Görkəmli siyasi xadim, tanınmış alim

 

XX əsrdə Naxçıvanın muxtariyyətini əldə etməsi bir çox tarixi mərhələlərdən keçmişdir. Çar hökumətinin 10 aprel 1840-cı il islahatına əsasən, 1841-ci il yanvarın 1-də Gürcüstan-İmeretiya quberniyasının tərkibində Naxçıvan qəzası yaradılmışdı. Mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan qəzası 1920-ci ildə yaradılmış Naxçıvan Sovet Sosialist Respublikasının, 1923-cü il fevralın 27-dən Naxçıvan ölkəsinin (diyarının), 1924-cü ildən isə Naxçıvan MSSR-in tərkibinə daxil olub və 1929-cu ildə ləğv edilib.

 

Muxtariyyətin qazanılması ərəfəsində və qazanıldığı dövrdə naxçıvanlılar hər sahədə ciddi mübarizə aparmışlar. Belə ki, 1918-ci illərdə azğın düşmənlə - erməni daşnakları ilə qəhrəmanlıqla döyüşən naxçıvanlılar, sonralar bir çox sahələrdə, o cümlədən maarifçiliklə, yeni məktəblərin yaradılmasında ciddi fəaliyyət göstərmişlər. Naxçıvanı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qoruyan naxçıvanlılar, sonralar Naxçıvan Muxtar Respublikasının yaradılmasında da var qüvvələri ilə çalışmışlar. Belə unudulmaz şəxsiyyətlərdən biri də görkəmli siyasi xadim və ensiklopedik alim Mirzə Vahab Həsənzadədir. O, 1919-cu ildən 1934-cü ilədək Naxçıvanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etmişdir .Əvvəlcədən qeyd edək ki, Mirzə Vahab Həsənzadə haqqında onun oğlu filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi mərhum Turan Həsənzadə, tədqiqatçı alimlər F.Xəlilov və T.Kərimova yazmışlar.Aparılan araşdırmalar göstərir ki, M.V.Həsənzadənin həyatı və fəaliyyətinin açılmamış səhifələri var. Azərbaycanın dövlətçilik tarixində və elmində böyük xidmətləri olan M.V.Həsənzadə az qala unudulmuşdur. Müasir gəncliyin çox az tanıdığı vətənpərvər ensiklopedik alim unudulmağa layiq deyil. Buna görə də əsas məqsədimiz onun həyatını və fəaliyyətini hərtərəfli araşdırmaqdır. Azərbaycanın dövlətçiliyi tarixində onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın xüsusi yeri vardır. Çünki çox mürəkkəb və ziddiyyətli olan 1918-1920-ci illərdə naxçıvanlılar müstəqillik uğrunda qan və can bahasına mübarizə aparmış, həmçinin yadelli işğalçılara qarşı qəhrəmanlıqla vuruşmuşlar. Zəfərlərlə dolu Azərbaycan tarixinin parlaq səhifəsini yaratmışlar.

 

