Cənab Prezidentlə
keçirilən bütün görüşlər
yaddaşımda xoş bir xatirə kimi qalır
Azərbaycan
Respublikasının Xalq artisti Mənsum İbrahimov İkisahil.TV-nin
“Bizimlə həmsöhbət” verilişində Prezident
İlham Əliyevin mədəniyyət və incəsənət
xadimləri ilə keçirilən yaddaqalan və səmimi
görüşü ilə bağlı suallarımızı
cavablandırdı
- Mənsum
müəllim, ölkə Prezidentinin mədəniyyət və
incəsənət xadimlərinin bir qrupu ilə keçirilən
görüşü ictimaiyyət tərəfindən
çox maraqla qarşılandı. Demək
olar ki, sosial şəbəkələr bir neçə
gün ancaq bu görüşü müzakirə etdilər.
Siz bu görüşdən
hansı təssüratlarla ayrıldınız?
- Ölkə Prezidenti ilə keçirilən
bu görüş olduqca vacib və
çox səmimi bir görüş oldu. Hər zaman Ulu
Öndər ideyalarını layiqincə yaşadan ölkə
başçımız mədəniyyət və incəsənət
xadimlərini diqqətdən kənarda qoymayıb. Yaxşı xatırlayıram Ulu Öndər imkan
düşdükcə tamaşalarımıza baxmağa gələr,
sənət adamları ilə görüşüb onların
sosial vəziyyəti ilə maraqlanar, həll olunmasına nail
olardı. Dəfələrlə olub ki, şairlərin,
yazıçıların, sənətkarların evinə zəng
edib, ad günlərini təbrik edib. Problemlərinin həll
olunması ilə şəxsən maraqlanardı. Bu gün
ölkə başçımız İlham Əliyev də o ənənəni
layiqincə davam etdirir. Son görüşümüz deyərdim
ki, cəmiyyətdə çox böyük rezonans doğurdu.
Cəmiyyətdə nüfuzu olan mədəniyyət
və incəsənət xadimlərinin bir qrupu ilə
keçirilən görüşdə onları narahat edən
problemləri öz dillərindən eşitdi. Ölkə
başçısı ön söz söyləyərək
bildirdi ki, ölkədə son aylar sosial problemlərlə
bağlı imzalanan fərmanlar və sərəncamlar
insan amilinə verilən dəyərin bir nümunələridir.
İstərdim mədəniyyət və incəsənət
aləmində olan problemləri də sizin öz dilinizdən
eşidim. Bu işdə mənə kömək etməlisiniz.
Nə sözünüz varsa mənə bildirin.
Görüşdə yaradıcı ittifaqların sədrləri
danışdılar, problemləri sadaladılar. Cənab
Prezident söylənən hər bir problemi qeyd edirdi. Sonda
çıxışında hər bir qaldırılan məsələ
barədə də fikrini
bildirdi. Qeyd etdi ki, söylədiyiniz
bütün məsələlər
araşdırılıb müsbət qərarlar qəbul ediləcək.
Ölkə Prezidenti vurğuladı ki, bu görüşlər
mütamadi olaraq keçiriləcək. Sizi maraqlandıran və
cəmiyyəti narahat edən məsələlərlə
bağlı görüşüb məşvərət
aparacayıq. Bütün bunlar da problemlərin
aradan qaldırılmasına kömək edəcək.Vaxtın
darlığına, işinin çoxluğuna baxmayaraq bizi qəbul
edib, istəklərimizi dinlədiyi üçün
İkisahil.TV vasitəsilə tədbirdə iştirak edən
bütün mədəniyyət xadimləri adından cənab Prezidentə
öz minnətdarlığımı bildirirəm.
- Bu günə qədər ölkə
Prezidenti ilə mütamadi görüşləriniz olub.
Ən yaddaqalan məqamlarla bağlı xatirələrinizi
bölüşməyinizi istərdik...
- Hər zaman özümü şanslı hesab
edirəm ki, Ulu Öndər və Prezident İlham Əliyevlə
dəfələrlə görüşmüşəm.
Bildiyiniz kimi, Ulu Öndər hər zaman mədəniyyət
xadimlərinə çox böyük diqqət göstərirdi.
Bir neçə dəfə Ulu Öndərlə
görüşlərimiz olub. Hətta bir dəfə səfərdə
də bir yerdə olmuşuq. Əməkdar artist fəxri
adı və Prezident mükafatı mənə Ulu Öndər
tərəfindən verilib. Bu gün həmin yol uğurla davam
etdirilir. Dəfələrlə ölkə Prezidenti İlham
Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə
görüşmüşük. Yadımda qalan
görüşlərdən biri o, oldu ki, 50 yaşımda cənab Prezident “Şöhrət” ordeni ilə
təltif edərək, əməyimə böyük qiymət
verdi. O təltifdən iki həftə sonra Ağdamda qaçqın və məcburi
köçkün soydaşlarımız üçün
tikilən şəhərciyin açılışında
görüşümüz oldu. Bizimlə səmimi söhbət
edən ölkə Prezidenti orada yenidən yubileyimi təbrik etdi. Bundan sonra,
bir çox tədbirlərdə ölkə Prezidenti ilə
görüşlərimiz olub. Sonuncu səmimi
görüşümüz də bir neçə gün bundan
əvvələ təsadüf etdi. Hesab edirəm ki, bu
görüş illərlə müzakirə olunacaq.
