Həmişə yerin görünəcək , Cəlal müəllim!

 

Bu gün Azərbaycan xalqının yetişdirdiyi nadir və böyük ziyalılarımızdan biri akademik Cəlal Əliyevin doğum günüdür.

 

Cəlal müəllim təkcə doğum günlərində deyil , hər gün xatırlanmağa haqqı olan, özünə əbədi xatirə qazanmış bir şəxsiyyətdir.

 

Cəlal müəllim hamıya örnək ola biləcək bir həyat yolu keçmişdir.

 

Mən ondan cox çey öyrənmişəm həyat dərsi almışam.

 

O, mətin və qayğıkeş bir şəxsiyyət idi. Mübariz, prinsipial, sərt olduğu qədər də həssas, idi .

 

Həmişə vurğulayırdı ki, yalnız alimin və ziyalının yox, ümumiyyətlə, hər kəsin ğz yolu olmalıdır. adamın özünəməxsus xarakteri olmalıdır. Onunla xarici səfərlərə getmişəm. Azərbaycanın rayonlarını gəzmişəm, seçiciləri ilə görüşlərində iştirak etmişəm…

 

Novruz bayramı ərəfəsində anası İzzət xanımın məzarını ziyarət edərdi. Xatırlayıram ki, Atası Əlirza kişi ilə birlikdə Naxçıvanın taxıl zəmilərində başaq toplamasından danışarkən gözləri dolurdu. Bəlkə də onun taxılçılığa olan həvəsinin bünövrəsi həmin vaxtlarda qoyulmuşdu.

 

Cəlal müəllim yaltaq adamları sevməzdi və belələrini yaxına buraxmırdı. Deyərdi ki, insan həyatdakı yerini özü müəyyənləşdirməlidir..

 

Onun Heydər Əliyevə olan sonsuz sədaqətindən günlərlə, aylarla danışmaq olar.

 

Bu gün hamı etiraf və qəbul edir ki, Heydər Əliyevin hakimiyyətə qayıdışının əsasında Cəlal müəllimin və qeyri-adi fədakarlığı dayanır. Deyirdi ki,qardaşım olduğu üçün demirəm. Heydər kimi şəxsiyyətlər dünyaya min ildən bir gəlir. Azərbaycan tarixində onunla rəqabət apara biləcək ikinci bir dövlət adamı yoxdur.

 

Azərbaycan elmində öz məktəbini yaradan Cəlal müəllim həm də kişilik, mərdlik məktəbidir.

 

40 ilə yaxın tanışlığım dövründə mən Cəlal müəllimi dərindən kəşf etməyə çalışdım. Onun haqqında danışanda həmişə bir həqiqəti təkrarlamağq istərdim.

 

Cəlal müəllim dürüst, fədakar, ədalətli və qorxmaz insan idi.

 

O, həyatının mərhələlərində eyni əxlaq, eyni prinsiplə yaşayıb. Çətinliklərə, məhrumiyyətlərə, haqsizlığa baxmayaraq, ruhdan düşməyib, əqidəsindən bir addım da geri çəkilməyib, O, heç kimdən, heç nədən çəkinməyən, qorxmaz, əyilməyən məğrur bir şəxsiyyət idi.

 

O hər bir işə vətəndaşlıq yanğısı ilə yanaşırdı. Cəlal müəllim hər şeydən əvvəl böyük vətənpərvər idi. Akademik Vətənini sevən, dövlətinə vicdanla qulluq edən, torpağımıza, respublikamızım suverenliyinə qarşı çıxanlara münasibətdə çox barışmaz olub.

 

