Müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması

 

Dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 ilinin işığında

Azərbaycan həqiqətləri bir daha dünyaya çatdırılır

 

“İki Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə “Müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması” adlı məqalə yazıb. AZƏRTAC məqaləni təqdim edir.

 

Heydər Əliyevin zəngin irsi hələ uzun illər tədqiqat, araşdırma mövzusu olacaq

 

“Heydər Əliyev kimi tarixi şəxsiyyətlər min ildə bir dəfə doğulur, belə insanlar dünyanın ləl-cavahiridir”, “Heydər Əliyev tarixin yetişdirdiyi güclü şəxsiyyət və böyük siyasi xadim idi”, “Heydər Əliyev türk dünyasına işıq saçan bir çıraqdır”, “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir”, “Nə yaxşı ki Heydər Əliyev vardı…”,…

 

Ulu Öndər haqqında nəinki ölkə daxilində, hətta beynəlxalq səviyyədə səsləndirilən bu dəyərləndirmələr sonsuzdur. Bu yanaşmalar əsasında özlüyündə yaranan “Ulu öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı necə görmək istəyirdi” sualı ətrafında müasir tariximizin dönüş nöqtəsi kimi dəyərləndirilən 14 iyul 1969-cu ildən başlanan yola bir baxış keçirib, “Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür” tezisinin yaranmasını şərtləndirən amilləri bir daha diqqətə çatdırmağı özümüzün vətəndaşlıq borcu hesab edirik. Bu fikri bu gün hər kəs böyük inam və fəxr hissi ilə qeyd edir ki, nə zamansa dahi şəxsiyyət Heydər Əliyevlə təmasda olmuş, işləmiş, hətta kənardan müşahidə etmiş insanlar belə real olduğu qədər də əfsanəvi bir şəxsiyyəti tanımağın bəxtiyarlığını yaşamaqdadırlar.

 

Dahi şəxsiyyət Heydər Əliyev haqqında söylənilən bu fikirlə yazını davam etdiririk: “Əslində, Heydər Əliyev kimi milli olduğu qədər də bir dünya adamı olan insanlar haqqında son söz deyilməz. Zaman ötdükcə, illər uzaqlaşdıqca xatirələr daha da isinir, bu dünyada miras qoyduqları xeyirxah əməllərin timsalında ikinci, zənnimcə, daha önəmli və uzun ömürlərini - mənəvi həyatlarını yaşayırlar… Zaman sürətlə irəli şütüyür. Gənc nəsil də coşqun sürətə tabe olaraq sabaha doğru addımlamaqdadır. Ancaq keçmişlə sıx əlaqəni təmin etmədən hər hansı bir irəliləyişdən bəhs etmək mənasızdır. Azərbaycan xalqı bu gün böyük bir inkişaf və rifah yolundadır… Belə bir etibarlı tarixi varislik nümunəsi öndər siyasətçi, misilsiz dövlət xadimi, kamil şəxsiyyət və Azərbaycan xalqının böyük sevdalısı Heydər Əliyevin timsalında mümkün olmuşdur”.

 

Ümummilli lider Heydər Əliyevin timsalında bu fikri də böyük əminliklə qeyd edirik ki, tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyətindən bəhs etmək üçün bütöv bir xalqın, dövlətin tarixini vərəqləmək gərəkdir. Ulu öndər Heydər Əliyev məhz belə xoşbəxt şəxsiyyətlərdən idi. Bu gün təntənə ilə qeyd etdiyimiz 50 illik yol tarix yaradan şəxsiyyət kimi nüfuz qazanan Ümummilli Liderin xidmətlərinin, Vətəninə, xalqına sevgisinin aydın mənzərəsini formalaşdırır.

 

Azərbaycanın quruculuq salnaməsində ən parlaq səhifələr

 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri olması ilə Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Həmin illərdə ölkəmiz iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Respublika iqtisadiyyatının bir çox sahələrində, sənayedə, kənd təsərrüfatında mənfi meyillər özünü göstərirdi. Azərbaycan o illərdə keçmiş İttifaqın ən geridə qalmış ölkəsinə çevrilmişdi. İqtisadi tənəzzül əhalinin sosial vəziyyətinə də öz mənfi təsirini göstərirdi. Qeyd etdiyimiz kimi, istehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə, əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan İttifaq səviyyəsindən geri qalırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda tətbiq olunmurdu. Ümumilikdə Azərbaycan iqtisadiyyatı dərin böhran mərhələsini yaşayırdı. Yaranmış vəziyyətdən çıxış yolu tapılmalı, köklü struktur islahatları həyata keçirilməli idi.

