Adını
tariximizə yazmış ziyalı
Tarix şəxsiyyətlər üzərində
qurulur. Bu,
tarixin danılmaz həqiqətlərindən biridir. Min illər
keçsə də, tarix yaşayır və özü ilə
birgə onu yaratmış, adını onun səhifələrinə
pozulmaz hərflərlə yazmış insanları da
yaşadır. Belə şəxsiyyətlər
heç vaxt unudulmur, daim xatirələrdə yaşayır,
xoş sözlərlə yad edilir, ruhuna rəhmətlər
oxunur. Ona görə ki, onlar öz əməlləri
ilə tarixdə qoyduğu izlərlə bərabər
onları tanıyan insanların qəlbində,
yaddaşında da silinməz xatirələr qoymuş olurlar.
Mənim
üçün belə insanlardan biri də yetkin həyatının
bütün mərhələlərində həmişə
diqqət və qayğısını hiss etdiyim, şəxsiyyətinə
hörmət bəslədiyim, unudulmaz müəllimim,
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı, görkəmli
türkoloq-alim, professor Afad Məhəmməd oğlu
Qurbanovdur. O, yaşadığı dəyərli ömrün
bütün çağlarında elmə, təhsilə, mədəniyyətə,
mənəviyyata yüksək qiymət verən
ziyalılarımızdan olmuşdur. Adi kənd müəllimliyindən
universitet rektorluğuna qədər şərəfli pedaqoji
yol keçmiş Afad Qurbanov həm də ictimai xadim kimi
müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında
fəal iştirak etmiş, hər zaman bir ziyalı kimi öz
nüfuzlu sözünü demiş, Rusiya Türkiyə,
Yunanıstan və bir sıra digər xarici ölkələrdə
çıxışları zamanı xalqımızın
milli mənəvi dəyərlərini ifadə etmiş,
dövlətçiliyimizin mənafeyi keşiyində
durmuşdur.
Afad Qurbanov bir filoloq kimi respublikamızın
hüdudlarından çox-çox uzaqlarda tanınan alimlərimizdən
idi. O, bir
çox xarici dövlətlərin elmi qurumların
üzvü idi. Qırx il əvvəl, onun
əlli illiyi münasibətilə “İstedadla zəhmətin
qüdrəti” adlı məqalə yazaraq o zamankı “Sovet Ermənistanı”
qəzetində dərc etdirmişdim. Aradan qırx il keçəndən sonra bu böyük alimin
bu müddətdə yazıb-yaratdıqlarını nəzərdən
keçirdikdə, gördüyü böyük elmi-təşkilatçılıq
işlərini yada saldıqda, yetişdirdiyi alimlərlə təmasda
olduqda ürəyim fərəh, qürur hissi ilə dolur. Xatırlatdığım həmin məqalədə
yazmışdım ki, Afad Qurbanov Azərbaycan dilinin
vurğunudur. Afad müəllimin vaxtilə işlədiyi
belə bir fikri yada salmaq yerinə düşər: “Azərbaycan
dili öz mahiyyətinə görə indi SSRİ-nin ən zəngin
milli dillərindən biri sayılır. Bu dilin
özünəməxsus gözəlliyi və ahəngi
vardır. Azərbaycan dili hər şeydən
əvvəl xoş avaz yaradan səslər sisteminə, zəngin
və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş
qrammatik qurluşa malikdir”.
Afad Qurbanovun şərəfli müəllimlik yolu 1956-ci
ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət
Pedaqoji Universiteti ilə bağlı olmuşdur. Maraqlıdır ki, Afad
müəllimin taleyi müəllimlik peşəsinə hələ
ali təhsil almamışdan əvvəl,
cəmi 16 yaşı olarkən bağlanmışdı.
1944-cü ildə orta məktəbi bitirən Afad Qurbanov
1946-cı ildə bir il Qızıl Şəfəq
kəndində müəllim işləmiş, yalnız bundan
sonra Tbilisi Müəllimlər İnstitutunda ixtisas təhsili
almış, 1948-1952-ci illərdə isə təhsilini Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda davam etdirmişdir.
1956-1959-cu illərdə bu institutun Azərbaycan
dilçiliyi kafedrasının aspirantı olmuşdur. O, hələ
aspiranturada oxuduğu dövrlərdə Bakı Ali Partiya məktəbində,
Xarici Dillər İnstitutunda dərs demişdir.
