Pedaqoq –Alim, ictimai  xadim

Əməkdar elm xadimi, professor Nizami Manaf oğlu Xudiyevin yaşının üstünə yaş gəlir,70 yaşı tamam olur. Nizami müəllim  maarifimizin tarixində mühüm rolu olan  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yetirməsidir. O,1966-cı ildə bu ali məktəb ocağının filoloji fakültəsinə daxil olmuşdur. Təhsil illərində həm dərs əlaçısı kimi müəllimlərinin sevimlisi olmuş, Nizami Gəncəvi təqaüdü ilə oxumuş, həm də universitetin ictimai təşkilatlarında öz  qabiliyyəti ilə fərqlənmişdir. O,hələ tələbə vaxtı ümidveren gənc kadr kimi ustadı,əziz müəllimi, görkəmli elm xadimi professor Ə.Dəmirçizadənin diqqətini cəlb etmişdi.Pedaqoji universiteti  fərqlənmə diplomu ilə başa vuran Nizami müəllim Elmi Şuranın qərarı ilə universitetdə saxlanmış, Ə.Dəmirçizadənin rəhbər olduğu Azərbaycan dilçiliyi kafedrasına müəllim təyin edilmişdir. Bildiyimiz kimi, Əbdüləzəl müəllim görkəmli  dilçi-türkoloq Bəkir Çobanzadənin Azərbaycanda yetirdiyi üç-dörd tanınmış alimdən biri olmuşdur.

Ə.Dəmirçizadə məktəbinin tanınmış yetirmələrindən biri də bu gün filologiyamızın,xüsusilə dilçiliyimizin cəfakeşlərindən biri kimi tanınan professor Nizami Xudiyevdir.Nizami müəllim sələfinə layiq  alim kimi yetişdi. Professorun rəhbərliyi altında namizədlik və doktorluq dissertasiyası yazdı. Bu tanınmış alim  dilçiliyimizdə daha çox öyrənilməyə ehtiyac olan ədəbi dil problemi ilə məşğul olur. Təxminən əlli ilə yaxındır ki, elm və maarifimizin inkişafında yorulmadan külüng vuran Nizami müəllim bu gün öz müəlliminin estafetini layiqli şəkildə davam etdirir, ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasına başçılıq edir, həmin fənni tədris edir, gənc kadrların yetişməsində əzmlə çalışır. Nizami müəllimin filologiya üzrə fəlsəfə doktoru dissertasiyası “Abdulla Şaiqin dili”(1978) adlanırdı. Məlumdur ki,yazıçı və dil problemi ədəbi dil tariximizin mühüm bir sahəsini təşkil edir. Bu baxımdan Nizami müəllimin bu dissertasiyası Azərbaycan dilçiliyi tarixinin, ədəbi dil tarixinin inkişafı üçün layiqli bir xidmətdir.N.Xudiyev bundan sonra çox sevdiyi müəllimi Dəmirçizadənin başladığı,amma ömür vəfa etmədiyi üçün  bitirə bilmədiyi (Ə.Dəmirçizadənin “Azərbaycan ədəbi dili tarixi “dərsliyi ancaq  ölümündən sonra işıq üzü gördü) dil tarixi və ədəbi dil tarixi məsələlərinin tədqiqi ilə daha dərindən  məşğul olmağa başladı. Nizami müəllim 1990-cı ildə “Azərbaycan ədəbi dili tarixi” mövzusunda doktorluq dissertasiyasını  uğurla müdafiə etdi. Bu tədqiqat işi   1995-ci ildə kitab şəklində nəşr olundu. Sonralar ehtiyaca görə onun yeni nəşrləri meydana gəldi. Elə Nizami müəllimin 14 cilddən ibarət olan “Seçilmiş əsərləri”nin birinci cildini də (2012) bu monumental tədqiqat işi təşkil edir. Elm adamlarının təqdirlə qarşıladığı bu əsərdə xalqın tarixi ilə dili vəhdətdə araşdırılır.Alimin bu kitabı  xalqın qədim tarixini elmi-linqvistik və tarixi materiallar işığında obyektiv şəkildə şərh edən kompleks bir əsər kimi diqqəti cəlb edir.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan xalqının və dilinin soykökü məsələləri böyük elmi və ideoloji mahiyyət daşıdığından müəllif  tədqiqatlarını ümumiləşdirib doktorluq dissertasiyası müdafiəsindən xeyli əvvəl həmin mövzunu ayrıca olaraq tədqiq etmiş və “Azərbaycan ədəbi dilinin təşəkkülü” adı ilə nəşr etdirmişdir.  “Azərbaycan ədəbi dili” adlı əsərin əvvəlkilərdən əsas fərqli cəhəti ondan ibarətdir ki, o, ədəbi dilimizin  tarixini daha qədimdən başlayıb XX əsrin II yarısına qədər , yəni bütöv halda davam etdiribdir.N.Xudiyev öz sələfindən bir az fərqli dövrləşmə üzrə tədqiqat aparmışdır:1.Təşəkkül dövrü.2.Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması və inkişafı dövrü.3.Azərbaycan ədəbi dilinin milli dil əsasında formalaşması və inkişafı dövrü.

