Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 21 il keçir

 

 

“Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyimizi, Konstitusiyaya əsaslanan hüquq qaydasını, ən əsası isə insan və vətəndaş hüquq və azadlıqlarını həqiqətən müdafiə edən mötəbər təsisata malikik”.

 

 

 

                                    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev

 

 

 

Bu günlərdə ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur.

 

Bu növbəti ildönümü Azərbaycanın müasir tarixində xalqımız üçün taleyüklü hadisə olan – Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbəri seçilməsinin 50 illik əlamətdar yubileyinə təsadüf edir. 14 iyul 1969-cu ildə qəbul edilmiş qərar Azərbaycan dövlətçiliyinin inkişafının yeni və dönməz vektoru olmaqla, müstəqillik həsrətinə qalmış millət üçün yeni tarix hesablamasına çevrilmişdir. Bu iki tarix arasında əlaqə çox rəmzi xarakter daşıyır, çünki ölkəmizdə konstitusionalizm ideyalarının təsis edilməsi, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin simasında konstitusiya nəzarəti orqanının yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

 

Müasir Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə sabitliyin təmin olunması ölkədə çoxşaxəli islahatların aparılmasına şərait yaratdı. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunu əsas inkişaf istiqaməti olaraq seçən Azərbaycanda qısa müddətdə irimiqyaslı qanunvericilik islahatları reallaşdırılaraq əhəmiyyətli nailiyyətlər əldə edildi. Başlanılmış köklü hüquqi islahatlar çərçivəsində ən mühüm hadisələrdən biri, şübhəsiz ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Bununla da, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış bu tarixi sənəd dövlətçiliyimizin inkişafında dönüş yaradaraq keyfiyyətcə tamamilə yeni səhifə açdı.

 

Konstitusiyada müasir sivil vətəndaş cəmiyyətinin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır.

 

Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdi. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunmuş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilmişdir.

 

1995-ci ildə Əsas Qanunun qəbulu ölkədə genişmiqyaslı qanunvericilik islahatlarının həyata keçirilməsinə təkan verərək digər bir çox sahələrdə olduğu kimi, məhkəmə-hüquq islahatlarının da əsasını qoydu.

 

Hüquqi dövlətin təməlini qanunların aliliyinin təmin olunması, o cümlədən insan hüquqlarının və azadlıqlarının müdafiəsi təşkil edir. Bu baxımdan bu və ya digər ölkənin demokratik inkişafı üçün Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, onun aliliyinin təmin olunması, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin konstitusiya prinsipləri çərçivəsindən kənara çıxmaması üçün konstitusiya nəzarəti institutunun yaradılması da olduqca vacib idi.

 

Fəaliyyətə başladığı gündən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkə Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək kimi ali məqsədə xidmət etmiş və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışdır. Bu illər ərzində Konstitusiya Məhkəməsi Azərbaycanda hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak edərək ölkəmizdə konstitusionalizm ideyalarının həyata keçirilməsinə, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, hər kəsin Konstitusiyaya və qanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə töhfələr vermişdir.

 

Qeyd edilməlidir ki, müasir dövrdə konstitusiya ədalət mühakiməsi hüququn aliliyinin təmin olunmasının mühüm və səmərəli mexanizmlərindən biri, eyni zamanda demokratik dəyərlərin hakim olduğu hüquqi dövlətin ayrılmaz atributlarından biri kimi qəbul edilir.

 

Bu gün məhkəmə sistemi vətəndaş cəmiyyətinin və beləliklə də, hüquqi dövlətin inkişafında özünəməxsus və əvəzedilməz rol oynayır. Şübhəsiz ki, Konstitusiya ilə məhkəmələrin üzərinə düşən vəzifələrin qanunvericiliklə müəyyən edilmiş qaydada effektiv şəkildə həyata keçirilməsi son nəticədə cəmiyyətin dövlətimizin adından qəbul edilən məhkəmə aktlarına etimadının gücləndirilməsi üçün xüsusi zəmin yaradır.

 

Ümumilikdə müasir dövrdə məhkəmə hakimiyyətini cəmiyyətdə cərəyan edən proseslərdən təcrid edilmiş şəkildə təsəvvür etmək qeyri-mümkündür. Şübhəsiz ki, bu proseslər mütərəqqi xarakterli olduqda onların digər sahələrə, o cümlədən məhkəmə sisteminə şamil edilməsi yalnız müsbət nəticələr verə bilər.

