Erməni vəhşiliyi sərhəd
tanımır
Şamil Sabiroğlu Xatın, Liditsa, Oradur, Xolokost,
Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən
heç də fərqlənməyən Xocalı
soyqırımının dəhşətlərindən
söz açanda kövrəlməmək mümkün deyil.
Danışdıqlarından bəlli olur ki, o, erməni
vandalizminin dəhşətlərini, acılarını, demək
olar ki, hər gün yaşayır. Hazırda
Xocalı soyqırımının 27-ci ildönümü ilə
əlaqədar Türkiyədə keçirilən tədbirlərdə
iştirak edən “Xocalı
Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri,
“Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi”
medallı Qarabağ qazisi Şamil Sabiroğlu ilə əlaqə
saxlayıb ona bir neçə sualla müraciət etdik.
Həmsöhbətimiz dedi:
-1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan silahlı qüvvələri
Sovet İttifaqının 366-cı motoatıcı
alayının hərbi texnikası və şəxsi heyətinin
köməyi ilə qədim tarixə malik Xocalı şəhərini
yerlə-yeksan etdilər. İşğal zamanı 1000 nəfərədək
insan vəhşicəsinə qətlə
yetirildi, 1275 nəfər əsir və ya girov
götürüldü. Mən o zaman ölkəmizdə bir, bəzən
də iki milyon tirajla nəşr edilən “Səhər”gündəlik
informasiya qəzetinin Qarabağ bölgəsi üzrə
müxbiri idim. Öz yazılarımda dəfələrlə
bəyan etmişdim ki, Azərbaycan hakimiyyəti Xocalıda
yaşayanların təhlükəsizliyini təmin etməsə,
bu qədim türk şəhəri Ermənistan Silahlı
Qüvvələri və onların havadarları tərəfindən
işğal olunacaq. Onu da qeyd edim ki, Qarabağ faciəsi,
Xocalı soyqırımı baş verən ərəfədə
yeni yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin
maddi-texniki bazası demək olar ki, yox idi, üstəlik,
ölkəmizin iqtisadiyyatı iflic vəziyyətində idi.
- Bəlkə nə qədər ağır
olsa da, ermənilərin həmin gecə və ondan sonrakı
günlərdə törətdikləri vəhşiliklərdən
ətraflı söz açasınız?
- Bəri başdan deyim ki, mən xüsusi qəddarlıqla
həyata keçirilən Xocalı soyqırımının
canlı şahidlərindən biriyəm. Tam məsuliyyətlə
bildirirəm ki, o məşum gecədə dinc əhaliyə
aman verilmədi. Buna misal olaraq ermənilərə
heç zaman güllə atmamış, nifrətini bildirməmiş
83 yaşlı el ağsaqqalı Allahverdi Qulİyev, Zəkara
Quliyev, Savalan Allahverdiyev, Səlim Həşimov və digər
yaşlı sakinlərin işgəncələrlə
öldürülməsini qeyd edə bilərəm. Erməni
terrorçuları 8 yaşlı Xocalı sakini Xəzangül
Əmirovanın gözləri qarşısında atası Təvəkkülü
ağaca bağlamış,
“Qarabağ ermənilərindir” sözlərini söyləmədiyinə
görə onu diri-diri yandırmışdılar. Xocalı
sakini Səlim Kərim oğlu Həşimovu əsir
götürən erməni qaniçənləri onun urək
nahiyəsini çıxartmışdılar. Bir zamanlar
faşistlərin əsiri olmuş Savalan Allahverdiyevə
faşistlərdən qat-qat çox işgəncələr
verərək onu qətlə yetirmişdilər
Xocalı Rabitə Qovşağının
işcisi olan Dürdanə Ağayeva 8 günlük girovluq həyatında
sanki 80 il qocalmışdı. Beynəlxalq terrorçu Monte
Melkonyanın Dürdanə xanıma verdiyi işgəncələr
isə ayrı söhbətin mövzusudur. Faiq Şahmalı
oğlu Əliməmmədov Xocalı Ərazi
Özünümüdafiə Taborunun
döyüşçüsü idi. Məlum
soyqırım zamanı erməni vəhşiləri və
onların havadarları tərəfindən əsir
götürülən əsgər F.Əliməmmədov
“Qarabağ ermənilərindir!”cümləsini demədiyinə
görə bədənini avtomat silahdan açılan atəşlərlə
aşsüzənə döndərmişdilər.
