Azərbaycan milli kapitalının görkəmli nümayəndələri

Azərbaycan neft sənayesinin yaranmasında milli, rus və xarici kapitalın rolu

 

XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri Şimali Azərbaycan tarixində mühüm mərhələ təşkil edir. Bu dövr Şimali Azərbaycanda çar Rusiyasının bütün imperiya ərazilərində  apardığı islahatların nəticələri özünü büruzə verməyə başladı. 1872-ci ildə neft sənayesində iltizam sisteminin ləğvi bu sahədə çox böyük yüksəlişə səbəb oldu. Neftli torpaqların hərraca çıxarılması neft sənayesinə böyük miqdarda kapitalın axınına səbəb  oldu.

 

Neft sənayesində sahibkarlıqla Avropa ölkələri, ABŞ və Rusiyadan olan ayrı-ayrı şirkətlər və şəxslər məşğul olmağa başladılar.  Bakıda neft sənayesinin coşqun inkişafı illərindən danışarkən belə bir cəhəti hökmən nəzərə almaq lazımdır ki, azərbaycanlı  neft sahibkarlarının əksəriyyəti çox kasıb ailələrdən çıxmışdı və nəticədə XIX əsrin 70-ci illərindən - 1920-ci ilin mayınadək təkcə Azərbaycanın deyil, o cümlədən Rusiya imperiyasının ən nüfuzlu şəxslərinə çevrilmişdilər. Onların çoxu heç bir təhsil görməmişdi. Yeganə üstünlükləri bundan ibarət idi ki, nadir bir dövrdə yaşayırdılar və belə bir dövrdə gecə-gündüz neft mədənində alın təri tökməklə çalışan adi fəhlə Bakının tükənməz, məşhur neft fontanları sayəsində varlı sahibkar ola bilərdi. Lakin bunun üçün, təbii ki, bacarıq, istedad, müdrikliklə bərabər, ilk növbədə güclü milli qürur hissi tələb olunurdu.

 

İndiyədək hər birimizin fəxr etdiyimiz Bakı şəhərinin qaynar həyatı bu sahibkarların səxavəti sayəsində yaranmışdır, əvəzsiz xeyriyyəçilik ənənələrinin əsasını onlar qoymuşlar.  Müstəmləkə dövründə millətinə sahib çıxan bu böyük şəxsiyyətlər içərisində H.Z.Tağıyevin, A.M.Nağıyevin, A.M.Muxtarovun, A.Ş.Əsədullayevin, Aşurbəyov, Kainski və Dadaşov qardaşlarının adları xüsusi yer tutur və bu adlar Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. Şimali Azərbaycanın Rusiya imperiyasının müstəmləkələrindən biri olduğu, milli dövlətçiliyin müvəqqəti olaraq itirildiyi bir şəraitdə bu insanlar dövlətin görə biləcəyi işləri öz çiyinlərinə götürmüşdülər. Azərbaycan millətinin yaşaması, inkişafı və yenidən milli dövlətçiliyə qovuşması üçün mümkün olmayan işi mümkün etdilər. Sovet dövrü ərzində bu şəxslərin hətta adlarını belə çəkmək qadağan edilsə də, totalitar sistem onların unudulması üçün hər cür vasitələrə əl atsa da, sahibkarların ucaltdıqları möhtəşəm binalar kimi nəcib əməlləri də xalqın qəlbindən, hafizəsindən heç zaman silinməmişdir. 1872-ci ildə iltizam sistemi ləğv edildikdən sonra Bakı neft və neft emalı sənayesində Azərbaycan milli kapitalı geniş şəkildə təmsil olunmuşdur. Belə ki, XIX əsrin 70-ci illərində neft quyularının 88%-i  yerli sahibkarların əlində cəmlənmişdi. İstifadəyə yararlı yalnız 17 sahə var idi ki, onlardan 15-i Balaxanı, 2-si Bibiheybət kəndləri ərazilərində yerləşirdi. 46 kerosin  zavodunun sahiblərindən 25-i azərbaycanlı idi. 1883-cü ildə isə Bakıda fəaliyyət göstərən 100 kerosin zavodundan 41-i azərbaycanlı sahibkarlara məxsus idi. Bu zavodların əksəriyyəti H.Z.Tağıyevə, H.Mehdiyevə, A.Nuriyevə, M.Xanlarova və başqalarına məxsus idi. Ümumi neftçıxarma işində də azərbaycanlı sahibkarların xüsusi çəkisi böyük idi.  Belə ki, Bakıda çıxarılan neftin 3%-dən çoxu Ağamusa Nağıyev və Ağa Şəmsi Əsədullayevə məxsus şirkətlərin payına düşürdü.