 

Bu araşdırmasında müəllif  ədəbi dilimizin təşəkkülünün başlanmasına qədər Azərbaycan türk dilinin müxtəlif mərhələlərdən keçib gəldiyini şərh etdikdən sonra bu təşəkkülün başlanmasını və gedişini izləyir.O,həmin dövrə aid  faktik dil materiallarına, elmi mənbələrə əsaslanır və bütün bunları ümumiləşdirərək nəticələrini irəli sürür. Müəllifin nəticələri bundan ibarətdir ki,1.Ümumxalq Azərbaycan ədəbi dili III-VI əsrlərdə formalaşmışdır.2.Azərbaycan ədəbi dili ümumxalq dilinin formalaşmasından dərhal sonra müəyyənləşməyə başlamış,IX-XI əsrlərdə Azərbaycan ədəbi dilinin təşəkkülü başa çatmışdır.N.Xudiyev əsərin ikinci fəslini “Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması və inkişafı dövrü” adlandırır və bunu XIII-XVII  əsrlərə, ədəbi dilimizin milli dil əsasında formalaşmağa başlamasını isə XVII əsrə aid edir.Beləliklə,alim ədəbi dilimizin ən qədim dövrlərdən XX əsrin son rübünə qədər keçdiyi tarixi inkişaf yolunu mərhələ-mərhələ tədqiq etmiş və dəyərli bir tədqiqat əsəri ərsəyə gətirmişdir.

 

Professor N.Xudiyevin  Azərbaycan ədəbi dilinin tarixinə həsr etdiyi əsərlərdən biri də  336 səhifəlik “Xalqın tarixi haqqı:dilimiz, varlığımız”(2004) əsəridir. Bu kitabda müəllif ədəbi dilimizin tarixi ilə bağlı  əvvəlki əsərlərindəki fakt və qənaətləri, problemləri daha da inkişaf etdirmiş və dərinləşdirmişdir. Müəllif tədqiqat sonucunda  gəldiyi nəticə və qənaətlər diqqəti cəlb edir:”Azərbaycan ədəbi dili Azərbaycan ümumxalq dili əsasında və kifayət qədər mürəkkəb etnolinqvistik proseslərin nəticəsi kimi təşəkkül tapmışdır”.Və ya başqa bir maraqlı  mülahizə:”Ədəbi dil tarixi dil tarixi ilə eyni dövrə təsadüf etmir,o,dilin müəyyən inkişaf mərhələsində özünü təzahür etdirir”.

 

Amma bu bir həqiqətdir ki, ədəbi dil tarixi dil tarixi ilə vəhdət təşkil edir və bu məfhumlar bir-birini tamamlayır.Elə professor  N.Xudiyevin 600 səhifəlik “Qədim türk yazılı abidələrinin dili” dərslik-monoqrfiyası da Azərbaycan dili hadisəsinin, anlayışının qaynaqlarını öyrənmək baxımından böyük elmi əhəmiyyət daşıyır. Qədim türk yazılı abidələri türk xalqlarının milli düşüncə tərzini, mənəvi dünyasını və zəngin dil tarixini əks etdirən möhtəşəm  sənət nümunələridir. Azərbaycan və digər türk dillərinin tarixi inkişaf istiqamətləri, fonetik, leksik və qrammatik kateqoriyaların  yaranması və formalaşması bu yazılar əsasında müəyyənləşir. Çağdaş türk xalqlarının ədəbiyyat və mədəniyyətlərinin əsasında qədim türk mədəniyyəti dayanır. Buna görə də qədim türk abidələrinin öyrənilməsi, nəşri, ali məktəblərdə tədrisi türkün tarixinin, mədəniyyətinin,yazısının öyrənilməsi istiqamətində mühüm tələbdir. Nizami müəllimin bu dərsliyi əvvəlkilərdən əsaslı şəkildə fərqlənir. Belə ki, 9 fəsildən ibarət olan bu irihəcmli dərslikdə təkcə göy türk və qədim uyğur abidələri deyil,fənnin proqramına uyğun olaraq XI  əsr və orta dövr ümumtürk abidələri də əhatə edilmişdir. Alimin uzun illər tədris prosesində əldə etdiyi təcrübələr əsasında dərsliyə qədim türklərin istifadə etdiyi əlifba sistemlərindən nümunələr, fənnə aid sual və tapşırıqlar və geniş həcmli qədim türk lüğəti daxil edilmişdir. Söykökümüzə, qədim türk mədəniyyətinə, dilinə aid ilk ümumiləşdirilmiş dərslik-monoqrafiya olan bu əsər 4 il bundan əvvəl nəşr olunmasına baxmayaraq,tələbat çox olduğundan onu əldə etmək müşkül məsələyə çevrilmiş, artıq yeni nəşrinə ehtiyac yaranmışdır. Professorun bu əsəri tələbə, magistr, mütəxəssislər üçün dəyərli bir töhfədir.

