Prezident İlham Əliyevin vətəndaşların
fasiləsiz və keyfiyyətli içməli su ilə təmin
edilməsi barədə göstərişlərinə
uyğun olaraq mühüm layihələr icra edilib
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov
www.yap.org.az saytına müsahibə verib:
- Qorxmaz müəllim,
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasına həsr olunmuş konfransda cənab
Prezident bildirib ki, əhalinin içməli su təminatı
daim diqqətdə olan məsələdir və bu istiqamətdə
böyük işlər görülüb, uğurlu nəticələr
əldə olunub. Görülmüş işlər barədə
qısaca məlumat verməyinizi xahiş edirik.
- Əvvəlcə onu qeyd etmək istərdim
ki, regional inkişaf proqramlarının icrası bölgələrimizin
tərəqqisinə, əhalinin sosial rifahının yüksəldilməsinə,
ümumilikdə ölkəmizin qüdrətlənməsinə
mühüm töhfələr verib. Son 15 ildə
bölgələrimizin mənzərəsi nəzərəçarpacaq
dərəcədə dəyişib. Şəhər və
rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin
böyüməsi, abadlaşması, yeni istehsal, emal və
xidmət müəssisələrinin fəaliyyətə başlaması
regionlarda həyat səviyyəsinin yüksəlməsindən
xəbər verir. Bu istiqamətdə görülmüş
işlərə “Azərsu” ASC də öz töhfələrini
verib. Möhtərəm Prezident İlham Əliyevin Azərbaycan
vətəndaşlarının fasiləsiz və keyfiyyətli
içməli su ilə təmin edilməsi barədə
tapşırıqlarına uyğun olaraq mühüm layihələr
icra edilib.
Son illər icra edilən içməli su layihələri
çərçivəsində məhsuldarlığı
sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli
su mənbəyi istismara verilib. Oğuz-Qəbələ-Bakı
su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmizləyici,
Külüllü, Qızılqaya, Göygöl suqəbuledici
qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri
və bu kimi digər layihələr Azərbaycan vətəndaşlarının
rifahının yüksəldilməsinə, onların
sağlamlığının qorunmasına verilmiş ən
böyük töhfədir.
İndiyə qədər su təchizatı
layihələrinin icrasına başlanılan 49 şəhər
və rayon mərkəzinin 38-də su şəbəkələrinin
tikintisi başa çatdırılıb. Şəhər mərkəzləri
ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər
olan 1050 kənd və qəsəbənin içməli
su problemi öz həllini tapıb.
Regional inkişaf proqramları çərçivəsində
bölgələrdə 11 min km-dən çox magistral və
paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib.
Görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş
qaydada içməli su ilə təmin olunan əhalinin
sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi
çəkisi isə 4,8 dəfə artıb. Beləliklə,
hazırda ölkə üzrə xidmət göstərilən
əhalinin 69 faizi, regionlarda isə 44 faizə yaxını
fasiləsiz içməli su ilə təmin olunur.
- Ötən il su təchizatı və
kanalizasiya sektorunda hansı layihələr
reallaşdırılıb?
- 2018-ci ildə içməli su təchizatı
və kanalizasiya sektorunda görülmüş işlər
daha da sürətlənib. Yeni iqtisadi şəraitin
çağırışlarına uyğun olaraq əvvəlki
illərdə başlanılmış layihələr davam
etdirilməklə yanaşı, yeni layihələrə də
start verilib ki, bu da ölkə rəhbərliyinin infrastrukturun
inkişafına xüsusi diqqət və qayğısından
xəbər verir. Ötən il möhtərəm
Prezidentin iştirakı ilə Xaçmaz və Xızı
şəhərlərində, həmçinin Altıağac
qəsəbəsində su və kanalizasiya şəbəkələri,
Mingəçevir və Astara şəhərlərində isə
içməli su şəbəkələri istismara verildi. Eyni zamanda Ağcabədi və Daşkəsən
şəhərlərində su və kanalizasiya, Biləsuvar
şəhərində kanalizasiya şəbəkələrinin
tikintisi işləri yekunlaşdı. Ötən il cənab
Prezident Mingəçevir, Tovuz, Ağstafa, Şirvan, Lerik,
Ağdaş və Qəbələ şəhərlərinin
içməli su təchizatının
yaxşılaşdırılması işlərinin davam
etdirilməsi ilə bağlı sərəncamlar imzaladı.