1918-1920-ci illərdə erməni daşnakları ilə vuruşan və sonralar Naxçıvan Muxtar Respublikasının yaradılmasında fəal iştirak edən Mirzə Vahab Həsənzadə Salman oğlu 1890-cı ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Qeyd edək ki, Yuxarı Əylis-Azərbaycanda yaşayış məntəqəsi olmaqla, sənətkarlıq və ticarət mərkəzi kimi orta əsrlərdə məşhur olmuşdur. Yuxarı Əylis kəndi sanki orta əsrlərə aid bir maraqlı tarixi abidələr muzeyidir. O, Arazın sol qolu olan Əylis çayının hər iki sahilində əzəmətli qayalıqlar içərisində yerləşir. Əylis çayı Zəngəzur silsiləsindən (3100 m) başlanan Vardanaxdərə və Dabaxlıdərə çaylarının birləşməsindən əmələ gəlir. Əsasən ipək ticarəti ilə məşğul olan Yuxarı Əylis tacirləri bir çox Şərq və Avropa ölkələri ilə ticarət edirdilər. Tarixi mənbələr təsdiq edir ki, 1752-ci ilədək Əylis adlı şəhər olub. Lakin XVII-XVIII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri nəticəsində Əylis dağıdılmış, XIX əsrin sonlarında isə Yuxarı və Aşağı Əylis kəndlərinə ayrılmışdır. Mirzə Vahabın atası Salman kişi Yuxarı Əylisin çox bacarıqlı boyaqçılarından olmuşdur. Maraqlıdır ki, Həsənzadələrin ailələri Şəkiyə köçəndə, ordakı məktəbin də adı “boyaq” mənasını verən ərəbcə “sibqət” sözündəndir. Şəki də öz ipəyi ilə məşhur olduğundan orada belə bir adda məktəb fəaliyyət göstərmişdir. Mirzə Vahab Həsənzadə ilk təhsilini Yuxarı Əylis kəndində almışdır. Amma sonralar, daha doğrusu 1905-ci ildə a tası Salman və anası Zöhrə ilə birlikdə Şəki şəhərinə köçmüşdür. O, 1905-1907-ci illərdə Şəkidəki “Sibqət” məktəbində oxumaqla bərabər, həm də Şəki mədrəsəsində ərəb dilini öyrənib. “Sibqət” məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Gəncə şəhərindəki ruhani seminariyasına daxil olmuşdur. Aparılan araşdırmalar göstərir ki, M.V.Həsənzadənin seminariyada oxumaqda məqsədi ərəb dilini və islam dininin incəliklərini dərindən öyrənmək olub. O, 1905-1912-ci illərdə Gəncədəki ruhani seminariyasında oxumuşdur. Seminariyada təhsilini davam etdirən Mirzə Vahab Həsənzadə ərəb dilini, fars dilini, ərəb qrammatikasını, məntiq, kəlam, fiqh, üsul, islamiyyət, İslam tarixini, astronomiya, nücum və s. elmləri mükəmməl öyrənməyə nail olmuşdur. Bacarıq və istedadına görə seminariya müəllimlərinin böyük etimad və hörmətini qazanmışdır .

 

M.V.Həsənzadə 1912-ci ildə seminariyanı bitirdikdən sonra islamiyyətə aid bir çox fənlərdən Zaqafqaziya “Şeyxül-islam idareyi-ruhaniyyə”sində imtahan verərək diplom almışdır. Seminariyanı bitirən M.V.Həsənzadə Yuxarı Əylis kəndinə qayıtmış, vətən övladlarının maarifləndirilməsi, savadlandırılması üçün “Üsuli-cədid” məktəbi təsis etmişdir.Maraqlı haldır ki , onun foto arxivində müəllim işlədiyi həmin illərə aid fotoşəkilləri vardır. Öz ana vətəni olan Yuxarı Əylis kəndində yaratdığı məktəbin müdiri və müəllimi olan M.V.Həsənzadə məktəbə cəlb etdiyi qız və oğlanlara əlifbadan başlayaraq dil, ədəbiyyat, Şərq ədəbiyyatı, fars dili, habelə təbiət, zoologiya, coğrafiya, astronomiya və digər dünyəvi elmlərin əsaslarını öyrədirdi. “Üsuli-cədid” məktəbində təhsil alan qızlar və oğlanlar birbaşa ibtidai sinif müəllimi hüququ alırdılar. Onun yazdığı ərəb dərsliyi üç hissədən ibarətdir: I hissə: “Əldürusül-ibtidaiyyə”, II hissə: “Əldürusül-nəhviyyə”, III hissə: Nurəddin Əbdürrəhman Caminin “Qəvaidül təyaiyyə” əsəri. Mirzə Vahab Həsənzadənin məktəbində qısa müddətdə təhsil alıb müəllim kimi işləməyə layiq olanları gördükdə hamı onun bacarıq və biliyinə, qabiliyyətinə heyran olaraq “Üsuli-cədid” məktəbini bir “Küpə” oxşadaraq deyirdilər ki, bu müəllimlər Mirzə Vahabın küpündən çıxanlardır. Hətta M.V.Həsənzadə İkinci Dünya müharibəsi illlərində öz evinin yarısını məktəbə verib ki, dərs keçsinlər.