 

Məhz o zaman ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsi ilə həyatın bütün sahələrində sürətli inkişaf, milli ruhun oyanışı, milli özünüdərk dövrü yaşandı. Bu fakt inkaredilməzdir ki, Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsindən sonrakı dövrün xarakterik cəhətlərindən biri də bu oldu ki, gərgin səylərin, uğurlu addımların nəticəsində Azərbaycan haqqında nəinki keçmiş İttifaqda, hətta dünyanın bir çox ölkələrində fərqli yanaşma formalaşdı: respublikamız təkcə nefti deyil, öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkə kimi tanındı. Ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı, gələcəyə aparan yolları müəyyən etdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub.

 

Ölkənin inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü üçün xarakterik idi. Azərbaycanda o illərdə yüngül sənaye inkişaf etdirildi, yüzlərlə fabrik, zavod, kombinat tikildi, 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Ölkəmizdə istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi.

 

1970-ci illərdə Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Bakının və respublikamızın bütün bölgələrinin siması dəyişdi, mənzil tikintisi geniş vüsət aldı. Bu gün paytaxt Bakımıza, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın əsasını təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zolaqları, istirahət ocaqları, neçə-neçə yollar Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin nəticəsi idi. Azərbaycan keçmiş İttifaq respublikaları arasında öz infrastrukturuna görə digərlərini geridə qoydu. Davamlı addımlar nəticəsində Azərbaycan iqtisadiyyatı İttifaq asılılığından xilas oldu. Azərbaycanın 1969-cu ildən başlanan yolunu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev belə xarakterizə edir: “1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu, tam həqiqətdir ki, bu gün Heydər Əliyev siyasəti davam edir”.

 

Ulu Öndərin yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1969-1982-ci illər baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində ən parlaq səhifələri təşkil edir.

 

Milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı

 

1969-1982-ci illərin başlıca məzmunu azərbaycançılıqdır. Belə ki, bu amalın ən parlaq səhifələri də elə həmin illərdə yazılıb. Ulu öndər Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan istifadə etməyə səy göstərmişdir. Bu baxımdan onun 14 iyul 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Ümummilli Lider xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi istiqamətində ciddi addımlar atdı. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını aldı. Bu isə öz növbəsində milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldıldı, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradıldı.

 

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovet İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, Ümummilli Lider Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək imkanı yaratmışdı. Azərbaycan rəhbərliyinə seçildiyi ilk günlərdən Ulu Öndərin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dilinə xüsusi diqqət yönəldildi. Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.

 

Təbii ki, bu addımlar səbəbsiz deyildi. Əbəs yerə deyilmir ki, bir millətin, xalqın dəyərlərinin, dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən ulu öndər Heydər Əliyev bu çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı, tariximizi, ana dilimizi bilməli və qorumalıdır. Qeyd etdiyimiz kimi, keçmiş İttifaqda xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Dahi şəxsiyyətin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlar sırasında yer alan gənclərimizi keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsinin əsasında da elm və kadr potensialının gücləndirilməsi ilə yanaşı, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği dayanırdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin Ümumittifaq miqyasında ön mövqelərə çıxması və sair kimi bir-birindən mühüm addımlar ulu öndər Heydər Əliyevin bu günümüz üçün hesablanmış konsepsiyasının əsas tərkib hissələri idi. Dahi şəxsiyyət bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.

 

Bu ümumiləşdirməni apara bilərik ki, Ümummilli Liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı” mövzusunda çıxışında söylədiyi “Tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətənin- Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı. Hüseyn Cavidin nəşini uzaq soyuq Sibirdən vətəninə qaytaranda, dahi həmvətənlərinin xatirəsini əbədiləşdirmək üçün bir-birindən əhəmiyyətli tarixi- mədəni layihələri reallaşdıranda, yüzlərlə gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə oxumağa göndərəndə, mənəvi irsimizin qorunması, təbliği ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayanda o, bizlərə “Bu Vətən sənin, mənim, hamımızındır” kəlmələrinin əsl mahiyyətini anladan həyat dərsi keçirdi” fikirlərinə istinad etsək, özünün də qeyd etdiyi kimi, “Azərbaycan və Heydər Əliyev qırılmaz tellərdir” fikrinin böyük məna kəsb etdiyini daha aydın görər, mahiyyətini daha dərindən dərk edərik.