Bu sərəncamlar çərçivəsində həm yeni
su mənbələrinin yaradılması, həm də şəbəkə
infrastrukturunun genişləndirilməsi işləri həyata
keçirildi. Qeyd etmək istəyirəm
ki, qlobal istiləşmə və quraqlıq nəticəsində
bəzi su mənbələrinin məhsuldarlığında
baş vermiş dəyişiklikləri nəzərə alaraq
Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri
üçün alternativ mənbələrin
yaradılması layihələri reallaşdırıldı.
Bu olduqca vacib layihələr idi.
2018-ci ildə Bakı şəhəri və
Abşeron yarımadasında da bir sıra mühüm layihələr
icra olundu. Avtomobil yollarının yenidən qurulması
çərçivəsində Babək prospekti, Təbriz,
Xiyabani, Mir Cəlal və Məsud Davudoğlu küçələrində
su və kanalizasiya xətləri yeniləndi. Təkcə Babək
prospektində icra olunan layihələr çərçivəsində
20 km magistral və şəbəkə su xətləri, 3,5 km
kanalizasiya xətləri çəkildi. Bu layihənin tərkib
hissəsi olaraq 41 Şərq anbarı ilə 82 Şərq su
anbarının əlaqələndirilməsi məqsədilə
700 mm diametrli magistral xətt inşa edildi. Yeni
yaradılmış infrastruktur NZS, UPD, Keşlə qəsəbələrində,
eyni zamanda yeni salınan “Ağ şəhər”də və
ona yaxın ərazilərdə əhalinin dayanıqlı və
fasiləsiz su təchizatına, eləcə də
istehlakçılara göstərilən xidmətin keyfiyyətinin
yüksəlməsinə səbəb olub.
Ötən il Bayıl-Bibiheybət-Lökbatan
kollektorunun inşası, həmçinin Tədris Mərkəzinin
yaradılması və kadr hazırlığı layihəsinin
icrası ilə bağlı imzalanmış sərəncamlar
çərçivəsində işlər davam etdirildi. Eyni
zamanda, kəndlərdə layihələr icra edilib.
Ümumilikdə il ərzində 1162 km içməli su, 335 km
kanalizasiya kollektoru və xətti, 8 su anbarı tikilib, 26 ədəd
subartezian quyusu qazılıb.
- Qorxmaz müəllim, qeyd etdiyiniz kimi, içməli
sudan əziyyət çəkən kəndlərdə layihələrin
icrasında ciddi irəliləyişlər var, bu sahədə
daha hansı işlər görüləcək?
- Kəndlərdə içməli su layihələrindən
danışarkən bəzi məqamlara diqqətinizi yönəltmək
istərdim. Bildiyiniz kimi, respublikamızın kənd və qəsəbələrinin
böyük əksəriyyətində mərkəzləşmiş
içməli su infrastrukturu mövcud olmayıb. Regional
inkişaf proqramları çərçivəsində
içməli sudan əziyyət çəkən kəndlərin
də problemləri mərhələli şəkildə həll
edilir.
Bu sahədə işlər bir neçə
istiqamətdə davam etdirilir. İlk növbədə,
içməli su çatışmazlığının kəskin
müşahidə olunduğu yaşayış məntəqələri
müəyyənləşdirilir. Qeyd edim ki, bəzi kənd və
qəsəbələr şəhərlərdə həyata
keçirilən layihələr çərçivəsində
içməli su ilə təmin olunur. Amma elə kəndlər
də vardır ki, onlar şəhər mərkəzlərindən,
su mənbələrindən və magistral xətlərdən
uzaq məsafədə yerləşir. Bu halda həmin kəndlər
üçün xüsusi layihələr icra olunur.
Qaçqın və məcburi köçkünlərin, sərhəd
bölgəsində yerləşən kəndlərin
içməli su təchizatının
yaxşılaşdırılmasını xüsusi diqqətdə
saxlayırıq. Bilirsiniz ki, su mənbələrimizin bir hissəsi
işğal altındadır. Biz vaxtilə həmin mənbələrdən
qidalanan kəndlərə indi alternativ mənbələrdən
içməli suyun verilməsinə
çalışırıq.
