri ilə özü də əbədi yaşam haqqı qazanan Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri olan Mömünə xatun türbəsi kimi digər abidələr də muxtar respublikanın mənəvi pasportu olmaqla xalqımızın ta qədimdən elmə, sənətə bağlılığını göstərir. Mühüm elm mərkəzlərindən olan Naxçıvan Şərqdə şöhrət tapmış görkəmli alimləri, mütəfəkkirləri, filosofları ilə tanınmış, Nəsrəddin Tusi, Fəzlullah Nəimi kimi tarixi şəxsiyyətlər yetirmişdir. Nadir inciləri ilə tanınan Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, İslam Səfərli, Məmməd Araz kimi korifeyləri, Bəhruz Kəngərli kimi sənətkarları, hərbi sahədə tanınmış generalları yetişdirən ulu məskən ziyalı qadınların yetişdirilməsində də ilk sözünü deyən olub. Qədimliklə müasirliyin vəhdətində inkişaf edən Naxçıvan ziyalıları , elm adamları ilə tanınıb. Dünya siyasətçiləri arasında adı birincilər sırasında çəkilən ulu öndər Heydər Əliyev bu torpağın yetirməsi kimi Naxçıvanın adını daha da şöhrətləndirdi.

 

Ulu öndər Heydər Əliyev və Naxçıvan

 

Qoşa qanad kimi səslənən bu ifadələrin məntiqi nəticəsi muxtar respublikanın bugünkü simasıdır. “Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı əldən getmiş başqa torpaqlarının qaytarilması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq” söyləyən ulu öndər Heydər Əliyev doğma yurdunun inkişaf edib, daha da şöhrətlənməsi üçün səylərini əsirgəməyib. “Naxçıvana müxtariyyat vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt Azərbaycanın milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm” söyləyən Ümummilli Lider ölkəmizə rəhbərliyinin bütün dövrlərində ideyasına sadiq qalaraq muxtar respublikanın inkişafı naminə tarixi xidmətləri ilə bu diyarın çiçəklənməsini təmin etdi. Buna görə də müstəqilliyimizin ilk illərində bəzi naşıların “Naxçıvanın muxtariyyati ləğv edilməlidir” kimi sözlərini müstəqilliyimizə xəyanət adlandıraraq bildirmişdir ki, Naxçıvanın muxtariyyati ləğv olunmamalıdır, əksinə muxtar respublikanın bütün əraziləri qorunmalıdır.

Ağır və çətin illərdə, Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza aramsız hücumlarına baxmayaraq, muxtar respublika Ali Məclisinin sədri kimi Naxçıvanı qoruyan Ulu Öndər bazar iqtisadiyyatının təməli olan özəlləşdirmə islahatlarını ilk olaraq burada həyata keçirdi. Müdrik zəkası, dövlətçilik təcrübəsi ilə möcüzələri həqiqətə çevirən ulu öndər Heydər Əliyevin bu qədim diyara biri-birindən əhəmiyyətli tarixi xidmətlərinin əsas məqsədi Naxçvanı, onun muxtariyyatını qorumaq idi. Yenilikçi dövlət xadimi Ulu Öndərin uzaqgörənliyinin və xalqına olan sonsuz bağlılığının, məhəbbətinin ifadəsi olan atılmış hər addım bu gün Azərbaycanda yeni dövrün tələblərinə uyğun aparılan iqtisadi siyasətin təməl prinsipləridir. Ali Məclisin sədri kimi “Zərərlə işləyən kolxoz və sovxozlar haqqında”, “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi haqqında”kı qərarları qəbul etməklə muxtar respublikada məhv olmaq dərəcəsinə çatdırılan aqrar sahəni qorudu. Onun təşəbbüsü ilə Türkiyə və İranla iqtisadi əlaqələr genişləndi, Ermənistanın blokadasında qalan muxtar respublika əhalisinin enerjiyə, ərzaq məhsullarına olan ehtiyacı ödənildi. “Ümid körpüsü” inşa olundu. 70 ildən artıq bir müddətdə “sərhədlərimizi qoruyan” SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş motoatıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərar qəbul olundu. Azərbaycanda “qızıl ordu” hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülki texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın inkişafı və müdafiəsi fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu. SSRİ-nin bərpası naminə aparılan hiyləgər siyasətin- “ittifaq referendumu”nun Naxçıvanda baş tutmaması muxtariyyatın qorunması istiqamətində atılan daha önəmli addım oldu. Ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərini təmsil edən diplomatların Naxçıvana səfərləri o dövrdəki iqtidarı qıcıqlandırsa da Ulu Öndərin zəka işığı hər kəsin diqqətini cəlb edirdi.