Azərbaycan cəmiyyəti Cəlal Əliyevi Ümummilli Liderimiz Heydər Əliyevin yaxın silahdaşı, əqidə yoldaşı və mübariz bir insan kimi tanıyır. O, bütün qanı və canı ilə dövlətə, dövlətçiliyə, Heydər Əliyevə, Heydər Əliyevçiliyə bağlı olan insan idi. Cəlal müəllim fədakar qardaş, fədakar ictimai xadim idi. Onun Heydər Əliyevə olan münasibəti ilə Azərbaycan uğrunda apardığı əzmkar mübarizə arasında paralellər də aparmaq olar. O, həmişə Heydər Əliyevin yanında olub, çətin sınaqlarda və şərəfli dövlət quruculuğunda çiyin-çiyinə mübarizə aparıb. Kiçik qardaş kimi Cəlal müəllim Heydər Əliyevə, onun ailəsinə siyasi mərkəzdən yönləndirilən təzyiqlərə qarşı fərqli bir mövqe nümayiş etdirdi, iftiralara, yalanlara, təhqirlərə dirəniş göstərən böyük mübarizə cəbhəsi açmışdı. 1987-ci ildə Siyasi Bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə yönəlmiş kampaniya onun yaxınlarından yan keçməmişdi. Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz yazılar dərc edilirdi. "Pravda", "Sovet kəndi" və başqa qəzetlərdə Heydər Əliyevə və onun qardaşlarına saysız-hesabsız böhtan yağdırılırdı. Məqsəd aydın idi, Cəlal müəllimi zərərsizləşdirmək, susdurmaq. Görülən tədbirlər Cəlal müəllimi yolundan çəkindirə bilmədi. Onu tanıyanlar deyirdilər ki, Cəlal Əliyev çox cəsarətli şəxsiyyət olub. Heç nədən qorxmayaraq, həmin dövrdə qəzetlərdə yazılan böhtanların qarşısını cəsarətlə alır, bütün təzyiqlərə baxmayaraq, mübarizəsindən geri çəkilmirdi. Cəlal müəllim həyatının bütün mərhələlərini ədalət uğrunda mübarizəyə həsr etmişdi. İstər alim, istərsə qardaş və hətta ictimai-siyasi xadim kimi də Cəlal Əliyev yalnız bir missiyanı yerinə yetirirdi: haqsızlıqla barışmamaq, sınmadan, boyun əymədən yaşamaq. Həmişə dərin inam hissi və yorulmaq bilməyən fəaliyyəti ilə zəngin və qüdrətli Azərbaycan quruculuğunun ön sıralarında olub, ölkəmizin xoşbəxt gələcəyi naminə çalışıb. Ulu Öndərimizin tərəfdarları Cəlal müəllimi yeriyən, döyüşən, canlı “Heydər Əliyev mərkəzi”hesab edirdi.

 

. Cəlal müəllim yeganə elm xadimidir ki, Sovet İttifaqı Kommunist Partiyasının rəsmən buraxılmasından xeyli əvvəl Kommunist Partiyasından çıxmaq haqqında qərar qəbul etdi. O, 1991-ci ildə Elmlər Akademiyasının Partiya Komitəsinə ərizə yazaraq, könüllü olaraq partiya üzvlüyündən imtina etdi. Onun yazdığı ərizənin mətni bir daha sübut edir ki, Cəlal müəllim əsl vətənpərvər Azərbaycan ziyalısıdır. O, ərizəsində yazırdı ki, bütün 62 illik ömrü boyu xalqa, vətənə təmənnasız xidmət edib: “Sağlamlığımı, firəvanlığımı, ailəmin səadətini elmə fəda etmişəm. Bəs nəticəsi nə olub? Partiya biletini özünə sipər edən cılız, ləyaqətsiz ünsürlərin təhqir və təqiblərinə məruz qalmışam. Bundan sonra partiyada qalmaq bütün bu cinayətlərdə, vəhşiliklərdə, günahsız qanlarda, xalqın alçaldılmasında iştirakçı olmaq və bu cinayətkar siyasətə tərəfdar çıxmaq deməkdir.

 

. Onu yaxından tanıyanlar bilirlər ki, Cəlal müəllim çox sadə, hər cür dəbdəbədən, təmtəraqdan uzaq həyat tərzi keçirirdi. Şəxsi mənzili olmadığından, 40 yaşına kimi başqa evlərdə yaşamışdı.

 

Cəlal Əliyev qayğıkeş və sadə insan, humanist şəxsiyyət kimi də qəlblərdə silinməz iz buraxıb.

 

Onun böyüklüyü həm də onun sadəliyində, təvazökarlığında idi. O, imkanı daxilində insanlara qayğı, diqqət göstərib, neçə-neçə alimin, savadlı kadrların köməyinə çatıb, bir çox hallarda haqsızlıqlarla üzləşən elm fədailərinə arxa, dayaq olub, hər cür yardım göstərib, ancaq heç vaxt yaxşılıqlarını dilə gətirməyib, üzə vurmayıb. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında bu böyük alimin misilsiz xidmətləri olub. Elmi ixtiraların dünyanın ən nüfuzlu elmi-tədqiqat institutlarında, iri sənaye müəssisələrində tətbiq olunmasında müstəsna xidmətləri var.

 

Mən onun Fəxri Xiyabandakı məzarını tez-tez ziyarət edir və onunla söhbət edirmiş kimi deyirəm:

 

Həmişə yerin görünəcək , Cəlal müəllim.

 

Allah sənə rəhmət eləsin! Biz sizi heç vaxt unutmadıq

 

Doğum günün mübarək, Cəlal müəllim!

 

Rizvan Vahabov

İki sahil.- 2019.- 2 iyul.- S.10