Xalq şairi Fikrət Qoca ilə görüş
İyunun
12-də Bakı Kitab Mərkəzində Xalq şairi Fikrət
Qoca ilə görüş keçirilib.
AZƏRTAC xəbər
verir ki, görüş çərçivəsində
Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
maliyyə dəstəyi
ilə çap olunmuş gənc müəlliflər - İlkin
Şükürbəyli və
Nəsimi Faiqoğlunun
“Qətl edilmiş uşaqlar” kitabının
təqdimatı keçirilib.
Tədbiri Bakı
Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq görüşün mərkəzin
reallaşdırdığı “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində baş tutduğunu bildirib.
Tədbirin aparıcısı
Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi Fikrət Qocanın həyat yolu və yaradıcılığından
söz açıb.
Bildirilib ki,
şairin şeirlərində
vətən məhəbbəti,
vətənpərvərlik duyğuları, insan və zaman haqqında
düşüncələri öz əksini tapıb. Dünyanın bir çox
ölkəsində yaradıcılıq
səfərlərində olan
Fikrət Qoca həmin ölkələrdə
gedən milli azadlıq hərəkatlarına
şerlər həsr edib. 1990-cı illərdə
yazdığı "Oddan
keçənlər", "İnsan səviyyəsi",
"Adi həqiqətlər"
və s. poemalarında
Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs
olunur. Onun bir sıra nəsr əsərləri
də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik,
– qiyamətədək" (2000) povestlərində 1990-cı ilin
20 Yanvar hadisələri
əksini tapıb. Əsərləri bir sıra xarici dillərə tərcümə
olunub. Şeirlərinə
çoxlu sayda musiqi bəstələnib.
Yaradıcılığının
əsasında dayanan yeni fikir, yeni
ahəng uğrunda apardığı mübarizə
diqqəti cəlb edir. Bu, o deməkdir
ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır.
Fikrət Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst
düşüncələrində qafiyə axtarışı
kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə
üzə çıxdığı
üçün diqqətəlayiqdir.
Tədbirdə Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı
Anar, Xalq şairi Nəriman Həsənzadə, filologiya
elmləri doktoru Gülxani Pənah, AYB-in katibi Rəşad
Məcid və başqaları çıxış
edərək qələm
dostları Fikrət Qocanın bənzərsiz yaradıcılıq yolundan
söz açıblar.
Bildirilib ki, Fikrət Qoca çoxşaxəli yaradıcılıq
axtarışları ilə
hər zaman oxucuların görüşünə
bir-birindən maraqlı
əsərlərlə gəlib.
“Qətl edilmiş
uşaqlar” kitabının
böyük əhəmiyyət
daşıdığını bildirən natiqlər söyləyiblər ki, nəşrə “Ön söz”ü Fikrət Qoca yazıb.
Qarabağ müharibəsi
zamanı ölkəmizin
üzləşdiyi problemlərdən
və Azərbaycan torpaqlarında ermənilərin
törətdiyi cinayətlərdən
söz açan natiqlər uşaqların
yaşadığı acınacaqlı
taledən danışıblar.
Vurğulanıb ki, münaqişə zamanı
işğalçı dövlət
tərəfindən əsas
hədəflərdən biri
elə dinc əhali və uşaqlar olub.
Bildirilib ki,
yeni nəşr hər sətrindən qan daman sənədlər
toplusudur. Kitabın səhifələrindən şəhid
olmuş, itkin düşmüş uşaqların,
hələ dil açmamış həyatına
son qoyulan körpələrin məhv
edilmiş taleyi boylanır. Bu körpələrin, yeniyetmə uşaqların
həyatını məhv
edən isə dünya qarşısında
özünü soyqırımına
məruz qalmış
xalq kimi tanıdan, yalandan göz yaşları tökən Ermənistan hakimiyyəti və ermənilərin faşist
xislətli havadarlarıdır.
Qeyd olunub
ki, kitab müharibə qurbanları
ilə bağlı məsələlərin və
ermənilər tərəfindən
humanitar normaların pozulması faktlarının
öyrənilməsində böyük əhəmiyyət
daşıyır.
Sonra Fikrət
Qoca fikir və düşüncələrini
görüşüb və
“Ön söz” yazdığı kitabın
əhəmiyyətindən danışıb. Deyib ki, bu kitab
qisas üçün
deyil, yaddaş üçündür. Xalq
şairi bildirib ki, kitab Azərbaycan
dili ilə yanaşı, ingilis, fransız və alman dillərində hazırlanıb.
Sonda şair
iştirakçıların suallarını cavablandırıb.
Iki sahil.- 2019.- 13
iyun.- S.7.