 

Biz hamımız onun şahidiyik ki, ölkəmizdə bütün sahələrdə ən qabaqcıl yanaşmalar tətbiq olunur və bu gün Azərbaycan dünya birliyinin inkişaf etmiş tamhüquqlu üzvü kimi qəbul edilir. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkəmizdə ayrı-ayrı sahələrdə müasir ideyaların tətbiqinə hər zaman dəstək verilir, bir çox sahələrdə olduğu kimi, məhkəmə sisteminin də müasirləşdirilməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq uğurla həyata keçirilir.

 

Məhkəmə-hüquq sisteminin müasir və mütərəqqi prinsiplər əsasında təkmilləşdirilməsindən bəhs edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərman ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün olduqca mühüm addım olduğu vurğulanmalıdır. Bu Fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olaraq həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olmaqla, bu sahədə islahatların dərinləşdirilməsini, yeni inkişaf mərhələsində müasir çağırışlara uyğun davam etdirilməsini şərtləndirir.

 

Fərman məhkəmə sistemində islahatların aparılması və müasir texnologiyaların tətbiqinin vacibliyini bəyan etməklə, məhkəmələr üçün ədalətlilik, qərəzsizlik, süründürməçiliyə yol verilməməsi, aşkarlıq, şəffaflıq kimi mühüm prinsiplərin daim aktual olduğunu bir daha vurğulayıb.

 

Vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəldilməsinə xidmət edən Fərmanda məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, işlərə baxılmasının keyfiyyətinin artırılması, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsi qarşıya vəzifə kimi qoyulmuşdur.

 

Əminliklə demək olar ki, dövlət başçısının imzaladığı bu Fərman ədalət mühakiməsi prosesində keyfiyyətcə yeni və cəmiyyət üçün çox vacib yanaşmaların tətbiqinə mühüm təkan verəcəkdir.

 

Konstitusiya Məhkəməsinin fəaliyyətindən bəhs edərkən qeyd edilməlidir ki, Məhkəmənin əsas səlahiyyətləri Konstitusiyanın 130-cu maddəsində əksini tapmışdır.

 

            Qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Burada mühüm məqam ondan ibarətdir ki, yoxlanılan norma məhz Əsas Qanunun hərfinə və ruhuna, onun təməl prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və Konstitusiya ilə uyğunsuzluq təşkil etdiyi halda qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılmış olur.

 

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri Konstitusiya və qanunların şərh edilməsidir. Burada əsas məqsəd bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla, onun vahid tətbiqi qaydasını müəyyən etməkdir. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı qanunvericilik müddəlarının bəzən birmənalı dərk edilməməsi mübahisəli hüquq məsələlərinin məhkəmələr tərəfindən həlli zamanı müxtəlif kolliziyaların ortaya çıxmasına səbəb olur. Bu isə son nəticədə vətəndaşların hüquqlarının və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən hüquqtətbiqetmə təcrübəsinin yaranmasına gətirib çıxarır.

 

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar sırasında məhkəmələrin müraciətləri əsasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Ümumiyyətlə, Konstitusiya Məhkəməsi hər zaman digər məhkəmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Son dövrlərdə Konstitusiya Məhkəməsinə məhkəmələr tərəfindən edilən müraciətlər məhkəmələrin daha ədalətli və əsaslandırılmış qərarlar qəbul etməsi zərurətindən irəli gəlir. Belə ki, məhkəmələrin müraciətləri əsasında qəbul edilmiş qərarlar qanunvericilikdə mövcud olan qeyri-müəyyənliklərin aradan qaldırılmasına şərait yaratmaqla, hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından ümumi məhkəmə təcrübəsinin formalaşmasına mühüm töhfə verir.

 

Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının, xüsusilə də bu qərarlarda ifadə olunan hüquqi mövqelərin məhkəmələr tərəfindən birmənalı tətbiqi məhkəmə təcrübəsinin stabilliyinə, eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının məcburiliyi barədə qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə xidmət edir və nəticə etibarilə hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi baxımından vacib əhəmiyyətə malikdir.

 

Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən bəhs edərkən fərdi şikayətləri xüsusilə qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 2002-ci ildə keçirilmiş konstitusiya islahatlarından və 2004-cü ildə “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı. Bu gün təcrübə onu göstərir ki, fərdi şikayət institutu Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli vasitələrindən biri kimi insan hüquq və azadlıqlarının müdafiəsi baxımından kifayət qədər faydalı və effektiv imkanlar yaradır.

