İçərişəhər bir
memarlıq incisidir
Ümumdünya
İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara
əsasən, 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək
Bakı şəhərində keçiriləcək. Növbəti
sessiyanın Azərbaycanda keçirilməsi seçki yolu ilə
öz həllini tapıb. Həmçinin 42-ci
sessiyada Azərbaycan bir il müddətinə komitənin sədri
seçilib. Ölkəmiz üçün mühüm əhəmiyyətə
malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə
tərəfdaşlıq münasibətlərinin yüksək
səviyyədə olmasından xəbər verir.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyasının Bakıda keçirilməsi olduqca məsuliyyətli
bir işdir. Bütün dünyanı əhatə edən
komitə üzvlərinin ölkəmizin belə nüfuzlu bir
tədbirə ev sahibliyi etməsinə səs verməsi,
sözsüz ki, ilk növbədə Azərbaycanın
dünyadakı artan nüfuzundan xəbər verir.
Ümumdünya İrs Komitəsinin sessiyası
dünya mədəni irsinə töhfə verən ən
nüfuzlu tədbirlərdən hesab olunur. Bu
gün dünyada 1500-ə yaxın abidə komitə tərəfindən
qorunur. Ümumdünya İrs Komitəsi dünya
xalqlarının kimliyini və tarixi yaddaşını ifadə
edən maddi və təbii irs nümunələrinə, ən
dəyərli abidələrə dair qərarlar qəbul edir.
Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda, komitəyə
sədrlik etməklə Azərbaycan Respublikası dünya
xalqlarının mədəniyyət tarixində öz
müsbət izini qoyacaq.
Məhz İçərişəhər,
Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə
birgə UNESCO-nun Dünya İrs Siyahısına daxil olan abidələrimizdəndir.
Azərbaycan tarixinin qədim köklərə
bağlılığını, onun yüksək mədəniyyət
diyarı olmasını sübut edən xeyli abidələrimiz
var ki, onlar qorunaraq nəsillərdən-nəsillərə
ötürülmüşdür. Bunlardan biri də tarixi
yaddaşımızın canlı şahidi olan İçərişəhərdir.
İçərişəhər qədim tarixə
və zəngin mədəniyyətə malik olan Azərbaycan
xalqının milli sərvətidir. Onun ərazisinin
hər qarışında, abidələrinin hər
daşında xalqımızın canlı tarixi həkk
olunmuşdur. İçərişəhər və onun ərazisindəki
Qız qalası, Qala divarları, Şirvanşahlar Saray
Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər
memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz
gözəlliyi ilə bəşər mədəniyyəti
inciləri sırasında xüsusi yer tutur.
İçərişəhər 1977-ci ildə tarix-memarlıq qoruğu statusunu
almışdır. Bu unikal tarixi məkan 2000-ci ildə
UNESCO-nun Dünya İrs Siyahısına Qız qalası və
Şirvanşahlar sarayı kompleksi ilə birgə daxil
edilmişdir. Azərbaycan memarlığının, Azərbaycan
tarixinin bir hissəsi, Azərbaycan xalqının maddi-mədəniyyət
irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO tərəfindən
ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın
dünya mədəni irsinə gözəl bir töhfəsidir.
1988-ci ildən ölkəmizin həyatında
baş verən siyasi-ictimai hadisələr bu tarix-memarlıq
qoruğunu bir növ unutdurmuşdu. Bununla
yanaşı, Azərbaycan iqtisadiyyatının 1990-cı illərin
ikinci yarısından başlayaraq inkişaf etməsindən
istifadə edən təsərrüfat subyektlərinin
İçərişəhərin ərazisində fəaliyyət
göstərməyə meyili qoruğun tarixən
formalaşmış strukturuna və məhəllələrin
quruluşuna təsirsiz ötüşməmişdir. Bəzi
abidələrin mühafizə rejimi pozularaq tarixliyinə və
planlaşma-məkan quruluşuna zərər yetirən dəyişikliklər
edilmiş, bir neçəsi isə, ümumiyyətlə, məhv
olmuşdur. Qanun pozuntuları ilə olunan bu hərəkətlər
qoruğun ümumi mənzərəsinə xələl gətirmiş,
uzun əsrlər ərzində formalaşmış arxeoloji
materialın əvəzsiz itirilməsinə gətirib
çıxarmışdır. 2000-ci il noyabrın 25-də
baş vermiş zəlzələ İçərişəhərə
ciddi ziyan vuraraq onun vəziyyətini daha da
ağırlaşdırmışdır.