 

HACI ZEYNALABDİN TAĞIYEV (1823-1924)

 

Pinəçi ailəsində anadan olmuş Zeynalabdin altı yaşında bənna şagirdi işləməyə başlamışdı. Sonralar o, milyonlar sahibi olsa da, bütün ömrü boyu özünün cəmi bir neçə qəpikdən ibarət ilk əmək haqqını hər şeydən yüksək qiymətləndirirdi. Bu əmək haqqı ona çörək və pendir almaqla böyük ailəni dolandırmağa imkan vermişdi. Təqribən 55 yaşında ikən neft milyonçusu oldu. Həmin vaxtadək bənna, yükvuran və podratçı işləmişdi. XIX əsrin 60-cı illərinin  sonunadək tikinti işləri ilə məşğul olan H.Z.Tağıyev müəyyən miqdar kapital topladıqdan sonra manufaktura işi ilə məşğul olmaq qərarına gəlir. O, 1870-ci ildə azərbaycanlılar içərisində ilk olaraq kerosin zavodu alır. 1872-ci ildə isə neftçıxarma  işində özünü sınamaq istəyir. O bu məqsədlə topladığı 9 min rubla öz ortaqları ilə Bibiheybətdə neftli torpaq alır və burada qazma işlərinə başlayır. Lakin H.Z.Tağıyevin şəriki gözləməkdən bezərək öz payını ona güzəştə gedir. Özünə inam və inadkarlıq H.Z.Tağıyevə uğur gətirir. 1878-ci ildə H.Z.Tağıyevin qazdırdığı ilk neft quyusu fontan vurur və tezliklə, o, Bakının ən zəngin və tanınmış adamlarından birinə çevrilir. Onun yaratdığı “H.Z.Tağıyev” şirkəti bütün neft sənayesində mühüm mövqeləri ələ keçirir: qazma, hasilat, emal və nəqletmə kimi əsas istiqamətlər bir şirkətin fəaliyyətində öz əksini tapır. Böyük kimyaçı-alim D.Mendeleyev özünün “Neft” kitabında yerli sahibkarlardan H.Z. Tağıyevi fəaliyyətinə görə xüsusi qeyd edir və onu neft sənayesinin “mühərriki” adlandırır. Tez bir zaman içərisində H.Z.Tağıyev təkcə neft sənayesində deyil, həm də neft satışı bazarında böyük nüfuz qazanır. 1886-cı il yanvarın 11-də neft sənayeçilərinin  toplantısında “Biz neftsənaye böhranından necə çıxa bilərik ?”mövzusunda məruzə ilə çıxış edir və yaranmış vəziyyətdən xilas yollarını göstərir. O öz təklifləri ilə “Kaspi” qəzetinin səhifələrində çıxış edir. Lakin onun təklifləri neft işi ilə məşğul olan əksər sahibkarları qane etsə də, Azərbaycan neft sənayesində çox güclü mövqeləri ələ keçirmiş “Nobel qardaşları yoldaşlığı” və Rotşildlərə məxsus “Xəzər-Qara dəniz neft-sənaye və ticarət” şirkətləri tərəfindən rədd edilir. 1886-cı ilin qışında Nobel qardaşları şirkəti H.Z.Tağıyevin yerli sahibkarların bir təşkilatda birləşməsi təşəbbüsünə faktiki olaraq müharibə elan edir. “Nobel qardaşlarının yoldaşlığı” şirkəti xam neftə verginin tətbiq edilməsi təklifi ilə çıxış edir və bu məqsədlə geniş təbliğata başlayır. Buna cavab olaraq H.Z.Tağıyev “Nobel qardaşları yoldaşlığı”  şirkətinin bu təklifinin əleyhinə çıxır. Bu məsələdə onu D.İ.Mendeleyev müdafiə edir. “Nobel qardaşları yoldaşlığı” şirkətinin və Rotşildlərin bu addımı  yerli sahibkarları hərəkətə gətirir. Lakin 1892-ci ildə neft sənayesində başlanan böhran bir-biri ilə heç də sadə münasibətləri olmayan 80 şirkətin “Bakı kerosin zavodçuları ittifaqı”nda birləşməsi ilə nəticələndi. Bu təşkilatda güclü rəqabət mövcud idi və o iki qrupa bölünmüşdü. Birinci qrupa “Nobel qardaşları yoldaşlığı”, Rotşildlərin “Xəzər-Qara dəniz neftsənaye və ticarət cəmiyyəti”, “S.M.Şibayev və K0”, “Musa Nağıyev” və başqa şirkətlər, ikinci qrupa isə H.Z.Tağıyevin başçılığı ilə “Bakı standartı” şirkətlər birliyi daxil idi.