Soydaşlarımızın birliyini Azərbaycanın beynəlxalq aləmdə tanınması, Dağlıq Qarabağ probleminin həlli üçün vasitə hesab edən Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisinin sessiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı tarxi qərar qəbul olundu.

 

Ulu Öndərin qətiyyəti sayəsində ermənilərin Naxçıvan torpaqlarına iddiasının qarşısı alındı. Sonrakı illərdə muxtar respublika rəhbərliyinin davam etdirdiyi siyasət nəticəsində qədim, ulu diyar tanınmaz dərəcədə inkişaf etdi.

Gündən- günə gözəlləşən, abadlaşan Naxçıvan

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən məqsədyönlü, konseptual şəkildə davam etdirilməsi bu qədim diyarın simasını dəyişməklə Avropa şəhərləri ilə müqayisə olunacaq dərəcədə gözəlləşdirdi. Naxçıvanın bütün bölgələri, sərhəd kəndləri inanılmaz dərəcədə müasirləşdi. Qədimliyini, tarixiliyini qorumaqla müasirliyə doğru irəliləyən muxtar respublikanın paytaxtı kimi bütün rayon və kəndlərində həyata keçirilən sosial- iqtisadi islahatlar, inşa olunan obyektlər, təhsil, səhiyyə ocaqları əhaliyə xidmət edir. Uğurla nəticələnən islahatlar əhalinin həyat şəraitinin yaxşılaşmasına, qeyri- neft sektorunun inkişafına, sahibkarlığın genişlənməsinə töhfələr verir. Azərbaycanın islahatçı ölkə adlandırılmasında xüsusi payı olan muxtar respublikada sağlam biznes mühiti formalaşıb. İnsan amili həmişə diqqətdə saxlanılıb. Rayon və kəndlər də daxil olmaqla həyata keçirilən infrastruktur layihələrinə, yol-nəqliyyat sahələrinə diqqətin artırılması, abadlıq və yenidənqurma işlərinin genişlənməsi istiqamətində görülən işlər insanların rahat yaşamasını təmin edir. Muxtar respublikada olarkən həyata keçirilən kompleks tədbirləri yüksək qiymətləndirən, əhalinin təmiz, keyfiyyətli içməli su ilə təminatını yüksək dəyərləndirən, təhsil və səhiyyə sahəsində müşahidə olunan yenilikləri rəhbərliyin əhaliyə diqqət və qayğısı kimi dəyərləndirən Prezident İlham Əliyev demişdir: “Burada aparılan işlər çox böyük qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə , böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın. Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin.”

Təkcə ötən ildə muxtar respublikada 2782-si daimi olmaqla 2827 iş yeri yaradılmışdır. Daxili bazarda əhalinin ərzaq məhsullarına tələbatının tam yerli imkanlar hesabına ödənilməsi muxtar respublikada aqrar sahəyə yönəldilən diqqətin ifadəsidir. Naxçıvanda yeni istehsal müəssisələrinin istifadəyə verilməsi keyfiyyətli, “Naxçıvan brendi” ilə tanınan məhsulların xarici bazarlara çıxarılmasına da təminat yaradır. 2018-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadiyyatın müxtəlif sahələrində 50 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması, daha səmərəli təşəbbüslərin həyata keçirilməsi üçün sərmayələr ayrılmışdır.