Belə şəraitdə
ümummilli lider Heydər Əliyevin 2003-cü il fevralın
17-də imzaladığı “Bakı şəhərində
İçərişəhər tarix-memarlıq qoruğunun
mühafizəsi və bərpası ilə bağlı bəzi
tədbirlər haqqında” Sərəncamı qoruqla əlaqədar
olan dövlət qurumlarının işində köklü
dönüş yaratmış, simasını itirməyə
başlamış İçərişəhəri,
sözün əsl mənasında, xilas etmişdir. Sərəncamdan
sonra ictimaiyyətin, mütəxəssislərin və kütləvi
informasiya vasitələrinin diqqəti İçərişəhərin
problemlərinə yönəlmişdir. Ulu
Öndərin müdrikliyi sayəsində qoruğun
uzunmüddətli qorunması və bərpası ilə
bağlı konsepsiyanın hazırlanması, həmçinin
İçərişəhərin idarə olunmasının
beynəlxalq standartların tələblərinə uyğun
qurulması kimi vacib məsələlər də həmin Sərəncamda
öz əksini tapmışdır.
2000-ci ildən UNESCO-nun Dünya İrs
Siyahısında yer alan İçərişəhər
2003-cü ildə Ümum dünya İrs Komitəsinin qərarı
ilə “qara siyahı”ya, yəni məhv olmaq təhlükəsi
olan abidələrin siyahısına daxil edilmişdır. O vaxt bu qərarın qəbul olunmasına 2000-ci il
noyabrın 25-də Bakı şəhərində baş
vermiş güclü zəlzələnin törətdiyi nəticələr,
memarlıq abidələri üçün təhlükə
yaradan qeyri-qanuni tikinti işləri, həmçinin
İçərişəhərin qorunması və
inkişaf planının olmaması səbəb
olmuşdur. Bununla bağlı komitə Azərbaycan hökumətinə
görülməli olan tədbirlərə dair öz
tövsiyələrini təqdim etmişdir.
2005-ci il fevralın 10-da “Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
yaradılması haqqında” Prezident İlham Əliyev tərəfindən
Sərəncam imzalandı. Sərəncama əsasən
qoruğun ikili tabeçiliyi ləğv edildı, İçərişəhərdə
unikal vahid idarəetmə sistemi yaradıldı.
İdarənin yeni əsasnaməsi
hazırlanmış və 2007-ci il mayın 16-da təsdiq
olunmuşdur. Həmin Fərmanla da idarənin
strukturu, işçilərin say həddi, idarənin tabeliyində
olan qurumların dövlət büdcəsi vəsaiti
hesabına, həmçinin özünümaliyyələşdirmə
prinsipləri əsasında fəaliyyət göstərməsi
öz əksini tapmışdır. Qısa müddət
ərzində qoruq ərazisində abidələrin və digər
binaların inventarlaşdırılması
aparılmış, qanunsuz tikintilər tamamilə
dayandırılmış, sanitar təmizlik təmin
olunmuş, yeni işiqlandırma sistemi qurulmuşdur. Tarix və mədəniyyət abidələrinin
mühafizəsi baxımından, həmçinin daxili yollarda
nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz
və rahat hərəkətini təşkil etmək məqsədilə
nəqliyyat vasitələrinın giriş və
çıxışını tənzimləyən yeni
avtomatlaşdırılmış idarəetmə sistemi işə
salınmışdır.