 

Qeyd etmək lazımdır ki, XIX əsrin sonunda neft sənayesində heç bir sindikat birliyi H.Z.Tağıyevin iştirakı  olmadan fəaliyyət  göstərə bilmirdi. Onun enerjisi, ağlı, güzəştə getmək diplomatiyası hətta ən ümidsiz layihələrin reallaşdırılmasına kömək edirdi. H.Z.Tağıyevin bir neft sahibkarı kimi fəaliyyətində diqqəti cəlb edən ən mühüm məqam ondan ibarətdir ki, o dövrün bütün siyasi və iqtisadi çətinliklərinə baxmayaraq heç bir böhran və yaxud rəqabət çarpışması onu öz yolundan döndərə bilməmişdi. XIX əsrin sonunda Bakı neft sənayesinin  icmalı göstərir ki, H.Z.Tağıyevin neft sənayesi sahəsində sahibkarlıq fəaliyyətinin ümumi dəyəri 20 mln rubla bərabər idi. Lakin bu zaman bütün iş dünyasını çaxnaşmaya salan hadisə baş verir. H.Z.Tağıyev bütün neft müəssisələrini ingilislərə satır. O bunu nə üçün edir, onu belə bir qərara nə sövq edir? Bunu yalnız  bu dahi şəxsiyyətin özü bilirdi. Çox maraqlıdır ki, H.Z.Tağıyev bütün neft müəssisələrini satsa da, neft işindən tamamilə ayrılmamışdı. Bir müddət keçdikdən sonra H.Z.Tağıyev yenidən neft işinə dönmüş və bu sahədə bir sıra yeni konsern, şirkət və səhmdar cəmiyyətlərinin yaradılması və idarə edilməsində iştirak etmişdi. 1915-ci ilin aprelində “Rusiyanın səhmdar-pay müəssisələri”nin Peterburq nəşri “Sərgi-Qafqaz neftsənaye və ticarət səhmdar cəmiyyəti” yaradıldığını və onun İdarə heyətinə H.Z.Tağıyevin  seçildiyini yazır. Lakin o özünün neft sənayesində əvvəlki nüfuzunu bərpa edə bilsə də, onun XX əsrin əvvəllərindəki fəaliyyəti XIX əsrin sonlarındakı miqyasla müqayisəyə gəlmir. XX əsrin əvvəllərində H.Z.Tağıyev artıq öz gücünü başqa sahələrə yönəltmişdi.

