Sevinc Hüseynova: Gədəbəydə
keçirilən ilk Milli
Yaylaq Festivalı turizmin
inkişafı üçün yeni üfüqlər açdı
“Gədəbəydə keçirilən ilk Milli Yaylaq Festivalı yüksək səviyyədə baş tutdu. Bu festivala maraq çox böyük idi. 26-28 iyul tarixlərində keçirilən festival Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədi daşıyır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, festivala gözlənildiyindən xeyli sayda çox iştirakçı qatılıb. Belə ki, 38 min insanın Milli Yaylaq Festivalında iştirak etməsi bu tədbirə böyük marağın olmasının göstəricisidir. Onun sözlərinə görə, bu tədbirdə 16 ölkədən, o cümlədən bütün türkdilli dövlətlərdən qonaqlar iştirak ediblər. Bu fakt göstərir ki, festivala nəinki ölkəmizdə, eləcə də dünyanın bir sıra ölkələrinin vətəndaşlarında da maraq yüksək olub.
Millət vəkili deyib ki, Milli Yaylaq Festivalında qonaqlar milli adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər. Eləcə də,
Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq bazarı, sənətkarlıq guşəsi, pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.
Festival şərti olaraq mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları, eko-etnoturizm adlı üç hissədən ibarət olub.
Festival günlərində aşıqların deyişməsi, milli rəqslər xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları təşkil olunub, yaylaq kulinariya nümunələri təqdim edilib. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da təşkil olunub. Həmçinin, tədbirdə milli yaylaq idman oyunları da baş tutub. Onu da qeyd edim ki, Milli Yaylaq Festivalının eko-etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb. Festival başa çatsa da, bu yurdlar sentyabrın ortalarına qədər turistlər üçün açıq olacaq.
“Gədəbəy rayonunun Düzyurd-Miskinli
yaylağında təşkil olunan Milli Yaylaq Festivalı Azərbaycan
xalqının zəngin tarixi və mədəni
irsinin təbliği baxımından böyük önəm kəsb edir. Çoxsaylı qonaqların Milli Yaylaq Festivalına
işirakı gələcəkdə bu tədbirin
daha genişmiqyaslı
olacağından xəbər verir. Bu gün sabitliyin,
əminamanlığın hökm sürdüyü Azərbaycan sosial-iqtisadi
cəhətdən dinamik inkişaf
edir. Bu inkişaf bütün
bölgələri, o cümlədən,
Gədəbəy rayonunu da
əhatə edir. Milli
Yaylaq Festivalı Azərbaycan
xalqının öz tarixinə, adət-ənənələrinə
bağlılığını ifadə etməklə
yanaşı ölkəmizin inkişafını nümayiş etdirdi. Eləcə
də, tədbir Gədəbəyin timsalında Vətənimizin,
onun bölgələrinin gözəlliklərini, təbiətinin
füsunkarlığını göstərdi. Hesab edirəm ki, festival bu bölgənin turizm potensilaını yüksək təqdim etdi. Fikrimcə, bu tədbir
Gədəbəydə turizmin
inkişafı üçün
yeni üfüqlər
açdı. Rayonumuz füsunkar
təbiəti ilə yanaşı zəngin tarixi-mədəni abidələrə
sahibdir. Düşünürəm ki, ilk festivala marağın çox yüksək olması qarşıdakı illərdə
tədbirin daha möhtəşəmliyi və
turistlərin axını
ilə müşayiət
olunacaq”-deyə, S.Hüseynova vurğulayıb.
İki sahil.-2019.- 30 iyul.-
S.8.