Teatrşünas: Azərbaycan teatrı
yeni inkişaf mərhələsinə qədəm
qoyub
Azərbaycan teatrının yaranmasından
146 il ötür.
1873-cü il martın
10-da Bakı realnı
məktəbinin teatr həvəskarları truppası
tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının
nümayişi ilə
əsası qoyulan Azərbaycan milli teatrı şərəfli
bir yol keçib.
146 illik tarixi keçmişi olan teatrımızın bu günü ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin teatrşünaslıq
kafedrasının müəllimi,
“Yuğ” Dövlət
Teatrının ədəbi
hissə müdiri, teatrşünas Elçin
Cəfərova bir neçə sualla müraciət etdik.
- Elçin müəllim,
146 yaşlı milli teatrımızın bugünkü
durumunu necə dəyərləndirərdiniz?
-Bu gün
teatr sənətimizin
ideal vəziyyətdə
olduğunu deyə bilmərəm. R.Strua demişkən, teatr elə bir sənət
növüdür ki, həmişə böhrandadır
və həmişə
böhrandan çıxmağa
çalışır. Amma
teatrımızın hər
bir uğuru, hətta kiçik müvəffəqiyyəti də
bizi sevindirir, məşğul olduğumuz
sənət sahəsinin
gələcəyinə daha
ümidlə baxmağa
imkan verir. Hərdən sənətin
problemlərindən danışanda
teatr prosesimizə “Hamburq hesabı” ilə yanaşıb, pisi-pis, əyrini-əyri kimi qiymətləndirəndə
bəzi teatr adamları bizdən inciyir, teatrşünasları
amansız olmaqda, teatrı sevməməkdə
ittiham edirlər. Ancaq bəlkə də teatrşünaslar qədər teatra təmənnasız xidmət
edən ikinci bir sənət sahibi yoxdur. Heç bir maddi təminat olmadan, təşəkkür
eşitmədən, fəxri
ad, təqaüd, mükafat gözləmədən.
Bu gün
teatr sənətinin bütün sahələrində
- teatrşünaslıqda da,
rejissurada da, aktyor sənətində də maraqlı gənclər var. Bu mənada, məni bir teatrşünas
kimi teatrımızın
bugünündən çox
sabahı maraqlandırır.
Teatr sənətinin sabahı isə məhz gənclərin əlindədir,
onların istedadından,
biliyindən və ən əsası, peşə əxlaqından
asılıdır. Əgər
mövcud həyat şərtləri, işsizlik,
pulsuzluq, dedi-qodular, intriqalar, dəstəbazlıq
və narsisizm onları vaxtından əvvəl sındırmasa,
ucuz şöhrətin
və saxta təriflərin parıltısına aldanıb
yollarından sapınmasalar,
bəlkə 10 ildən
sonra Azərbaycan teatrının durumu haqqında danışanda
optimist mövqe göstərə bilərik.
- 2009-cu il mayın
18-də dövlət başçısı
“Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət
Proqramını təsdiq
etmişdi. Bu proqramdan teatrlarımız
kifayət qədər
yararlana bildilərmi?
-2009-cu ildə
ölkə başçısının
müvafiq Sərəncamı
ilə təsdiqlənən
“Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət
Proqramı, eləcə
də “Teatr və teatr fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının Qanunu
və digər hüquqi-normativ sənədlər
ölkəmizdə teatr
sənətinin hüquqi bazasını formalaşdırdı. Dövlətin
teatr sənətinə
münasibətinin göstəricisi
olan bu sənədlərin
qəbul olunması milli teatr sənətində
prinsipcə yeni mərhələnin başlanmasını
stimullaşdırmalı idi.
Milli teatr sənətinə dövlət səviyyəsində
diqqət göstərilməsi,
onun müəyyən
maddi-texniki, inzibati problemlərinin aradan qaldırılmasına zəmin
yaratdı. Bir sıra festivallar, konfranslar keçirildi, kitablar nəşr olundu, teatr binaları
təmir edildi, teatrlarımız ölkənin
hüdudlarından kənarda
festivallarda və qastrol
səfərlərində oldular,
gənc teatr mütəxəssisləri beynəlxalq
və respublika miqyaslı forumlarda, seminarlarda, ustad dərslərində, treninqlərdə,
ixtisasartırma kurslarında
iştirak etdilər. Şəxsən mən özüm Dövlət Proqramının yaratdığı
şəraitdən faydalanaraq,
Azərbaycan Teatr Xadimləri İttifaqının
və Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə Moldovada və Belarusda Gənclərin Beynəlxalq
Teatr Forumunda iştirak etdim. Bu tədbirlərdə iştirakım şəxsən
məndən ötrü
beynəlxalq əlaqələrin
qurulması, sonralar çox sayda müştərək layihələrin
həyata keçirilməsi
üçün faydalı
oldu. Bu günə qədər
də Kişenyovda və Belarusda tanış olduğumuz, dostlaşdığımız müxtəlif
ölkələrdən olan
gənc teatr mütəxəssisləri ilə
ünsiyyət saxlayırıq,
bir-birimizdən öyrənirik,
birgə layihələr
həyata keçiririk.
Mən gözəl başa düşürəm
ki, bütün bu sadaladığım müsbət hallar Dövlət Proqramının
sayəsində mümkün
olub.
- Bu gün
cəmiyyətdə teatra
olan maraq artıb, yoxsa...
