Muxtariyyətimizin və
müstəqilliyimizin bəhrələri
Naxçıvan beş min ildən artıq
şəhər mədəniyyətinə, çoxəsrlik
tarixə, dövlətçilik ənənələrinə
malik, qütblərin və qitələrin qovuşduğu,
Böyük İpək Yîlunun üzərində
yårləşən bir məkandır. Bu qədim
diyar xüsusi əlverişli coğrafi mühitdə,
mühüm geostrateji mövqedə yerləşdiyinə, təbii
sərvətlərlə zəngin olduğuna görə tarixən
beynəlxalq mənafelərin kəsişdiyi, siyasi
maraqların toqquşduğu bir ərazi olub.
Naxçıvanın keşməkeşli, siyasi və hərbi
mübarizələr dolu şanlı salnaməsində onun 95
illik muxtariyyət tarixinin özünəməxsus yeri var. Az qala bir əsrə yaxın həmin tarixi dövr
bir daha sübut edir ki, 1924-cü il fevral ayının 9-da
Naxçıvan Muxtar Respublikasının yaradılması bu
qədim diyarın gələcək müqəddəratının
həlli, erməni işğalından qorunması, ümumiyyətlə,
ölkəmizin ərazi bütövlüyünün təmin
olunması baxımından çox mühüm siyasi əhəmiyyətə
malikdir. Doğma diyarımızın muxtariyyətinin
yaradılmasının yubileyləri dəfələrlə
dövlət səviyyəsində qeyd olunmuş, ötən
dövrlə bağlı müxtəlif elmi-tədqiqat işləri,
müqayisəli statistik təhlillər, araşdırmalar
aparılmış, muxtariyyət tariximiz elmi-kütləvi, bədii-publisistik
əsərlər mövzusuna çevrilmişdir. Bu məqalədə muxtariyyətin ən
böyük nailiyyətindən, milli azadlıq hərəkatının
başlandığı dövrə, müstəqillik illərinə
təsadüf edən mühüm tarixi mərhələdə
milli şüurumuzda, siyasi, hərbi, iqtisadi, mədəni təfəkkürümüzdə
inqilabi yeniliklər yaratmasından
danışacağıq.
Müstəqillik ideyalı milli təfəkkür
işığında
Ötən əsrin 80-ci illərinin
sonlarında Azərbaycanın Dağlıq Qarabağ və
Naxçıvan ərazilərinə erməni
iddialarının baş qaldırması, mərkəzin
ikiüzlü siyasət yürüdərək hadisələri
alovlandırması heç də “tarix təkrar olunur”
möcüzəsi deyil, 1918-1920-ci illərdə də
Naxçıvanı Azərbaycandan qoparmaq istəyən bədnam
Ermənistanın mənfur işğalçılıq siyasətinin
növbəti təzahürü idi. Muxtariyyət
statusunun qədim diyarımızın təhlükəsizliyinin
təmin olunmasında necə müstəsna rol oynaması ilk
olaraq erməni təcavüzünə məruz qalan
Naxçıvanın 1990-cı il yanvarın 19-da
keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünü
müstəqil respublika elan etməsində göstərdi.
Bu, o dövr üçün SSRİ kimi nəhəng bir
imperiyanı məhvərindən sarsıtmaq, məhvini
labüdləşdirmək kimi analoqu olmayan, qətiyyət və
cəsarət tələb edən siyasi hadisə idi.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyul
ayında Naxçıvana gəlməsi, burada yaşayıb
siyasi fəaliyyət göstərməsi blokada nəticəsində
iqtisadi və siyasi böhran məngənəsinə
düşən, erməni yaraqlılarının
hücumları ilə təkbətək qalan muxtar
respublikanı məhv olmaq təhlükəsindən xilas etdi.
Müstəmləkəçiliyə
qarşı kütləvi şəkildə mübarizəyə
qalxan naxçıvanlılar məhz yeganə xilasedici liderin
– ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşməklə
erməni işğalçılarını yerində oturda,
Naxçıvana qarşı biganə münasibət göstərən
Azərbaycanın mərkəzi hakimiyyətinə öz
etiraz səslərini ucalda bildilər. Naxçıvan şəhəri
milli müstəqillik ideyalarının ilk rüşeymlərinin
yetişdiyi paytaxta, gələcək müstəqilliyimizin bərqərar
olmasında əhəmiyyətli siyasi-tarixi rol oynayacaq mütərəqqi
ideyalar məkanına çevrildi.