Ölkə
başçısının tapşırığı ilə
İçərişəhərin ərazisində yüksək
peşəkarlıqla və gözəl memarlıq
üslubunda aparılan təmir-bərpa və abadlıq
işləri təbii və insan faktorların təsiri nəticəsində
acınacaqlı vəziyyətə düşmüş bina və
abidələrə ikinci həyat bəxş etmiş,
İçərişəhərin tarixi mənzərəsinin
bərpasına öz töhfəsini vermişdir.
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi
sayəsində İçərişəhərin bərpası
və konservasiyası üzrə Master Plan
hazırlanmış, Qız qalası və Məhəmməd
məscidi kimi dünya əhəmiyyətli abidələrdə
xarici mütəxəssislərin iştirakı ilə muzey
konservasiyası işlərinə başlanmış,
beynəlxalq standartlara cavab verən turizm infrastrukturu şəbəkəsi
yaradılmışdır.
UNESCO-nun tövsiyələri əsasında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 may tarixli qərarı
ilə İçərişəhəri əhatə edən
mühafizə (bufer) zonası yaradılmışdır. Zonanın müəyyən edilməsində əsas
məqsəd İçərişəhərin tarixi-mədəni
irsinin mühafizəsini, qoruq ərazisində yerləşən
abidələrin bədii-estetik görkəmini, onların təhlükəsizliyini,
funksional təyinatını və uzunömürlülüyünü
təmin etməkdir. Zonada həyata keçirilən
işlər qoruğun statusuna, inkişaf konsepsiyasına,
ümumi memarlıq kompozisiyasına uyğun olmalı və
qoruğun mövcud həcm-məkan ölçülərini
pozmamalıdır.
Həyata keçirilən tədbirlərə
yüksək qiymət verən UNESCO-nun Ümum dünya
İrs Komitəsi 2009-cu il iyunun 22-dən 30-dək
İspaniyanın Sevilya şəhərində keçirdiyi
sessiyada yekdilliklə İçərişəhərin “qara
siyahı”dan çıxarılması barədə qərar qəbul
etmişdir. Beləliklə, İçərişəhərin
qorunmasına və onun dəyərinin saxlanılmasına hər
hansı bir təhlükənin mövcud olmaması artıq
beynəlxalq səviyyədə öz təsdiqini tapdı.
İçərişəhərə vaxtaşırı səfər
edən beynəlxalq ekspertlər müşahidələrinin nəticəsi
kimi tövsiyə edirlər ki, Azərbaycan
hökumətinin İçərişəhərin
qorunması və bərpası ilə bağlı
atdığı addımlar, tətbiq olunan idarəetmə
modelinin və aparılan bərpa işlərinin
metodologiyası, təcrübəsi, icma ilə inkişaf
etdirilən ünsiyyət formasında qazanılan uğurlar
digər dövlətlər, xüsusən tarixi şəhərlər
tərəfindən də öyrənilməli və nümunə
kimi qəbul olunmalıdır. Krakov, Amsterdam, Sofiya, Tiflis,
Kazan, Korfu kimi şəhərlərin tarixi mərkəzlərinin
müvafiq inkişaf planlaşdırılmasında və
qorunmasında İçərişəhərin təcrübəsi
araşdırılmış, ikitərəfli əlaqələr
qurulmuşdur. UNESCO İçərişəhərdə aparılan
bərpa-konservasiya işlərinin digər tarix-memarlıq
qoruqlarında biləvasitə pilot layihə kimi tətbiq edilməsini
tövsiyyə etmişdir.
UNESCO-nun Dünya İrs Mərkəzi
əməkdaşlığın genişləndirilməsi
istiqamətində səylərin nəticəsi olaraq
İçərişəhər dünyanın Tarixi Şəhər
Landşaftı yanaşmasının tətbiqinin
sınağı üçün seçilmiş bir neçə
şəhərindən biridir. Elə bunun nəticəsidir
ki, 2010-cu ildə Bakıda “Bakının şəhər
irsinin konservasiyası və inkişafında “Tarixi Şəhər
Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda
beynəlxalq ekspertlərin iştirakı ilə beynəlxalq
seminar keçirilmişdir.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2010-cu ildə
İçərişəhərə Şirvanşahlar
Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş
mühafizə statusunun verilməsi ilə bağlı UNESCO-nun
Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin
Qorunması üzrə Komitəsinə müraciət
etmış və hazırda bu istiqamətdə fəaliyyətini
uğurla davam etdirir.