 

O zamanın qanunları ilə idarə olunan bir cəmiyyətdə ölkə rəhbərinin sözün yaxşı mənasında millətpərəst bir insan olması onun həyatının nə qədər maneələrlə, daxili sarsıntılarla dolu olduğuna işıq salır. Dahi şəxsiyyət bu çətinlikləri, maneələri dəf edərək Azərbaycanın bugünkü reallıqları üçün möhkəm bazanı formalaşdırıb.

 

Həqiqətlərə real baxış, çatışmazlıqlara tənqidi yanaşma

 

Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildikdən sonra həmin illərin reallıqlarına diqqət yetirdikdə, artıq dövrün tələbinə uyğun şişirdilmiş rəqəmlərin, yalana əsaslanan fikirlərin əksinə olaraq baş verən hadisələrə daha obyektiv yanaşmanın, tənqidin şahidi oluruq. Ulu öndər Heydər Əliyev diqqəti uğurlardan çox respublikanın partiya və sovet orqanlarındakı ciddi çatışmazlıqlara yönəldirdi. Ümummilli Lider ölkədəki neqativ hallara münasibət bildirir, kadr siyasətindəki nöqsanları, iqtisadiyyatdakı çatışmazlıqları diqqətə çatdırır, bu halların aradan qaldırılması üçün zəruri proqramların icrasını təmin edirdi. Ümummilli lider Heydər Əliyevin bu tənqidi yanaşmaları, çatışmazlıqlara göz yummaması ölkə ictimaiyyətində bu əminliyi yaradırdı ki, respublikanın yaşadığı problemlər qısa müddətdə öz həllini tapacaq, Azərbaycan daha da irəli gedəcək. Bu ümidlər qısa müddətdə özünü doğrultdu.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsində çalışarkən “Literaturnaya qazeta”nın xüsusi müxbirinin “Biz şəhərlərdə və kəndlərdə zəhmətkeşlərlə söhbət etdikdə hər yerdə səmimiyyətlə deyirdilər ki, müvəffəqiyyətlər yaxşı idarəetmə və səriştəli rəhbərliklə bağlıdır. Respublika həyatının özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq bilmək istəyirik ki, yerlərdə bu cür işçilər neçə tapıldı” sualına cavabını xatırlamaq istərdik: “Belə işçilər həmişə olmuşdur. Mən əvvəllər də demişəm ki, əgər adamların böyük əksəriyyətinin namuslu yaşayıb işlədiyinə inanmasaydıq və bunu dönə-dönə yəqin etməsəydik, heç bir dəyişikliyə nail ola bilməzdik. Amma di gəl ki, israfçılıq, səhlənkarlıq, gözdən pərdə asmaq üzündən çox vaxt onların əməyi zay olurdu. Prinsipial, namuslu kadrlar əksər hallarda irəli çəkilmirdilər, onlara qabiliyyətlərinə uyğun iş verilmirdi…Biz kadr hazırlığına xüsusi əhəmiyyət veririk”.

 

Ulu Öndər həmin müsahibəsində dövrün çağırışlarından olan rüşvətxorluqla mübarizə məsələsinə də diqqət yönəltmişdir. Müxbirin “Məndə belə bir təəssürat oyandı ki, Sizdə rüşvətxorluq cinayətin hər hansı başqa növünə nisbətən daha çox nifrət oyadır… Nə üçün məhz rüşvət” sualına cavab olaraq bildirmişdir ki, ona görə ki, rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər onun ətrafında dolanır. Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir.

 

Ulu öndər Heydər Əliyevin rüşvətxorluğa qarşı mübarizə tədbirlərini gücləndirməsi, kommunizm ideologiyasına qarşı sərt mövqeyi və sair kimi zəruri addımları göstərdi ki, onun bütün səyləri gələcəyə, bu günümüzə hesablanıb.