Ulu öndərin 1990-1993-cü illərdə –
Naxçıvanın taleyinin həll edildiyi bir məqamda
buradakı siyasi fəaliyyəti dövrü Azərbaycanın
dövlətçilik tarixinin mühüm bir mərhələsini
təşkil edir. Görkəmli dövlət
xadiminin rəhbərliyi ilə Naxçıvan parlamentində
muxtar respublikanın adından “sovet sosialist” sözləri
çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı bərpa edilmiş, dünya
azərbaycanlılarının birliyini rəsmiləşdirmək
üçün 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik və Birlik Günü elan edilmiş, 20 Yanvar
faciəsinə və Xocalı soyqırımına siyasi qiymət
verilməsi tələbi irəli
sürülmüşdür. Süquta məhkum
SSRİ-ni bərpa etmək xülyası ilə irəli
sürülən və müttəfiq respublikaların suveren
hüquqlarını pozan “ittifaq müqaviləsi”nin əsl
mahiyyətini dahi şəxsiyyətin böyük siyasi
uzaqgörənliklə xalqa çatdırması,
naxçıvanlıların bu referendumda iştirakdan birmənalı
şəkildə imtina etməsi muxtariyyət statusunun bu diyara
bəxş etdiyi mühüm tarixi-siyasi nailiyyət idi. Bu
gün yarım milyondan artıq siyasi həmfikri öz ətrafında
toplayan, liderliyini qoruyub saxlayan Yeni Azərbaycan
Partiyasının təməli də məhz 1992-ci ildə ulu
öndərimizin rəhbərliyi ilə Naxçıvan şəhərində
qoyulmuşdur. Bu qətiyyətli siyasi
addımlar bir daha sübut edir ki, Naxçıvan həmin
dövrdə, ümummilli liderin rəhərliyi ilə, Azərbaycanın
gələcək müstəqil dövlət quruculuğu
konsepsiyasının işlənilib hazırlandığı
baş qərargah rolunu oynamışdır.
Ulu öndərin siyasi fəaliyyətindən və
artan nüfuzundan ciddi narahatlıq keçirən ovaxtkı
iqtidar onu hakimiyyətdən kənarlaşdırmaq
üçün Naxçıvanın beynəlxalq müqavilələrlə
təsbit olunmuş muxtariyyətini ləğv etmək istəyirdi.
Bu, çətin və mürəkkəb ictimai-siyasi proseslər
dövründə Naxçıvanı yenidən “mübahisə
zonası”na çevirməklə ermənilərə
könüllü təslim etmək demək idi. Bu həm də
naxçıvanlıların tarixi iradəsi əleyhinə
getmək idi. Məlumdur ki, 1918-1920-ci illərdə də
Naxçıvan əhalisi, ziyalıları diyarın ingilislər
tərəfindən Ermənistana verilməsinə
qarşı çoxlu qurbanlar bahasına şərəfli
mübarizə aparmış, daşnak qüvvələrini
darmadağın edib şəhərdən qovmuşlar. Bütün müsibətlərə sinə gərərək
ermənilərin işğal planlarını puça
çıxaran naxçıvanlılar milli ləyaqət
mücəssəməsinə çevrilmişlər. 1921-ci
ilin yanvarında keçirilmiş rəy sorğusu zamanı
bölgə əhalisinin 90 faizindən çoxu
Naxçıvan diyarının muxtariyyət statusunda Azərbaycanın
tərkibində qalmasına səs verməklə siyasi iradə
nümayiş etdirmişdir. Görkəmli
dövlət xadimi muxtariyyət əleyhinə çıxan,
bütövlükdə, Azərbaycanın ərazi
toxunulmazlığını təhlükə altında qoyan
milli və siyasi təfəkkürdən uzaq “siyasətçi”lərlə
qətiyyətlə mübarizə aparmış, 1992-ci ilin
mart və avqust aylarında Türkiyə Respublikasına səfəri
zamanı Moskva və Qars müqavilələrini yenidən
gündəmə gətirmişdir. Dahi rəhbər
dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar
siyasətinə yönəltməklə,
Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş
etməklə Ermənistanın ilk və ən böyük
beynəlxalq siyasi məğlubiyyətə uğramasına
nail olmuşdur. Ulu öndər demişdir:
“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz
bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti
Naxçıvanın əldən getmiş başqa
torpaqlarının qaytarılması üçün ona xidmət
edən çox böyük amildir. Biz bu amili qoruyub
saxlamalıyıq”.