 

Konstitusiya Məhkəməsinə hər hansı bir formada, o cümlədən Məhkəmənin rəsmi internet səhifəsi vasitəsilə elektron şəkildə göndərilən şikayət, ərizə və məktublara diqqətlə baxılır, araşdırılaraq müvafiq qaydada cavablandırılır.

 

Xüsusilə qeyd edilməlidir ki, bu günlərdə Konstitusiya Məhkəməsinin Plenumu öz 400-cü qərarını qəbul edib.

 

Keçən fəaliyyət ili ərzində Plenum tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul edilmişdir.

 

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinad edərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

 

Həmin Qərarında Plenum belə nəticəyə gəlmişdir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

 

Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

 

Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 28 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hüquqi yardım almaq hüququ ilə bağlı qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını qanuna uyğun həyata keçirməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir.

 

Bu Qərarda vurğulanmışdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin qorunması üçün müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməklə öz prosessual vəzifələrini yerinə yetirir. Cinayət prosesində müdafiəçinin qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi son nəticədə ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə kimi çıxış edir.

 

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir.

 

Həmin Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz.

 

Bakı Apellyasiya Məhkəməsinin digər bir müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 2.5-ci maddəsi, qanunvericilikdə ayrı qaydanın nəzərdə tutulduğu hallar istisna olmaqla, digər bütün hallarda mülki qanunvericilik müddəalarının bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilməsini prinsipial şəkildə qadağan edir. Bu cür qadağa, mülki hüquq başda olmaqla, bütün xüsusi hüquq sahələrinə xas olan hüquqi tənzimləmə metodlarının publik hüquq sahələrinə, o cümlədən inzibati, sosial təminat, vergi hüququna xas tənzimləmə metodlarından əhəmiyyətli dərəcədə fərqli olmasından irəli gəlir.

 

Həmin Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qanunverici “əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa” müddəasını Mülki Məcəllənin 2.5-ci maddəsində ifadə edərkən, ümumi (publik) hüquq münasibətlərində mülki qanunvericiliyin tətbiqini tam istisna etməmişdir. Bu, yalnız qanunvericinin birbaşa göstərişinin olduğu halda mümkündür. Məsələn, Vergi Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir.

 

Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsinin nəzərdə tutulmaması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə  hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir.

 

Adıçəkilən Qərarda Plenum belə nəticəyə gəlmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

 

Həmçinin vurğulanmışdır ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.

 

Qeyd olunduğu kimi, cənab Prezident tərəfindən imzalanan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanda cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, eyni zamanda süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməli olması vurğulanmışdır.

 

Məhz Fərmanın tələblərini nəzərə alaraq, Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi son qərarlardan biri olan Davud Zöhrab oğlu Bağırovun şikayəti üzrə 2019-cu il 3 iyun tarixli Qərarında xüsusilə vurğulanmışdır ki, Plenumun qərarında göstərilən hüquqi mövqelər nəzərə alınmadan, yenidən eyni ziddiyyətli yanaşmalara yol verməklə yanlış qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin II hissəsinin tələblərinə zidd olmaqla işə baxılma müddətinin əsassız uzanmasına və süründürməçiliyə səbəb olur.

 

Həmçinin, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra digər qərarlarında da işlərə ağlabatan müddətdə baxılmasının, eyni zamanda süründürməçiliyə yol verilməməsinin vacibliyi ilə bağlı mühüm hüquqi mövqelər formalaşdırılmışdır. Belə ki, N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə 2018-ci il 11 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu oxşar hüquqi mövqedən çıxış etmişdir. Həmin Qərarda ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı qeyd edilmişdir ki, bu hüququn mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə baxılmasıdır. Məhkəmə icraatının ağlabatan müddətdə aparılması vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır.

 

Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq vurğulamışdır ki, eyni işə dəfələrlə məhkəmələr tərəfindən baxılması üç pilləli məhkəmə sisteminin təyinatına, məhkəmə hüquq islahatlarının məqsədlərinə, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin qanunla nəzərdə tutulmuş vəzifələrinə uyğun gəlməyərək məhkəmənin nüfuzuna mənfi təsir göstərir.

 

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarlardan bəhs edərkən qeyd edilməlidir ki, bu qərarlarda Konstitusiyanın aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılır. Sözsüz ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, o cümlədən hüquqi mövqelərinə də şamil edilir. Digər mühüm bir məqam isə ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin hüquqi qüvvəsi ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil edən hala deyil, hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilir. Bu mənada həmin qərarlar yalnız məhkəmələr deyil, həmçinin bütün hüquq tətbiqedici orqanlar üçün əhəmiyyətli mənbə qismində çıxış edir.