2011-ci ildən etibarən “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi daha iki
beynəlxalq layihədə iştirak edir. Bu
layihələrdən biri BMT-nin Ətraf Mühit Proqramı ilə
birgə Avropa Komissiyasının Şərq Tərəfdaşlığı
və Mərkəzi Asiya şəhərlərinin yerlərinin
Razılaşması Proqramı çərçivəsində
İcra olunan Davamlı Enerji Planlaşdırılması, digəri
isə Qara Dəniz Hövzəsi trans-sərhəd əməkdaşlıq
proqramı çərçivəsində Avropa Qonşuluq və
Əməkdaşlıq Aləti tərəfindən maliyyələşdirilən
“OLKAS: Egey dənizindən Qara dənizə qədər. Şərq
dəniz marşrutlarında orta əsr limanları” adlı
layihədir.
Bu gün qarşımızda
duran başlıca vəzifələr İçərişəhərin
memarlığının milli xüsusiyyətləri
saxlanılmaqla bərpa edilməsi, dünyaşöhrətli
bir məkana çevrilməsi və Azərbaycan
xalqının zəngin tarixinin ən gözəl və
canlı bir sübutu kimi həm regionda, həm də
dünyada tanıdılmasıdır. Bu istiqamətdə
atılan ilk addımlardan biri - 2009-cu ildən başlayaraq
İçərişəhərin Qoşa Qala Qapısı
meydanında “Meydan bazarı” adlı mədəni-kütləvi
tədbirlərinin keçirilməsidir. Tədbirin
keçirilməsində məqsəd Azərbaycan
xalqının qədim sənətkarlıq ənənələrinin
təbliği ilə yanaşı, Bakı sakinlərinin və
paytaxt qonaqlarının öz istirahət gününün
İçərişəhərdə keçirilməsinin
stimullaşdırılmasıdır.
2010-cu ildən etibarən İçərişəhərdə
“Qız qalası” Beynəlxalq İncəsənət
Festivalı keçirilir. Mədəniyyətlərarası
dialoqa xüsusi töhfə verən bu festival Azərbaycanın
ən qədim və sirlərlə dolu dünya əhəmiyyətli
abidələrindən olan Qız qalasının təbliğini
qarşısına məqsəd qoymuşdur. Müxtəlif
ölkələrdən gəlmış rəssamlar Qız
qalasının maketləri üzərində öz dünya
görüşlərinə uyğun fərqli mədəniyyətlərin
sintezini əks etdirən əsərlər yaradırlar.
İçərişəhərin
unikallığı, dünyadakı digər bu cür abidələrdən
fərqi ondadır ki, İçərişəhər səhər
açılıb axşam bağlanan muzey deyil, canlı bir
şəhərdir. 4 minə (1300 ailə) yaxın əhalisi
olan İçərişəhərdə 18 otel, bir neçə
muzey, 100-dən artıq ictimai-iaşə və ticarət
obyekti fəaliyyət göstərir. Aydındır ki, hər
bir canlı şəhər hər zaman inkişaf edir, dəyişir.
Buranın sakinlən hər zaman yeni arzularla yaşayırlar. Hətta bəzən bu insanlar unudurlar ki, tarixi məkanda
yaşayır və hər gün də XII, XV, XVIII əsrin
abidələri ilə ünsiyyətdə olurlar. İctimai rəyi
nəzərə almaq və mövcud məsələlərin
həllində şəffaflığı təmin etmək məqsədilə
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğunun hazırkı və keçmiş
sakinlərdən ibarət tərkibdə ictimai əsaslarla fəaliyyət
göstərən kollegial və məşvərətçi
orqan olan Ağsaqqallar Şurası yaradılmışdır.