Son illərdə kəndlərin içməli
su ilə təmin olunması istiqamətində işlər
intensivləşib. Cənab Prezidentin 17 mart
2017-ci il tarixli və 09 aprel 2018-ci il tarixli sərəncamlarına,
eləcə də dövlət investisiya layihələrinə
uyğun olaraq son 2 ildə içməli su
çatışmazlığından ciddi əziyyət
çəkən 211 kənddə işlər
görülüb. Bu işlər çərçivəsində
900 km magistral və paylayıcı su xətləri çəkilib,
əhalinin ümumi istifadəsi üçün 2500 bulaq
quraşdırılıb. Bununla da, 330 min insanın keyfiyyətli
içməli suya çıxışı təmin edilib.
Qeyd edim ki, bu kəndlərdə su təchizatı ümumi
istifadə əsasında bulaqlar vasitəsilə
aparılır və istifadə olunan suya görə əhalidən
ödəniş tələb olunmur. Bu da cənab Prezidentin
müəyyən etdiyi sosial siyasətin tərkib hissəsidir.
Ötən ilin mart ayından Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin balansında olan modul tipli sutəmizləyici
qurğular Cəmiyyətimizin xidmətinə verilib.
Bunları da nəzərə alsaq, regionların
inkişafı proqramının icrasına başlanandan bəri
1050 kənddə 1 milyon 400 mindən çox sakinin içməli
su ilə təminatı əsaslı şəkildə
yaxşılaşdırılıb. Həm kəndlərin, həm
də faydalanan əhalinin sayı görülmüş
işlərin miqyasını təsəvvür etməyə
imkan verir. Kənd əhalisinin içməli suya
çıxışını təmin etmək
üçün layihələrin icrası bu il və gələcəkdə
də davam etdiriləcəkdir.
- Bildiyimiz kimi, cənab Prezident tərəfindən
“Azərsu” ASC-yə suvarma layihələrinin icrası ilə
bağlı da tapşırıqlar verilmişdi. Bu layihələrin
icrası ilə bağlı nə deyə bilərsiniz?
- Ölkəmizdə ərzaq təhlükəsizliyinin
təmin olunması məqsədilə istifadəsiz torpaq sahələrinin
əkin dövriyyəsinə cəlb olunması barədə
cənab Prezident tapşırıqlar vermişdi. Həmin
tapşırıqlara uyğun olaraq 2017-ci ildə “Azərsu”
ASC tərəfindən Zərdab, Hacıqabul və
Şamaxı rayonlarının ərazisində suvarma layihələri
icra edildi.
Zərdab rayonunda 10 min hektar sahənin
suvarılması məqsədilə Kür çayı
sahilində məhsuldarlığı saniyədə 3 kubmetr
olan sugötürücü qurğu, nasos stansiyası tikilib,
enerji təchizatı sistemləri yaradılıb. Su mənbəyindən
əkin sahələrinə 15 km uzunluğunda magistral su xətti
çəkilib və supaylayıcı sistem yaradılıb, əkin
sahələrinə suyun verilməsi təmin edilib.
Padarçöl adlanan ərazidə isə 10
min hektar sahənin suvarılması layihəsi çərçivəsində
Kür sutəmizləyici qurğusundan əraziyə 27 km
magistral kəmər inşa edilib. Bildiyiniz kimi,
Padarçöl ərazisinə yaxın məhsuldar su mənbəyi
demək olar ki, mövcud deyil. Buna görə də həmin ərazinin
relyef baxımından yüksəklikdə olması suyun
nasoslar vasitəsilə ötürülməsini zəruri edirdi.
Bu məqsədlə 1970-ci ildə istismara verilmiş və bu
gün də Bakını içməli su ilə təmin edən
Kür sutəmizləyici qurğularının imkanlarından
istifadə edildi. Eyni zamanda, Padarçöldə
su ehtiyatının toplanması və suyun optimal paylanması
məqsədilə ümumi tutumu 50 min kubmetr olan açıq
tipli anbarlar inşa edildi. 2018-ci ildə həm Zərdab, həm
də Hacıqabul və Şamaxı rayonlarında vaxtilə
istifadəsiz qalan torpaqlardan ilk məhsul
götürüldü. Qürurverici haldır ki, Cəmiyyətimiz
kənd təsərrüfatının inkişafına, ərzaq
təhlükəsizliyinin təminatına da öz töhfəsini
verir.
