Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır

 

Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan gənclərinə yaxşı nümunədir

Hər kəs öz ömrünü keçdiyi həyat yolu, sərgilədiyi əməlləri ilə mənalandırır. Bəzi insanların fəaliyyəti məhdud çevrəni əhatə edir, şəxsi maraqlardan kənara çıxmır. Elə insanlar da var ki, onlar həyata baxışı, fəaliyyəti ilə diqqəti cəlb edirlər. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (İDEA) təsisçisi və sədri Leyla Əliyevanın həyatı və fəaliyyəti dərin ictimai məzmun kəsb edir. 1985-ci il iyulun 3-də dünyaya göz açan Leyla Əliyeva daim harada köməyə ehtiyac varsa, orada olmağa çalışır. Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan gənclərinə yaxşı nümunədir. O, mütəmadi olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır, həmçinin ana təbiətin qorunması, uşaqların, yeniyetmələrin təhsili, sağlamlığı ilə bağlı yeni təşəbbüslər irəli sürür və onların reallaşdırılmasında fəal iştirak edir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrə sanballı töhfələr verir

Yuxarıda deyilənlərdən də göründüyü kimi, Leyla Əliyevanın Azərbaycan naminə fəaliyyəti çoxşaxəlidir və müxtəlif istiqamətləri əhatə edir. Bunların sırasında bir fəaliyyət sahəsi isə Leyla xanım üçün xüsusilə əvəzolunmaz və əzizdir. Söhbət onun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Fonddakı fəaliyyətindən gedir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilib. Təbii ki, burada Mehriban xanım Əliyevanın ətrafında cəmləşən komandanın da əməyi böyükdür və tam cəsarətlə deyə bilərik ki, burada Fondun vitse-prezidenti Leyla Əliyeva özünün yeni ideyaları, təşəbbüsləri, həmçinin, praktiki fəaliyyəti ilə xüsusi olaraq fərqlənir. Leyla Əliyeva 10 may 2007-ci il tarixindən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə rəhbərlik etməyə başlayıb, 2011-ci ildən etibarən isə Fondun vitse-prezidenti vəzifəsində çalışır. O, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrə sanballı töhfələr verir.

Leyla Əliyeva babası, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinə sonsuz sədaqətinin təzahürü olaraq Ulu Öndərin adını daşıyan Fondun fəaliyyətinin əhatə dairəsini həm respublika daxilində, həm də ölkə hüdudlarından kənarda daha da genişləndirmək üçün daim yeni ideyalar, təşəbbüslər irəli sürür və onların həyata keçirilməsində fəal iştirak edir. Heydər Əliyev Fondunun vitse-prezidenti kimi, onu daim müxtəlif xeyriyyə tədbirlərinin, humanitar aksiyaların təşkilatçısı və iştirakçısı qismində görürük.

Leyla Əliyeva zəngin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından kənarda təbliği işində də öz fəallığı ilə seçilir. Belə ki, 2007-ci il dekabr ayının 19-da Leyla Əliyeva Moskvada möhtəşəm “Baku” jurnalını təsis edib. Jurnalın ingilisdilli versiyası 2011-ci ilin oktyabr ayında İngiltərənin London şəhərində işıq üzü görüb.

Eyni zamanda, onun təşəbbüsü ilə 2012-ci ildə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi adlı layihə start götürüb. London şəhərində açılan sərgi daha sonra Paris, Berlin, Moskva, Roma, Vyana kimi müxtəlif şəhərlərdə baş tutub və Bakıda təşkil olunan yekun sərgisi ilə uğurla başa çatıb.

RAGT-nin başlıca vəzifəsi xeyirxah və faydalı işlər görməkdir

Leyla Əliyevanın ölkəmizin həm diaspor, həm də gənclər siyasətinin həyata keçirilməsində yaxından iştirakından danışarkən isə 10 il bundan əvvəl - 2009-cu il aprelin 18-də Moskvada təsis konfransı keçirilən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Xatırladaq ki, Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubundan və təşəbbüs qruplarından 300-dək nümayəndənin, habelə Bakıdan dəvət olunmuş qonaqların və Rusiyanın rəsmi şəxslərinin iştirak etdiyi təsis konfransında Leyla Əliyeva yekdilliklə RAGT-nin sədri seçilib.

Ötən 10 ildə Azərbaycan ictimaiyyəti gənclərdən ibarət RAGT komandasının Leyla Əliyevanın rəhbərliyi ilə çox səmərəli fəaliyyətinin şahidi olub. Leyla Əliyevanın özü cari il iyunun 24-də RAGT tərəfindən qurumun 10 illiyi münasibətilə Moskvada təşkil olunan Azərbaycan Mədəniyyəti Gününün təntənəli açılış mərasimində qürur hissi ilə vurğulayıb ki, təşkilat ötən dövrdə çox böyük işlər görüb.