1962-ci ildə
müdafiə etdiyi “Səməd Vurğunun “Vaqif” pyesinin dili və üslubu” adlı namizədlik
dissertasiyası ilə Afad Qurbanovun məhsuldar və elmi
yaradıcılığı başlanır. 1968-ci ildə o,
“Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək filologiya elmləri
doktoru alimlik dərəcəsi almış, 1969-cu ildə
ADPU-nun professoru seçilmişdir.
Afad müəllimin ömür yolunu göz önünə
gətirdikdə daim heyranlıq hissi keçirirəm. O, həyatının hər
mərhələsində addım-addım yüksəkliklər
fəth etmiş və sonda nail olduğu yüksək məqama
yetişmişdir. O, institutu bitirəndə
hamımızın ustadımız böyük Azərbaycan
dilçisi, professor Əbdüləzəl Dəmirçizadə
kafedra müdiri idi. Əzəl müəllim Afad Qurbanovun
aspiranturada saxlanılması üçün institut rəhbərliyinə
belə bir təqdimat yazmışdır: “Afad Qurbanov
oxuduğu müddətdə istər yazmış olduğu
kurs işlərində, istərsə tələbə elmi dərnəklərindəki
çıxış və məruzələrində
özünün dilçilik elminə həvəskar
olduğunu göstərmişdir. O bu sahədə işləyərsə
gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir”
Doğrudan da, uzaqgörən alim, müdrik insan Ə. Dəmirçizadənin
bəslədiyi ümidlər tezliklə özünü
doğrultdu. Elmi ictimaiyyətimiz, xalqımız Afad müəllimi
görkəmli alim, dəyərli ziyalı kimi tanıyıb qəbul
etdi. O, sözün həqiqi mənasında, pillə-pillə
ucaldı. Ucaldıqca da ildən-ilə fəaliyyət
dairəsini genişləndirdi. 1968-81- ci illərdə
ADPU-nun filologiya fakültəsinin dekanı, 1981-89 -cu illərdə
bu ali məktəbin rektoru vəzifələrində
çalışdı. 1979-cu ildən
ömrünün sonuna qədər Azərbaycan dilçiliyi
kafedrasına rəhbərlik etdi. 1980-ci ildə
“Respublikada elmin inkişafında və yüksək
ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə
görə” “Əməkdar elm
xadimi” fəxri adına layiq
görüldü. 1983- cü ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 1988-ci ildə Sovet
Türkoloqları Komitəsinin sədr müavini, 1990-cı
ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı,
1998-ci ildə Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının
akademiki seçildi. 1986-2009-cu illər ərzində Azərbaycan
onomologiyasının öyrənilməsinə dair ön beş beynəlxalq elmi konfransın
hazırlanması və keçirilməsi işlərinə
rəhbərlik etdi. 1991-ci ildə “Azərbaycan dilinin
onomologiyası” monoqrafiyasına görə Azərbaycan Respublikasının Dövlət
mükafatına layiq görüldü, Türkiyə Dil
Qurumunun fəxri üzvü seçildi. 1994- cü
ildə maarifçilik, elmi biliklərin təbliği sahəsindəki
xidmətlərinə görə akademik Y. Məmmədəliyev
adına medalla təltif edildi.
Bu müddət ərzində onun dilçiliyin müxtəlif
sahələrinə dair 70- dən çox kitabı, 500-ə
qədər elmi məqaləsi nəşr edilmişdir. Onun çoxsahəli elmi
yaradıcılığını aşağıdakı
bölgüdə vermək doğru olardı:
1.
Ümumi və türkoloji dilçilik;
2.
Müasir Azərbaycan ədəbi dili;
3.
Onomologiya;
4. Bədii
əsərlərin dili;
5. Ali məktəb
pedaqogikası və metodikası
Afad Qurbanov Azərbaycanda ümumi dilçilik problemlərinə
dair fundamental araşdırmalar aparan ilk alimlərdən
biridir. Onun “Ümumi dilçilik” adlı ikicildlik dərsliyi
bu sahənin mütəxəssisləri tərəfindən həm
ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir.