 

Professor Nizami Xudiyev peşəsini,sənətini sevən, müəllimliyi ilə fəxr edən pedaqoqdur.Təsadüfi deyildir ki, o,indiki ADPU-da 50 ilə yaxındır ki çalışır və 1994-1996-cı illərdə bu qədim təhsil ocağının rektoru olmuşdur.Bu gün də həmin ali məktəbdə Azərbaycan dilçiliyi kafedrasına başçılıq edir, dərs deyir, öz sənətini gənclərə sevdirir. Yaradıcı,zəhmətkeş pedaqoq, elm adamı olan Nizami Xudiyev 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Nizami müəllimin millət vəkilliyi 3 çağırış(I,II,III) dalbadal davam etmişdir. Nizami müəllim 1996-cı ildə Azərbaycan radioteleviziya şirkətinin sədri təyin olunmuş,bu vəzifəni 10 ilə yaxın davam etdirmişdir. Televiziyadakı iş təcrübəsi və müşahidələr alimə televiziya dili haqqında ümumiləşdirici əsər yazmaq üçün xeyli material vermişdir. Müəllif bu materiallar üzərində uzun illər araşdırma işi apararaq dilçiliyimiz üçün çox maraqlı bir monoqrafik tədqiqat əsəri ərsəyə gətirmişdir.Həmin kitab belə adlanır:”Radio,televiziya və ədəbi dil”.Bu əsər müəllifin 650 səhifədən ibarət olan “Seçilmiş əsərləri”nin III cildində verilmişdir.Bu cildin təxminən 300 səhifəsində sırf radio və televizayada dil probleminin nəzəri və təcrübi məsələlərindən bəhs edilir.   Onu da qeyd edək ki,şifahi nitqlə bağlı Nizami müəllimdən əvvəl həmin sahəyə aid bir neçə kiçik həcmli əsərlər nəşr olunsa da, bu əsərlər nitq mədəniyyətimizin inkişafı üçün yetərli sayıla bilməzdi.  Müəllifin bu əsəri bir neçə baxımdan diqqəti cəlb edir.Burada, hər şeydən əvvəl, Azərbaycan xalqının mədəni tərəqqisində mühüm rol oynayan radio və televiziyanın yaranma tarixi, inkişaf yolları  sənədlər əsasında ətraflı şəkildə araşdırılmışdır. Bu qiymətli əsərdə son dövrlərdəki bir sıra populyar verilişlər,eləcə də tamaşaçı və dinləyicilərin marağına səbəb olan proqramlar haqqında məlumat verilir, həm də bu ekran və efir məhsullarının dil xüsusiyyətlərindən söz açılır.

 

Qeyd etmək lazımdır ki, müasir ədəbi dilimizin inkişafında,onun lüğət tərkibinin zənginləşməsində, mövcud qarammatik normaların daha cilalanmasında televiya və radio çox önəmli faktordur. Sosial həyatımızın müxtəlif sahələrini öz ifadə vasitələri,ilk növbədə söz və təsvirlərlə əks etdirən teleradioda dilimizin ictimai funksiyası daha da genişlənir,burada bir sıra dil hadisələri özünü büruzə verir. Professor N.Xudiyev həmin dil hadisələrindən çıxış edərək elmimiz üçün yeni və əhəmiyyətli olan elmi mülahizələr söyləyir. Müəllifin də göstərdiyi kimi,dildə gedən dəyişmələr insanların fəaliyyəti ilə bağlı olduğu üçün mürəkkəb proseslərdir. Bu proseslərin geniş şəkildə tədqiqi teleradio dilinin,burada səslənən şifahi nitqin ən nümunəvi danışıq səviyyəsinə qaldırılması prosesinin araşdırılması bu gün dilçilərimiz qarşısında duran ən mühüm vəzifələrdən biridir.