 

Həmçinin qeyd edilməsi vacibdir ki, Konstitusiya Məhkəməsinin təcrübəsinin tətbiqi prosesində hər hansı bir hüquqi mövqeyə istinad edilməsi zamanı onun düzgün və müvafiq şəkildə istifadə edilməsi, ümumi kontekstdən, mahiyyətindən və mənasından kənar işlədilməməsi xüsusi əhəmiyyət kəsb edir.

 

İstənilən konstitusiya nəzarəti orqanı kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin qabaqcıl inkişaf tendensiyalarının öyrənilməsinə hər zaman önəm verir.

 

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu hər zaman beynəlxalq təcrübəyə xüsusi diqqət yetirməklə, qəbul edilən qərarlarında beynəlxalq hüquqi aktların, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin Respublikamızın tərəfdar çıxdığı beynəlxalq sazişlərə, xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının mütərəqqi məhkəmə təcrübəsinə istinadlar edir.

 

Digər tərəfdən, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm vermiş, xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, bir sıra mötəbər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurmağa nail ola bilmişdir. Bu gün Məhkəmə Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransının, Avropa Konstitusiya Məhkəmələri Konfransının, Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının, habelə Avrasiya Konstitusiya Nəzarəti Orqanları Assosiasiyasının tamhüquqlu üzvüdür.

 

Fəaliyyət göstərdiyi bu illər ərzində Konstitusiya Məhkəməsi Əsas Qanunun fundamental prinsiplərinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında özünəməxsus yerini tutmağa nail olmuşdur. Əlbəttə ki, Məhkəmənin bu fəaliyyəti xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən hüquqi dövlət quruculuğu sayəsində mümkün olmuşdur.

 

Konstitusiya Məhkəməsi hər zaman ulu öndər Heydər Əliyevin dəstəyini hiss etmiş, bu gün isə Məhkəmənin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəstəklənir. Cənab Prezident tərəfindən Məhkəməyə göstərilən bu etimad çox qürurverici olmaqla, eyni zamanda bizim hər birimiz üçün böyük məsuliyyəti nəzərdə tutur. Konstitusiya Məhkəməsi bundan sonra da bu etimadı doğrultmaq üçün qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

 

Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə dövlət başçısı cənab İlham Əliyevin Konstitusiya Məhkəməsinin kollektivinə ünvanladığı təbrik məktubunda Məhkəmənin fəaliyyətinin fərqləndirilməsi həmçinin qarşımızda duran prioritet istiqamətləri və vəzifələri müəyyən etmişdir.

 

Bu gün Azərbaycan sürətlə yeniləşir və müasirləşir. Sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə olaraq Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, in­ki­şaf yolu vardır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyası son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu günün çağırışları nəzərə alınaraq daha da təkmilləşdirilmiş, məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikasına nail olunmuşdur.

 

Həmçinin səmərəli dövlət idarəçiliyinin, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin nüfuzunun artmasını, eyni zamanda xalqımızın rifah halının yüksəlməsini təmin etmişdir.

 

Ölkəmiz, hər il mötəbər humanitar və iqtisadi tədbirlərə, idman yarışlarına, musiqi və incəsənət festivallarına, konfrans və sərgilərə layiqincə ev sahibliyi edir. Həqiqətdir ki, bu gün ölkəmiz bir sıra beynəlxalq layihələrin, ikitərəfli və çoxtərəfli görüşlərin nəinki iştirakçısı, həmçinin təşəbbüskarı qismində çıxış edir. Bakı son illərdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir. Bu cür dünyamiqyaslı görüşlərin mütəmadi olaraq Bakıda keçirilməsi bir daha sübut edir ki, ölkəmiz etibarlı tərəfdaş olmaqla, əməkdaşlığa hər zaman açıqdır.

 

Müşahidə edilən bu cür davamlı inkişaf və tərəqqi şübhəsiz ki, dövlət başçısının siyasi iradəsi, uğurlu daxili və xarici siyasəti nəticəsində mümkün olmuşdur.

 

Əminik ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyətinə dəstək olaraq Əsas Qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının səmərəli müdafiəsi işinə bundan sonra da öz töhfəsini verməkdə davam edəcəkdir.

 

 

 

 

 

Fərhad Abdullayev

 

Azərbaycan Respublikası

 

Konstitusiya Məhkəməsinin sədri