Əliyevşünaslıq
elmi məktəbinin yaradıcısı
Bu ilin fevral ayında AMEA-nın həqiqi
üzvü, tarix elmləri doktoru, professor, Azərbaycan
Respublikasının dövlət mükafatı laureatı,
Əməkdar elm xadimi Yaqub Mahmudovun anadan olmasının 80
illiyi geniş qeyd olundu. Bu görkəmli alim, vətənpərvər
ziyalı, öz mənalı ömrünün böyük
bir hissəsini Azərbaycan milli tarix elminin inkişafına həsr
etmiş və bu elmə gətirdiyi yeniliklər sayəsində
yüksəlmiş, böyük nüfuz və hörmət
qazanmışdır.
Akademik Yaqub Mahmudov ölkəmizdə
və onun hüdudlarından kənarda
sayılıb-seçilən alimlərdən biri olmaqla, Azərbaycan
milli tarix elmində, Vətən
tarixşünaslığında, diplomatiya tarixi, itirilmiş
torpaqlar, soyrıqımları tarixi sahəsində yeni elmi məktəblərin
əsasını qoyan tarixçi alim kimi tanınır.
Yaqub Mahmudovun indiyədək
ölkəmizdə və xaricdə Azərbaycan tarixinin
çox aktual və əhəmiyyətli problemlərinin
araşdırılmasına həsr edilmiş minə yaxın
əsəri, o cümlədən monoqrafiyaları,
kitabları, məqalələri çap olunmuş, nüfuzlu
beynəlxalq elmi konfranslarda, simpoziumlarda böyük rəğbətlə
qarşılanan çoxsaylı məruzələri dinlənilmişdir.
Görkəmli alimin tarix elminin inkişafı
sahəsində göstərdiyi geniş və çoxşaxəli
fəaliyyət milli tarixşünaslığın son nailiyyətləri
əsasında oxucuya təqdim olunur. Bütövlükdə
onun çox böyük zəhməti sayəsində ərsəyə
gələn əsərləri istər məzmun və
mündəricəsi, istərsə də öyrənilən
məsələlərin elmi-nəzəri dərinliyi və
sanbalı ilə diqqəti cəlb edir və çox
böyük elmi-nəzəri və praktiki əhəmiyyət
kəsb edir.
Bütün bunlarla yanaşı, xüsusi
olaraq vurğulamaq istərdim ki, akademik Yaqub Mahmudovun
çoxşaxəli elmi fəaliyyətində
xalqımızın ümummilli lideri Heydər Əliyevin
elmi-nəzəri irsinin öyrənilməsi ilə
bağlı tədqiqatlar mühüm yer tutur. Təsadüfi
deyildir ki, professor Yaqub Mahmudov Heydər Əliyev irsini
araşdıran “Əliyevşünaslıq” elmi məktəbinin
yaradıcılarından biri hesab olunur.
Akademik Yaqub Mahmudovun “Azərbaycan
tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər
Əliyev ideyalarının zəfər yürüşü”
adlı monumental monoqrafiyalarında və çoxsaylı məqalələrində
Ümummilli Liderin zəngin dövlətçilik irsi və
ictimai-siyasi fəaliyyəti dərindən təhlil edilir, bu
dahi şəxsiyyətin fenomenal cəhət və
xüsusiyyətləri çoxsaylı faktlarla ilk dəfə
sistemli şəkildə araşdırılaraq geniş
ictimaiyyətə təqdim olunmuşdur.
Akademikin “Azərbaycan tarixində
Heydər Əliyev şəxsiyyəti” (Bakı: 2002)
monoqrafiyası genişmiqyaslı əsaslandırılmış
fəaliyyət fonunda görkəmli siyasi və dövlət
xadimi Heydər Əliyev dühasının Azərbaycanın
tarixi taleyindəki əvəzsiz rolunun
işıqlandırılmasına həsr olunmuşdur. Monoqrafiyada Heydər Əliyevin çoxşaxəli
fəaliyyəti tutarlı dəlillərlə, məntiqi
ardıcıllıqla çox parlaq şəkildə təqdim
edilmişdir. Əsər Əliyevşünaslıqda
mühüm hadisə olmaqla ulu öndər Heydər
Əliyevin dövlətimiz və xalqımız
qarşısında misilsiz tarixi xidmətlərinin öyrənilməsi
və təbliği baxımından böyük əhəmiyyət
kəsb edir. Kitabın dəyərli cəhətlərindən
biri müəllifin Heydər Əliyevin ictimai-siyasi və
dövlətçilik fəaliyyətinə bütöv
tariximiz fonunda nəzər salmasıdır.