 

AĞA MUSA NAĞIYEV

 

Ağa Musa Hacı Əli Nağı oğlu Nağıyev 1849-cu ildə Bakının Biləcəri kəndində samançı ailəsində dünyaya göz açmışdı. Öz tərcümeyi-halında təhsili qrafasında “ev təhsili” yazdıran Ağa Musa Nağıyev əslində heç bir təhsil almamışdı. Təbiətən çox çevik və ağıllı olan Ağa Musa Nağıyev hələ uşaq ikən kənd təsərrüfatı ilə məşğul olmağa başlayır. O, 12 yaşında olarkən böyük qənaətlə pul topladıqdan sonra 1862-ci ildə  kiçik bir dükan açır. Bundan sonra Ağa Musa Nağıyev  Bibiheybətdə kiçik bir torpaq sahəsi alır. Tale aldığı torpağı suvarmaq üçün quyu qazmağa başlayan A.M.Nağıyevin üzünə gülür və qazdığı quyudan neft fontan vurur. Bu neft fontanı çox qısa bir müddət ərzində A.M.Nağıyevi Bakının ən zəngin və tanınmış iş adamlarından birinə çevirdi. A.M.Nağıyev bundan sonra Sabunçu, Ramanı və Suraxanıda yeni neftli torpaq sahələri aldı və neft işində öz fəaliyyətini genişləndirməyə başladı. O bu sahədə işlərini uğurla davam etdirmək üçün 1887-ci ildə “A.M.Nağıyev” şirkətini təsis edir. Başqa neft sənayeçiləri kimi A.M.Nağıyev də Qara şəhərdə kiçik neft emalı zavodu tikdirir və bu işini genişləndirdikdən sonra  onun buxarla işləyən ilk gəmisi Xəzər dənizində üzməyə başlayır. Çox qısa bir müddət ərzində A.M.Nağıyev Bakının, haqqında əfsanələr gəzən ən zəngin və nüfuzlu şəxslərindən birinə çevrilir. Onun bu  məşhurluğu cəmiyyətin bütün təbəqələrinin, o cümlədən cinayətkar aləmin də diqqətini cəlb edir. XX əsrin əvvəllərində Bakıda bolşeviklərə rəhbərlik etmiş və o zamanlar “Koba” ləqəbini daşıyan İ.V.Stalin əksəriyyəti qeyri-azərbaycanlı millətlərdən  ibarət olan və özünün başçılıq etdiyi silahlı “quldur” dəstəsinə A.M.Nağıyevi oğurlamaq tapşırığı verir və onun geri qaytarılması üçün tələb olunan məbləği də müəyyənləşdirir - 300 min rubl pul. 1908-ci il dekabrın 26-da quldurlar onu günün günorta çağı oğurlayaraq yuxarıda göstərilən məbləğin ödənilməsini tələb edirlər. Qeyd etmək lazımdır ki, bolşeviklərin oğurluq və qarət  yolu  ilə topladıqları pullar onların lideri V.İ.Leninin birbaşa tapşırığı ilə dövlət əleyhinə fəaliyyətə sərf olunurdu.  İ. V.Stalinin  ekspropriasiya (reket - C.B.)  yolu ilə əldə etdiyi pullara silah alınırdı. Bu silahın böyük hissəsi 1905-1906- cı illərdə Şimali Azərbaycanda azərbaycanlılara qarşı törədilən qırğınlarda  canfəşanlıq edən ermənilərə paylanmışdı. A.M.Nağıyevin azad edilməsi üçün səy göstərən Bakı şəhər rəisi Martınov peşəkar oğrular  qarşısında çıxılmaz  vəziyyətə düşərək 50 min rubl  ödəməklə onun azad edilməsinə nail olur. Heç şübhəsiz ki, ödənilən məbləğ A.M.Nağıyevə məxsus idi. Beləliklə, rəsmi məlumatlara əsasən XX əsrin əvvəllərində A.M.Nağıyevin Balaxanı, Ramanı və Sabunçu kəndləri ərazilərində yerləşən neftli torpaqlarında o dövr üçün müasir texnika ilə təchiz edilmiş 45 yüksək debitli neft mədəni işləyirdi. Bu mədənlərdə 800 fəhlə çalışırdı. A.M.Nağıyevin neft sənayesində qazandığı uğurlarda istedadlı azərbaycanlı mühəndis Fətəlibəy Rüstəmbəyovun xüsusi əməyi var idi. 1908-ci ildə Ağa Musa Nağıyev öz mədənlərindən 12328300 pud neftin  hasil edilməsinə nail  olmuşdu. 1915-ci  ildə isə onun şirkətləri ən nüfuzlu azərbaycanlı sahibkarların təşkil etdikləri  onluğa daxil idi. A.M.Nağıyev Bakı neft sənayeçiləri arasında 12 səsə malik idi.