- Xidmət sahələrində proseslərin
avtomatlaşdırılması və İKT-nin tətbiqinə
daha geniş yer verilir. Bu sahədə Səhmdar Cəmiyyətdə
hansı işlər görülüb?
- Fəaliyyətimizin əsas istiqamətlərindən
biri də istehlakçılara göstərilən
müştəri xidmətlərinin səviyyəsinin yüksəldilməsi,
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından
maksimum istifadə etməklə müştəri məmnunluğunu
təmin etməkdir. Diqqətinizə
çatdırmaq istəyirəm ki, ölkə
başçısının “Elektron xidmətlərin
genişləndirilməsi ilə bağlı tədbirlər
barədə” fərmanından irəli gələn tələblərə
uyğun olaraq artıq 16 elektron xidmət hazırlanaraq vətəndaşların
istifadəsinə verilib. Təkcə ötən il bu
xidmətlərdən istifadə ilə bağlı 345 min
müraciət qeydə alınıb və bu göstəriciyə
görə “Azərsu” ASC dövlət təşkilatları
arasında ilk beşlikdə yer alır.
2018-ci ildə Mingəçevir, Şəki və
İmişli şəhərlərində fəaliyyətə
başlamış “Asan xidmət” mərkəzlərində
“Azərsu” ASC-nin xidmət bölmələri yaradılıb.
Bununla da, bölgələrdə yaşayan əhalinin xidmətlərimizdən
istifadə imkanları genişlənib. Hazırda “Azərsu
ASC “Asan Kommunal” mərkəzlərində də əhaliyə
xidmət göstərir. Təkcə ötən il bu mərkəzlərə
83 min müraciət daxil olub və həmin müraciətlər
operativ şəkildə həllini tapıb. Müştərilərlə
işin səmərəliliyinin artırılması məqsədilə
bütün regional idarələrdə müştəri
informasiya sistemi proqramı tətbiq edilib.
Yeni texnologiyaların tətbiqi sahəsində
son illər mühüm layihələr icra olunub və xeyli
uğurlar əldə edilib. Son illər tətbiq olunan yeniliklər
sırasında AzersuGİS, SCADA, MİS proqramlarını
xüsusi qeyd etmək istərdim.
SCADA sistemi hidrotexniki qurğuların və digər
avadanlıqların, suyun paylanmasının vahid mərkəzdən
idarə edilməsini nəzərdə tutur. Hazırda bir
sıra qurğularımızda bu sistem uğurla tətbiq
olunur. SCADA sistemi vasitəsilə suyun emal və nəqli
üzrə bütün proseslərə onlayn nəzarət
edilir. Misal üçün deyə bilərik ki, 2015-ci ildə
istismara verilmiş və dünyanın ən böyük
ultrasüzgəc qurğusu olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksində suyun təmizlənməsi və nəqli
tam avtomatlaşdırılıb. Təsəvvür
edin, saniyədə 6,6 kubmetr su emal edən bir qurğuda suyun
Ceyranbatan gölündən götürülməsindən
tutmuş, şəbəkəyə ötürülməsinə
qədər olduqca mürəkkəb bir prosesi idarəetmə
mərkəzindən bir neçə mühəndis onlayn
rejimdə idarə edə bilir.
AzərsuCİS, yəni coğrafi informasiya
sistemləri də bu sektorda tətbiq olunan əsas texnoloji
yenilikdir. Bu sistem “Azərsu” ASC-yə aid
bütün yeraltı və yerüstü infrastruktur obyektləri,
qurğu və şəbəkələri haqqında məlumatların
rəqəmsal xəritələrə işlənməsini,
informasiyaların xüsusi proqram təminatı vasitəsilə
emalını və müvafiq struktur bölmələrinin
istifadəsinə verilməsini, istismar
zamanı və qəza halları baş verərkən şəbəkə
və təchizat yerinin dəqiq təyin edilməsini,
coğrafi sorğu, təhlil və hesabatların
hazırlanmasını təmin edir. İndiyədək bu
sistemə 17100 km içməli su, 8130 km kanalizasiya və 241
km yağış suyu şəbəkəsi, 6210 ədəd
qurğu və qurğu kompleksi, 536 min bina və tikili daxil
edilib.