Kərbəlayi-Məşhədi
Hüseynağa Aydın oğlu Quliyev ailənin tək
övladıdır. O da Xocalının müdafiəçilərindən
idi. Əslində o, ailənin tək oğlu kimi hərbi xidmətə
getməməli idi. Həmin soyqırım
zamanı əsir götürülən H.Quliyevin
qabırğaları sındırılmış, küt dəmir
alətlə üz-çənə nahiyəsi və dişləri
sındırılmışdı. Erməni
terrorçuları Hüseynağanın anasını,
ömür-gün yoldaşını, baldızını və
iki övladını da girov götürmüşdülər.
Ölümcül vəziyyətdə əsirlikdən azad edilən
və Ağdama gətirilən H.Quliyev kiliniki ölüm
keçirmişdi. Hazırda həyatda olan H. Quliyevin
ömür yolu müasir gənclər üçün
örnəkdir. Erməni qəddarlığını
sübut edən o qədər belə faktlar var ki...
Onu da qeyd edim ki, Rusiyanın
“Memorial” Hüquq-Müdafiə Mərkəzi təsdiq edir ki,
Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin
dinc əhaliyə qarşı hərəkətləri Cenevrə
Konvensiyasına, həmçinin Ümumdünya İnsan
Haqları Bəyannaməsinin maddələrinə tamamilə
zidd idi.
- Bir sözlə, Xocalı soyqırımı
insanlığa qarşı misli görünməmiş cinayət
idi...
- Buna kimsə şübhə edə bilməz.
Təəssüf ki, bu cinayətin sifarişçiləri və
onu icra edənlər hələ də azadlıqdadırlar.
- Bu soyqırımın beynəlxalq səviyyədə
tanıdılması istiqamətində hansı işlər həyata
keçirilib? İctimai təşkilatın rəhbəri kimi
bu barədə nələri deyə bilərsiniz?
-
1993-cü ildə ulu öndər Heydər Əliyev
xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə
qayıtdıqdan sonra Xocalı soyqırımına
siyasi-hüquqi qiymət verərək onu bütün bəşəriyyətə
qarşı tarixi bir cinayət kimi qiymətləndirmiş,
bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş
ağlasığmaz qəddarlıq və qeyri-insani cəza
üsulları ilə dünya tarixində bir vəhşilik
aktı olduğunu qeyd etmişdir. Məhz ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə fevralın
26-sı Xocalı Soyqırımı Günü elan
olunmuşdur. Məhz Ulu Öndər Xocalı həqiqətlərini
dünyaya olduğu kimi tanıtmaq istiqamətində kampaniyaya
start vermişdir.Mən ölkə mətbuatına verdiyim
müsahibələrdə dəfələrlə söyləmişəm
ki, əgər dövlət başçısı səviyyəsində
dəstək olmasaydı biz, Qarabağ faciəsini,
xüsusən də Xocalı soyqırımını beynəlxalq
səviyyədə tanıda bilməzdik. Biz bu prosesdə, ilk
növbədə, ulu öndər Heydər Əliyevə
borcluyuq. Daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu soyqırımın dünyaya
çatdırılması istiqamətində mühüm
addımlar atıldı və atılmaqdadır. Artıq Xocalı soyqırımını törədənlərin
ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən
biri kimi müəyyənləşdirilmişdir.Yeri gəlmişkən,
hazırda dünyanın 16 ölkəsinin parlamenti, o cümlədən
ABŞ-ın 22 ştatı Xocalı soyqırımını
tanıyan qətnamələr qəbul edib. Xocalı
soyqırımının dünya dövlətləri,
parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən
tanınmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, eləcə
də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın müstəsna xidmətləri vardır.
-
Xocalı soyqırımının tanıdılması və
soyqırımına siyasi qiymət verilməsi istiqamətində
görülən işlərin artıq daha ciddi nəticələr
verməkdə olduğunu deyə bilərikmi?