 

Mirzə Vahab Həsənzadə 1918-1920-ci illərdə Naxçıvan diyarına hücum edən erməni daşnaklarına qarşı mərdliklə vuruşmuşdur. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində saxlanılan bir sənəddə göstərilir ki, Yuxarı və Aşağı Əylis kəndlərinə köməyə gəlmiş türk döyüşçülərinin komandiri Ədib bəy gənc müəllim M.V.Həsənzadənin döyüş hünərlərindən razıdır. Həm də döyüşçülər M.V.Həsənzadənin evində qalırlar. Buna görə də Ordubadın həmin vaxt pristavı olan Mir Əbülfət ağa (o, türk zabiti Ədib bəylə yola getmirdi) M.V.Həsənzadəni incidir. Türk döyüşçülərinin dostu olan M.V.Həsənzadəni hamının gözü önündə möhkəm döydürür. Bundan xəbər tutan Xəlil bəy və III Kalbalı xan Naxçıvanski , həmçinin Naxçıvanın qubernatoru Cəmillinski Naxçıvanda məsləhətləşirlər. Qərara alırlar ki, geniş səlahiyyətlərə malik bir komissiya yaradılsın və məsələni dərindən araşdırmaq üçün Ordubada ezam edilsin. Yaradılan komissiyaya Əmirov Türkiyə tərəfdaşı kimi, müsavatın nümayəndəsi Mirzə Cabbar Məmmədov və ictimaiyyət adından isə Bəhmən bəy Kazımbəyov daxil edilir. Komissiya Ordubadda məsələni araşdırıb Xəlil bəyə və III Kalbalı xana hesabat təqdim edir. Baş verən hadisələrdə qubernatorun qohumu, pristav Mir Əbülfət ağa günahkar bilinir. Naxçıvana çağrılan pristav səhvlərini etiraf edir və Ordubaddakı qarşıdurma aradan qaldırılmış olur. Əylis kəndini erməni quldur dəstələrindən müdafiə edən qoşunların tərkibində cəsurluqla vuruşan M.V.Həsənzadə 1918-1920-ci illərdə Müsəlman İctimai Siyasi Təşkilatları Milli Şurasının İcraiyyə Komitəsinin katibi olmuşdur. Ordubad Müdafiə Komitəsinin ən fəal üzvlərindən və cəsur döyüşçülərindən biri olan Mirzə Vahab Həsənzadə 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan Maarif Komissarlığının əmri ilə yenidən Yuxarı Əylisdəki məktəbə müdir təyin olunub. M.V.Həsənzadə 1921-1922-ci illərdə Ordubad Qəza İnqilab Komitəsinin sədri, Naxçıvan İnqilab Komitəsinin üzvü olmuşdur. O, 1923-cü ildə Ordubad qəza xalq maarif şöbəsinin müdiri, 1923-cü ildən 1929-cu ilin fevral ayına kimi Naxçıvan ölkə xalq maarif komissarı vəzifəsində çalışmışdır. 8 dekabr 1922-ci ilə aid bir arxiv sənədindəki 167 nömrəli əmrdə deyilir: Ordubad Qəza İnqilab Komitəsinin və Ordubad xalq maarifinin müavini M.Səməndərov işdən azad olunsun və onun yerinə V.Həsənzadə təyin edilsin .

 

M.V.Həsənzadə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmiş və deputatı olmuşdur. Qeyd edək ki, vəzifədə işlədiyi illərdə o, Naxçıvanda və Ordubadda maarifçiliklə ciddi məşğul olmuş, müəllim kadrlarının yetişdirilməsində böyük zəhmət sərf etmişdir. Onun Naxçıvanın Maarif komissarı işlədiyi illərdə imzaladığı çoxlu sayda vəsiqələr arxivdə saxlanır. Hətta burada onun bir çox şəxslərin günahsız olması haqda imzaladığı və möhürlədiyi rəsmi məlumatlar da var. Bütün bunlar bir daha Mirzə Vahabın ən çətin illərdə təmiz və xeyirxah insan olduğunu təsdiqləyir. Arxiv fondlarında onun 1923-1924-cü illərdə həm də müxtəlif məktəblərdə müəllimlik etməsi haqda xeyli sənədlərə rast gəlinir .