- Qorxmaz müəllim, suyun keyfiyyəti həmişə
aktual olan məsələdir. Son illər həyata
keçirilmiş layihələrdə bu məsələlərə
xüsusi diqqət yetirilməsindən xəbərimiz var.
Əminliklə deyə bilərikmi, Azərbaycan vətəndaşlarının
keyfiyyətli içməli su problemi yoxdur?
- İçməli suyun keyfiyyəti məsələsi
hazırda nəinki respublikamızda, hətta qlobal məkanda
aktuallıq kəsb edir. Su təchizatının
iki əsas məqsədi var - əhalinin içməli suya əlçatanlığına
nail olmaq və keyfiyyətli su ilə təminat. Əhalinin
içməli suya çıxışının təmin
edilməsi istiqamətində gördüyümüz işlər
barədə məlumat verdim. Suyun keyfiyyətinə
gəlincə, bu sahədə də son illər xeyli işlər
görülüb. Əminliklə deyə bilərəm ki, bu
gün istər Bakı şəhəri və Abşeron
yarımadası, istərsə də regionlarda əhaliyə
verdiyimiz içməli sular qüvvədə olan standartlara
tam uyğundur. “Azərsu” ASC xidmət təşkilatı
olaraq içməli suyun keyfiyyət göstəricilərini
daim nəzarətdə saxlayır, eyni zamanda Səhiyyə
Nazirliyi içməli suyun keyfiyyətinə dövlət nəzarətini
həyata keçirir.
2013-cü ildə Bakı şəhərində
istifadəyə verilən Mərkəzi Laboratoriyada ən
müasir avadanlıqlar və cihazlar
quraşdırılıb. Bu avadanlıqların köməyi
ilə həm içməli, həm də tullantı
sularının göstəriciləri dəqiq təhlil olunur.
Hazırda Mərkəzi Laboratoriyada içməli və
tullantı sularının öyrənilən parametrlərinin
sayı 110-a çatdırılıb. Halbuki əvvəllər
bu parametrlər cəmi 39 idi. Təkcə ötən il laboratoriyada
içməli və tullantı sularının 35 min nümunəsi
əsasında 174 min parametr təyin edilib və bu göstərici
ilbəil artır. Beynəlxalq akkreditasiyadan
keçən və dünyanın aparıcı şirkətlərinin
təmsil olunduğu səriştəlilik proqramlarına
qoşulan Mərkəzi Laboratoriyada aparılan analizlərin nəticələri
müvafiq beynəlxalq təşkilatlar və laboratoriyalar tərəfindən
də tanınır.
Möhtərəm Prezident İlham Əliyevin
“Azərsu” ASC-nin qarşısında qoyduğu əsas
tapşırıqlardan biri bütün ölkə əhalisinin
keyfiyyətli içməli su ilə təmin
olunmasıdır. Bu tapşırıqlara uyğun olaraq “Azərsu”
ASC tərəfindən regionlarda içməli suyun fiziki-kimyəvi
və mikrobioloji analizi məqsədilə regional
laboratoriyaların təşkilinə başlanıb. Qeyd edim ki, son illər bölgələrdə yeni su
mənbələrinin və su təchizatı
infrastrukturlarının istifadəyə verilməsi, həmçinin
modul tipli sutəmizləyici qurğuların xidmətimizə
verilməsi Mərkəzi Laboratoriyanın yükünü bir
qədər artırıb. Düzdür, istənilən
ərazidə analizlər aparmaq üçün səyyar
laboratoriyalarımız mövcuddur. Ancaq məsafənin
böyük olması, su mənbələrinin sayının
gündən-günə artması regional laboratoriyaların
yaradılmasını zəruri edir. Qeyd edim ki, Mərkəzi
Laboratoriyanın təcrübəsindən istifadə etməklə
ölkə üzrə 9 regional laboratoriya yaradılıb.
Artıq regional laboratoriyalarımız lazımi cihaz və
avadanlıqlarla, həmçinin reagentlərlə təmin
olunub. Burada çalışan işçilərin peşəkarlığının
artırılması məqsədilə mütəmadi təlim
və treninqlər təşkil edilir. Tam əminliklə demək
olar ki, hazırda respublikamızın istənilən yerində
analizlərin aparılması üçün texniki imkanlar
mövcuddur.
