Sahibkar: Quba xalçalarına maraq artıb
“Toxunduğu
yerin təbiətini, onu ərsəyə gətirən
insanların dünyagörüşünü özündə
əks etdirən xalçalar həm xalqımızın məişətinin
ayrılmaz hissəsi, həm də milli mədəniyyətimizin
bir nümunəsidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan xalça sənətinin vətənidir,
xalça muğam, memarlıq abidələri
kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Bir sözlə, ölkəmizi
xalçasız təsəvvür
etmək qeyri-mümkündür.
Son illərdə respublikamızda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı
islahatlarla əlaqədar
ən qədim dekorativ-tətbiqi sənət
növlərindən biri
sayılan xalçaçılığa
maraq daha da artıb. Bu mənada xalçaçılığın inkişafı yeni dövrə qədəm qoyub desəm, yanılmaram”.
Bu fikirləri
“Qədim Quba” Özəl Xalça Müəssisəsinin direktoru,
“Tərəqqi” medallı
Humayə Məmmədova
“İki sahil” qəzetinə açıqlamasında
söylədi.
Bildirdi
ki, bu marağın
artması dövlət
başçımızın, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalçaçılıq
sənətinə, bütövlükdə
isə milli dəyərlərimizə olan
həssas münasibətlərinin
nəticəsidir: “Bu gün ölkəmizin bölgələrində
müasir xalça fabriklərinin inşası
geniş vüsət alıb. Belə ki, Horadiz, Şəmkir,
Quba, Xaçmaz, İsmayıllı, Qobustan
rayonlarında “Azərxalça”
Açıq Səhmdar
Cəmiyyətinin filialları
fəaliyyət göstərir
və yeni müəssisələrin inşası
davam etdirilir. Onu da deyim
ki, xalça fabriklərində toxunan məhsullar artıq “Made in Azerbaijan”
brendi ilə dünyaya ixrac olunur. Bu məhsullarla
ölkəmiz təkcə
maddi gəlir əldə etmir. Bu prosesdə dövlətimizin mənəvi
qazancı daha çoxdur. Belə ki, xalçalarımızın
hər birində bizim mədəniyyətimiz,
dünyaya baxışımız, dünənimiz,
bugünümüz nağılvari ilmələrin
dili ilə bəşəriyyətə çatdırılır.
Digər tərəfdən,
Prezident İlham Əliyevin bildirdiyi kimi, biz xalçaçılığı
yaşatmaqla Azərbaycan
xalqının nə qədər istedadlı olmasını da dünyaya bir daha göstəririk”.
Prezident İlham Əliyevin
mənəvi, dövlətimizin
maliyyə dəstəyi
nəticəsində respublikamızda
sahibkarlığın inkişafının
geniş vüsət aldığını, respublikamızda
güclü sahibkarlar
sinfinin formalaşdığını
qeyd edən müsahibimizin fikrincə,
bu gün hər bir imkanlı
adam ölkəmizin müxtəlif bölgələrində sahibkarlığın inkişafında
maraqlıdır, odur ki, gündən-günə
onların sayı artır: “Şübhəsiz,
bu, hər şeydən əvvəl,
sahibkarlıq mühitinə
göstərilən diqqət
və qayğının
parlaq təzahürüdür”.
Daha sonra
Quba xalçaçılıq
məktəbindən söz
açan müsahibimiz
vurğuladı ki, bu rayon həmişə
xalçaçılıq mərkəzlərindən biri
olub: “Qubada toxunan xalçalar həm respulikamızın, həm də xarici ölkələrin muzeylərində
nümayiş etdirilir.
Belə ki, bu regionun XVIII-XX əsrə aid Çiçi xalçaları
Viktoriya və Albert (London), eləcə də Metropoliten (Nyu-York) muzeylərinin ən qiymətli eksponatları sırasındadır”.
Onun sözlərinə
görə, Quba xalçaçılıq məktəbi
özünəməxsus ilmələri,
üslubu və naxışlarına görə
fərqlənir: “Qubanı
turistlər üçün
cazibədar edən əsas cəhətlərdən
biri də qədim tarixə malik xalça sənətkarlığıdır. Buraya gələn əcnəbilər
adı dillər əzbəri olan, naxışlarının zənginliyi,
elementlərinin xırdalığı,
ilmələrinin sıxlığı,
həmçinin rəng
çalarlarının çoxluğu
ilə fərqlənən
Quba xalçalarına
xüsusi maraq göstərir və onları sevə-sevə alırlar. Hətta xalçalarımıza valeh
olduqlarını etiraf
edirlər. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Qarabağ xalçalarında ilmələrin
sayı hər 5-10 santimetrində 28-30, Gəncə
xalçalarında 28-35-ə qədərdirsə, Quba xalçalarında bu məsafəyə 35-dən 60-a qədər ilmə düşür. Quba xalçaçılıq məktəbi
özündə 35-ə yaxın
ornament kompozisiyalı
xalçanı birləşdirir.
Müsahibimiz rəhbərlik etdiyi müəssisəyə də
xarici turistlərin baş çəkdiklərini
vurğuladı: “Onlar
burada həm istehsal prosesi ilə tanış olur, həm də müəssisəmizin
nəzdində fəaliyyət
göstərən mağazadan
müxtəlif çeşnili
xalçalar alırlar.
Amma müşahidələrimə
əsasən onu da deyim ki,
son illər ölkəmizin vətəndaşlarının
da Quba xalçalarına
marağı artıb”.
Daha sonra “Qədim Quba” barədə ətraflı
məlumat verən Humayə Məmmədova bildirdi ki, hazırda
rayonda xalçaçılıqla məşğul
olan bir neçə müəssisə
var ki, onlardan
biri də “Qədim Quba”dır: “Bu müəssisə
sahibkarlıq subyekti kimi fəaliyyət göstərməklə yanaşı,
unudulmaqda olan ənənələrin yenidən
bərpa edilməsi, qədim xalq sənətinin yaşadılması,
onun sirlərinin gənc nəslə öyrədilməsində də
mühüm rol oynayır”.
Söhbətinin bu yerində Humay Məmmədova bir maraqlı faktdan da söz
açdı: “Bir zamanlar insanlar maşınlarda istehsal olunan xalçalara üstünlük verirdilər.
Amma bu maraq
uzun sürmədi. Məsələn, mənim
qızım ailə quranda cehiz kimi
maşınla hazırlanmış
xalça apardı. Amma hec 5-6 ay
keçməmiş əllə
toxunan xalçalara üstünlük verdi. Bir sözlə, son illər yeni ailə quranlar emalatxanamıza gəlir, öz zövqlərinə uyğun
qədim xalçalar seçirlər”.
Qvami Məhəbbətoğlu,
Iki sahil.- 2019.- 11
iyun.- S.11