Bu dərsliyin əsas məziyyəti odur ki,
ümumbəşəri məzmun daşımasına
baxmayaraq, milli ruhda və milli təfəkkür tərzində
yazılmışdır. Dərslikdə
verilən bölgü və təsnifatlar yenidən işlənmiş,
müxtəlif ümumi dilçilik problemlərinə və
dünya dillərinin təsnifatına dair yeni fikirlər
söylənmişdir. Xüsusən Altay
dilləri ailəsi ilə bağlı fikirlər türkoloji
dilçilikdə yeni və orijinaldır.
Bundan əlavə dilçilik elminin tarixi və dövrləşməsi
də dərslikdə yeni forma və məzmunda verilmişdir. Dərsliyin ikinci cildində
verilmiş fəsillər- “Dil və düsüncə”, “Dil və
kontakt”, “Dil və nitq”, “Dil və norma”, “Dil və üslub”,
“Dil və dünya dili”, “Dil tədqiqatının mərhələləri
və metodları”, “Transkripsiya və transliterasiya məsələləri”
və s. bir çox məqamlarına görə problemin
qoyuluşu və həlli cəhətdən Azərbaycan
dilçiliyi üçün yenidir. Afad
Qurbanovun 1994-cü ildə nəşr etdirdiyi “Dünyanın
dil alətləri” kitabında da alimin ümumi dilçilik məsələlərinə
dair baxışları öz əksini tapmışdır.
Afad Qurbanovun elmimizə gətirdiyi yeniliklərdən bəhs
edərkən bir faktı da xüsusi vurğulamaq
lazımdır ki, Azərbaycan filologiyasında “Türkoloji
dilçilik” terminini ilk dəfə o işlətmişdir. Yeri gəlmişkən,
bu sahə alimin elmi tədqiqatlarının geniş bir istiqamətini
təşkil edir.
Alim
1990-cı ildən etibarən dəfələrlə Türkiyə
dövlətinə səfərlər etmiş, orada türk
dünyasının dil problemlərini, vahid türk əlifbasına
keçid məsələlərini, ortaq türk ədəbi
dilini yaratmaq ideyasını müzakirə edən nüfuzlu
elmi məclislərdə çıxışlar edərək
öz mövqeyini bildirmiş, həmin problemlərə dair
elmi fikir və qənaətlərin
formalaşdırılmasında fəal iştirak etmişdir. Bundan başqa Afad Qurbanov türk tayfa və qəbilələrinin
mənşəyi, dili, təşəkkül tarixi, onların
yayılma və məskunlaşma mərhələləri kimi
elmi cəhətdən böyük maraq doğuran problemləri
də daim öz araşdırmalarının diqqət mərkəzində
saxlamışdır. Bu tipli tədqiqatların
bəhrəsi olaraq alimin “Türkoloji dilçilik” kitabı
meydana gəlmişdir.
Bu kitabda dünya dilçilik elmində türkoloji
dilçiliyin yeri və mövqeyi müəyyən
edilmiş, dünya dilləri arasında türk dillərinin
yeri məsələsinə xüsusi diqqət yetirilmiş,
dilçilik tarixində türk dillərinə aid olan təsnifatların
təhlili verilmiş, onlara tənqidi münasibətlərini
bildirilərək türk dillərinin
qruplaşdırılmasına dair yeni versiya irəli
sürülmüşdür.
Afad Qurbanov özünün türkoloji tədqiqatlarında
türk tayfa dillərinin xüsusiyyətlərini də nəzərdən
keçirmiş, qədim türk yazılı abidələri,
onların öyrənilməsi məsələlərinə də
münasibət bildirmişdir. Kitabda alim müasir mərhələdə
ümumtürk dünyası üçün aktual və zəruri
olan ortaq ünsiyyət dili, ümumtürk dil mərkəzinin
yaradılması ideyası, ümumtürk lüğəti
problemi, ümumtürk əlifbası problemi, türk dillərinin
qarşılıqlı təsiri və tədrisi kimi məsələlərə
yüksək elmi səviyyədə münasibət
bildirmişdir.