Qeyd edək ki, hazırda Rusiya Federasiyasının 49 regionunda bu təşkilatın Azərbaycan gənclərinin 2500-dən çox təşəbbüskar və kreativ nümayəndələrini birləşdirən 55 bölməsi fəaliyyət göstərir. Qurum tərəfindən gənclərin fəallığının artırılmasına, Azərbaycan həqiqətlərinin təbliğinə, dostluq əlaqələrinin qurulmasına, sağlam həyat tərzinin təşviq edilməsinə və digər məqsədlərə hesablanan layihə və tədbirlərinin miqyası kifayət qədər genişdir. RAGT hər il “Gələcəyə addım” və “İxtisas qazanılmasına kömək” mövzularında payız və qış liderlik məktəbləri təşkil edir. Bundan əlavə, RAGT gənclərin və tələbələrin 2017-ci ildə Soçidə keçirilmiş XIX Ümumdünya festivalının iştirakçısı olub. RAGT-nin çoxşaxəli fəaliyyətindən bəhs edən Leyla Əliyeva vurğulayıb: “Çox sevindirici faktdır ki, bizim gənclər Rusiya cəmiyyətinə inteqrasiya edir və eyni zamanda, öz ənənəvi köklərini qayğı ilə qoruyub saxlayırlar. RAGT-nin başlıca vəzifəsi xeyirxah və faydalı işlər görməkdir. Biz artıq neçə ildir ki, “Qanın milləti yoxdur” adlı təmənnasız qanvermə aksiyaları keçirir, təhsil əlaçılarını dəstəkləyir və həvəsləndirir, Rusiyada keçirilən peşə müsabiqələrində iştirak edir, “Nə? Harada? Nə vaxt?”, Şən və Hazırcavablar Klubu (ŞHK) kimi populyar intellektual oyunlar təşkil edir, uşaq evlərinə, qocalar evlərinə baş çəkir, ehtiyacı olanların hamısına kömək əlimizi uzadırıq”.

“Xocalıya Ədalət!” kampaniyası erməni vəhşiliyini beynəlxalq miqyasda ifşa edir

Leyla Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm bir istiqamətini isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Məhz onun təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına start verilib.

“Xocalıya Ədalət!” kampaniyası erməni vəhşiliyini beynəlxalq miqyasda ifşa edir. İndiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Görülən tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya, Serbiya, İordaniya parlamentləri, eləcə də ABŞ-ın ayrı-ayrı ştatlarının icra və qanunvericilik orqanları Xocalı faciəsinə dair müvafiq qətnamələr qəbul edib.

“Xocalıya Ədalət!” kampaniyası İslam Konfransı Təşkilatına üzv dövlətlərdə də geniş miqyas alıb. Xüsusilə Leyla Əliyevanın 2008-ci ildə İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi seçilməsi qurumun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynayıb. 2010-cu ildə isə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin parlamentləri “Xocalıya Ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul edib.

İDEA ətraf mühit problemləri üçün optimal həll yolları tapır

Azərbaycanda ekoloji mühitin yaxşılaşdırılmasına yönələn məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə respublikamızda 2010-cu il “Ekologiya ili” elan edilib. Eyni zamanda, cəmiyyət də ətraf mühitin qorunması ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək verir. Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci il tarixində ölkəmizdə İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxaq Dialoq) İctimai Birliyinin fəaliyyətə başlaması deyilənləri bir daha təsdiqləyir.

İDEA ətraf mühit problemləri üçün optimal həll yolları tapır. Qısa müddət ərzində İDEA gənc ekoloqlar və tələbələr üçün genişmiqyaslı ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə və digər müxtəlif layihələr həyata keçirib. İDEA həmçinin 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə UNEP-in əməkdaşlığı ilə reallaşdırılan “Yaşıl həftə” konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşləri reallaşdıraraq dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin edib. Rəhbərlik etdiyi ictimai birliyin reallaşdırdığı layihələr barədə məmnuniyyətlə söhbət açan Leyla Əliyeva bildirib ki, bu günə qədər İDEA Azərbaycanda 5 milyondan çox ağac əkib. İDEA suya qayğıkeş münasibət və plastik tullantıların ətraf mühitə təsiri mövzusunda seminarlar keçirir. “Təbiət çoxdandır ki, bizə siqnal verir, bizim onu müdafiə etməyimizə çox ehtiyac var. Yer kürəsi bizim ümumi evimizdir, buna görə də planetimizin qorunub saxlanması və abadlaşdırılması məsələsi birgə həll edilməlidir. Soçidə bəbirlərin populyasiyasının bərpası mərkəzi ilə bizim ekoloqların birgə səyləri buna misaldır. Mən çox ümidvaram ki, biz vəhşi heyvanların bu nadir növünü qoruyub saxlamaq üçün əlimizdən gələni edə biləcəyik. Bizim İDEA Beynəlxalq kampaniyamız Həştərxanda körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması üzrə ekoloji tədbirdə iştirak edib. Çox ümid edirəm ki, biz ən qədim və maraqlı heyvanlardan biri olan Xəzər nərəsinin populyasiyasını bərpa edə biləcəyik. Bu yaxınlarda biz Vyaçeslav Fetisovla birlikdə Azərbaycanda nərə balıqlarını Xəzər dənizinə buraxdıq. İnsan bunu öz əli ilə edəndə keçirdiyi hissləri sözlə ifadə etmək çətindir”, - deyə Leyla Əliyeva vurğulayıb.

Onu da qeyd edək ki, İDEA tərəfindən dəstəklənən “Azərbaycanın 9 möcüzəsi”, “Uğura gedən yol”, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası”, “Eko-skaut” və digər layihələr cəmiyyətdə böyük populyarlıq qazanıb.

Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Əlbəttə, bir yazı daxilində Leyla Əliyevanın çoxşaxəli fəaliyyətini tam əhatə etmək mümkün deyil. Onu vurğulamaq yerinə düşər ki, Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti həm Azərbaycan dövləti və cəmiyyəti tərəfindən, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Belə ki, Leyla Əliyeva 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. O, 2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb. Bundan başqa, Leyla Əliyeva yenə 2011-ci ildə BMT-nin sertifikat və xüsusi vəsiqəsini alıb. Leyla Əliyeva 2012-ci il sentyabrın 12-də “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub. 2013-cü il aprelin 5-də Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb. 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub. 2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının “Puşkin” medalı ilə təltif olunub. Leyla Əliyeva həmçinin 2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.

 

Mübariz ABDULLAYEV

İki sahil.- 2019.- 3 iyul.- S.-4