Hörmətli professorumuz Əli Həsənovun
kitaba yazdığı “Ön söz”də qeyd edilir ki,
“Əməkdar elm xadimi Yaqub Mahmudovun “Azərbaycan tarixində
Heydər Əliyev şəxsiyyəti” monoqrafiyası
Əliyevşünaslığa mühüm töhfədir. Cəsarətlə
demək olar ki, görkəmli tarixçimizin adı çəkilən
əsəri indiyədək Heydər Əliyev barədə
yazılmış kitablardan əsaslı surətdə fərqlənir.
Alim özündən əvvəlki müəlliflərdən
fərqli olaraq, Əliyevşünaslıqda ilk dəfədir
ki, dahi şəxsiyyətin həyat yoluna bütün tariximiz
fonunda nəzər salır. Əliyev şəxsiyyətinin
nurlu əməlləri, həyata keçirdiyi böyük quruculuq
işləri, islahatlar, dövlətçilik tarixindəki
xilaskarlıq missiyası, diplomatiya tarixində həyata
keçirdiyi yeniliklər yurdumuzun və xalqımızın
beş minillik tarixi fonunda həqiqətən də daha
aydın görünür. Azərbaycanın dahi tarixi
simaları arasında Heydər Əliyev şəxsiyyəti
daha əzəmətlə ucalır.”
Akademik Yaqub Mahmudovun əsərdə
qeyd etdiyi “1969-cu ildə Heydər Əliyevin Azərbaycanın
rəhbərliyinə gəlməsi nəticəsində
tariximizdə müstəqilliyə doğru böyük
dönüş və milli oyanış dövrü
başlandı”, “Azərbaycanımızı bu günkü
müstəqil həyata hələ keçən əsrin
70-80-ci illərinin əvvəllərində
məhz Heydər Əliyev şəxsiyyəti
hazırlamışdır” fikirlərinin konkret faktlarla əsaslandırılması
tarixşünaslığımızda həm məzmun
baxımından, həm də dövrləşdirmə
baxımından mühüm addım, Əliyevşunaslıq
elmində yenilikdir.
Akademik Yaqub Mahmudov əsərin
digər bölmələrində ümummilli lider Heydər
Əliyevin böyük dövlət xadimi və nüfuzlu
siyasətçi kimi Azərbaycanın milli dövlətçiliyinin
möhkəmləndirilməsi, inkişaf strategiyasının
müəyyənləşdirilməsi, hüquqi dövlət
quruculuğu sahəsində atdığı
addımları hərtərəfli təhlil edir və
yüksək qiymətləndirir. Alim düzgün olaraq
tarixşünaslığımızda ilk dəfə olaraq
Heydər Əliyevi Azərbaycanda müstəqil dövlətçilik
ənənələrinin əsasını qoyan siyasi lider kimi
səciyyələndirir.
Akademik Yaqub Mahmudovun “Heydər
Əliyev ideyalarının zəfər yürüşü”
(Bakı: 2011) adlı monoqrafiyası onun bu istiqamətdə
göstərdiyi fəaliyyətinin davamı olaraq
Əliyevşünaslığa son dərəcə qiymətli
bir töhfədir. Əsərdə xalqımızın
ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik
irsi və ictimai-siyasi fəaliyyəti, bu böyük şəxsiyyətin
müstəqil Azərbaycan dövlətinin qorunması və
inkişafı istiqamətində misilsiz xidmətləri
tutarlı faklarla hərtərəfli
işıqlandırılır.