Son illər ərzində İçərişəhərdə
turizm infrastrukturu əhəmiyyətli dərəcədə təkmilləşmiş,
otellərin, restoranların, muzeylərin, qalereyaların, digər
mədəni təsisatların fəaliyyəti ən yüksək
səviyyədə təşkil olunmuşdur. Tədqiq
olunmuş memarlıq abidələri və tarixi yerlər
konservasiya edilir, yeni görkəm alaraq turist
marşrutlarına salınır və turizm məqsədləri
üçün istifadə edilir. Bu işləri
Avstriyanın “Atelyer Erix Pummer” şirkəti zərgər dəqiqliyi
ilə həyata keçirir. Bunlardan unikal
memarlıq incisi olan Qız qalası, Məhəmməd məscidi,
məktəb-məscid, Sıratağlı dini-memarlıq
kompleksi, Arxeoloji park, Çin məscidi, İkimərtəbəli
karvansaray, Kiçik karvansaray, Ağa Mikayıl hamamı,
Dördbucaqlı qala bürcü (Donjon) bərpadan sonra yenidən
şəhərimizin sakinlərini və qonaqlarını
sevindirir.
Hər il yenilənən təmir
və bərpa proqramına əsasən Qoruq ərazisində
mövcud olan tarix və mədəniyyət abidələrinin
qorunması, memarlıq-estetik görünüşünün
və uzunömürlülüyünün təmin edilməsi
üçün daimi olaraq müvafiq tədbirlər həyata
keçirilir.
Onların sırasında müstəsna dərəcədə
əhəmiyyətli olan işlərə nümunə olaraq
2016-cı ildə Böyük Qala küçəsi 50
ünvanında aşkar edilmiş, XVII əsrə məxsus
yeraltı hamamın konservasiyasını göstərmək
olar.
Əsrlər boyunca uzaq ölkələrdən
İçərişəhərə daxil olan karvanlar Qala
divarlarından keçərək burada yerləşən
gömrük məntəqəsində yoxlanırdılar.
Əlbəttə ki, dövrün qaydalarına uyğun olaraq
şəhərin sanitar-gigiyenik baxımdan təhlükəsizliyini
təmin etmək məqsədilə şəhərin
girişində hamamlar tikilər və yeni gələn tacir və
səyyahlar hamamda yuyunar, eləcə də mütləq olaraq
yük heyvanlarının ayaqlarına “qudron” - neftdən
hazırlanmış məhlul çəkilərdi ki, bu da
antiseptik maddə rolunu
oynayırdı.
Qazıntı və müşahidələrin
ilkin nəticəsinə əsaslanaraq demək olar ki, tədqiq
olunan abidə mürəkkəb memarlıq quruluşuna malikdir.
Yeraltı hamamın konstruktiv cəhətlərinə görə
ərazidə mövcud olan hamam komplekslərinə bənzər
cəhətləri var. Temperatur rejimini sabit saxlamaq
üçün yer səthindən aşağıda inşa
olunmuşdur.
1806-cı ildə Bakının ruslar tərəfindən
işğalından sonra hamamın fəaliyyəti
dayandırılmış, günbəzləri sökülərək,
otaqları təsərrüfat tullantıları ilə
doldurulmuş və üzəri torpaqla
örtülmüşdür. Belə ki, həmin ərazidə
hərbi komendatura yerləşdirilmişdir. Analoji vəziyyət
Sovet dövründə də davam etmişdir. Təəssüf
ki, bu illər ərzində arxeoloji qazıntı ərazisindəki
bəzi divar və hörgü qalıqlarında çatlar əmələ
gəlmiş və uçmaq qorxusu yaranmışdır.