Çünki insanlar arasında çox maraqla
qarşılandı. Ümumiyyətlə, Cənab Prezidentlə
keçirilən bütün görüşlər
yaddaşımda xoş bir xatirə kimi qalır.
- Görüşdə ölkə
başçısının bir fikri diqqətimizi cəlb
etdi. Bildirdi ki, ölkə iqtisadi cəhətdən də
inkişaf edə bilər, siyasi cəhətdən də
mövqeləri güclü ola bilər, ancaq əsas təməl
prinsiplərini diqqətdən kənarda saxlasaq, o zaman dayanıqlı inkişafdan
danışmaq olmaz...
-Çox doğrudur. Bilirsiniz, mədəniyyət
ölkənin sifətidir. Ölkəyə gələn yad
insanlar birinci onun mədəniyyəti ilə tanış
olurlar. Hesab edirəm ki, ölkənin mədəniyyəti
inkişaf etdikcə bu, bütün sahələrə sirayət
edir. Azərbaycan mədəniyyəti çox qədim və
zəngindir. Muğamımızın kökləri minilliklərə
söykənir. Dünyanı öz musiqimizlə təəccübləndirə
bilirik. Dövlətimizin bu sahəyə çox böyük
diqqət və qayğısı var. Xüsusi olaraq ölkəmizin
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin,
muğamlarımızın dünyada təbliğində
çox böyük xidmətləri var. Bu gün onun sayəsində
Azərbaycan muğamı intibah dövrünü
yaşayır.
- Vurğuladınız ki, muğama
böyük diqqət və qayğı göstərilir. Bu məqsədlə
də möhtəşəm Muğam mərkəzləri
tikilib istifadəyə verilib. Bu gün ölkədə
Muğam mərkəzlərinin fəaliyyətini qənaətbəxş
hesab edirsinizmi?
- 2008-ci ildə Bakıda ilk dəfə olaraq
Beynəlxalq Muğam Mərkəzinin
açılışı oldu. Artıq onun fəaliyyyətinin
10 ili tamam oldu. Bu 10 il ərzində Mərkəzdə
böyük işlərə imza atıldı. Burada muğam
müsabiqələri, muğam gecələri,
yaradıcılıq konsertləri və müxtəlif tədbirlər
keçirilib. Artıq bölgələrimizdə Muğam mərkəzləri
fəaliyyət göstərir. Bütün bunlar muğamın
təbliğində və inkişafında böyük rol oynayır. Muğam
mərkəzlərinin fəaliyyəti olduqca qənaətbəxşdir.
- Mənsum müəllim, elə həmin
görüşdə televiziyalarda bədii şuraların
yaradılması ilə də bağlı təkliflər səsləndirildi.
Bilirik ki, dövlət televiziyasında bu yaxınlarda
yaradılmış Bədii
Şuranın üzvüsünüz. Bir ziyalı kimi nə
düşünürsünüz? Bədii Şura
lazımdırmı?
-Hesab edirəm ki, bu, çox vacib məsələdir.
Hardasa bir ay öncə artıq Azərbaycan
Televiziyasında Bədii Şura yaradıldı. Mən də
həmin Şuranın üzvüyəm. Ölkə
başçısı ilə görüşdə bu məsələ
Bəstəkarlar İttifaqının sədri Firəngiz
Əlizadə tərəfindən qaldırıldı. Onsuz da
bədii şura yaradılmamışdan öncə də
dövlət televiziyasının bir ənənəsi var ki,
orada bayağı musiqilər səsləndirilmirdi.