Torpaq islahatının uğurla başa çatdırılmasının, zəhmət adamlarına göstərilən qayğının nəticəsi olaraq suvarılan sahələrin ərazisi genişlənir, əhalinin məşğulluq səviyyəsi yüksəlir.

Bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 257 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Quruculuğun ahəngdar və davamlı olması muxtar respublikanın sosial-iqtisadi inkişafını da sürətləndirir. Kəndlərə şəhər siması verilir. Ucqar, sərhəd kəndlərində müasir tipli məktəb binalarının, həkim ambulatoriyalarının, sosial mərkəzlərin tikilməsi, yolların, körpülərin inşası, bərpası insanları qədim yurd yerinə bağlayır.

2018-ci ildə muxtar respublikada 212 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. İstehsal sahələrinin yaradılması, yaxud genişləndirilməsi və fərdi sahibkarlığın inkişafı üçün iş adamlarına kreditlərin ayrılması muxtar respublikada insan amilinə verilən dəyərin göstəriciləridir.

 

Blokada şəraitində əldə olunan qələbələr Vətənə bağlılığın, torpağa sevginin ifadəsidir. Dinamik sürətlə artan inkişaf muxtar respublika rəhbərliyinin səyi, insanlara diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Naxçıvanın müdafiə qüdrətinin artırılmasına, təhlükəsizliyinin təminatına göstərilən diqqət də yüksək səviyyədədir. Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Ümumqoşun Ordunun hərbi texnika və avadanlıqlarla təchizatı yüksək səviyyədədir. Günnüt əməliyyatının uğurla başa çatması, düşmən işğalında qalan 11 min hektar ərazinin azad olunması Silahlı Qüvvələrimizin qüdrətini göstərməklə, Naxçıvanın etibarlı müdafiəsinin, hərbi potensialının gücləndirilməsinin də nümunəsidir.

Muxtar respublika qonaqlarını heyrətləndirir

Siması dəyişilən, müasirləşən, abadlaşan Naxçıvanın inkişafı, muxtar respublikada davam etdirilən quruculuq işləri ulu məskənə gələnləri heyran edir. Burada keçirilən beynəlxalq səviyyəli idman yarışları, olimpiadalar, görüşlər muxtar respublikanın beynəlxalq aləmdə tanıdılması baxımından daha önəmlidir. Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısına ev sahibliyi etməsi qədmliyini saxlayaraq inkişaf edən bu ulu diyarın şöhrətini artırdı. Ötən il Naxçıvanın “İslam Mədəniyətinin Paytaxtı” elan olunması, ölkəmizin Gənclər Paytaxtı statusuna layiq görülməsi muxtar respublikada aparılan quruculuq işlərinə verilən dəyərdir. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən qonaqlar etiraf etdilər ki, füsunkar gözəlliyi , təbiəti, insanlarının səmimiliyi ilə hər kəsi məftun edən Naxçıvan həqiqi mənada Nəqşi-cahan, Şərqin incisidir. Bu “inciyə” bəzək isə yurduna, elinə -obasına bağlı insanlardır. “Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi binaları, ən önəmlisi, gözəl insanları olan gözəl məkan var- bu məkanın adı Naxçıvandır” söyləyən Prezident İlham Əliyevin doğma yurda hər gəlişi onlarla obyektin açılışı deməkdir.

... Batabatı, İlanlı dağı, Salvartısı, şəfalı bulaqları, şəfalı suları, zəngin təbiəti, ətirli, dadlı meyvələri ilə hər kəsi məftun edən, turistərin də maraq göstərdiyi Naxçıvan həqiqətən gəlməli, görməli, sevməli məkandır.

 

Ad günün mübarək, daim gəncləşsə də tarixini qoruyan, ulu məskən!

 

Xuraman İsmayılqızı

İki sahil.- 2019 fevral.- S.4