Ümummilli liderin rəhbərliyi ilə
işlənib hazırlanan, 1995-ci il noyabrın 12-də qəbul
edilmiş müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu
hüquqi cəhətdən möhkəmləndirdi.
Muxtar respublikanın statusunun və
sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində
tanıdılması siyasəti bu gün də uğurla həyata
keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa
Şurasının Yerli və Regional Hakimiyyətlər
Konqresinin Strasburqda keçirilən 23-cü plenar
sessiyasında qəbul olunan sənədlərin birində
Naxçıvan Muxtar Respublikası ilə bağlı
çox mühüm və tarixi əhəmiyyətli məqam
əks olunmuşdur. Ali Məclis Sədrinin tövsiyəsi ilə
hazırlanmış həmin hissənin nümayəndə
heyəti tərəfindən Memoranduma daxil edilməsi Azərbaycan,
xüsusilə Naxçıvan Muxtar Respublikası
üçün böyük siyasi əhəmiyyət kəsb
edir. Naxçıvan Muxtar Respublikasının
statusunu, sərhədlərini müəyyən edən,
1921-ci ildə qəbul olunan Moskva və Qars beynəlxalq
müqavilələrinin hüquqi qüvvəsinin Avropa
Şurası kimi nüfuzlu bir beynəlxalq təşkilat tərəfindən
tanınması böyük diplomatik uğur kimi tarixə yazılmışdır.
“Bir millət, iki dövlət” ideyası
gerçəkləşdi
Böyük kapitalist dövlətlərinin,
bolşevik Rusiyasının Naxçıvanı Ermənistana
verməkdə məqsədi Türk dünyasının
bir-biri ilə əlaqəsini kəsmək idi. Lakin 70 illik
böyük bir tarixi dövrdə sovet ideoloqlarının
apardıqları ruslaşma siyasəti belə,
naxçıvanlıların milli təfəkküründəki
türkçülük ideyalarını sarsıda bilməmişdi.
“Bir millət, iki dövlət” məramının
reallığa çevrilməsi mərhələsi də
Mustafa Kamal Atatürkün “Türk qapısı”
adlandırdığı Naxçıvandan
başlanmışdı. Naxçıvanın muxtariyyət
statusunu təsbit edən beynəlxalq müqavilənin tərəfdaşlarından
olan Türkiyə Cümhuriyyətinin muxtar
respublikanın bu illər ərzində qorunub
saxlanılmasında, inkişafında özünəməxsus
rolu olmuşdur. 1992-ci ilin martında Azərbaycan
Respublikasının Naxçıvan Muxtar Respublikası ilə
Türkiyə Respublikası arasında əlaqələrin əsası
qoyulmuşdur. Həmin dövrdə ulu öndər
Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək
Türkiyəyə səfəri çərçivəsində
“Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası
ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq
protokolu” imzalanmış, həmin il mayın 28-də iki
ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin
inkişaf simvolu hesab olunan Sədərək-Dilucu
körpüsü istifadəyə verilmişdir. Avropa ilə Asiyanı, Türk dünyasını
birləşdirən, illərin həsrətini sona
çatdırmaqla sabaha ümid yaradan bu körpü ilə Azərbaycan-Türkiyə
arasındakı gələcək mənəvi birliyə, həmrəyliyə,
müttəfiqliyə körpü salınmışdır.
Ötən bu illər ərzində Türkiyə-Azərbaycan əlaqələrində, Türk
dünyasının birlik və həmrəyliyində
Naxçıvanın xüsusi yeri olmuşdur. 2008 və
2017-ci illərdə Türkiyənin Baş nazirinin
Naxçıvana səfər etməsi, 2009-cu ildə isə
Türkdilli Ölkələrin Dövlət
Başçılarının IX Zirvə
Görüşünün Naxçıvanda
keçirilməsi, sammit çərçivəsində
“Naxçıvan Bəyannaməsi”nin imzalanması bunun daha bir
sübutu kimi mühüm tariõi hadisədir.