Yaqub Mahmudovun bu əsəri həm
zaman kəsiyi etibarilə, həm də ictimai həyatın
bütün sahələrini əhatə etmək
baxımından ona qədər Heydər Əliyev barəsində
yazılmış kitablardan əsaslı şəkildə fərqlənir
və Əliyevşünaslıq elmində ilk dəfə
olaraq Ulu Öndərin timsalında
xalqımızın tarixi və taleyi ilə bağlı
böyük problemlər qaldırılır və onlar fəal
düşüncə hədəfinə çevrilməklə
ətraflı təhlil edilir. Əsəri səciyyələndirən
mühüm xüsusiyyət müəllifin göstərilən
dövrdə ayrı-ayrı tarixi proseslər və hadisələrə
münasibət bildirərkən Ümummili Liderin konseptual
müddəalarını diqqət mərkəzinə çəkməsi
və keçmişimizə qiymət verərkən həmin
məqamların əsas götürülməsidir.
Əsərin çox
mühüm elmi əhəmiyyət kəsb edən səciyyəvi
cəhətlərindən biri də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ümummili
lider Heydər Əliyevin siyasi kursunun müvəffəqiyyətlə
davam etdirilməsi istiqamətində ardıcıl və
prinsipial fəaliyyətinin geniş və əhatəli
şəkildə əks etdirilməsidir.
Tarixçi alim əsərdə
cənab İlham Əliyevin dövlət
başçısı kimi fəaliyyəti dövründə
dinamik, sosial-iqtisadi inkişaf yoluna çıxan Azərbaycanın
regionun lider dövlətinə çevrilməsi prosesini
ardıcıl izləyir, paralel aparılan siyasi və iqtisadi
islahatların uğurlu nəticələrini təhlil edir,
regionların sosial-iqtisadi inkişafına dair
Dövlət proqramlarının həyata keçirilməsi
istiqamətində böyük quruculuq və abadlıq işlərini,
milli təəssübkeşlik fəaliyyəti fonunda Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
çoxşaxəli fəaliyyətini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun davamlı
olaraq artması və s. məsələləri zəngin
faktlar əsasında araşdıraraq oxucuya təqdim edir.
Əsər Prezident İlham Əliyevin şəxsiyyətinə
dərin hörmət və ehtiram hissi ilə, həm də
çox səmimi və anlaşıqlı dildə
yazılmışdır. Buna görə də əsər
ictimaiyyət tərəfindən çox maraqla
qarşılanır.
Ümumiyyətlə, adı
çəkilən hər iki əsər akademik Y.Mahmudovun Heydər
Əliyevin elmi-nəzəri irsinin öyrənilməsi sahəsində
apardığı zəngin tədqiqatların, çap
etdirdiyi çoxsaylı kitab və məqalələrin məntiqi
nəticəsi kimi Azərbaycan tarix elminin inkişafına
mühüm töhfə olmaqla yanaşı,
Əliyevşünaslıqda irəliyə doğru
mühüm addımdır.
Akademik Y.Mahmudovun Əliyevşünaslıq
elmi məktəbinin yaradılması və inkişafında
göstərdiyi əsas xidmətlərdən biri də onun bu
istiqamətdəki elmi-təşkilati fəaliyyətidir. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin
tarixi irsi, dövlətçilik nəzəriyyəsi,
inkişaf konsepsiyası haqqında xeyli sayda kitablar, məqalələr
yazılsa da, onun çoxşaxəli siyasi və dövlətçilik
fəaliyyətinin bütöv sistem halında, akademik tələblər
səviyyəsində öyrənilməsinə hələ
də böyük ehtiyac hiss olunurdu. Məhz bu
ehtiyac nəzərə alınaraq akademik Y.Mahmudovun təşəbbüsü
və ciddi səyləri nəticəsində 2009-cu ildə
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda
Əliyevşünaslıq şöbəsi yaradıldı.