2016-cı və 2017-ci illərdə arxeoloji qazıntı
işləri nəticəsində hamamın əsas hissəsi
torpaqdan və təsərrüfat tullantılarından təmizlənmiş,
memarlıq quruluşu təyin olunmuşdur. 2018-ci ildə isə
əsas etibarilə abidədə bərpa və konservasiya
işləri aparılır. Gələcəkdə burada
açıq səma altında arxeoloji muzey
ekspozisiyasının fəaliyyət göstərməsi nəzərdə
tutulur.
Bununla bərabər
sıratağlı dini-memarlıq kompleksində açıq
səma altında “Bədii daşyonma sənəti nümunələri”,
Çin məscidində numizmatika muzey ekspozisiyaları,
Kiçik karvansarayın içində “Sənətkarlar
bağı” (Art Garden) fəaliyyət göstərir.
Turist marşrutları üzrə canlı bələdçilərlə
yanaşı, beş dildə audiobələdçi xidmətindən
də istifadə olunur.
Şəhərimizin unikal memarlıq incisi olan
Qız qalasında muzey konservasiyası işləri başa
çatmışdır. Konservasiya işləri
yeni elmi-texnoloji metodlara əsaslanaraq abidədən bir daş
belə qoparmadan, qalanın vizual görüntüsünə
xələl yetirilmədən aparılmışdır. Şəhərimizin
rəmzi olan bu abidədə və qalanın daxilində
çox maraqlı elmi-tarixi ekspozisiya
yaradılmışdır.
İçərişəhər
bu gün öz tarixi simasını özünə
qaytarır. İçərişəhərın ərazisində
tarixi araşdırmalar və mütəmadi olaraq aparılan
qazıntı işləri nəticəsində əldə
olunan arxeoloji materialların zənginliyi nümayiş etdirir
ki, İçərişəhər Azərbaycan
xalqının tarixinin, o cümlədən
onun milli dövlətçilik tarixinin bir çox
açılmamış səhifələri haqqında, zəngin
maddi və mənəvi sərvətlər xəzinəsi barədə
dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə
hələ də ehtiyac duyulan tükənməz mənbədir.
Əsrlərdən bizə əmanət qalmış bu zəngin
mədəni irsin qorunması hər birimizin vətəndaşlıq
borcudur.
İçərişəhər təkcə
Azərbaycan üçün deyil, həm də bəşəri
dəyər kimi yüksək qiymətləndirilən tarixi
abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına
İçərişəhərin Qız qalası və
Şirvanşahlar saray kompleksi ilə birgə salınması
da təsdiq edir. Azərbaycan memarlığının, Azərbaycan
tarixinin bir hissəsi, Azərbaycan xalqının maddi-mədəniyyət
irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO tərəfindən
ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın
dünya mədəni irsinə çox gözəl bir
töhfəsidir.
İçərişəhərin Qoşa Qala
Qapısı meydanında mövsümi olaraq hər bazar
günləri “Meydan Bazarı” adlı mədəni-kütləvi
tədbir keçirilir. Tədbirin keçirilməsində
məqsəd Azərbaycan xalqının qədim sənətkarlıq
ənənələrinin təbliği ilə yanaşı
Bakı sakinlərinin və paytaxt qonaqlarının öz
istirahət gününün İçərişəhərdə
keçirilməsinin stimullaşdırılmasıdır.
Mədəniyyətlərarası
dialoq çərçivəsində ildə bir dəfə
keçirilən “Qız qalası” Beynəlxalq incəsənət
festivalı Azərbaycanın ən qədim və sirlərlə
dolu dünya əhəmiyyətli abidələrindən olan
Qız qalasının təbliği üçün
böyük önəm daşıyır. “Qız
Qalası” Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın
ən qədim və sirlərlə dolu dünya əhəmiyyətli
abidələrindən olan Qız Qalasının
populyarlaşdırılmasını öz qarşısına
məqsəd qoymuşdur.
Müxtəlif ölkələrdən
gəlmiş rəssamlar Qız Qalasının maketlərini
öz milli üslublarında bəzəyərək fərqli
mədəniyyət və adət-ənənələrin
sintezini əks etdirən əsərlər yaratmışlar.