 

Kadr hazırlığı dövrün əsas tələbinə çevrilmişdi

 

1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətinin respublika daxilində hazırlanması məqsədilə məktəb tikintisi genişləndirildi, ali təhsil ocaqlarının sayı artırıldı, onların maddi-texniki bazası möhkəmləndirildi. Ümummilli Liderin təşəbbüsü və gərgin əməyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. İlk dəfə olaraq ölkədə hərbi kadrlar yetişdirilməyə başlandı. Bundan əlavə, azərbaycanlı gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Qısa zamanda bu gənclərin sayı 1000-ə çatdırıldı. Bu gün ölkənin bu və ya digər sahələrində çalışaraq davamlı inkişafa töhfələr verən insanların böyük əksəriyyəti bu imkandan bəhrələnən şəxslərdir.

 

1969-1982-ci illərdə Azərbaycanda ən qabaqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, alimlər ordusunun yetişməsi, mədəniyyətin çiçəklənməsi və sair nailiyyətlər göstərdi ki, ulu öndər Heydər Əliyev atdığı hər addımda Azərbaycanın müstəqil gələcəyini düşünmüşdür. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hakimiyyətinin birinci dövründə zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaratmışdır.

 

Müstəqilliyə gedən yolun başlanğıcı

 

Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə müstəqil yaşadığımız bu günləri görür, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Yeni, müstəqil Azərbaycanı hələ o illərdən qurmağa başlamışdı. Dahi şəxsiyyətin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmışdı. Onun o illərdə başladığı layihələr, təşəbbüsü ilə tikilən müəssisələr bu gün xalqımıza, dövlətimizə xidmət edir.

 

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. İlk dəfə idi ki, azərbaycanlı böyük dövlətdə yüksək vəzifəyə layiq görülmüşdü. O illərdə Azərbaycanda proseslər hələ də öz axarı ilə gedirdi.

 

Lakin 1980-ci illərin ortalarından Azərbaycanda işlər yavaş-yavaş tənəzzülə uğramağa başlamışdı.

 

Həmin illərdə hadisələrin gedişinə diqqət yetirək. Mixail Qorbaçovun erməni sevgisinin dərin köklərə malik olduğu inkaredilməz idi. O, Moskvada Mərkəzi Komitədə işləyərkən ermənilərlə əlaqəsini daha da möhkəmləndirdi. 1985-ci ildə Sov. İKP.MK-nın Baş katibi M.Qorbaçov yenidənqurma, aşkarlıq, demokratiya pərdəsi altında keçmiş İttifaqı dağıtmağa başlayanda onun dəstəkçiləri ermənilər idi. M.Qorbaçovun xarici ölkələrə həyat yoldaşı Raisa ilə səfərləri, bu zaman ermənilərlə görüşlərə daha çox maraq göstərmələri, həmin görüşlərdə Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin daha çox müzakirə edilməsi həmin illərin xarakterik və diqqət çəkən məqamlarından idi. Bu fakt da inkaredilməzdir ki, İttifaqın “qardaşlıq ailəsinə” milli ayrı-seçkilik toxumunun səpilməsində Qorbaçov və onun məsləhətçiləri olan ermənilər xüsusi səylər göstərmişdilər.

 

Tarixə nəzər saldıqca növbəti proseslərin cərəyan etməsi üçün ssenarilərin planlı şəkildə aparıldığını aydın görmək mümkündür.

 

Kreml Ə.Vəzirovu Azərbaycan KP MK–nın birinci katibi vəzifəsinə göndərdi. Bütün bu ssenarilərin müəllifi Qorbaçov idi. Nəhayət, 1987-ci ilin oktyabr ayında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Bundan sonra Azərbaycana təzyiqlər daha da artdı. 1988-ci ilin fevral ayından isə erməni separatçıları Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi uğrunda açıq mübarizəyə başladılar. M.Qorbaçovun bu məsələdə ermənilərin tərəfini saxlaması Azərbaycanı ayağa qaldırdı. Respublikanın rəhbərləri, xüsusilə Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, AXC-Müsavat hakimiyyəti xalqın səsinə səs vermədi, əksinə, bu məsələdə Moskvanın siyasətini dəstəklədilər.