 

25 may 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi yaradıldı. M.V.Həsənzadə bu cəmiyyətə sədr təyin edilir. Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin 1925-1928-ci illər ərzində keçirilən 41 iclasının protokolları Azərbaycan dilində ərəb əlifbası ilə yazılıb.Qeyd etmək yerinə düşər. Həmin protokolları ilk dəfə filologiya elmləri doktoru F.Xəlilov elmi dövriyyəyə daxil etmiş və bu haqda maraqlı kitab yazmışdır(Bax:F.Xəlilov.Naxçıvanı öyrənən elmi cəmiyyət. Baki, 2005). Bu protokollardan aydın olur ki, Mərkəzi Cəmiyyətin nümayəndəsi Məhəmməd Baharlının iştirakı ilə keçirilən birinci iclasda Vahab Həsənzadə sədr, Mirbağır Mirheydərzadə isə elmi katib seçilib. Protokolda qeyd edilib ki, bu cəmiyyətin yaradılmasında məqsəd Naxçıvan respublikasının maddi mədəniyyət abidələrini, etnoqrafiya və tarixini, iqtisadiyyatı və təbiətini ətraflı və planlı şəkildə öyrənməkdir. Naxçıvanı öyrənən elmi cəmiyyətin - Tədqiq və Tətəbbö Cəmiyyətinin iclas protokollarından məlum olur ki, M.V.Həsənzadə bu elmi cəmiyyətə sədrlik etməklə yanaşı, həm də bilavasitə elmi ekspedisiyalarda iştirak etmişdir. Hətta onun Xaraba Gilanda bir arxeoloq kimi qazıntılarda olduğunu təsdiqləyən foto da şəxsi arxivində saxlanılır .Həmin fotonu da oxuculara təqdim edirik.

 

Məşhur tarixçi-arxeoloqlardan V.M.Sısoyevin, A.A.Millerin, İsa bəy Əzimbəyovun və digərlərinin məruzələrinin dinlənilməsi və axtarışların nəticələri Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin diqqət mərkəzində olmuşdur. Bu baxımdan professor A.A.Millerin Qızılvəngin (Qızılburunun) tədqiqi haqqındakı məruzəsinin tarixi əhəmiyyəti böyükdür. Cəmiyyətin sədri M.V.Həsənzadə fəaliyyətə başladığı ilk günlərindən etibarən tarixi abidələrin qorunması məqsədi ilə onların təmir edilməsinə çalışmış və bu işi həmişə diqqət mərkəzində saxlamışdır. Bu dövrdə cəmiyyətin keçirdiyi iclaslarda Naxçıvan şəhərinin Şahab məhəlləsindəki Yusif Kuseyir oğlu türbəsinin, Qala məhəlləsindəki İmamzadə memarlıq kompleksinin, Qarabağlar kəndində olan türbə və qoşa minarələrin təmir və bərpa edilməsi məsələsi qaldırılmışdı. Axtarışlar zamanı məlum oldu ki , Mirzə Vahab ilk dəfə 4 aprel 1925-ci ildə Naxçıvan Diyarının təhqiqi üzrə Xüsusi Komissiyanın iclasında xalq komissarı vəzifəsindən azad edilib və Bakıya MK- nın sərəncamına göndərilib.Səbəb göstəriblər ki, o, öz mənşəyini gizlədib. Ruhani seminariyasında oxumağını qeyd etmişlər (protokol ¹6). Həmin iclasda M.C.Bağırov,Ə.Qarayev də iştirak ediblər.Amma çox iradəli olan Mirzə Vahab ona atılan böhtanları Bakıda ifşa edərək Naxçıvana qayıtmışdır.

 

Mirzə Vahab Həsənzadə Naxçıvanda maarif komissarı işləyərkən 1926-1927-ci illərdə ilk dəfə olaraq “Qızıl qələmlər” ədəbiyyat cəmiyyətini yaratmış və həmin cəmiyyətin sədri olmuşdur. Bu haqda protokol ¹28-də məlumat verilir: 1926-cı il sentyabr ayının 3-də Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi iclası yoldaş V. Həsənzadənin sədarəti və Ə. Sadıqzadənin katibliyi ilə açılır. İclasda 20 üzv və bir neçə nəfər Azərbaycan Pedaqoji İnstitut tələbələri iştirak edirdilər. Müzakirə olunan 2-ci məsələ haqqında müəllim Ə. Sadıqzadə məruzə edərək Azərbaycan Ədəbiyyat Cəmiyyətinin Naxçıvanda şöbəsini təşkil etməyi təklif edib Nizamnaməsini oxuyur. İclas tərəfindən şöbənin təşkil olunması qəbul olunub. Şöbənin heyəti-rəyasəti 9 nəfərdən ibarətdir:

 

1. Mehdi bəy Hacınski

 

2. Vahab Həsənzadə

 

3. Mirbağır Mirheydərzadə

 

4. Qəzənfər Hacılı

 

5. Müəllim Şərif Əfəndizadə

 