2010-cu ilin oktyabr ayında Azərbaycan-Türkiyə
Biznes-Forumunun Naxçıvanda keçirilməsi isə
iqtisadi əlaqələrin yeni müstəvidə sürətli
inkişafı üçün əlverişli imkanlar
açmışdır.
Ali Məclis Sədrinin 2010-cu il
26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi
səfər etməsi, Azərbaycanın Naxçıvan Muxtar
Respublikası ilə Türkiyə Respublikası
arasındakı münasibətlərin sonrakı
inkişafı baxımından xüsusi əhəmiyyət kəsb
etmişdir. Naxçıvanla Türkiyə
arasında hava nəqliyyatının yaradılması və
Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xəttinin
inşası blokada vəziyyətində yaşayan
Naxçıvanın qardaş ölkə ilə əlaqələrindəki
tarixi rolunun bərpasına hesablanmış məqsədyönlü
addımlardır. Ötən il Türk Şurası Gənc Liderlərinin ilk forumunun coğrafi cəhətdən
də türk toplumlarının mərkəzində yerləşən
Naxçıvanda keçirilməsi mərkəz kimi
Naxçıvanın əhəmiyyətini daha da
artırdı. Ali Məclis Sədrinin forumda irəli
sürdüyü Naxçıvanda Türk Universitetinin
yaradılması təşəbbüsünün
reallaşması eyni soykökə, ortaq mədəniyyətə
və tarixə malik olan türkdilli ölkələrin gəncləri
arasında əlaqələrin daha da möhkəmləndirilməsi
və inkişafı üçün geniş imkanlar
açacaqdır.
Xalq-ordu-rəhbər birliyi qələbənin
rəhnidir
Muxtariyyətin qorunmasını şərtləndirən
başlıca amillərdən biri vətənpərvərlik
hissinin gücləndirilməsi, Vətəni müdafiə əzminin
formalaşdırılması idi. Naxçıvan 1918-1920-ci
illərdə olduğu kimi, 80-ci illərin sonlarında da erməni
hücumlarına qarşı təkbətək, əliyalın
mübarizə aparmalı oldu. Naxçıvan Vətənə
sədaqət, rəhbərə inam, iradə və qətiyyət
hesabına işğal təhlükəsindən qurtardı.
Bir vaxtlar həmyerlilərimiz Sovet Rusiyasının
ucqarlarında, tikinti-inşaat dəstəsində
çalışmaqla hərb sənətindən uzaq hərbi
xidmət keçməyə məcbur
edilirdisə, artıq Vətən sərhədlərini
müdafiəyə, müstəqil dövlətin ərazi
bütövlüyünü qorumağa layiq hərbi heyət
yetişdirilməyə başlanıldı. Ümummilli
liderimiz Ali Məclisin Sədri seçildikdən cəmi 4
gün sonra – 1991-ci il sentyabrın 7-də Ali Məclis
“Naxçıvan Muxtar Respublikası Dövlət Milli
Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar
qəbul etdi. Naxçıvanın müdafiə
qabiliyyətinin gücləndirilməsi istiqamətində əhəmiyyətli
işlər görülməyə başlandı. Burada yerləşən
sovet qoşunlarına məxsus hərbi texnika və
silahların muxtar respublikada saxlanması təmin olundu, əhalinin
böyük mütəşəkkilliyi, torpağa
bağlılığı və ulu öndərə
olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli
Ordu yaradıldı, bugünkü qüdrətli Azərbaycan
Ordusunun əsası qoyuldu.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri cənab Vasif
Talıbovun ulu öndərin ordu quruculuğu siyasətini
uğurla davam etdirməsi nəticəsində uzun illər ərzində
formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu
gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə
və döyüş qabiliyyətinə görə
keçmiş SSRİ və indiki MDB ölkələrinin
silahlı qüvvələri səviyyəsində analoqu
olmayan statusa malikdir.
2017-ci il oktyabrın 18-də – Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi
Günündə Naxçıvan Muxtar Respublikasında ilk
milli hərbi hissənin yaradılmasının 25-ci
ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan
Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə
və hissələrinin güc və qüdrətini
bütün dünyaya bir daha nümayiş etdirdi,
xalqımızın milli qürurunu və qələbəyə
inam hisslərini daha da artırdı.