 

AĞA MURTUZA MUXTAROV (1855-1920)

 

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan neft sənayesində təmsil olunan milli kapitalın ən görkəmli nümayəndələrindən biri də Ağa Murtuza Muxtarovdur. 1855-ci ildə Bakının Əmircan kəndində dünyaya göz açan Ağa Murtuza Muxtarov 1891-ci ildə “Murtuza Muxtarov” şirkətini yaradır və şirkət Azərbaycanda ilk dəfə neft sənayesi üçün texniki avadanlığın istehsalı ilə məşğul olmağa başlayır. Bundan əlavə, o, Sabunçu, Bibiheybət və Suraxanıda neft mədənləri və mexaniki zavodların sahibi idi. A.M.Muxtarov 1903-1917-ci illərdə “Qazma işləri sahibkarları sindikatı”nın, “Neft mədənləri qazmaçı -podratçıları Bakı cəmiyyəti”nin və “Podrat qazma şirkətləri  ittifaqının” əsas üzvlərindən biri olmuşdur. 1913-cü ildə “Podrat qazma şirkətləri ittifaqı” səhmdar cəmiyyətə çevrilir və ona məxsus kapitalın həcmi 4 mln rubl təşkil edirdi. Bakı neft sənayesində 1903-1917-ci illər ərzində qazma işi ilə 30 müəssisə məşğul olurdu ki, onlardan ikisi A.M.Muxtarova məxsus idi. Podrat qazma işi ilə məşğul olan bu müəssisələrdən biri Sabunçuda, digəri isə Bibiheybətdə yerləşirdi. Bu müəssisələrdə əvvəllər 1000 nəfər fəhlə çalışdığı halda, 1907-ci ildə burada 1950 fəhlə çalışırdı. Qeyd etmək lazımdır ki, Bakı neft sənayesində podrat qazma işində üstünlük  milli kapital nümayəndələrinə məxsus idi. Lakin bu da bir həqiqətdir ki, Bakı neft sənayesində söz sahibi olan “Nobel qardaşları yoldaşlığı” şirkəti milli kapital nümayəndələrinə münasibətdə çox sərt mövqe tuturdu. Məhz Nobel qardaşlarının səyləri sayəsində Azərbaycan neft sənayesində uzun müddət podrat qazma ilə məşğul olan “Murtuza Muxtarov” şirkəti zəifləmiş və Azov-Don kommersiya Bankı tərəfindən satın alınmışdı. 1920-ci ildə Azərbaycanı işğal edən Sovet Rusiyasının XI Qızıl Ordusunun bölmələri ölkənin paytaxtı neft Bakısını ələ keçirdikdən sonra varlıların evinə girərək qiymətli əşyaları müsadirə edirdilər. Murtuza Muxtarovun evinə qapını sındıraraq soxulan bolşevik əsgərlərə: “Siz nə cəsarətlə qapını döymədən mənim evimə daxil olmusunuz? Siz kimsiniz?” sualına cavab olaraq M.Muxtarov təhqir və söyüşlə qarşılaşır. Öz qürur və qeyrəti ilə oynanıldığını görən M.Muxtarov onu təhqir edən əsgərləri yerindəcə güllələyir və son olaraq: “Bu evə siz yalnız mənim cəsədim üstündən keçə bilərsiniz” - deyərək sonuncu gülləni özünə vurur. Gecə ikən onun cəsədi dostu Ağa Hüseyn Davud oğlu molla Əmir tərəfindən gizlicə sarayından çıxarılaraq Əmircan kəndinə aparılır və orada dəfn olunur. Həyat yoldaşı Liza xanım Tuqanova-Muxtarova gizli şəkildə Bakını tərk etməyə çalışsa da, soyğunçuların hücumuna məruz qalır və çox çətinliklə İstanbul şəhərinə köçə bilir.

 

Ardı var

 

Cəbi Bəhramov

İki sahil.- 2019.- 13 mart.- S.13