 

Məhz bu baxımdam müəllifin “Radio,televiziya və ədəbi dil” əsəri kütləvi informasiya vasitələrinin ən inkişaf etmiş qolu olan teleradio jurnalistikasının, ekran və efirin dil məsələlərinin öyrənilməsi baxımından elm və mədəniyyətimiz üçün dəyərli bir töhfədir.

 

Nizami Xudiyev Heydər Əliyev irsinin ayrı-ayrı məsələlərini tədqiq edən, işıqlandıran dəyərli əsərlər qələmə almışdır. Müəllifin bu mövzuda qələmə aldığı əsərləri onun “Seçilmiş əsərləri”nin X cilidində (2013) yer almışdır. Bu cilddə verilmiş qiymətli tədqiqat əsərlərindən biri “Heydər Əliyev və Azərbaycan dili” monoqrafiyasıdır. Bu əsər mədəniyyətimiz,  dövlətçiliyimiz və dünya siyasəti tarixində  fenomen şəxsiyyət olaraq əbədi  yaşayan ulu öndər Heydər Əliyevin dilçilik görüşlərinin araşdırılması sahəsində ilk təcrübə, ilk təşəbbüs olmuş və ilk dəfə 1997-ci ildə kitab şəklində nəşr edilmişdir. “Heydər Əliyev və Azərbaycan dili” kitabında alim dövrümüzün ictimai-siyasi natiqlik məktəbi sayılan Ümummilli Liderin mükəmməl natiq obrazını təbii və canlı boyalarla yaratmışdır. Əsər tək dilçiliyimizdə deyil, mədəniyyətimizin tarixində mühüm hadisədir. Nizami Xudiyev Ulu Öndər haqqında belə yazır: “Xalqın böyük lideri, nəhəng siyasətçi Heydər Əliyevin müasiri olmaq mənə də nəsib olub. Onun müasiri olub ondan öyrənmək özü bir xoşbəxtlikdir.Mən bu gün fəxrlə deyirəm ki, Heydər Əliyev dövrünün yetirməsiyəm,onun zəmanəsinin övladıyam,onun liderlik məktəbində dərs  almışam”.

 

Məlumdur ki, Sovet hakimiyyəti böyük Azərbaycan xalqının varlığının əsas atributlarından biri  kimi qədim kökləri olan dilimizi inkar edir, onun rəsmi ünsiyyət vasitəsi kimi inkişafına hər vasitə ilə mane olurdu. Belə bir şəraitdə  Ulu Öndər Sovet dövlət nümayəndəsi olsa da, qorxmadan öz milli kimliyinə,  ana dilimizə sahib çıxdı, onun qorunub saxlanması, inkişafı üçün var qüvvəsi ilə çalışdı, onun Azərbaycan Konstitusiyasında əks olunmasına nail oldu, bu sahədə çox mühüm işlər gördü. Eyni zamanda, o, danışıq sayəsində müstəqillik dövründə  dilimiz dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bütün bu məsələlər Nizami müəllimin kitabında faktlar əsasında hərtərəfli şəkildə tədqiq edilmişdir.Kitabda dilimizin funksional məsələlərinin inkişafında və onun tədrisi məsələlərinin yaxşılaşdırılması  istiqamətində Ulu Öndərin həyata keçirdiyi tədbirlər geniş şəkildə işıqlandırılmışdır. Kitabın böyük bir hissəsi Ulu Öndərin nitq mədəniyyəti və natiqlik məharətinin tədqiqinə həsr olunmuşdur. Bu qiymətli əsər  layiqli bir mənbə kimi bu gün də tədqiqatçıların tez-tez müraciət etdiyi kitabdır.

 

Nizami müəllimin tədqiqat dairəsi çox genişdir. Cənubi Azərbaycanda ədəbi dil məsələləri,Azərbaycan mədəniyyəti tarixində Cavad Heyət möcuzəsi mövzuları da  bu görkəmli alimin yaradıcılığında özünəməxsus yer tutur və həmin məsələlər onun “Seçilmiş əsərlər” çox cildliyinin IX cildində verilmişdir.

 

Ümumiyyətlə, müstəqil Azərbaycanın elmi və pedaqoji fikrinin, dövlətçiliyinin inkişafında Əməkdar elm xadimi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, professor Nizami Xudiyevin də öz payı vardır.

 

Görkəmli pedaqoq-alim və ictimai xadim Nizami Xudiyevi 70 illik yubileyi münasibətilə dostu, həmkarları, ümumiyyətlə, Azərbaycan ziyalıları adından təbrik edir, ona cansağlığı, pedaqoji və elmi fəaliyyətində böyük yaradıcılıq uğurları arzulayıram.

 

Əbülfəz Quliyev AMEA-nın müxbir üzvü

İki sahil.- 2019.- 19 mart.- S.16