- Bunların hamısı çox yaxşıdır, sevindirici
hallardır, ancaq cəmiyyətin teatra marağının artması
üçün kifayət
deyil. Teatra marağın artması
üçün dəqiq
strategiyaya söykənən
silsilə tədbirlər
həyata keçirilməlidir:
teatrın repertuar məsələləri, kadr
defisiti, maddi-texniki problemləri həll olunmalıdır, teatrların
dəqiq fəaliyyət
planı işlənib
hazırlanmalı, prodüserlik
strukturu formalaşdırılmalı,
peşəkar marketinq
və PR sistemi qurulmalı, KİV-də teatr sənətinin təbliğinə geniş
yer ayrılmalı, ölkədə konkret olaraq, teatr sənəti
ilə məşğul
olan elektron və kağız mətbuatı formalaşdırılmalı,
hətta bir yox, bir neçə
teatr jurnalı, qəzeti, saytı yaradılmalı, teatr sosiologiyası inkişaf etdirilməlidir. Yalnız
bundan sonra teatr sənətinin inkişafından, tamaşaçının
bu sənətə marağının artmasından
danışmaq mümkündür.
- Tamaşaçılar hansı mövzular əsasında səhnələşdirilən
tamaşalara daha çox üstünlük
verirlər?
- Əslində, burada mövzu birinci dərəcəli məsələ deyil. Əsas olan nədən danışmaq
yox, necə danışmaqdır. Teatrlarımız çalışmalıdır ki,
çağdaş dövrün
insanlarına, onların
hisslərinə, düşüncələrinə
təsir edən mövzulara müraciət
etsinlər və ən əsası, teatr sənətinin müasir üsul və vasitələrindən
istifadə olunsun.
Bir sözlə, teatr muzey eksponatına
çevrilməməli, tamaşaçısı
ilə eyni dildə danışmağı
öyrənməlidir.
- Bu günlərdə Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və
incəsənət xadimlərinin
bir qrupu ilə görüşündə
də bir sıra məsələlərdən
söz açıldı,
yeni təkliflər səsləndirildi. Həmin
görüşlə bağlı
sizin fikirlərinizi də bilmək maraqlı olardı.
-Şübhəsiz ki, ölkə başçısının mədəniyyət
və incəsənət
xadimləri ilə görüşü olduqca
əhəmiyyətli hadisədir.
Niyə əhəmiyyətlidir? Əvvəla,
ona görə ki, bu görüş
mədəniyyət və
incəsənət xadimləri
ilə Prezident və birinci vitse-prezident arasında bilavasitə, maneəsiz ünsiyyət imkanı yaratdı. Səmimi şəraitdə keçən
görüşdə sənətkarlar
onları narahat edən problemləri çatdırmağa nail oldular. Bu görüş teatr
xadimlərində böyük
ruh yüksəkliyi yaratdı, kuluarlarda danışılanların əksini
sübut etdi və göstərdi ki, dövlət teatra sahib çıxır, dövlət teatrın inkişafında israrlıdır
və bunun üçün gərəkli
addımlar atmaqdan, böyük vəsait ayırmaqdan çəkinmir. Ən əsası isə, bu görüşün nəticələrini uzun müddət gözləməli
olmadıq. Mövcud problemlər haqqında
məlumatlanan dövlət
başçısı onların
operativ şəkildə
həll olunması üçün təcili
tədbirlər gördü.
Görüşdən keçən
bir neçə gün ərzində bu günə qədər heç vaxt həyata keçirilməyən miqyasda
islahatlar gerçəkləşdi.
Teatrların inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında
Sərəncama əsasən,
dövlət teatrlarına
1.8 milyon manat vəsait ayrıldı. Azərbaycan Dövlət Rus Dram Teatrına,
və Azərbaycan Dövlət Musiqili Teatrına “akademik” statusu verildi. Dövlət büdcəsindən
maliyyə yardımı
alan teatr və konsert müəssisələrində çalışan işçilərin
aylıq vəzifə
maaşları orta hesabla 50 faiz artırıldı.
Mətbuat konfransında mədəniyyət
naziri Əbülfəs
Qarayevin də qeyd etdiyi kimi,
Azərbaycan Dövlət
Kukla Teatrının binasında müvəqqəti
məskunlaşan “YUĞ” Dövlət
Teatrının bina məsələsinin həll
olunması istiqamətində
də müsbət addımlar atılacaq.
İnanıram ki, bu islahatlar davam
etdiriləcək və
yaxın günlərdə
teatr sənətinin inkişafına yönəlmiş
tədbirlər öz
bəhrəsini verəcək.
- Belə demək
olarmı ki, Azərbaycan teatrının
uğurları hələ
qarşıdadır?
-Birmənalı şəkildə demək
olmaz ki, bu gündən sonra Azərbaycan teatrı mütləq uğur qazanacaq. Bunu zaman göstərər.
Ancaq o faktdır ki, Azərbaycan teatrı yeni inkişaf mərhələsinə
qədəm qoyub. Bu mərhələ necə tamamlanacaq, teatrımız
tərəqqi tapacaq, ya tənəzzül prosesi davam edəcək,
bu bilavasitə bağlıdır teatr xadimlərinin iradəsinə,
istedadına, bilgisinə
və teatr sevgisinə. Dövlət teatrın inkişafına
qayğı göstərə,
maliyyə ayıra bilər. Ancaq sağlam teatr idarəetmə sistemi formalaşmasa və teatr xadimlərimiz qarşıda dayanan vəzifələrin əhəmiyyətini
anlamasalar, biz Azərbaycan teatrının
uğurları haqqında
danışacağımız günü hələ çox gözləməli
olacağıq.
Qvami Məhəbbətoğlu
İki
sahil.- 2019.- 14 mart.- S.14