6. Əbülfəzl Sadıqzadə

 

7. Məhəmməd Rasizadə

 

8. Rza Paşazadə

 

9. Həsən Səfərli

 

Bunlardan sədrliyə Vahab Həsənzadə, katib isə Əbülfəzl (Sadıqzadə) seçilir. M.V. Həsənzadənin foto arxivində ədəbiyyat cəmiyyətinin üzvləri ilə birlikdə maraqlı fotoşəkilləri vardır. Burada adı çəkilən Əbülfəzl Sadıqzadə yazıçı Əvəz Sadıqdır. Qeyd etmək yerinə düşər. 1928-ci ildə “İnqilab və mədəniyyət” jurnalında proletar yazıçılarının birinci qurultayı münasibətilə verilmiş materialların arasında M.V.Həsənzadə sədrlik etdiyi Naxçıvan Ədəbiyyat Cəmiyyətinin üzvlərinin onunla birlikdə fotoşəkil də dərc olunmuşdur.

 

M.V.Həsənzadə 1929-cu ildən 1934-cü ilin may ayına kimi Ordubad konserv zavodunun direktoru olmuşdur. O bu zavodda işlədiyi illərdə fəhlələrin yaxşı əmək haqları almalarına çalışmış, hətta buna görə yuxarı təşkilatların tənqidinə də məruz qalıb. Şərq dillərinin mahir bilicisi olan M.V.Həsənzadənin yaşadığı Yuxarı Əylis kəndindəki memarlığı ilə göz oxşayan evində çox zəngin kitabxanası olub. Onun kitabxanasında olduqca zövqlə tərtib edilmiş orijinal kitablar səliqəli yığılırmış. Orada Nadir şahın münşisi və saray tarixçisi olmuş Mirzə Mehdi xan Astrabadinin(Nizaməddin Məhəmməd Hacı əl-Hüseyni əs Səfəvi) “Tarixi-Nadiri(Nadirin tarixi), Mirxondun ən qədim dövrdən on beşinci əsrin sonlarınadək baş vermiş hadisələrdən bəhs edən 7 cildlik (“Rövzət əs- səfa fi sirat əl ənbiya və-l-muluk və-l xüləfa”- “Peyğəmbərlər,hökmdarlar xəlifələrin həyatına dair təmizlik bağçası”), Mirxondun nəvəsi Xandəmirin(Xondəmir Qiyasəddin ibn Hümaməddin  əl- Hüseyni) “Həbib əs-siyər fi əxbar əfrad əl-bəşər”(“Görkəmli adamlar haqqında xəbərləri təsvir edən ilk əsər”) və digər kitablar vardı. Zəngin bədii ədəbiyyat xəzinəsində Sədi Şirazinin, Hafizin, Nizami Gəncəvinin “Xəmsə”si, Xaqani Şirvaninin, Məhəmməd Füzulinin “Leyli və Məcnun”u, Firdovsinin “Şahnamə”si və digər şairlərin kitabları olmuşdur. Onun nəvəsinin dediyinə görə bu kitabxananı alimin sədaqətli həyat yoldaşı Həlimə xanım qoruyub saxlayırdı.Qədim kitablarla dolu sandıqlar son illərədək M.V.Həsənzadənin Yuxarı Əylisdəki mülkündə qalırmış. Hətta bu kitabxana haqqında akademik Yusif Məmmədəliyevin tədqiqatçıları da yazmışlar. “Mamedaliyev” kitabının (rusca) müəllifi, B.A.Platonov yazır: “Məlum oldu ki, evdə və qonşularda olan kitablar hamısı oxunub. Yusif eşitmişdi ki, Ordubaddan 7-8 km aralı olan Əylis kəndində müəllim Mirzə Əbdülvahab Həsənzadənin zəngin kitabxanası vardır (sonralar Naxçıvanda Sovet hakimiyyəti qurulanda Mirzə Əbdülvahab maarif komissarı işləmişdi). Hər şeyi öyrənmək istəyən gənc müəllimin xoşuna gəldi, onu kitablarla təchiz etdi, ancaq şərt kəsdi: bir-bir götürmək və onlarla səliqəli davranmaq lazımdır”. Mirzə Vahab Həsənzadənin zəngin kitabxanasından istifadə edənlərdən akademik Yusif Məmmədəliyevin, Müzəffər Abutalıbın, professor Bəhmən Axundovun, müəllim, ziyalı Əli Qənbərlinin, Həsən Kazımzadənin və bir çoxlarının təhsil görüb yetişmələrində onun böyük xidmətləri olmuşdur .