Sadəcə olaraq orada da müəyyən işlər həyata
keçirmək, klassika ilə yanaşı, müasir musiqilərə
yer vermək, canlı musiqiləri və dinamikanı
artırmaq lazımdır. Ancaq özəl televiziyalarda vəziyyət
bir qədər başqadır. Bayağı musiqiçilər
də, musiqilər də əhalinin zövqünü korlamaqda
davam edirlər. Cənab Prezident də bu məsələyə
reaksiya verdi ki, bu şuralar hər bir televiziyalarda
yaradılsın. Təbii ki, bu bir senzura kimi yox,
yaradıcılıq baxımından mütləq
lazımdır. Bəzən özəl kanallar reytinq
uğurunda yarışırlar. Nəticədə verişlərin
səviyyəsi aşağı düşür. Bəzi aparıcıların
şit danışıqları, bəzilərinin efir mədəniyyətinin
aşağı olması cəmiyyətdə neqativ
qarşılanır. Bu baxımdan hesab edirəm ki, tənzimləmə
qurumu yaradılmalıdır ki, layiqli ifaçılar və yaxşı musiqilər efirə
buraxılsın. Fərqi yoxdur, bu, gəncdir və yaxud
yaşlı nəslin nümayəndəsidir.Bütün
bunlarla yanaşı, hesab edirəm ki, özəl
televiziyaları çox da sıxmaq olmaz. Çünki onlar
reklam bazarı ilə yaşayırlar. Amma hər halda,
bütün televiziyalar milli-mənəvi dəyərlərə
xidmət etməlidir. Hər bir veriliş daxilində
insanları maarifləndirməliyik. Efirə gedən
verilişlərin bir maarifləndirici tərəfi
olmalıdır.
-
Bildiyimiz kimi, martın 12-də Heydər Əliyev Fondu, Mədəniyyət
Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsi olan
VII Televiziya Muğam müsabiqəsinə start veriləcək.
Keçirilən müsabiqələrin əhəmiyyəti
barədə fikirlərinizi bilmək istərdik...
-Bu müsabiqələrin çox böyük əhəmiyyəti
var. Cənab Prezident də
çıxışında müsabiqənin müsbət tərəflərini
açıqladı. Bu günə qədər 6 Muğam
Müsabiqəsi keçirilib. Bu müsabiqələr nəticəsində
120 gənci xalqa təqdim etmişik. Hər müsabiqdə 20
gənc iştirak edib. Bilirsiniz, bu, çox böyük bir rəqəmdir.
Heç bir dövrdə bu qədər gənc ifaçı
sənətə gəlməyib. Təbii ki, onların
hamısı bu gün sənətdə deyil. Amma böyük
əksəriyyəti bu gün sənətdədir. Hətta
bir çoxunun fəxri
adları da var. Bu gün həmin ifaçılar müəllim
kimi də fəaliyyət göstərib, mədəniyyətimizə
xidmət edirlər. Martın 12-də ana televiziyamızın
efirində VII Televiziya Muğam Müsabiqəsinə start veriləcək.
Bütün bölgələr üzrə səbrlə, təmkinlə
400 ifaçının içindən 20 gənci
seçmişik. İndi həmin gənclər hazırlıq
prosesi keçirlər. Muğam Müsabiqəsinin gözəlliyi
ondan ibarətdir ki, hər dəfə biri-birinə bənzəməyən
yeni səslər gəlir. Bu da muğamın inkişaf etməsində
önəmli yerlərdən birini tutur. Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etmək
istəyirəm ki, muğamımızın bu gün yüksək
inkişafında onun xidmətləri əvəzsizdir.
- Mənsum müəllim, növbəti
sualımız yaradıcılıqla bağlı olacaq.
Qarşıda bizi hansı yeniliklər gözləyir?
- İki gün öncə İran İslam
Respublikasından qayıtmışam. Tehranda 12 İslam
ölkəsinin iştirakı ilə Beynəlxalq Novruz
Bayramı keçirilirdi. Tehranın çox böyük bir
sarayında keçirilən tədbirdə 70-dən çox
ölkənin səfirləri və İranın siyasi rəhbərliyinin
böyük əksəriyyəti iştirak edirdi. Həmin tədbirə
3 ölkənin -İran, Azərbaycan və
Əfqanıstanın musiqiçiləri dəvət
almışdılar. Birinci Azərbaycan musiqiləri səsləndirildi.
İştirakçıların xahişi ilə 20 dəqiqə
əvəzinə 40 dəqiqə çıxış etdik.
Sonda “Qarabağ şikəstəsi” ilə musiqimizi
sonlandırdıq. İranın əsas mətbu orqanlarında
bu konsertlə bağlı maraqlı materiallar verildi. Yaxın
günlərdə keçiriləcək Muğam Müsabiqəsi
də
yaradıcılığımın bir hissəsi olacaq.
Hardasa, 4 ay bu gənclərlə bir yerdə işləyəcəyik. Bundan əlavə, bir neçə
xarici səfərlərimiz var. Yaxın vaxtlarda reallaşacaq.
Yeni lent yazılarımızı hazırlamalıyıq.
Keçirilməsi planlaşdırılmış konsertlərimiz
var. Elə bu günlərdə
Muğam Mərkəzində konsertimiz olacaq. Bölgələrdə
də silsilə tədbirlərimiz gözlənilir. Çünki
bölgələrdə konsertlərin
keçirilməsi ilə bağlı istəklər
çoxdur. Demək olar ki, işlər, arzular, planlar
çoxdur. İnşallah, reallaşdıqca
tamaşaçılar da biləcəklər.
Şəmsiyyə
Əliqızı
İki sahil.- 2019.- 8 mart- S.23