Əlahiddə Ümumqoşun Ordunun
keçirdiyi və hərb tariximizə qızıl hərflərlə
yazılan uğurlu Günnüt əməliyyatı Azərbaycan
əsgərinin rəşadət əzmini bir daha göstərdi.
Belə ki, 2018-ci ilin may ayında
Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi
və Şərur rayonunun Günnüt kəndi düşməndən
azad edilərək dövlət sərhədi boyunca
Qızılqaya və Qaraqaya kimi əlverişli yüksəkliklər
geri qaytarıldı. İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi
avtomobil yoluna tam nəzarət əldə olundu. Bu qələbə
qədim hərb ənənələrinə malik olan muxtar
respublikanın ərazi toxunulmazlığını, Azərbaycan
əsgərinin rəşadət əzmini bütün
dünyaya bəyan etdi.
Yeni iqtisadi təfəkkür blokadada iqtisadi
inkişaf modelinin əsasıdır
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri cənab Vasif Talıbovun da qeyd etdiyi kimi, ötən əsrin
90-cı illərinin əvvəllərində müstəqilliyin
bərpası istiqamətində görülən tədbirlər
təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə
söykənən, bazar iqtisadiyyatı tələblərinə
uyğunlaşdırılan iqtisadi model də
formalaşdırıldı, aqrar islahatların həyata
keçirilməsi barədə tarixi qərarlar qəbul
edildi. Naxçıvan blokadanın yaratdığı iqtisadi
böhran kimi ağır sınaqdan mətinliklə
çıxmışdır. Dahi şəxsiyyətin
rəhbərliyi, naxçıvanlıların əzmkarlığı,
iradə və gücü ilə dağılmış
iqtisadiyyat bərpa edildi. 1990-1993-cü illərdə
Naxçıvanda qonşu dost ölkələrlə əlaqələrin
yaradılması, ərzaq, enerji təminatı məsələlərinin
həlli, ölkənin paytaxtı ilə hava yolu əlaqəsinin
genişləndirilməsi, aqrar islahatlara
başlanılması kimi mühüm işlər
görüldü. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
1992-ci il aprelin 6-da keçirilən sessiyasında
“Naxçıvan Muxtar Respublikasında zərərlə
işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli
işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi
barədə təkliflər haqqında” qərarlar qəbul
edilməsi, torpaq islahatlarına ilk dəfə
Naxçıvanda başlanması insanlarda halal
torpağına və halal qazancına sahiblik haqqı kimi yeni
təfəkkür formalaşdırmış, zəhmət
adamlarını torpağa bağlamaqla, bütövlükdə,
ölkəmizdə kənd təsərrüfatının gələcək
inkişafının əsası qoyulmuşdur.
Son 20 ildən artıq bir dövr ölkəmizdə
makroiqtisadi sabitliyə nail olunması ilə bərabər
başlanan və cəmiyyətin bütün sahələrini,
o cümlədən iqtisadiyyatı əhatə edən
genişmiqyaslı inkişaf mərhələsidir. Bu gün
iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin
sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasına xüsusi diqqət
yetirilir, yeni iş yerləri yaradılır. Muxtar
diyarımızda irimiqyaslı tikinti-quruculuq, abadlıq və
bərpa işləri aparılır, təhsil, səhiyyə,
idman və mədəniyyətin maddi-texniki bazası ilbəil
gücləndirilir. Bu dövrdə blokadanın
ağır nəticələrinin aradan qaldırılması
ilə əhalinin həyat səviyyəsi yüksəldilmiş,
bir vaxtlar dolanışıq üçün başqa şəhərlərə,
ölkələrə üz tutan insanlar yenidən doğma
yurda qayıtmış, öz zəhməti, fəaliyyəti
ilə Naxçıvana xidmət etməyə
başlamışlar.
Əvvəllər elektrik enerjisinə,
mavi yanacağa həsrət qalan, zülmət səltənətini
xatırladan, mühüm strateji obyektlərin belə,
işıq və qazla təchiz edilə bilmədiyi muxtar
respublikanın ötən dövrdə əldə etdiyi ən
böyük uğurlardan biri enerji təhlükəsizliyinin təmin
edilməsidir. Bir zamanlar enerjini idxal hesabına əldə edən
Naxçıvan Muxtar Respublikası hazırda enerji
ixracatçısına çevrilib. Bu gün
Naxçıvanda müxtəlif elektrik stansiyaları fəaliyyət
göstərir, ölkə üzrə Günəş Elektrik
stansiyalarında istehsal olunan elektrik enerjisinin 78 faizdən
çoxu muxtar respublikanın payına düşür. Eyni
zamanda Naxçıvanda elektrik enerjisinə olan tələbatın
65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri
hesabına ödənilir ki, bu da inkişaf etmiş Avropa
ölkələri üçün çox nadir göstərici
hesab edilir.