 

1934-cü ildə M.V.Həsənzadə Bakıda-Azərbaycan kinofilm trestində işə dəyişdirilib və o, 1935-ci ilin axırınadək burada işləyib. M.V.Həsənzadə həm də poliqlot olmuşdur. O, ərəb, fars, əfqan, tacik, özbək, rus dillərini mükəmməl bildiyindən onu SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına dəvət etmişdilər. 1936-cı ildən orada elmi kitabxananın müdir müavini və akademiyanın Şərq şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bu müddətdə respublika əlyazmaları Fondunun yaradılması və təşkili işində ilk fəaliyyət göstərənlərdən biri olmuşdur. Bu səbəbdən o, tariximizlə və ədəbiyyatşünaslığa aid çoxlu əlyazmaların və qiymətli kitabların toplanması üçün böyük işlər görmüşdür. Mirzə Vahab ərəb və fars dillərini, islamşünaslığı mükəmməl bildiyindən Quranın müxtəlif nəşrlərinin və nadir əlyazmaların toplanması kimi çox xeyirxah və faydalı iş görmüşdür. İndiki M.Füzuli adına Əlyazmalar İnstitutunun yaradılmasında da Mirzə Vahab Həsənzadənin böyük xidmətləri olmuşdur.

 

Mirzə Vahab Həsənzadə Bakıda işləyərkən İçərişəhərdə, Əli Bayramov küçəsində kommunal mənzildə (25 ¹-li evdə) akademik Həsən Əliyevlə qonşu olub. Bu iki ailə arasında həm də mehriban dostluq əlaqələri yaranıb. Bu haqda xalq yazıçısı E.Axundova yazır: “Zərifə xanımın atası Mirzə Əbülvahab Həsənzadə Naxçıvanın məşhur pedaqoqu, Naxçıvan Muxtar Respublikasının ilk xalq maarif komissarı, keçən əsrin 30-cu illərinin sonu, 40-cı illərinin əvvəllərində Azərbaycan Elmlər Akademiyası kitabxanasının direktoru vəzifələrində işləyib. Heydər Əliyevin qardaşı Həsən Əliyev kommunal mənzildə onunla qonşu olub. Onlar İçərişəhərdə, Əli Bayramov küçəsi, 25 nömrəli evdə yaşayır, axşamlar isə bir-birinə qonaq gedərmişlər. Kitabın qəhrəmanı da bura tez-tez baş çəkərmiş. Zərifə xanım o günləri belə xatırlayır: “Atamı yazıçılardan Məmməd Səid Ordubadi, İslam Səfərli, Səməd Vurğun yaxşı tanıyırdılar. Mənzilimizdə bədii qiraət gecələri keçirərdilər. Bəzən Bakıya, qardaşıgilə qonaq gələn Heydər Əliyev də bu tədbirlərdə iştirak edərdi. Heydər Həsən müəllimgilə qonaq gələndə, qardaşlarım nərd oynayardılar. Onu da deyim ki, Heydər uduzmağı xoşlamırdı. Nə olursa olsun, udmalı idi. Yadımdadır, hətta atam qardaşım Rahibə deyirdi: “Yaxşısı budur, sən onu güzəştə get, görmürsən o uduzanda nə günə düşür? Bir gün onlar yenə də oynayırdılar. Oyunu bitirəndən sonra Heydər mənə dedi: “Zərifə, belə otur, şəklini çəkim.” Çəkdi. Portret mənim çox xoşuma gəldi. Mən onu aparıb çarpayımın üstündən asdım. Sonra biz Ordubada köçdük, portreti rayona gətirdim. Sonralar onu özümlə albomda gəzdirirdim. Biz Bakıdan Ordubada köçəndə mənə məxsus əşyalarımdan yalnız bu portreti götürdüm. Onu çantamda gizlətdim. O mənim üçün həyatda hər şeydən qiymətli idi. Sonralar hara köçürdümsə, bu şəkli özümlə götürürdüm. Onu cehiz kimi ərimin Ordubaddakı evinə də gətirdim”. Ümummilli lider Heydər Əliyevin cavan vaxtlarında böyük ustalıqla çəkdiyi rəsmlərdən biri olan və öz əli ilə yazdığı “Zərifənin şəkli” rəsm əsəri bu gün də çox maraqla nümayiş etdirilir.