İçərişəhərdə Bakı sakinləri və
şəhərimizin qonaqları üçün rəssamların
yaratdıqları bu işlərdən ibarət sərgi təşkil
edilmişdir. Bununla yanaşı, bu nadir əsərlər
dünyanın müxtəlif ölkələrində
nümayiş etdirilərək, ümumdünya mədəni
irsinin bir hissəsi olan Qız qalasının təbliğində
əhəmiyyətli vasitəyə çevriləcəkdir.
Festivalın keçirilməsi tariximizi və milli irsimizi
layiqincə qoruduğumuzu göstərir. Bakının rəmzi
olan Qız qalası maketlərinin müxtəlif ölkələrə
məxsus milli çalarlarla bəzədilməsi mədəniyyətlərin
yaxınlaşması baxımından da mühüm
addımdır.
Festivala gələn qonaqlar öz milli
üslublarında qalanın maketlərini naxışla bəzəyərək
fərqli mədəniyyət və adət-ənənələrinin
sintezini və qarşılıqlı mübadiləsini əks
etdirən əsərlər yaradacaqlar. Bakı sakinləri və
şəhərimizin qonaqları üçün İçərişəhərdə
rəssamların işlərindən ibarət sərgi təşkil
ediləcəkdir.
Festivalın məqsədi xarici rəssamları
Azərbaycan mədəniyyəti və incəsənəti ilə
yaxından tanış etməklə yanaşı, Qız
Qalasını dünyada təbliğ etməkdir. Bunun
üçün festivaldan sonra üzərində rəsmlər
çəkilmiş Qız Qalası maketlərinin ölkəmizin
regionlarında və Avropa şəhərlərində sərgiləməyi
nəzərdə tutulur.
İçərişəhər açıq
səma altında bir muzey olması ilə yanaşı, eyni
zamanda, dunya sivilizasiya ocaqlarından biridir. Bu
şəhər içində qala divarları ilə əhatə
olunmuş unikal bir şəhərdir və özünün
infrastrukturu və yaşayış massivləri ilə
canlı orqanizm təşkil edir. 4000-ə (1300 ailə) yaxin əhalisi
olan İçərişəhərdə 18 otel, bir neçə
muzey, 100-dən artıq ictimai iaşə və ticarət
obyektləri fəaliyyət göstərir.
Eyni zamanda, İçərişəhərdə
olan abidələrin qorunub saxlanılması, burada yaşayan
insanların sosial vəziyyətinin
yaxşılaşdırılması, burada fəaliyyət
göstərən turizm infrastrukturunun - otellərin,
restoranların, muzeylərin, qalereyaların, digər elmi, mədəni
mərkəzlərin fəaliyyətini ən yüksək
səviyyədə təşkil etməkdir.
İçərişəhərin
unikallığı, dünyadakı digər bu cür abidələrdən
fərqi ondadır ki, İçərişəhər səhər
açılıb axşam bağlanan muzey deyil, bu canlı bir
şəhərdir. Aydındır ki, hər bir canlı şəhər
hər zaman inkişaf edir, dəyişir. Buranın sakinləri
hər zaman yeni arzularla yaşayırlar. Hətta, bəzən
bu insanlar unudurlar ki, tarixi məkanda yaşayırlar və hər
gün də XII, XV, XVII əsrin abidələri ilə
ünsiyyətdə olurlar.
İki əsr bundan öncə qədim Bakı
olan, indi İçərişəhər adlandırdığımız
tarixi məkan hal-hazırda müasir turizm mərkəzinə
çevrilmişdir. Qoruq İdarəsi tərəfindən tədqiq
olunmuş memarlıq abidələrı və tarixi yerlər
konservasiya edilir, yeni görkəm alaraq turist
marşrutlarına salınır, məhz turizm məqsədləri
üçün istifadə edilir. Buna misal olaraq
orta əsr karvan ticarət yolu olan - indiki A.Zeynallı
küçəsi boyu yerləşən, orta əsr
abu-havasına uyğun yeni görkəm almış
tarixi-memarlıq abidələrini, Məhəmməd məscidini,
məktəb-məscidi, Sıratağlı dini-memarlıq
kompleksini, o cümlədən Qədim bağ kompleksini,
Çin məscidini və digər rekreasiya
zonalarını qeyd etmək olar.