Enerji təhlükəsizliyinin təmin
olunması muxtar respublikada sənayenin inkişafına da əsaslı
zəmin yaradıb. Vaxtilə ümumi daxili məhsul
istehsalında aqrar sahənin ağırlıq təşkil
etdiyi muxtar respublikada bu gün aqrar-sənaye kompleksi
formalaşıb. Həyata keçirilən tədbirlərin
nəticəsidir ki, 20 il bundan əvvəl 15 növdə məhsula
olan tələbatı yerli imkanlar hesabına ödənilən
Naxçıvan Muxtar Respublikasında hazırda 350 növdə
məhsula olan tələbat tamamilə yerli istehsal hesabına
ödənilir.
Kənd təsərrüfatının
inkişafı üçün də geniş imkanlar
açılıb, fermer və torpaq mülkiyyətçiləri
hərtərəfli qayğı ilə əhatə olunublar.
Yerli istehsalın həcmi artırılıb, sağlam rəqabət
mühiti yaradılıb. Min hektarlarla torpaq sahələrinin
əkin dövriyyəsinə qatılması, mütərəqqi
suvarma şəbəkələrinin qurulması, qəbul edilən
dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatı
məhsullarının artımına imkan yaradıb.
Naxçıvanda kənd təsərrüfatı əhalinin əsas
məşğuliyyət sahəsinə çevrilib.
Bu gün muxtar respublikada
sahibkarlığın inkişafına hərtərəfli
qayğı göstərilməsi nəticəsində
ümumi daxili məhsul istehsalında bu sahənin payı
artır, hər il yeni istehsal müəssisələri fəaliyyətə
başlayır. 15-20 il əvvəl muxtar respublika, demək olar
ki, idxaldan asılı vəziyyətdə idi. Bu gün isə görülən məqsədyönlü
tədbirlər nəticəsində, təkcə ötən
il 424266,6 ABŞ dolları həcmində məhsul ixracına
nail olunmuşdur. 2018-ci ildə ümumi daxili məhsulun həcmi
1995-ci ilə nisbətən 63, sənaye məhsulunun həcmi
108, əsas kapitala yönəldilən investisiyalar 333, kənd
təsərrüfatının ümumi məhsulu 12 dəfə,
əhalinin gəlirləri isə 59 dəfə artıb.
Muxtariyyətin bəhrələrindən biri
kimi Naxçıvanın iqtisadi potensialının durmadan
artmasını göstərmək olar. Bunun ifadəsidir
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin sədri olduğu “Caspian European Club”un 2018-ci ildə
ölkəmizin 10 iqtisadi regionu üzrə
hazırladığı illik investisiya reytinqində
Naxçıvan Muxtar Respublikası sosial-demoqrafik göstərici,
sosial-iqtisadi vəziyyət, işgüzar mühit,
infrastruktur, rifahlıq və kənd təsərrüfatı
sahələri olmaqla, ümumilikdə, 18 parametr üzrə ən
yüksək bal toplayaraq ikinci dəfə liderliyi əldə
edib.
Mədəni tərəqqiyə və
dünyaya inteqrasiyaya aparan yol
Muxtar respublikada aparılan uğurlu siyasətin
daha bir ifadəsi də söz, fikir və mətbuat
azadlığının təmin edilməsidir. Bu gün
Naxçıvanda insanlara sərbəst yaradıcılıq
imkanları verilib. Kütləvi informasiya vasitələrinin
maddi-texniki bazası gücləndirilib, yeni informasiya agentliyi fəaliyyətə
başlayıb, media nümayəndələri hərtərəfli
qayğı ilə əhatə olunublar. Muxtar respublikanın
yaşayış məntəqələrinə fiber-optik kabel
xətlərinin çəkilişi və sürətli
internetə çıxış imkanının
yaradılması insanların informasiya tələbatının
tam ödənilməsinə imkan verir.