Laboratoriyaların coğrafi məkanı elə
seçilib ki, Azərbaycanın ən ucqar ərazisində
yerləşən mənbələrdəki suyun keyfiyyət
göstəricilərini də daim nəzarətdə saxlamaq
mümkündür.
- 2019-cu illə bağlı planlarınız nədən
ibarətdir?
- 2019-cu il üçün planlarımız
genişdir. Artıq ötən ilin sonlarında cari ilin əsas
prioritetləri müəyyənləşdirilib və ilin əvvəlindən
nəzərdə tutduğumuz işlərin icrasına
başlamışıq.
Bu ilin birinci yarısında regionlarda tikilən
ən böyük sutəmizləyici qurğu - Şəmkirçay
sutəmizləyici qurğular kompleksi istismara veriləcək. Sutkalıq məhsuldarlığı 140 min kubmetr təşkil
edən qurğu Gəncə, Şəmkir və Samux şəhərlərinin,
həmçinin magistral kəmərlər boyu yerləşən
kəndlərin içməli su təminatı
baxımından müstəsna əhəmiyyətə
malikdir. Yeri gəlmişkən, qeyd edim ki, qurğudan
adıçəkilən şəhərlərə 27 km
uzunluğunda Şəmkirçay-Gəncə və 16 km
uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəmərlərinin
tikintisi başa çatdırılıb.
Bu il Ağdaş, Qəbələ, Qax şəhərlərində
su və kanalizasiya, Xırdalan və Şəmkir şəhərlərində
isə su şəbəkələrinin tikintisi yekunlaşacaq.
Eyni zamanda, Daşkəsən, Göyçay və Qəbələ
şəhərlərində layihələrin son komponenti olan
tullantı sutəmizləyici qurğuların inşası tam
başa çatacaq. Bununla yanaşı, Pirşağı qəsəbəsinin
yaxınlığında Xəzər dənizinin sahilində
tikilən müasir tullantı sutəmizləyici qurğu da
ilin sonuna qədər tikilib təhvil veriləcək. Eyni
zamanda 2019-cu ildə 10-dan çox şəhərdə
tullantı sutəmizləyici qurğuların tikintisinə
başlanılması nəzərdə tutulur.
İslam İnkişaf Bankının krediti və
Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi
layihə çərçivəsində Qazax şəhərində,
eləcə də büdcə vəsaiti hesabına Horadiz
şəhərində yeni layihələrin icrasına
başlanılacaq. Bu il içməli su
çatışmazlığından əziyyət çəkən
kəndlərdə layihələrin, binadaxili kommunikasiya xətlərinin
yenilənməsi və sayğaclaşma işlərinin davam
etdirilməsi nəzərdə tutulur. Regional idarələrin
və laboratoriyaların yaradılması işləri tam
başa çatdırılacaq.
Bakı şəhəri və Abşeron
yarımadasında da işlər davam etdiriləcək.
Paytaxtda optimal su təchizatının aparılması məqsədilə
magistral xətlərdə yenidənqurma işləri davam
etdiriləcək. Bu il bir sıra çoxmənzilli
yaşayış binalarında da daxili kommunikasiyaların yenilənməsi
nəzərdə tutulur. Bakıətrafı kənd və qəsəbələrdə
mərkəzləşdirilmiş su təchizatı
infrastrukturlarının yaradılması işləri də
reallaşdırılacaq. Artıq Binəqədi rayonunun Binəqədi
qəsəbəsi və Sulutəpə adlanan
yaşayış massivində işlərə
başlanılıb, Xəzər rayonunun qəsəbələrində
tikintiyə hazırlıq işləri görülür.
2019-cu ildə müştəri xidmətləri
sahəsində də ciddi işlər aparılacaq. Abonentlərin
bu xidmətlərdən maksimum istifadə etməsi
üçün başladığımız tədbirlərin
icrası davam etdiriləcək.
Cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən və
Azərbaycan vətəndaşlarının sosial
rifahının yüksəlməsinə hesablanmış
içməli su və kanalizasiya layihələrinin
vaxtında və keyfiyyətlə icrası məqsədilə
“Azərsu” ASC-nin çoxminli kollektivi 2019-cu ildə də var
qüvvəsi ilə çalışacaq və
memarı Ulu öndər Heydər Əliyev olan sosial siyasətə
öz töhfəsini verəcəkdir.
İki
sahil.- 2019.- 19 fevral.- S.18