 

Mirzə Vahab Həsənzadə 1935-1938-ci illərdə Tarix, Dil və Ədəbiyyat İnstitutunun “Azərbaycan tarixi” şöbəsində kiçik elmi işçi işləyərkən həm də tərcüməçiliklə məşğul olmuşdur. O, Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sini ruscadan, Səədullanın Azərbaycanın tarixindən bəhs edən “Zübdət-ət-Təvarix”ini farscadan, həmçinin Nizamülmülkün “Siyasətnamə”sini, Həmdulla Qəzvininin, Şeyx Fəzlullahın, Mirzə Mehdixanın, Mirxondun, Xandəmirin, Mirzə Məmməd Tağı xanın və digərlərinin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, 1937-ci ilin avqustundan dövlət tapşırığını yerinə yetirmək üçün Din Tarixi Muzeyinin açılışı işlərinə cəlb edilmişdir.

 

1941-ci il dekabrın 19-da Azərbaycan SSR XDİK orqanları tərəfindən “əksinqilabi ədəbiyyatı saxlamaqda” təqsirli bilinərək həbs edilmiş və 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Mənzilində aparılan axtarış zamanı tapılan kitablar (ərəb əlifbası ilə) “zərərli” olduqlarına görə SSRİ EA Azərbaycan Filialının xüsusi şöbəsinə təhvil verilərək məhv edilməli idilər. Həmin kitabların AzF xüsusi şöbəsinə təhvil verilməsi haqqında özünün qeyd aparmasına baxmayaraq, əslində onlar onun kitabxanasında saxlanılırdı.

 

Beləliklə, öz həyatı və azadlığı hesabına o nadir əlyazmaları və kitabları məhv olmaqdan xilas etmişdir. Əslində Mirzə Vahabı 1918-1920-ci illərdə erməni daşnaklarına qarşı vuruşduğu üçün sovet çekistləri (ermənilər) mühakimə edir və incidirdilər. Onun foto arxivində 1919-cu ildə Yuxarı Əylis kəndində türk zabiti Ədib bəylə birlikdə şəkli də vardır. Həbsdən sonra Azərbaycana qayıdan Mirzə Vahaba Bakıda və Naxçıvanda yaşamağa icazə vermirlər. 1944-cü il mart ayının 30-dan Azərbaycan Maarif Nazirliyinin əmri ilə Quba iki illik Dövlət Müəllimlər İnstitutuna fars dili və Azərbaycan orta əsrlər ədəbiyyatı müəllimi təyin olunmuşdur. Həmin illərdə o, institutun kitabxanasına həm də müdir təyin edilmişdi. Təqaüdə çıxandan sonra, daha doğrusu 1956-cı ildən sonra ana vətəni Yuxarı Əylisə dönmüş və ömrünün qalan 4 ilini ailəsi və balaları ilə birlikdə keçirmişdir. Qeyd edək ki. Mirzə Vahabla Həlimə xanımın nikahından iki oğul və qızları olub. Oğlanları Turan və Rauf, qızları Zərifə. Mirzə Vahab və ömür-gün yoldaşı Həlimə xanım öz övladlarını da Azərbaycana layiq böyütmüşlər və onlar ali təhsilli mütəxəssislər kimi fəaliyyət göstərmişlər.Böyük alimin elmi irsinin ,foto arxivinin qorunmasında onun gəlini tarixçi alim Tahirə Həsənzadəyə və nəvəsi istefada olan polkovnik-leytenant Mir Qasım Seyidova minnətdarıq.

 

Görkəmli siyasi xadim və maarifpərvər ziyalı, böyük alim Mirzə Vahab Həsənzadə 1960-cı il yanvarın 14-də ürəkdən sevdiyi Yuxarı Əylis kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. Ensiklopedik biliyə malik vətənpərvər alim, Naxçıvanı erməni daşnaklarından mərdliklə müdafiə edən Mirzə Vahab Həsənzadə Naxçıvan Muxtar Respublikasının yaradılmasında və inkişafında böyük xidmətlər göstərmişdir.

 

Musa Rəhimoğlu (Quliyev)

 

AMEA Naxçıvan  Bölməsi  tarix üzrə fəlsəfə doktoru

İki sahil.- 29 iyun.- S.13-14.