Bütün bunların nəticəsidir
ki, muxtar respublikanın informasiya blokadası ləğv edilib,
məlumat azadlığı təmin olunub. İslam Təhsil,
Elm və Mədəniyyət Təşkilatının
(İSESKO) rəsmi internet səhifəsində, “Euronews”
telekanalında, ABŞ-ın nüfuzlu “Conde Nast” jurnalında,
Yaxın Şərqdə çoxsaylı tamaşaçı
kütləsinə malik olan Qətərin
“Əl-Cəzirə Sənədli Film” televiziya kanalında,
Türkiyə mətbuatında – dünyanın müxtəlif
kütləvi informasiya vasitələrində
Naxçıvanın tarixi, müasir inkişafı, nailiyyətləri
ilə bağlı materialların yer alması deyilənləri
bir daha təsdiq edir.
Tarixi çox qədimlərə
söykənən Naxçıvanda bir vaxtlar milli və mənəvi
dəyərlərimizi əks etdirən abidələrimiz
laqeydlik və biganəlik üzündən dağılıb
məhv olmaq təhlükəsi ilə üz-üzə
qalmışdı. Ali Məclis Sədrinin qayğısı
ilə ötən dövrdə muxtar respublikada 1200-dən
çox tarixi abidə pasportlaşdırılıb, 70-dən
çox dünya əhəmiyyətli abidə bərpa olunaraq
Azərbaycan xalqına qaytarılıb. Ali Məclis
Sədrinin sərəncamları ilə ötən dövrdə
görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd
Tağı Sidqinin, ictimai xadim və publisist Məhəmməd
ağa Şahtaxtlının, dövlət xadimi və diplomat
Behbud ağa Şahtaxtinskinin, şair-dramaturq İslam Səfərlinin,
Xalq şairi Məmməd Arazın, pedaqoq
və elm xadimi Əziz Şərifin, publisist və pedaqoq Eynəli
bəy Sultanovun, görkəmli rəssamlar Bəhruz Kəngərlinin,
Şamil Qazıyevin və İbrahim Səfiyevin, böyük
mütəfəkkir Nemətullah Naxçıvaninin ədəbi-bədii,
elmi-publisistik və maarifçilik fəaliyyətləri
öyrənilmiş, onların qiymətli irsi xalqa
qaytarılmışdır.
Tariximizin saxlanc yeri olan muzeylərin
formalaşması və inkişafına dövlət
qayğısı yerli əhalini də bu işə sövq
edib. İllərdir həyata keçirilən “Muzey günləri”
bir vaxt yaşadığı diyarda hansı muzeylərin fəaliyyət
göstərməsindən xəbərdar olmayanlara da
tariximizi, mədəniyyətimizi, mənəviyyatımızı
tanıtmaqdadır. İnsanlar vaxtilə antikvar kimi şəxsiləşdirdikləri
nadir tarixi eksponatları muzeylərə təqdim etməklə
mədəni sərvətlərimizin, maddi irsimizin ümumxalq
malına çevrilməsi kimi müqəddəs məramlı
bir kampaniyaya qoşuldular. Bu yaxınlarda Şərur məktəblilərinin
rayon Tarix-Diyarşünaslıq Muzeyinə 75 eksponat hədiyyə
etməsi bu zəruri ənənənin gələcək nəsil
tərəfindən də davam etdiriləcəyinə zəmanət
verir.
Muxtariyyətin və müstəqilliyin
mədəni şüur səviyyəmizə
qazandırdıqlarından danışarkən
Naxçıvanda doğma təbiətə və təbii sərvətlərə
münasibətdə də sağlam təfəkkürün
formalaşdığını xüsusi qeyd etmək yerinə
düşər. Vaxtilə blokada ucbatından elektrik və
istilik enerjisindən məhrum naxçıvanlılar
yaşamaq uğrunda mübarizə aparmaq məcburiyyətində
qaldıqları üçün ucsuz-bucaqsız meşəliklər,
meyvə bağları kötük
başdaşılarından ibarət qəbiristanlıqlara
çevrilmişdi. Bu gün isə yurdsevər və qədirbilən
naxçıvanlılar sanki ana təbiətə
xilaskarlıq borcunu qaytarmaqla diyarımızı
yaşıllıqlar, gülkarlıqlar diyarına,
gülüstana çeviriblər. Keçirilən ümumxalq
iməcilikləri, ekoloji aksiyalar nəticəsində bu
gün muxtar respublika ərazisinin 14 faizindən çoxunu
yaşıllıq təşkil edir.