Son zamanlar İçərişəhərdə
gedən torpaq-təmizlik işləri zamanı çoxlu sayda
su kəhriz quyuları aşkar olunmuşdur. Bilavasitə
su mühiti ilə bağlı olan bu mühəndis texniki
qurğuların əksəriyyəti konservasiya olunur, tarixi
araşdırılır, texniki pasportu işlənilir, içərisi
işıqlandırılır, üzəri orqanik
şüşə ilə örtülür və turizm məqsədləri
üçün istifadə olunur.
İçərişəhər kompleksinə
daxil olan dunya əhəmiyyətli 3, ölkə əhəmiyyətli
28 memarlıq, konservasiya olmuş 8 arxeoloji və 600-dən
çox yerli əhəmiyyətli abidələr
xalqımızın zəngin mədəniyyətindən xəbər
verir. Qoruq ərazisindəki XVIII-XIX əsr
memarlığına aid elmi, tarixi və mədəni cəhətdən
yüksək dəyərə malik onlarla bənzərsiz
yaşayış binaları və orta əsrlərdə
tikilmiş memarlıq abidələri dövlət tərəfindən
qorunur.
İçərişəhərdə keçən
əsrin əvvəllərindən 60-cı illərə kimi
qısamüddətli, 1961-cı ildən etibarən isə stasionar
arxeoloji qazıntılar aparılaraq 3 mədəni təbəqənin
olduğu müəyyən edilmişdir. I mədəni təbəqə
antik dövrdən IX əsrdək olan dövrü, II mədəni
təbəqə IX-XIII əsrləri, III mədəni təbəqə
XIII-XVII əsrləri əhatə edir. Arxeoloji kəşfiyyat
və nəzarət işləri nəticəsində
aşkar olunan qədim Bakının tarixini əks etdirən
arxeoloji artefaktlar və son 30 il ərzində arxeoloji
qazıntılar nəticəsində aşkar olunmuş antik
dövr maddi-mədəniyyət nümunələri, habelə
İçərişəhərin sahilə yaxın hissəsinin təhlili, analizi və təsnifatı
belə bir fikir söyləməyə əsas verir ki, şəhərin
qədim yaşayış yeri konkret olaraq sahilə yaxın, məhz
ən qədim yazılı memarlıq abidəsi olan Məhəmməd
məscidi və Qız qalası yerləşən ərazi və
Baki buxtası olmuşdur. Xəzər dənizi
suyunun səviyyəsinin tarixən artıb-azalmasıyla
bağlı elmi araşdırmalar və İçərişəhərdən
yeni aşkar olunmuş qədim şəhərimizin tarixini əks
etdirən maddi-mədəniyyət nümunələrinin təsnifatı
Bakının yaşının təyin olunmasında əvəzsiz rol oynayır.
İçərişəhər canlı bir
orqanizmdir, burada həyat öz axarı ilə davam edir. Məhz bu füsunkar məkanın dünyanın bir
çox tarixi şəhərlərindən başlıca fərqi
də odur ki, o, ətraf mühitdən təcrid
olunmamışdır, əksinə özünün
coşğun həyatı ilə milyonlarla insanı
özünə cəlb edir. Odur ki, onun ərazisində
istər sakinlərin iş fəaliyyəti ilə məşğul
olması, istərsə də xarici qonaqların istirahəti
üçün ictimai iaşə obyektlərinin olması
faydalı və əhəmiyyətlidir. “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində
tarixi-mədəni və əyləncə məfhumları
arasında olan balansı daim nəzarətdə
saxlayır.
Kamil
İbrahimov
İki
sahil.- 2019.- 29 iyun.- S.8-9