- Şübhəsiz. Əminik ki,
nə vaxtsa sivil dünya Ermənistanın Azərbaycana və
bütövlükdə Türk dünyasına qarşı
işğalçılıq siyasətini pisləyəcək
və erməni terrorizminin qurbanlarının əziz xatirəsinə
həsr edilən beynəlxalq hərbi məhkəmə
qurulacaqdır.
Bir məsələni də
vurğulamaq istərdim. Ölkə başçısı,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin uğurlu siyasəti nəticəsində hazırda
ordumuz dünyanın ən güclü orduları
sırasındadır. 2016-cı ilin aprelində cəbhə xəttində
baş vermiş 3 günlük savaş, eləcə də
Naxçıvanda keçirilən Günnüt əməliyyatı
Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə
malik olduğunu əyani şəkildə göstərdi.
Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində
bildirmişdir ki, bu gün dünyada “kim güclüdür, o
da haqlıdır” prinsipi hökm sürür: “Bu, yeni
reallıqdır. Biz bu reallığa hazır olmalıyıq.
Dünya dəyişir və biz bu dəyişikliyə
hazır olmalıyıq.
Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi
gücümüzü uzun illərdir ki, artırırıq”.
Yəni bununla demək istəyirəm ki, artıq bu gün Azərbaycan
Silahlı Qüvvələri dövlətimizin qüdrətinin
nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir.
- Hazırda Türkiyə Cümhuriyyətində
Xocalı soyqırımı ilə əlaqədar keçirilən mərasimlərdə iştirak
edirsiniz. Həmin tədbirlərdən də söz
açmağınızı xahiş edirik.
- Hazırda
dünyanın müxtəlif ölkələrində
Xocalı soyqırımı ilə bağlı çox
möhtəşəm tədbirlər keçirilir. Mən və
Xocalı soyqırımının şahidi olan daha 2 nəfər
isə qardaş ölkədə keçirilən Xocalı
soyqırımının qurbanlarını anma mərasimlərində
iştirak edirik.
Nümayəndə heyətinə
Xocalı sakinləri-Respublikanın Əməkdar həkimi,
“Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan tibb xidməti
kapitanı Məmməd Ağalar oğlu Nağıyev,
soyqırım zamanı əsir düşmüş
Hüseynağa Aydın oğlu Quliyev, habelə Birliyin
Qadınlar Şurasının sədri Ayna Allahyar qızı
Novruzova daxildirlər. Biz Türkiyənin müxtəlif şəhər
və qəsəbələrində təşkil edilən
anma mərasimlərində çıxışlar edirik. Mən Türkiyənin Antalya vilayətinin Elmalı
qəsəbəsində təşkil edilən
“Xocalının səsiyəm!” adlı proqrama görə
Elmalı Bələdiyyəsinin başqanı Ümit
Öztekinə, layihə rəhbəri Vüsalə Qubadovaya
(Alıcı) və onun ömür-gün yoldaşı Ahmet
Akif Alıcıya təşəkkür edirəm.
Antalyada fəaliyyət göstərən Akdeniz Universitetində
təhsil alan azərbaycanlı tələbələrin
yüksək səviyyədə hazırladıqları ədəbi-bədii
kompozisiya qəlbimizi riqqətə gətirdi. Onların
hər birinə, xüsusən Əli Qasımova, Hüseyn
Qasımzadəyə, Sübhan Məmmədova, Həşim
Güləmirova, Səbuhi Məmmədliyə, Baba Qurbanova,
Gülay Nəzərovaya, Fəridə Zərnişanovaya, əslən
İranın Mərənd vilayətindən olan
soydaşımız Sürəyya Qasımiyə,
Vüsal Ağayevə, habelə, Türkiyə vətəndaşları
- Sedanur Zeynep Önaya və azyaşlı Busenura təşəkkür
edirəm. Biz bundan sonra da respublikamızın ərazi
bütövlüyünün bərpası, Xocalı
soyqırımının beynəlxalq səviyyədə
tanınması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Qvami Məhəbbətoğlu
İki
sahil.- 2019.- 28 fevral.- S.22