Qürurla deyə bilərik ki, minillik tarixi olan
mədəni irsimiz beynəlxalq səviyyədə də yetərincə
tanıdılır. Ali Məclis Sədrinin
tapşırığına əsasən 2018-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
və Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar
aparıb, bu irsin YUNESKO səviyyəsində qorunması ilə
bağlı tədbirlər həyata keçirilib,
“Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və
Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar
hazırlanıb aidiyyəti üzrə təqdim olunub.
“Yallı (Köçəri, Tənzərə),
Naxçıvanın ənənəvi qrup rəqsləri”
YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.
Ümumilikdə, bütün sahələr
üzrə əldə edilən uğurlar Azərbaycanın
Naxçıvan Muxtar Respublikasının nüfuzunun getdikcə
yüksəlməsinə öz töhfəsini verir. Təbii
ki, bütün bu görülən işlərdə muxtariyyət
statusu da əhəmiyyətli rol oynayıb.
Bir vaxtlar “təklənmiş ada” vəziyyətinə
salınan, müharibə, böhran zonası kimi tanınan
Naxçıvan bu gün inkişaf, sabitlik və asayiş məkanı
kimi beynəlxalq idman tədbirlərinə, elmi konfranslara,
festivallara ev sahibliyi edir. Naxçıvan şəhəri
2018-ci il üçün İslam Mədəniyyətinin
Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı
seçilib, Naxçıvanda “Avropa günləri”, Türk
Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də
TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin
qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin
alimləri” mövzusunda ilk dəfə beynəlxalq konfrans
keçirilib.
Düşmən qarşısında alınmaz
qalaya çevrilmiş müasir Naxçıvanın hərtərəfli
inkişafı müstəqillik dövrünün və
muxtariyyətin qiymətli quruculuq və dövlətçilik
salnaməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin dediyi kimi: “Bir daha demək istəyirəm
ki, burada görülən işlər çox böyük
qiymətə layiqdir. Onu da bildirmək istəyirəm ki, bu il
Naxçıvan bütün İslam dünyasında artıq
özünü göstərəcək. Çünki bu il
Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı”
kimi şərəfli adı daşıyır. Bir
neçə il bundan əvvəl Bakı bu ada layiq
görülmüşdür və biz o vaxt İSESKO-ya
müraciət etmişdik ki, biz istəyirik ikinci Azərbaycan
şəhəri – məhz Naxçıvan şəhəri bu
ada layiq görülsün. Çünki Naxçıvan buna
layiqdir. Bilirəm ki, bu gözəl hadisə ilə
bağlı təntənəli tədbirlər keçiriləcəkdir,
çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər
ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti,
iqlimi, havası, mənzərəsi, binaları və ən
önəmlisi, gözəl insanları olan gözəl məkan
var – bu məkanın adı Naxçıvandır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri cənab Vasif Talıbov demişdir:
“Naxçıvanın ən qiymətli sərvətlərindən
biri də dövlətçilik ənənələrinin
davamı olaraq formalaşan Naxçıvanın muxtariyyətidir”.
Ulu öndərimizin yolunun uğurla davam
etdirildiyi, qətiyyətli addımlarla firavan gələcəyə
doğru irəliləyən Naxçıvanımız tarixə
həm də “Muxtariyyət ili” kimi daxil olan 2014-cü ildə
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini
möhtəşəm tədbirlərlə qeyd etmişdi.
Bu gün diyarımız muxtariyyətinin növbəti
yubileyinə hazırlaşır. Ali Məclisin
Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Naxçıvan Muxtar
Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər
Planı”na əsasən bu yubiley də təntənəli
şəkildə qeyd olunur. Qoca Şərqin
köksündə qürurla döyünən, müasirliyi də
qədimliyi qədər dəyərli və möhtəşəm
olan bu məkanın tarixə QURUCU rəhbər imzası ilə
yazılacaq qalibiyyət, zəfər dolu günləri isə
hələ qarşıdadır. Tarix də, öz
növbəsində, “Müasir Naxçıvan” adlı bu
möhtəşəm əsərin müəllifini əbədi
yaşadacaq!
Mehriban SULTA
İki
sahil.- 2019.- 14 fevral.- S.19