1989-cu ildən etibarən Qərbi Azərbaycandan - öz
ata-baba torpaqlarından qovulmuş soydaşlarımızın
yaşadıqları ərazilərlə bağlı problemlər
Afad müəllimi həm ictimai xadim, həm də tədqiqatçı-alim
kimi daim düşündürmüşdür. Bu da təsadüfi
deyil. Çünki onun ömrünün gənclik
illəri Qərbi Azərbaycanın Qızıl Şəfəq
kəndi ilə bağlı olmuşdur. Gənclik
dövründə topladığı materiallar əsasında
Afaq Qurbanov 2007- ci ildə “Qərbi Azərbaycanın Cüci kəndi
yazılı abidələrinin kəşfi” və “Qərbi Azərbaycanın Cüci
kənd şivəsi” adlı kitablarını nəşr
etdirmişdir.
Afad Qurbanovun elmi araşdırmalarının əsas
istiqamətlərindən biri də müasir Azərbaycan ədəbi
dilinin müxtəlif problemlərinin tədqiqi ilə
bağlıdır. Bu sahə ilə bağlı olan tədqiqatlarını
alim elmi yaradıcılığının ilk dövrlərindən
başlamışdır. Onun bu istiqamətdə
uzunmüddətli elmi araşdırmalarının məhsulu
olaraq “Müasir Azərbaycan dilinin qrafika və orfoqrafiyası”
(1963), “Azərbaycan dilinin frazeologiyası” (1963), “Azərbaycan
dilinin lüğət tərkibi” (1964), “Azərbaycan ədəbi
və danışıq dili” (1965), “Azərbaycan lüğətçiliyinə
dair” (1967), “Müasir Azərbaycan ədəbi dili” (1967)
kitabları meydana gəlmişdir. Bu sırada
xüsusilə önəmli yer tutan fundamental “Müasir Azərbaycan
ədəbi dili” kitabı sonralar daha da təkmilləşdirilərək
1985 və 2003-cü illərdə təkrar nəşr
edilmişdir.
Afad Qurbanovun elmi yaradıcılığının ən
geniş bölmələrindən biri də onomastika problemlərinin
araşdırılmasıdır. Bu
araşdırmalar XX əsrin ikinci yarısında Azərbaycan dilçiliyinin
inkişafında xüsusi mərhələ təşkil edir.
Bu dövrdə Azərbaycan
onomologiyasının müstəqil nəzəri dilçilik
sahəsi kimi formalaşıb inkişaf etməsi bilavasitə
prof. Afad Qurbanovun elmi fəaliyyəti və təşkilatçılıq
işinin nəticəsi ilə bağlıdır. Düzdür, onomastik vahidlərin tədqiqi ilə
bağlı müəyyən araşdırmalar əvvəllər
də aparılmışdı, ancaq bu sahəyə aid
ardıcıl fundamental tədqiqatlar məhz Afad Qurbanovun
yorulmaz fəaliyyəti sahəsində meydana gəlmişdir.
1986-cı ildən başlayaraq 2009-cu ilə qədər Azərbaycan
Dövlət Pedaqoji Universitetində onomastika üzrə on beş elmi nəzəri konfrans
keçirilmişdir. Bu konfranslar sovet
dövründə ümumittifaq, müstəqillik
dövründə isə beynəlxalq səciyyə
daşımışdır. Hər konfransda
respublikamızı və digər ölkələri təmsil
edən türkoloq alimlərin yüzlərlə elmi məqaləsi
müzakirə edilərək on beş
topluda dərc edilmişdir. Bu konfranslar təkcə Azərbaycanda deyil,
ümumən türkologiya elmində onomologiya bölməsinin
inkişafına güclü təkan vermişdir. Prof. Afad Qurbanovun özünün bu sahəyə aid
onlarla məqaləsi, çoxlu sayda kitabı işıq
üzü görmüşdür. 1988- ci
ildə alimin bu sahəyə dair araşdırmalarının ən
böyük uğuru sayıla biləcək “Azərbaycan
dilinin onomologiyası” monoqrafiyası nəşr edilmişdir. Bu əsərdə irəli sürülən elmi
ideyalar öz əhəmiyyətini bu gündə
saxlamaqdadır. Kitabda müəllif
onomastik vahidlərin yaranması, dəyişməsi, poetik və
üslubi xüsusiyyətləri, orfoqrafik və orfoepik problemlərinin
nəzəri əsaslarını işləmişdir.
Akademik Məmmədağa
Şirəliyev bu kitabın nəşrinə həsr
olunmuş “Azərbaycan onomastik məktəbi və onun gələcəyi”
adlı məqaləsində yazırdı: A. Qurbanovu “Azərbaycan dilinin
onomologiyası” adlı əsəri təkcə bizim
dilçiliyimiz üçün deyil, dünya türkoloji
dilçiliyi üçün çox qiymətlidir”.