Bununla, Ulu Öndərin zəngin elmi nəzəri irsinin
öyrənilməsinə start verildi. Y.Mahmudovun bilavasitə
təşəbbüsü ilə Tarix İnstitutunun Elmi
Şurası Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr olunmuş ikicildlik fundamental akademik nəşrin
hazırlanması və nəşr edilməsi ilə
bağlı qərar qəbul etdi. Qısa
müddət ərzində Rusiya və respublika arxivlərindən
Ulu Öndərin ictimai-siyasi fəaliyyətini əks etdirən
sənəd və materialların toplanılaraq təsnifatı
aparıldı. İkicildliyin yazılması üçün
möhkəm mənbə bazası yaradıldı. 2013-cü
ildə Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən ikicildlik fundamental monoqrafiya nəşr olundu.
Qeyd etmək lazımdır ki, “Heydər Əliyev” ikicildliyi
dahi şəxsiyyətin ömür yolunun akademik tələblər
səviyyəsində araşdırılması sahəsində
ilk uğurlu addım idi. Yeni elmi baxışı ifadə edən
bu qiymətli tədqiqat əsəri çoxsaylı və zəngin
mənbələr əsasında yazılmışdır.
Monoqrafiyanın strukturu Heydər Əliyevin siyasi fəaliyyətinin
iki ictimai-siyasi dövrdə - sovet dövrü və müstəqillik
dövrünə uyğun olaraq müəyyənləşdirilmişdir.
“Heydər Əliyev”
monoqrafiyasının I cildində xalqımızın dahi
oğlunun uşaqlıq və gənclik illərindən
başlayaraq 1987-ci ilə qədər olan dövrdə
ictimai-siyasi fəaliyyəti təfərrüatı ilə
işıqlandırılmışdır. Əsərdə
Heydər Əliyevin hüquq-mühafizə orqanlarında
çalışdığı dövr,
Azərbaycan KP MK-nın birinci katibi kimi respublikanın
inkişafı və tərəqqisi naminə göstərdiyi
genişmiqyaslı fəaliyyəti və SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini kimi gərgin əməyi
müfəssəl şəkildə
işıqlandırılmışdır.
“Heydər Əliyev” monoqrafiyasının II
cildi 1987-ci ildən başlayaraq 2003-cü ilədək olan
tariximizin ən məsuliyyətli mərhələsində
onun fəaliyyətinin işıqlandırılmasına həsr
edilmişdir. Burada Heydər Əliyevin Naxçıvan MR-ə
rəhbərliyi dövrü, Azərbaycan Respublikasının
rəhbəri kimi xalqımız üçün
taleyüklü ictimai-siyasi fəaliyyəti ilk mənbələr
əsasında təqdim olunmuşdur.
Monoqrafiyada, həmçinin Heydər
Əliyev siyasi xəttinin davamçısı kimi cənab
İlham Əliyevin prezident kimi fəaliyyətə
başladığı ilk günlərdən həyata
keçirdiyi qətiyyətli tədbirlər,
imzaladığı Fərman və sərəncamlar dərindən
təhlil edilir, ölkəmizin ictimai həyatının bütün
sahələrində qazanılmış böyük
uğurlar zəngin faktlar kontekstində hərtərəfli
işıqlandırılmışdır.
Kitabda Heydər Əliyev Fondunun
ötən illər ərzindəki uğurlu fəaliyyətindən,
o cümlədən Fondun prezidenti, Azərbaycanın birinci
xanımı, Azərbaycan Respublikasının birinci
vitse-prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın bilavasitə təşəbbüsü
ilə görülən və ölkəmizin
hüdudlarından kənarda yüksək qiymətləndirilən
işlərdən geniş bəhs edilir.
Ümumiyyətlə, Y.Mahmudovun rəhbərliyi
altında tarixçi alimlərimizin böyük zəhməti,
səmərəli axtarışları nəticəsində ərsəyə
gətirilmiş “Heydər Əliyev” iki cildlik fundamental tədqiqat
əsəri Ulu Öndərin şəxsiyyətinə, onun
çoxşaxəli siyasi dövlətçilik fəaliyyətinə
layiqli əsər olmaqla
Əliyevşünaslığın, bütövlükdə
tarix elminin inkişafında mühüm hadisə kimi səciyyələndirilə
bilər.