 

Ümummilli Liderin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsindən sonra Azərbaycanın problemləri yenidən başladı. Bu hadisədən iki həftə sonra erməni lobbisi tərəfindən başlanmış kampaniya nəticəsində Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək ideyası ortaya atıldı. Bu ideya ətrafında Ermənistan və onun havadarları Azərbaycana qarşı işğalçılıq siyasətinə başladılar. Ermənilərin 1988-ci ildə baş qaldıran əsassız torpaq iddiaları nəticəsində bu gün 20 faiz torpaqlarımız işğal altında, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. 1988-ci ildə Sumqayıt, 1990-cı ildə isə 20 Yanvar hadisələri baş verdi. 1992-ci ildə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı törədildi.

 

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olmadığı dövrdə Azərbaycan xalqının başına nə qədər bəlalar gətirilmişdir. Dövlətimizin başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir: “O illərdə - 1987-1993-cü illər ərzində Azərbaycanın, demək olar ki, bütün yerlərində qeyri-sabit vəziyyət, özbaşınalıq, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. O vaxt Azərbaycanda sabitlikdə fərqlənən yeganə yer Naxçıvan Muxtar Respublikası idi. O da ona görə idi ki, xalqın tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri seçildi. Bir tərəfdən erməni qəsbkarlarına qarşı onun rəhbərliyi altında müqavimət göstərilirdi və Naxçıvana edilən ərazi iddialarına qarşı naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında çox qətiyyətli cavab verirdilər və işğalçıları yerində oturdurdular. Digər tərəfdən, o vaxt Azərbaycandakı rəhbərlik bütün vasitələrlə çalışırdı ki, Naxçıvanda Heydər Əliyevin mövqelərini sarsıtsın və onu orada rəhbərlikdən uzaqlaşdırsın”.

 

Amma xalq həm Naxçıvanda, həm də bütövlükdə Azərbaycanda öz səsini qaldıraraq vəziyyətdən yeganə çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında gördü və ona müraciətlər ünvanlanmağa başladı. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları və xalqın istəyi oldu.

 

Əbəs yerə deyilmir ki, tarix təkrarlanır. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycana səriştəsiz, idarəçilik qabiliyyəti olmayan şəxslərin rəhbərliyi ölkəmizi ağır problemlərlə, ən əsası müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Tarixin təkrarlanması ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başladı. Bu gün böyük əminliklə və fəxrlə söylədiyimiz reallıqlarımızdan biri budur ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə qurulan və günbəgün möhkəmlənən iqtisadi əlaqələri, dünya iqtisadiyyatına inteqrasiya, kadr hazırlığı, idarəçilik sistemində təkmilləşmə və sair kimi mühüm uğurlarımız 1969-1982-ci illərdə təməli qoyulmuş potensiala əsaslanır. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır» söyləyərək atdığı hər addımında həyatını özünə yox, xalqına həsr etdiyini təsdiqləyən ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə ən böyük xidmətlərindən biri məhz 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunarkən Azərbaycanın artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır olmasına yaratdığı möhkəm baza idi. XX əsrin əvvəllərində müstəqilliyinə qovuşan Azərbaycan xalqı bu sevinci obyektiv səbəblərdən cəmi 23 ay yaşasa da, millətimizin azad, müstəqil yaşamaq istəkləri sönmədi, daha da alovlandı. Baxmayaraq ki, müstəqilliyimizin ilk illəri tariximizə xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül dövrü kimi daxil olub, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı 1969-1982-ci illərdə yaradılan möhkəm baza əsasında müasir müstəqil Azərbaycanın qurulmasına, davamlı inkişafına, ən yüksək zirvələri fəth etməsinə, iqtisadi möcüzələr, ən islahatçı ölkə kimi tanınmasına geniş imkanlar açdı.

 

Yazıda dahi şəxsiyyət Heydər Əliyevin keçmiş İttifaq dövründə Azərbaycan üçün gördüyü işlərin, taleyüklü məsələlərin yalnız az bir hissəsini sadaladıq. Azərbaycanın bu günü, gələcəyi üçün hesablanmış inkişaf konsepsiyasının reallaşması isə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə Böyük Qayıdışı ilə mümkün oldu

 

İki sahil.- 2019.- 12 iyul.- S.10-11