Tam məsuliyyətlə deyə bilərik ki, Afad Qurbanov
bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını
qoymuşdur.
Türkiyənin
tanınmış dilçi alimi Xəlil Açıqgöz
yazırdı: “Möhtərəm professor Afad Qurbanov illərdən
bəri gözlədiyimiz türk onomastikasının nəzəri
və əməli problemlərini böyük bir diqqətlə
işləmişdir. Ona nə qədər təşəkkür
etsək, azdır. Kitabın qısa zamanda
türkiyə türkcəsi ilə nəşrini təmənna
edirik. Əsər ölkəmizdə də
nəşr edilərsə, türk onomastik
araşdırmaları daha aydın
işıqlandırılar”.
Monoqrafiya
ilə bağlı Almaniyanın Münhen şəhərindən
azərbaycanlı ziyalı Yasin Aslan bütün dünyada
yaşayan soydaşlarımızın ürək sözlərini
ümumiləşdirilmiş şəkildə ifadə edərək
yazırdı: “Bir azərbaycanlı olaraq Azərbaycan
xalqına və elminə göstərdiyimiz xidmətlər
üçün sizi təbrik edir, müvəffəqiyyətlərinizin
davam etməsini arzu edirəm. Vətən sizin
kimi övladları ilə fəxr etməlidir”.
Müəllif bu əsəri daha da təkmilləşdirərək
2004-cü ildə iki cilddə təkrar nəşr
etdirmişdir.
Prof. Afad Qurbanovun elmi tədqiqatlarının bir qolu da bədii
əsərlərin dil və üslubunun öyrənilməsi
ilə bağlıdır. O, elmi
yaradıcılığının ilk dövrlərində Səməd
Vurğun dramaturgiyasının dili üzərində işləmiş,
namizədlik dissertasiyasını da bu mövzuya həsr
etmişdir. Sonralar bu sahə ilə əlaqədar
olaraq bədii mətnin linqivistik təhlilinə dair proqram
hazırlamış və ilk dərslik
yazılmışdır.
Afad
Qurbanov elmi yaradıcılığının bir qolunu da ali məktəb pedaqogikası və
metodikası məsələlərinin öyrənilməsi təşkil
etmiş. Bir müddət orta məktəbdə,
uzun illər isə ali məktəbdə pedaqoq kimi
çalışması onun elmi yaradıcılığına ciddi təsir göstərmişdir.
Afad Qurbanovun rus məktəblərinin X sinfi
üçün “Azərbaycan dili” dərsliyi
respublikamızın təhsil işçiləri tərəfindən
rəğbətlə qarşılanmışdır.
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin rektoru işlədiyi illərdə
prof. Afad Qurbanov ölkəmizdə ali
pedaqoji təhsilin inkişafına və yüksək
ixtisaslı müəllim kadrlarının hazırlanmasına
xüsusi diqqət yetirmişdir.
Prof. Afad Qurbanov dərin alim təfəkkürü ilə
yanaşı zəngin yaradıcılıq potensialına və
yüksək təşkilatçılıq qabiliyyətinə
malik ziyalılarımızdan idi. O, həyatın bütün
anlarını Azərbaycan dilçilik elminin
inkişafına, dilimizin öyrənilməsinə və təbliğinə
həsr etmişdi. 90 illik ömrünün 70
ildən çoxunu pedaqoji fəaliyyətə həsr
etmiş Afad Qurbanov sözün əsl mənasında,
böyük müəllim idi. Yüzlərlə müəllim,
onlarla alim
yetişdirmiş Afad müəllim öz yetirmələri ilə
həmişə fəxr edirdi. Afad müəllim
bu gün bizimlə olmasa da, biz daim onun adı ilə fəxr edirik.
Biz yetirmələri və davamçıları bu dünyada
yaşadıqca Afad müəllimin parlaq xatirəsi də bizim
qəlbimizdə yaşayacaqdır!
Nizami Xudiyev,
ADPU-nun Azərbaycan
dilçiliyikafedrasının müdiri, filologiyaelmləri
doktoru, professor,
Əməkdar elm xadimi
Iki sahil.-2019.-
11 iyun.- S.13