Akademik Yaqub Mahmudovun
Əliyevşünaslığın inkişafı sahəsində
böyük xidmətlərindən biri də Ümummilli
Liderin çoxşaxəli fəaliyyətini ilkin mənbələr
əsasında tədqiq etməkdir. Doğrudur, Ulu Öndərin
müstəqillik illərində Azərbaycana rəhbərliyi
dövründə bütün çıxışları, bəyanatları,
müsahibələri, “Müstəqilliyimiz əbədidir”
çoxcildliyində nəşr olunmuşdur. Lakin
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci
illərə dair arxiv sənədləri, o cümlədən
çıxış və məruzələrinin tam mətnləri,
imzaladığı qərar və sərəncamlar, məktublar
və s. hələ də arxiv fondlarında saxlanılır.
Əlbəttə, bu sənədlərin elmi dövriyyəyə
daxil edilməsi çox böyük elmi-nəzəri və
praktiki əhəmiyyət kəsb edir. Bu mənada,
akademik Y.Mahmudovun bilavasitə təşəbbüsü və
rəhbərliyi ilə geniş oxucu kütləsinin istifadəsinə
verilən “Heydər Əliyev elmin keşiyində” iki cildlik sənədlər
toplusu Heydər Əliyev irsinin arxiv materialları əsasında
tərtib olunmuş ilk akademik nəşrdir. Sənədlər
toplusunda Azərbaycan xalqının ümummilli lideri, görkəmli
dövlət xadimi siyasi strateq, uzaqgörən nəzəriyyəçi
Heydər Əliyevin Azərbaycan elminin inkişafı ilə
bağlı həyata keçirdiyi siyasət öz əksini
tapmışdır.
“Heydər Əliyev elmin
keşiyində” sənədlər toplusunun birinci cildində
Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi
1969-1980-ci illərdə respublikada elm sisteminin maddi-texniki
bazasının və kadr potensialının inkişaf etdirilməsi
strukturunun təkmilləşdirilməsi, elmi-tədqiqat
işlərinin genişləndirilməsi və keyfiyyətcə
yaxşılaşdırılması mövzuların dəqiqləşdirilməsi
ilə bağlı dövlət səviyyəsində qəbul
edilmiş qərarlar, sərəncamlar, proqramlar daxil
edilmişdir. Topluda, həmçinin Heydər Əliyevin həmin
dövrdə Azərbaycanda elmin vəziyyəti və
perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və
sair məsələlərə dair müxtəlif tədbirlərdə,
forumlarda etdiyi çıxışlarda geniş yer
verilmişdir.
Sənədlər toplusunun II
cildində ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra
elmin inkişafı ilə bağlı imzaladığı Fərman
və sərəncamların, müxtəlif konfranslarda
söylədiyi nitqlər, alim və ziyalılarla
görüşündə çıxış, müsahibə
və söhbətləri əhatəli şəkildə
öz əksini tapmışdır.
Topluda yer almış sənədlərin
dəyəri Heydər Əliyevin dövlət rəhbəri
kimi vəzifələrinə məsuliyyətlə
yanaşmasını təsdiq etməkdən daha çox o
böyük şəxsiyyətin milli təəssübkeşliyini,
şəxsi mərdliyini və əsl humanizmini ifadə etməsidir.
Ümumiyyətlə, Heydər
Əliyevin çoxcəhətli fəaliyyətinin
mühüm bir istiqamətini əks etdirən “Heydər
Əliyev elmin keşiyində” sənədlər toplusu Heydər
Əliyev düşüncəsinin təntənəsi kimi gələcək
nəsillərə elmi həyata yanaşmağın nümunələrini
verən bir dolğun məcmuə keyfiyyətindədir.
Akademik Y.Mahmudovun
Əliyevşünaslığın inkişafında gərgin
elmi və elmi təşkilatçılıq fəaliyyətinin
ən diqqətiçəkən nəticələrindən
biri də “Azərbaycan Respublikasının tarixi” ikicildlik
monoqrafiyasının 2016-cı ildə nəşr
olunmasıdır. Monoqrafiyada respublika həyatının
bütün sahələri akademik prizmadan yanaşılaraq təhlil
edilmiş, nəticədə tarixi reallıqlarla səsləşən
çox sanballı bir əsər ərsəyə gətirmişdir.
Əsərin birinci cildi fundamental elmi araşdırma olmaqla
müstəqil Azərbaycan tarixinə Heydər Əliyev dövrü
kimi daxil olmuş 1991-2003-cü illəri əhatə
edir. Cildliyin ayrı-ayrı fəsillərində Ulu Öndərin
müstəqil Azərbaycan dövlətinin qurulmasına həsr
olunmuş yorulmaz fəaliyyəti geniş və əhatəli
şəkildə işıqlandırılır.
“Azərbaycan Respublikası
tarixi”nin ikinci cildi Azərbaycanın müstəqillik
dövrü tarixinin akademik səviyyədə
işıqlandırılmasına ilk təşəbbüs
olmaqla, Prezident İlham Əliyevin
başçılığı ilə 2003-2010-cu illərdə
əldə olunmuş tarixi nailiyyətlər və ölkədə
aparılan böyük quruculuq, abadlıq işləri, xarici
siyasət sahəsində əldə olunmuş uğurlar, Heydər
Əliyev fondunun fəaliyyəti geniş
işıqlandırılmışdır. Əsərin
bütün fəsilləri Tarix İnstitutunda akademik
Y.Mahmudovun rəhbərliyi altında aparılan tədqiqatlar əsasında
yazılmışdır.
Görkəmli tarixçi alim Y.Mahmudovun rəhbərliyi
altında Əliyevşünaslıq şöbəsinin əməkdaşları
tərəfindən Heydər Əliyev elmi-nəzəri irsinin
araşdırılması istiqamətində xeyli işlər
görülmüşdür. Keçən müddət ərzində
şöbədə beş monoqrafiya və kitab, 300-dən
çox məqalə çap etdirilmişdir, bir doktorluq,
beş fəlsəfə doktorluğu dissertasiyası
hazırlanaraq müvəffəqiyyətlə müdafiə
olunmuşdur.
Bu gün Tarix İnstitutunun
Əliyevşünaslıq şöbəsində akademik
Y.Mahmudovun rəhbərliyi altında Ulu Öndərin elmi-nəzəri
irsinin araşdırılması istiqamətində işlər
uğurla davam etdirilir. Şöbənin profilinə uyğun
olaraq “Heydər Əliyev və Azərbaycanda elmin inkişafı”,
“Heydər Əliyev və Azərbaycan SSR-də
ictimai-siyasi vəziyyət” adlı fundamental monoqrafiyalar üzərində
intensiv tədqiqatlar aparılır.
Qeyd edilənlərdən
göründüyü kimi, akademik Y.Mahmudovun rəhbərliyi
ilə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Heydər
Əliyev irsinin tədqiqi sahəsində mühüm elmi nəticələr
əldə edilmiş və gələcəkdə bu
uğurları davam etdirmək üçün mühüm
baza yaradılmışdır.
Sonda, Əliyevşünaslıq elmi məktəbinin
yaradılması sahəsində əvəzsiz xidməti olan
çox hörmətli akademik Yaqub Mahmudovu bir daha anadan
olmasının 80 illik yubileyi münasibətilə təbrik
edirik. Həm ruhu, həm də cismi gənc olan
Yaqub müəllimə milli qeyrətlə
aşılanmış elmi yaradıcılığında
uğurlar, şəxsi həyatında xoşbəxtlik,
möhkəm cansağlığı arzulayırıq və
inanırıq ki, o, bundan sonra da yeni tədqiqatları ilə
Əliyevsevərləri sevindirəcəkdir.
Ədalət Qasımov,
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutu Əliyevşünaslıq şöbəsinin
müdiri,
tarix elmləri doktoru
İki
sahil.- 2019.- 28 fevral.- S.17